Azərbaycanın sovetləşməsi
və Qarabağın qara günləri (1920-1923)
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olayları öz məcrasında çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir sıra məqamlarda mənəvi dünyamızın daşıyıcısı olan bu ulu türk yurdu bəzən tamamilə başqa biçimdə dünyaya təqdim edilmişdir. Təbiəti, tarixi, mədəniyyəti ilə ruhumuza hopmuş Qarabağa qara əllər nə zaman uzanmağa başladı? Azərbaycanın qəhrəmanlıq tarixinə böyük nümunələr vermiş Qarabağın bu gün düşmən tapdağına çevrilməsinin tarixi kökləri haradan başlanır? Azərbaycanın sovetləşməsi bölgənin taleyinə hansı ağrılı dəyişiklikləri gətirdi? Qarabağın dağlıq hissəsinə muxtar vilayət statusunun verilməsinin gizli diplomatik məqamları nədən ibarət idi?Bütün bu çoxsaylı suallara professor Cəmil Həsənlinin “Azərbaycanın sovetləşməsi və Qarabağın qara günləri (1920-1923)” yazısında geniş toxunulmuşdur.Tarixi, elmi və bu gün üçün siyasi əhəmiyyətini nəzərə alaraq həmin yazını oxucularımıza təqdim edirik.
Qarabağın
qara günləri 1920-ci ilin aprelində Azərbaycanın
sovetləşməsi ilə başlandı. Aprel işğalı
ilə eyni vaxtda Azərbaycana Ermənistan tərəfindən
təcavüz hərəkətləri geniş xarakter
aldığı üçün Bakıda formalaşan Sovet
hakimiyyətinin ilk xarici siyasət addımlarından biri
1920-ci ilin aprel ayının 30-da Ermənistan hökumətinə
nota verməkdən ibarət oldu.
Azərbaycanın Xarici
işlər komissarı Mirzə Davud Hüseynov tərəfindən
Ermənistan Respublikasının Xarici İşlər
Nazirliyinə göndərilmiş notada deyilirdi: Azərbaycan
Sovet Sosialist Respublikasının Fəhlə-Kəndli
hökuməti İnqilab Komitəsinin simasında tələb
edir: 1. Qarabağ və Zəngəzur əraziləri erməni
ordulardan təmizlənsin; 2. Ermənistan orduları öz sərhədlərinə
çəkilsin; 3. Milli qırğınlara son qoyulsun. Əks
təqdirdə Azərbaycan Sovet Sosialist Respublikasının
İnqilab Komitəsi özünü Ermənistan Respublikası
hökuməti ilə müharibə vəziyyətində
hesab edəcəkdir. Notaya cavab üç gün
müddətində alınmalıdır. Ermənistan tərəfi
Avropa ölkələrindən dəstək almaq
üçün təcili olaraq bu notanın surətini Paris
Sülh konfransında Ermənistan Respublikasının
nümayəndə heyətinə rəhbərlik etmiş
Avetis Ağaronyana göndərdi. Parisə göndərilən
şifrli teleqramda göstərilirdi: “Şimali Qafqazın
bolşevik komissarı Orconikidze təsdiq edir ki, Azərbaycanın
tələblərindən imtina edilməsi Sovet Rusiyasına
qarşı müharibə kimi qiymətləndiriləcək.
Vəziyyət böhranlıdır. Haqqı sonradan ödənilməklə
tüfəng, patron, avadanlıqdan ibarət yardım
alınması barədə təcili olaraq müttəfiqlərlə
görüşün”. 1920-ci ilin may ayının ortalarına
qədər Azərbaycan SSR-lə Ermənistan Respublikası
arasındakı hədələyici xarakterli notalar təxminən
bu məzmunda idilər. Bu hədələyici notalar
haqqında öz ölkəsinə məlumat göndərən
Qafqazdakı Fransa missiyası Qarabağın etnik tərkibi ilə
bağlı yazırdı: “mübahisəli Qarabağ dairəsində
çoxlu sayda erməni yaşayır, lakin əhalinin böyük
əksəriyyəti tatarlardır (azərbaycanlılardır
– C.H.)”.( Direction des
Affaires politiques et commerciales. Service des Affaires Russes. Le 4 mai
1920.// Ministere des Affaires Etrangere de France, Archives Diplomatique, vol.
639, folio 24)
Azərbaycan xarici işlər
komissarının erməni xalqına və Ermənistan
hökumətinə may ayının 11-də göndərdiyi
müraciətdə Naxçıvan, Şərur-Dərələyəz,
Yeni Bəyazit, Eçmiədzin qəzalarında, Qars vilayətində,
Qarabağ, Zəngəzur və Qazaxda 1917-ci ildən
başlayaraq, erməni silahlı dəstələrinin törətdiyi
zorakılıqlar sadalanır və daşnak hökumətindən
qeyd edilən yerlərdə müsəlman əhalisinə
qarşı terror və zorakılıq siyasətinin
dayandırılması tələb edilirdi. Sovetləşmənin
ilk günlərində ermənilərin Qarabağda və digər
yerlərdə fəallaşması, müsəlman əhalisinə
qarşı zorakılıq siyasəti yeritməsi ilk növbədə
Azərbaycanın zəifləməsi, milli ordunun, ilk növbədə
isə əsgər hissələrinin buraxılması ilə
bağlı idi. Qafqazdakı Fransa komissarı may ayının
24-də Parisə Xarici işlər nazirliyinə
yazırdı ki, “yalnız Qarabağ və Zəngəzur
istiqamətində erməni cəbhəsini ayıran az əhəmiyyətli
sahə istisna olmaqla demək olar ki, Azərbaycan ordusu tamamilə
buraxılmışdır”.(Monsieur de Martel Commissaire
français au Caucase ? Son Excellence Monsieur Millerand President du
Conseil Ministre des Affaires Etrangeres. Le 24 mai 1920.// Ministere des
Affaires Etrangere de France, Archives Diplomatique, vol. 639, folio 78) Məhz
bu vəziyyətdən ermənilər intiqam məqamı kimi
istifadə edir, ordusu tərxis edilən Azərbaycanın ərazilərini
ələ keçirir, həmin ərazilərdə yaşayan
müsəlman əhalisinə qəddarlıqla divan tuturdu.
1920-ci ilin iyun ayının 29-da Sergey Kirov Giorgi
Çiçerinə göndərdiyi teleqramda
daşnakların nəinki müsəlmanlara, eyni zamanda ruslara
da divan tutduğunu bildirirdi. O yazırdı: “Qars vilayətinin
otuz minlik rus əhalisindən on beş mini
qalmışdır, digər hissəsi ya Türkiyəyə,
ya Rusiyaya qaçmış və yaxud məhv olmuşdur”.
İyun ayının 19-da isə Nəriman Nərimanov, Budu
Mdivani, Anastas Mikoyan və Avis Nuricanyanın Çiçerinə
göndərdikləri teleqramda daşnak ordusunun Azərbaycana
qarşı hücumu davam etdirdiyi, Qazax və Gədəbəy
istiqamətində uğur qazandığı bildirilirdi. Surəti
Vladiqafqaza, Serqo Orconikidzeyə göndərilən bu teleqramda
yazılırdı: “Ermənilər faktiki olaraq Azərbaycanla
müharibə vəziyyətindədir. Artıq Sovet Azərbaycanının
tərkibində olan Qarabağ və Zəngəzurun guya
mübahisəli olduğuna gəldikdə isə, qəti
şəkildə bəyan edirik ki, bu yerlər mübahisəsiz
olaraq gələcəkdə də Azərbaycanın
hüdudlarında olmalıdır”. Məhz bu nöqteyi-nəzərdən
1920-ci ilin aprel işğalından sonra may ayının 12-də
Azərbaycan İnqilab Komitəsinin ilk dekretlərindən biri
sovet hakimiyyətini möhkəmləndirmək məqsədilə
Qarabağ və Zəngəzurda fövqəladə komissar vəzifəsini
təsis etmək, elə həmin dekretlə də Qarabağın
fövqəladə komissarı vəzifəsinə Dadaş
Bünyadzadə təyin edildi. Armenak Karakozov isə
Qarabağın erməni hissəsi üzrə onun köməkçisi
təyin edildi. May ayının ortalarında Bakıya gələn
N.Nərimanov may ayının 18-də Azərbaycan İnqilab
Komitəsinin sədri kimi bu dekreti imzaladı. D.Bünyadzadə
1920-ci ilin avqust ayının sonlarına qədər bu vəzifədə
fəaliyyət göstərdi.
Ermənistan xarici işlər
naziri Amo Ohancanyan Azərbaycan İnqilab Komitəsinə, onunla
yanaşı surətini Orconikidze, Lenin və Çiçerinə
göndərdiyi 1 may tarixli cavab notasında məsələni
belə qoyurdu ki, guya Azərbaycanın müsavat və bəy
hökuməti “erməni Qarabağında” əhaliyə
zülm etdiyi üçün, şəhərləri və kəndləri
yandırdığı üçün Qarabağ əhalisi
dəfələrlə özlərinin kəndli deputatları
qurultayında Azərbaycanın tərkibinə daxil olmamaq barədə
öz azad iradələrini ifadə etmişlər. Bu vilayətdə
Azərbaycan ordusu ancaq o məqsədlə yerləşdirilmişdi
ki, Azərbaycanın hüdudlarında ordusu olmayan erməni əhalisinin
öz müqəddəratını təyin etmək istiqamətində
iradəsini qırsın. Ermənistan hökuməti Azərbaycanın
yeni hökumətinə təklif edirdi ki, “öz
ordularını dağlıq erməni Qarabağının
hüdudlarından çıxarsınlar”. Ohancanyan əlavə
edirdi ki, indiki halda hədələyici notaya heç bir əsas
yoxdur və əmin olduğunu bildirirdi ki, Sovet
Rusiyasının fəhlə-kəndli hökuməti artıq
çoxdan IV Ümumrusiya Sovetlər qurultayının qərarı
və Leninin dekret ilə ermənilərin müstəqilliyini
və istiqlaliyyətini tanıyıb. Bu məzmunda bir teleqram
may ayının 9-da özlərini Qarabağ həmyerlilərinin
nümayəndəsi adlandıran Pirumov və Erzincyan tərəfindən,
Leninə çatdırılmaq üçün Orconikidzeyə
də göndərilmişdi. Onlar yazırdılar ki, “aprel
ayının 30-da Azərbaycan sovet hökumətinin elan etdiyi
ultimatumdan belə nəticəyə gəlmək olar ki,
istisnasız olaraq erməni əhalisindən ibarət olan iki
vilayət Zəngəzur və Qarabağ Azərbaycan
respublikasının tərkibinə daxil edilmişdir. Belə
ki, bu rayonların əhalisi özlərinin kəndli
qurultaylarında Azərbaycanın tərkibinə daxil olmaqdan
qəti şəkildə imtina ediblər”. Onlar təkcə
bununla kifayətlənmədilər. Pirumov başda olmaqla
Qarabağ həmyerliləri adından bir heyət 1920-ci ilin
yayında Moskvaya da yollanmağı
planlaşdırırdılar. Bir başa xətlə Kvirkeliya
ilə söhbətində Orconikidze soruşurdu: “nə
üçün yoldaş Pirumov və digərləri Moskvaya getmək
istəyirlər? Bundan ötrü Moskvaya getməyin mənası
yoxdur. Zəngəzurda və Qarabağda əhali ancaq ermənilərdən
ibarət deyil, 17-ci ilin siyahıya alınmasına görə
yarıbayarıdır, hətta əgər çox (azərbaycan
əhalisi – C.H.) deyilsə, yarıbayarıdır. Hər halda
Moskva Qarabağ məsələsi ilə məşğul
olmayacaq”. Eyni zamanda qeyd etmək lazımdır ki, erməni
kommunistlərindən Aykuni və Katanyan Leninə
ünvanladıqları məktublarında “Tiflis həmyerlilərinin”
Qarabağ və Zəngəzurla bağlı müraciətlərini
müdafiə edirdilər.
Əlbəttə, Ohancanyanın Qarabağın kəndli deputatları qurultayında erməni əhalisinin öz iradəsini ifadə etməsi və bu ifadənin təzahürü kimi Azərbaycanın tərkibində olmaq istəməməsi haqqında iddiası elə də doğru deyildi. Əvvəl qeyd olunduğu kimi, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində qalmaq barədə hələ 1919-cu ilin avqust ayında qərar qəbul etmişdilər. Bir sıra erməni müəllifləri bu qərarın guya ingilislərin təzyiqi ilə qəbul olunduğunu yazırlar. Lakin bu qərar qəbul edildikdən və 1919-cu ilin avqustun 22-də Azərbaycan hökuməti ilə Qarabağ ermənilərinin nümayəndələri arasında müvəqqəti saziş imzalandıqdan iki həftə əvvəl artıq ingilislər Azərbaycanı tərk etmişdilər. Tək müsəlman bolşevikləri deyil, Qafqazda fəaliyyət göstərən erməni, gürcü, rus, yəhudi və digər millətlərdən olan kommunistlər də etiraf edirdilər ki, Müsavat hökuməti dövründə Qarabağ dağı ilə, aranı ilə birlikdə Azərbaycan hökumətinin tərkibində olmuşdur. RK(b)P Qafqaz Diyar Komitəsinin üzvü Mikoyan RK(b)P MK-ya və Leninə məruzəsində açıq şəkildə yazırdı ki, Qarabağ “İrəvanla heç vaxt və heç nə ilə bağlı olmayıb”.
Bakının və Qafqazda, ilk növbədə isə Azərbaycanda fəaliyyət göstərən tanınmış bolşeviklərin Mərkəzin siyasətinə qarşı müqavimətindən əsəbiləşən G.Çiçerin RK(b)P MK-nın Siyasi Bürosuna 22 iyun 1920-ci il tarixli məktubunda “Bakılı yoldaşlar”ı açıq-açığına intizamsızlıqda və partiyanın siyasi xəttinə qarşı çıxmaqda ittiham edirdi. O, təklif edirdi ki, Qafqaz qrupu ilə bağlı olmayan nüfuzlu bir adamı Xalq Komissarları Sovetinin vəkaləti ilə Bakıya göndərmək lazımdır. Belə bir “nüfuzlu adam” kimi o, Sokolnikovun adını çəkirdi. Bunu G.Çiçerin onunla əlaqələndirirdi ki, “Bakılı yoldaşlar” öz hərəkətləri ilə kompromisi pozur, Mərkəzi Komitənin Ermənistanla sülh bağlamaq haqqında tələblərini rədd edirdilər. Çiçerin Leninə şikayətlənirdi ki, “Nərimanov Bakı tatarlarının (azərbaycanlıların – C.H.) hücum niyyətlərinə haqq qazandırır”. Onun fikrincə, Rusiya qüvvələri tərəfindən tutulmuş mübahisəli ərazilərin Azərbaycana birləşdirilməsində təkid etmək Ermənistanla müqaviləni qeyri-mümkün edir. Görünür 1920-ci ilin yayında Azərbaycanda olan bolşevik ordusunun yarısının Moskvanın təkidi ilə bilavasitə Qarabağ və Zəngəzurda saxlanması məhz bu zərurətdən irəli gəlirdi. Bu məsələdə Çiçerinin məntiqi maraqlı idi. Cəmisi iki ay əvvəl mübahisəsiz olaraq Azərbaycana məxsus olan ərazilər Sovet Rusiyasının ordusu tərəfindən işğal olunaraq mübahisəli elan edilir və indi həmin ərazilərin Azərbaycanda “saxlanmasından” deyil, ona “birləşdirilməsindən” söhbət gedirdi. O yazırdı: “Bakılı yoldaşlar”ın bütün bu hücum siyasəti Mərkəzi Komitənin artıq müəyyən edilmiş xətti ilə köklü şəkildə ziddiyyət təşkil edir.” Qarabağ ətrafında yaranmış mübahisələrlə bağlı Çiçerin, hətta Leninə belə yalan məlumat verməkdən çəkinmirdi. Leninin sorğusuna cavab olaraq Sovet Rusiyasının xarici siyasət idarəsinin rəhbəri özünün etiraf etdiyi kimi “Qafqaz işlərindən az məlumatlı” olmasına baxmayaraq yazırdı: “Qarabağ qədim erməni yerləridir, lakin erməniləri orada qırdıqdan sonra, düzənlik hissədə tatarlar yerləşiblər, dağlıq hissədə isə ermənilər qalıblar. Biz indi tatarları incik salmamaq üçün həmin yerləri ermənilərə vermirik...Gürcüstanın və Ermənistanın sovetləşməsi üçün şərait yetişəndə, onda bütün bunlar aradan qalxacaq”. Məhz bütün bunları nəzərdə tutaraq Nərimanov Leninə yazırdı ki, “yoldaş Çiçerinin teleqramından görünür ki, Sizin məlumatınız birtərəflidir”.
Lakin Çiçerinin bu oyunları, hədələri və yalanları Nərimanov və digərlərini öz mövqelərindən çəkindirə bilmədi. Qarabağın dağlıq hissəsinə Ermənistanın iddiaları gücləndirildiyindən, aprel çevrilişindən az sonra, Qafqazda nüfuzlu hesab edilən bolşeviklərdən N.Nərimanov, M.Mdivani, A.Mikoyan, B.Naneyşvili, hətta IX Ordunun hərbi şurasının üzvləri J.Vesnik, M.Levandovski və İ.Mixaylov birlikdə imzalayıb məsələyə tərəddüdlü münasibət bəsləyən RK(b)P MK-ya göndərdikləri məktubda yazırdılar: “Qafqazda inqilabın mənafeyinə zidd olan, Ermənistanla aparılan bəlli danışıqlarda nəzərdə tutulan Qarabağ və Zəngəzur məsələləri ilə bağlı vahid fikrimizi bizim Mərkəzi Komitəyə bildirməyi öz borcumuz hesab edirik. Müsavat hökuməti dövründə Qarabağ bütövlükdə Azərbaycanın tərkibində olmuşdur. Qarabağ və Zəngəzurun Bakı ilə qırılmaz iqtisadi və mədəni birliyi bu vilayətlərdən olan on minlərlə fəhlədən qidalanaraq, onların İrəvandan tamamilə əlaqəli olmaması 1919-cu ildə Qarabağın erməni əhalisinin kəndli qurultayında parlaq şəkildə öz təsdiqini tapdı. Müsavat rejiminin ermənilər üçün dözülməz şəraitdə və Ermənistanın agentlərinin təxribatçı əməllərinə baxmayaraq, hər halda erməni əhalisi ermənilərə sakit həyat təminatı şərti ilə Azərbaycanla tamamilə bir yerdə olmağa qəti şəkildə tərəfdar oldular”. Məktubun sonunda qeyd olunurdu ki, müsəlman kütlələri Azərbaycanın köhnə sərhədlərdə saxlanıla bilinməməsini Sovet hakimiyyətinin xəyanəti, ermənipərəstliyi və ya zəifliyi kimi yozurlar. Onlar Mərkəzi xəbərdar edirdilər ki, Qarabağ və Zəngəzur məsələsində tərəddüd etməklə, Azərbaycanı rəzil vəziyyətə qoymasınlar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın Azərbaycanın tərkibində olduğunu az sonra, uzun müddət Qarabağda müxtəlif rəhbər vəzifələrdə işləmiş S.Şaduns da etiraf edirdi.O yazırdı: Dağlıq Qarabağın özünün kəndlilərinin təkidi ilə bu hissə aran hissə ilə birləşdirilməli oldu və bütün Qarabağ müsavat hökumətinin hakimiyyətinə tabe edildi”. S.Şaduns sözünə davam edərək bildirirdi: lakin Ermənistanda hakimiyyət “möhkəmlənən” kimi və Dronun “qəhrəman” bandası bir necə uğurlu hərbi əməliyyat keçirdikdən sonra (Tiflisə, Zəngəzura və digər yerlərə) Qarabağda da işlər başlandı. Daşnak hökuməti yenidən öz emissarlarını böyük pul ehtiyatları ilə Dağlıq Qarabağa göndərdi və Qarabağın heç bir bağlılığı olmayan Ermənistanla birləşdirilməsi uğrunda təbliğata başladı”.
Ermənistanın
Sovet Rusiyası tərəfindən tanınmasına rəsmi
xarakter vermək üçün Çiçerin 1920-ci ilin
iyun ayının 29-da Boris Leqranın İrəvana səlahiyyətli
nümayəndə təyin olunduğunu bildirdi. Onun izahına
görə səlahiyyətli nümayəndə iki ölkə
arasında mehriban qonşuluq münasibətlərinin
yaradılması, bütün mübahisəli məsələlərin
yoluna qoyulması, ziddiyyətlərin aradan
qaldırılması və Rusiya ilə Ermənistan
arasında sülhün möhkəmləndirilməsi işinə
xidmət etməli idi. Eyni zamanda bu missiyanın
qarşısına Rusiya ilə Ermənistan arasında
müqaviləni işləyib hazırlamaq vəzifəsi
qoyulmuşdu. Leqran Ermənistana səlahiyyətli nümayəndə
təyin edildikdən bir gün sonra Nərimanovun və Qafqaz
bolşeviklərinin ciddi cəhdlərinə baxmayaraq, Sovet
Rusiyasının rəhbərliyi Çiçerinin təkidi
ilə 1920-ci ilin iyun ayının 30-da Qırmızı Ordunun
Ermənistana doğru irəliləməsinin
dayandırılması haqqında qərar qəbul etdi. RK(b)P
MK Siyasi Bürosunun bu qərarını əldə rəhbər
tutaraq Çiçerin Azərbaycanda işlərə rəhbərlik,
siyasi proseslərə nəzarət edən Mərkəzin
nümayəndələrinə öz təzyiqlərini
gücləndirməyə başladı. İyul ayının
2-də Orconikidzeyə göndərdiyi teleqramda o bildirirdi ki,
türk milli mərkəzi ilə başlanan
danışıqlarda Rusiyaya birbaşa ərazi əlaqəsi
zəruridir, bunun üçün isə biz Ermənistanla
müqavilə bağlamalıyıq ki, onun vasitəsi ilə
belə əlaqə imkanını əldə edək.
Çiçerin yazırdı: “Onunla (Ermənistanla – C.H.)
müqavilə Kiçik Asiya işlərinə bizim
mümkün təsirimizi təmin edən yeganə vasitədir”.
Həmin gün göndərdiyi digər bir şifrli teleqramda
Çiçerin Orconikidzeni inandırmağa
çalışırdı ki, erməni daşnak hökuməti
ilə kompromis əldə edilməsi Sovet Rusiyası
üçün zəruridir. O yazırdı: “Azərbaycan
hökuməti yalnız Qarabağ və Zəngəzuru deyil,
Şərur-Dərələyəz qəzasını da
mübahisəli elan edir. Sonuncu ərazi heç vaxt, heç
bir halda mübahisəli olmayıb və hətta Müsavat
hökuməti belə oranı həmişə Ermənistan
kimi tanıyıb. Şərur-Dərələyəzsiz Ermənistandan
demək olar ki, heç nə qalmır, Ermənistan sülh
nümayəndə heyəti uzun müqavimətdən sonra əvvəl-axır
böyük hissəsinin Ermənistana veriləcəyinə
ümid bəsləyərək Qarabağ və Zəngəzurun
mübahisəli olduğu ilə razılaşsalar da, lakin
onlar Şərur-Dərələyəzin mübahisəli
olduğu ilə heç bir halda razılaşmırlar. Digər
tərəfdən, bizim Ermənistanla müqaviləmizin Azərbaycan
hökumətinin tələblərinə zidd
olmadığı barədə Azərbaycan hökuməti ilə
razılığa gəlməyimiz zəruridir. Sizin Bakıda
çox böyük təsiriniz olduğundan, xahiş edirik bu
təsirdən istifadə edərək nail olun ki, Azərbaycan
hökuməti Şərur-Dərələyəzi deyil,
Qarabağ və Zəngəzuru mübahisəli ərazi kimi
tanısın”. Əlbəttə, Şərur-Dərələyəzlə
bağlı G.Ciçerinin mülahizələri tarixi həqiqətə
uyğun deyildi. Hətta, Qafqazdakı bütün fəaliyyətlərində
xüsusi şəkildə öz ermənipərəstliyi ilə
seçilən fransızlar 1918-ci ilin dekabrında Qafqazın
etnik-milli tərkibi, inzibati quruluşu haqqında hazırladıqları
məlumatlarda qeyd edirdilər ki, ermənilər bir sıra əraziləri
öz tərkiblərinə daxil ediblər ki, həmin ərazilərdə
onlar azlıqda qalırlar. Belə ki, Naxçıvanda 75 min,
Şərur-Dərələyəzdə 57 min, İrəvanda
87 min, Sürməlidə 44 min tatar (azərbaycanlı – C.H.)
yaşayır. Bu dairələr
Ermənistanın mərkəzində demək olar ki, müsəlman
kantonlarıdır”. (Ministere des Affaires Etrangere de France, Archives
Diplomatique, vol. 832, folio 23). Qeyd etmək lazımdır ki, bu sənəddə
bəzi qeyri-dəqiqliyə yol verilib, 1918-ci ilin dekabrında
İrəvan istisna olmaq adı çəkilən digər ərazilər
Azərbaycan hökumətinin nəzarətində idi və
1918-ci ilin iyun ayının 4-də Türkiyə ilə Ermənistan
Respublikası arasında imzalanmış Batum müqaviləsinə
görə Ermənistanın sərhədləri, habelə
onun hüdudlarına daxil olan ərazilər müqavilənin
mətnində aydın şəkildə öz əksini
tapmışdı.
Georgi Çiçerinin 2
iyul tarixli sifrli teleqramından sonra Leqran və Ter-Qabrielyanla
müzakirələrin yekunu kimi Orconikidze birbaşa xətlə
Moskva üçün hazırladığı cavabında
bildirirdi: Azərbaycan Qarabağ və Zəngəzurun təcili
və danışıqsız birləşdirilməsində təkid
edir. Mənə görə bunu etmək zəruridir, belə
ki, hər iki qəza iqtisadi baxımdan Bakıya meyllidir və
xüsusilə Bəyazid türk diviziyasının araya girdiyi
indiki vaxtda bu qəzalar tamamilə İrəvandan
ayrılmışlar. Bu qəzalar mübahisəli
saxlanıldığı halda, onlar sözsüz ki, türklər
tərəfindən tutulacaqlar və bütün erməni əhalisi
qılıncdan keçiriləcəkdir. Bunu aradan qaldırmaq
üçün biz heç nə edə bilmərik. Bu qəzaların
Azərbaycana birləşdirilməsi Azərbaycan kommunistlərinin
əlinə güclü dəlil vermiş olardı və
köçərilər üçün yolları
açardı. Qabrielyanın sözlərinə görə,
erməni nümayəndəliyi sözsüz buna gedərlər.
Məsələnin həllinin belə gedişində Azərbaycanı
məcbur etmək olar ki, qalan vilayətlərdən imtina
etsin. Mənim fikrimcə, Qarabağ və Zəngəzur təcili
olaraq Azərbaycana birləşdirilməlidir. Mən Azərbaycanı
məcbur edəcəyəm ki, bu vilayətlərin muxtariyyətini
elan etsin, lakin bu ideya Azərbaycanda gəlməlidir və
heç bir halda bunu müqavilədə göstərmək
olmaz. Lenin, Stalin və Çiçerinə birbaşa xətlə
verdiyi digər bir məlumatda Q.Orconikidze açıq şəkildə
bolşevik liderlərinə bildirirdi ki, Ermənistan hökuməti
düşünülmüş şəkildə sizə yalan
informasiyalar verir. O deyirdi: “bu gün Qabrielyan mənə
bildirdi ki, Azərbaycan Şərur-Dərələyəzdən
və Naxçıvandan imtina etsə, erməni nümayəndəliyi
təxirə salınmadan Qarabağ və Zəngəzurun Azərbaycana
birləşdirilməsinə razıdır. Biz onunla şərtləşdik
ki, Bakıya gələndə Nərimanovla bu ruhda söhbət
aparaq. Gördüyünüz kimi, burada aydın və məlum
olmayan bir şey yoxdur. Sizi əmin etmək istəyirəm ki,
biz sülh siyasətimizi kifayət qədər aydın təsəvvür
edir və həyata keçiririk. Mən əminəm və mənim
dərin inamıma görə, Azərbaycanda Sovet hakimiyyətini
möhkəmləndirmək və Bakını əlimizdə
saxlamaq üçün Dağlıq Qarabağı – aran
Qarabağ haqqında heç bir söhbət ola bilməz – Azərbaycana
birləşdirmək lazımdır. Azərbaycan bu rayonun erməni
əhalisinin təhlükəsizliyinə öz başı ilə
təminat verir. Burada muxtariyyət elan edib, müsəlman ordu
hissələrini ora buraxmadan erməni əhalisini təşkilatlandırarıq”.
Orconikidze xəbərdarlıq edirdi ki, “bu məsələnin
digər həlli bizim Azərbaycanda vəziyyətimizi
dayanıqsız edir və Ermənistanda da heç nə
udmuruq. Mən gözəl başa düşürəm ki, Ermənistanın
məlum siyasi şəraitdə bizə gərək ola biləcəyi
istisnalıq təşkil etmir. Necə lazım bilirsinizsə,
elə də həll edin. Bizə nə göstəriş
verilsə, biz onun hamısını həyata keçirəcəyik.
Lakin icazə verin, sizin nəzərinizə çatdıraq
ki, Azərbaycana belə münasibət bizi geniş kütlələrin
gözündə nüfuzdan salır və bizim əleyhdarlarımızın
fəaliyyəti üçün yüksək dərəcədə
əlverişli zəmin yaradır”. 1920-ci ilin aprel
çevrilişindən sonra Orconikdzenin bir müddət Azərbaycan
– Gürcüstan və Azərbaycan – Ermənistan münasibətlərində
“Sovet Rusiyasının şərqdə ilk övladı”
sayılan Azərbaycanın tərəfində dayanması
Mokvada, xüsusilə XXİK-da bəzilərini əsəbiləşdirirdi.
Həmin dairələrin başında dayanan Çiçerin
bu mövqeyinə görə Orconikidzeni şantaj edir və hətta
onu “müsəlmanpərəst orientasiyaya gizli cəhddə”
ittiham edirdi. Bütün bu atmacalara cavab olaraq Orconikidze
Çiçerinə məruzə edirdi ki, “müsəlman
millətçiliyini heç bir aidiyyətim yoxdur və
olmayıb. Mənim əcdadlarım arasında bir nəfər
də olsun tatar yoxdur”. Eyni zamanda iyul ayının 10-da Nərimanov,
Viktor, Qarayev, Bünyadzadə, Yeqorov, Mikoyan, Karakozov və Ermənistandakı
Rusiya nümayəndəsi Leqranın iştirakı ilə
AK(b)P MK-da Qarabağ məsələsi müzakirəyə
çıxarılmışdı və Sovet Rusiyası
XXİK-nın tövsiyələrinin əksinə olaraq
müzakirə əsasında qərara alınmışdı
ki, “erməni kəndliləri Ermənistanın tərkibinə
daxil olmaq istəmirlər. Onların Rusiyaya güclü meyli
vardır. Rusiyaya gedən yol isə Bakıdan keçir. Və
indiki anda mərkəzin irəli sürdüyü məsələ
qəribə görsənir”.
Q.Orconikidze mərkəzdə
bu işlərə kimin maneçilik törətdiyini
yaxşı bilirdi və ona görə də o, sonuncu məlumatla
bağlı birbaşa xətlə Xalq Komissarları Soveti
aparatının işçisi N.Alliluyevadan xahiş edirdi ki,
onun sonuncu məlumatının nüsxəsini əgər
Çiçerinə verməyibsə, onun adını oradan
çıxarsın və söhbətin məzmununun Leninə
və Stalinə versin. Orconikidze deyirdi: “Məni, ümumiyyətlə,
bizim hamımızı bu məsələ ilə bağlı
onun (Stalinin – C.H.) fikri maraqlandırır. Heç olmasa ona
(Stalinə – C.H.) çatdırın ki, Karaxanla birlikdə
Çiçerin məni yenidən burada çıxılmaz vəziyyətdə
qoyur”. Stalinin cavabını çox gözləmək
lazım gəlmədi. Bir gün sonra, iyulun 8-də o,
Orconikidzeyə bildirdi ki, “sonsuzluğa qədər tərəflər
arasında manevr etmək olmaz. Aydın şəkildə tərəflərin
birini, indiki halda isə, əlbəttə, Türkiyə ilə
Azərbaycanı müdafiə etmək lazımdır. Mən
Leninlə danışdım, o etiraz etmir”. Bunun əksinə
olaraq elə iyul ayının 8-də Çiçerin
Orcanikidzeyə teleqramında tamam ayrı mövqe
nümayiş etdirirdi. O yazırdı: “Biz əla bilirik ki, Ermənistanın
da sovetləşdirilməsi üçün zaman yetişəcək,
lakin indi ona getmək tezdir. Ən başlıcası, indi nəyə
nail olmaq olar, indi Qarabağ və Zəngəzuru mübahisəli
yerlər elan etmək olar, bunun üçün isə Azərbaycan
hökumətinin razılıq verməsi gərəkdir. Bu
bizim üçün zəruridir, biz mütləq Ermənistanla
müqavilə bağlamalıyıq. Bunu qəti şəkildə
beynəlxalq vəziyyət tələb edir, bunun
üçün isə, ən azından Qarabağ və Zəngəzuru
mübahisəli elan etmək lazımdır”. Georgi
Çiçerin və Lev Karaxanın
başçılığı ilə XXİK-nin yeritdiyi Azərbaycanın
hesabına Ermənistanla əməkdaşlıq siyasətinin
qarşısını ala bilmədikdə iyul ayının
16-da Orconikidze, Leninə, Stalinə və Çiçerinə
teleqramında Azərbaycan nümayəndələri gələnə
qədər Ermənistanla sülh bağlamağın
dayandırılmasını mütləq mənada zəruri
hesab edirdi. O yazırdı: “Azərbaycanın iştirakı
olmadan Ermənistanla sülh bağlamaq buradakı
yoldaşları güclü şəkildə əsəbiləşdirir”.
Eyni mövqeyi Azərbaycan K(b)P MK-nın üzvü A.Mikoyan da
müdafiə edirdi. İyun ayının 29-da o, Orconikidzeyə
yazırdı ki, “Biz Mərkəzin Qarabağ və Zəngəzura
yönəlik siyasətindən hiddətlənmişik. Siz də
həmçinin bizim nöqteyi-nəzərimizi Mərkəzin
qarşısında qoyun. Biz Ermənistanla sülhün əleyhinə
deyilik, lakin heç bir halda bu sülh Qarabağın və Zəngəzurun
hesabına olmamalıdır”. Göründüyü kimi, Ermənistanla
münasibətlərdə ən qəribəsi o idi ki, Azərbaycanın
məlumatı və iştirakı olmadan Sovet Rusiyası ilə
daşnak Ermənistanı onun barəsində gizli
danışıqlar aparırdılar. Bir ay əvvəl, eyni
ilə Gürcüstanla baş verənlər, indi Ermənistanla
təkrar olunurdu. Həmin vaxt Orconikidze və Kirovun Lenin və
Stalinə göndərdikləri teleqramının şifrli
yerlərində bəzi maraqlı məqamlar var idi.
Gürcüstanla müqavilə bağlayarkən Azərbaycanın
mövqeyinin soruşulmamasını onlar sovet siyasətini
iflasa aparan addım kimi qiymətləndirirdilər və
yazırdılar: “nə üçün Gürcüstanla
müqavilə bağlayaraq biz dost Azərbaycanla müqavilədən
imtina edirik. Əgər Azərbaycan məsələsi fərqli
formada həll edilirsə bizi də məlumatlandırın”.
Daha sonra onlar xüsusi şıfrə vasitəsi ilə Mərkəzi
xəbərdar edirdilər ki, bu məsələlərdə
“heç bir halda şərq siyasətinin rəhbəri kimi
Karaxanın adını önə çəkmək olmaz.
Bütün Zaqatala qalmaqalı burada ermənilərin
fırıldağı kimi başa düşülür”.
Şübhəsiz ki, Karaxan Sovet Rusiyasının XXİK-da Azərbaycana
qarşı yönəlmiş siyasətin
formalaşmasında və həyata keçirilməsində
mühüm rol oynayırdı və Orcanikidze ilə Kirov da
teleqramdakı şifrə vasitəsi ilə məhz bu məqama
işarə edirdilər. Qarabağ məsələsində də
onun proseslərin arxasında dayandığı şifrli və
şifrsiz sənədlərdən aydın sezilməkdədir.
Orconikidze açıq yazırdı ki, “Qarabağ bizim xarici
işlər komissarlığımızın ikinci
Zaqatalasıdır. Burada çox böyük təxribat gedir
və bunların hamısını Moskvadakı ermənilər
törədirlər”.
(Ardı gələn şənbə sayımızda)
Cəmil HƏSƏNLİ
Tarix elmləri doktoru,
Professor
525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.10-11.