Yarımçıq təhsil, erkən
nikah, qanunsuz kəbin... və ardınca daha bir
yığın problem
QIZLARIN ERKƏN YAŞDA ZORƏN ƏRƏ VERİLMƏSİ
AZƏRBAYCAN CƏMİYYƏTİ ÜÇÜN SON VAXTLAR
YENİDƏN QÖVR ETMƏYƏ BAŞLAYAN KÖHNƏ
YARANI XATIRLADIR
XX əsrin əvvəllərinədək qızların zorla erkən yaşda ərə verilməsi Azərbaycanda geniş yayılmış bir hal idi. Qızlar çox zaman 12-13 yaşında kəbinli qadın olmaq məcburiyyətində qalırdılar. Qismən Xalq Cümhuriyyəti dövründə, əsaslı şəkildə isə Sovet hakimiyyəti zamanı, yəni XX əsrin 30-cu illərində vidalaşdığımız bu problem, təəssüf ki, yenə də aktuallaşıb. Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi indi Azərbaycanın bir sıra regionlarının acı reallığıdır. Aran, Muğan bölgəsi, Saatlı, Biləsuvar, Lerik, Masallı, İmişli, Lənkəran, Yardımlı, hətta Bakı kəndlərində də erkən nikahlar, qızların məktəbə buraxılmaması halları baş alıb gedir. Ötən il Lənkəran, Astara və Masallı rayonlarında yetkinlik yaşına çatmayan qızların məktəbdən yayındırılması və zorla ərə verilməsinə dair kifayət qədər faktlar aşkarlanıb. Belə problemlərə Lənkəran şəhərinin özündə, demək olar ki, nadir halda rast gəlmək olar. Amma kəndlərdə vəziyyət acınacaqlıdır. Hətta qızları bəzən valideynləri ümumiyyətlə məktəbə getməyə qoymur. Orta məktəbi qurtarıb ərə getməyən qız “evdə qalmış” hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Qızları məktəbdən kənarlaşdırarkən onların rəyi nəzərə alınmır. Bu baxımdan, Masallı rayonunda vəziyyəti daha təhlükəli hesab edən ekspertlər bildirirlər ki, həmin rayonda qızlar ən yaxşı halda 5-ci və ya 6-cı sinfə qədər dərsə gedə bilir. Sözügedən rayonlarda yuxarı sinif şagirdi olan qızların bir çoxu nişanlı vəziyyətdə dərsə gəlir. Qızlar 13-14 yaşına çatdıqda orta məktəbdən məcburi şəkildə çıxarılır və ona ərə getməyin vacibliyinə dair yerli ənənələr məcburi qaydada aşılanır. Bundan imtina etdikdə isə onlar ailə və yaxın qohumlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalır, ictimai qınaqla rastlaşır ki, bu da nəticədə həddi-buluğa çatmayan gənc qızların psixoloji sarsıntı keçirməsinə səbəb olur.
Belə qızlar zorla ərə verilməklə həm də öz sosial hüquqlarından imtina etmək məcburiyyətində qalırlar. Qızların 4, 5 və 6-cı siniflərdən məktəbdən çıxarılması və 13, 14 yaşlarında nişanlanması, 14-15 yaşdan etibarən ərə verilməsi bəzi bölgələrdə yerli ənənə hesab olunur. Beləliklə, onlar təhsil almaq və cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edilir və cəmiyyətdən təcrid vəziyyətinə düşürlər.
Yetkinlik yaşına çatmayan qızlar dini kəbin kəsməklə ərə verilir və rəsmi nikahdan kənarda qalırlar. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların müstəqil ailə qurmaq və təhsil almaq hüququnun əlindən alınması ilə nəticələnir.
UNİCEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatında bildirilir ki, Azərbaycanda aparılan araşdırmalar bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir. Hesabat müəllifləri deyir ki, belə təmayül çox zaman fiziki və əqli problemlərin yaranmasına gətirib çıxarır. Bəzi hallarda isə depressiya və əsasən gəlin getmiş qızın intiharı ilə nəticələnir. UNİCEF son dövrlərdə qızları tez ərə vermək adətinin dirçəlməsinin iki səbəbini görür. Birinci səbəb, belə demək mümkünsə, mədənidir: yaşı 18-i xeyli keçmiş qız bəzi regionlarda artıq qarımış hesab olunur. Buna görə valideynlər qızlarını erkən ərə vermək istəyir. İkinci səbəb isə güzəranla bağlıdır. Valideynlər hesab edir ki, uşaqları tez evlənsələr, daha yaxşı həyat şəraiti qura biləcəklər. UNİCEF bildirir ki, nəticədə erkən nikah və yeniyetmələr arasında hamiləlik hallarında kəskin artım müşahidə olunur.
Təşkilatın sözçüsü Mark Herevord vurğulayıb ki, bununla bağlı təcili addımlar atılmalıdır: “Uşaqlar üçün ilk növbədə məsuliyyət daşıyanlar ata-analarıdır. Onlar anlamalıdır ki, erkən yaşda nikaha girmək övladlarına potensial olaraq müxtəlif cür ziyan vura bilər: Həm fiziki, həm emosional və həm də əqli. Xüsusilə, qızlar üçün tez ərə getmək çox ziyanlı ola bilər”.
Həkim-psixoloq
Xəyalə Məmmədova deyir ki, istər oğlan, istərsə
də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir.
Psixoloji baxımdan isə müəyyən vaxt lazımdır
ki, bir insan kimi tam formalaşsın: “Bu baxımdan hesab edirəm
ki, erkən nikahla ailə qurmağa hazır olmayan insanı
faktiki bunu etməyə məcbur edirik. İkincisi, onlar hələ
tam real qərar qəbul edə bilmirlər. Deməli,
onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsə adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək. Amma razılaşaq ki, bu, insanın
öz həyatıdır və onun öz həyatında heç olmasa hansısa düşünülmüş formada iştirak etməyə ehtiyac var. Bu baxımdan mən tam razıyam ki, erkən nikahların sonradan çox sayda fəsadları çıxır. Qız uşağı ərə gedərkən onda
heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il
sonra, tam formalaşanda onda sevgi hissi də yarana bilər. Bilmək
olmaz ki, bu sevgi həyat yoldaşına qarşı olacaq, yoxsa
hansısa ayrı adama. Bu da böyük problemlər yarada bilər”.
Psixoloq erkən ərə gedən qızların ana olan zaman
öz uşaqlarına qarşı laqeyd yanaşmasının
real problem olduğunu deyir: “Çünki onun özü hələ
uşaqdır. Ana ilə uşaq arasında 14-15 yaş fərq
olur. Bacı-qardaş arasında da belə fərq ola bilər.
Həm də onların emosiyası da tam böyük
insanın emosiyası deyil. Onlar üçün orta rəng
yoxdur. Həyat ya qara, ya ağ, yaxşı, ya da pisdir. Ona
görə də reaksiyaları bəzən çox kəskin
olur. O cümlədən öz uşaqlarına qarşı.
Özü hələ uşaq olan, gəlinciklərlə
oynamaqdan doymayan bir insanın özünün övladı
dünyaya gələndə o uşaq ona artıq kimi
görünür. Analıq hissini qətiyyən dərk etmirlər.
O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir. Analıq
hissinin inkişafı üçün qadına müəyyən
yaş həddi lazımdır. Həmin yaş həddi
yetişmədiyinə görə, ana olmaq onlar
üçün psixoloji zərbədir”. Bu cür problemlərin
ciddi psixi pozğunluqlar yarada biləcəyini vurğulayan X.Məmmədovanın
sözlərinə görə, sırf psixoloji cəhətdən,
ailə qurmaq üçün 30 yaş və bir az çox
optimal sayılır: “Bütün amilləri nəzərə
alsaq, 19-25 yaş optimal hədd sayılır. Ancaq sırf
psixoloji baxımdan 30 yaş məqsədəuyğun
sayıla bilər. Çünki artıq o yaşda ana bir insan
kimi tam formalaşır”.
Mama-ginekoloq Raya Qasımova da
fizioloji və psixoloji baxımdan qızların ailə
qurması üçün ən yaxşı yaş həddinin
20-30 yaş arası olduğunu deyir. Onun sözlərinə
görə, ərə getmək üçün
qızların orqanizmi müəyyən qədər
formalaşmalıdır. Bu baxımdan hələ 17
yaşı tamam olmayan bir qız ərə gedən zaman
orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən,
birbaşa beyinlə əlaqədar olan endokrin orqanlar öz
funksiyasını tam şəkildə başa
çatdırmamış olur. Ona görə də belə
qızlarda bir sıra fəsadlar üzə çıxır:
“Birinci, elə gözlə görünən patologiyanı
deyim. Məsələn, 10 ildən sonra həmyaşıdları
ilə müqayisədə belə qızlar xeyli yaşlı
görünürlər. Hamiləliyi erkən toksikoz və
başqa bir sıra fəsadlarla müşayiət olunur. Erkən
yaşda ərə gedən qızların ana olması onlar
üçün birbaşa psixoloji zərbədir. Sonrakı mərhələdə
də aydındır ki, uşağa normal baxa, yaxşı
qulluq edə bilmirlər”.
Ekspertlər hesab edirlər
ki, erkən nikah demoqrafiyaya böyük zərbədir.
Çünki ana olmağa hazır olmayan qadının
dünyaya gətirdiyi uşaq çox vaxt tam normal olmur. Bundan
başqa, uşaq ölümünün artması
faktlarında bu məsələ az rol oynamır. Bununla
yanaşı, erkən nikah məsələsində
cavanlaşma amili də özünü qabarıq büruzə
verir. Belə ki, 2003-cü ildə daha çox 15-16
yaşlı qızların ərə verilməsi faktları
mövcud idi. Bu gün isə 13, hətta 12 yaşlı
qızların ərə getməsi hallarına rast gəlmək
mümkündür.
Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının sədri Məleykə
Abbaszadə də bəzi ucqar rayonlarda qızların təhsil
hüququndan məhrum edildiyini deyir: “Azərbaycanın elə
bölgələri var ki, orada abituriyentlərin gender göstəriciləri
kəskin fərqlənir. Xüsusən cənub rayonlarında
bu fərq özünü daha qabarıq göstərir. Cənub
rayonlarında ali məktəblərə sənəd verən
abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir.
Bu o deməkdir ki, bizim qızlar erkən yaşlarından təhsil
hüququndan məhrum edilir. Yardımlı rayonunda ötən
il 479 abituriyent sənəd verib, onların yalnız 45-i
qız olub. Lerikdə isə 469 abituriyentdən 81-i
qızlardı”.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova da ölkənin bəzi regionlarında erkən
yaşında ərə verilən qızların
sayını artmaqda olduğunu bildirib: “Artıq
formalaşmış yanlış stereotiplər nəticəsində
hələ də bəzi valideynlər düşünürlər
ki, qız övladlarını tez ailə qurmağa məcbur
etməklə onlar üçün daha yaxşı həyat təmin
etmiş olurlar”.
Millət vəkili Gültəkin
Hacıbəylinin sözlərinə görə, neçə
illərdən bəri azadlığa qovuşmuş, elmə
yiyələnən, nailiyyətlər qazanan, rəhbər vəzifələrə
yüksələn, sözünü yüksək
kürsülərdən deməyi bacaran Azərbaycan
qadınını bu gün yenidən “buxovun, qara
dünyanın içərisinə qaytarmaq cəhdləri”
var: “Qızlarımızın təhsildən
yayındırılaraq erkən yaşlarında nikaha məcbur
edilməsi son illər Azərbaycanda geniş yayılmaqdadır.
Bu səbəblə gənc qızlarımızın intihar
statistikası da çox ciddi şəkildə həyəcan
təbili çalmaq üçün əsas verir. İntihara əl
atan qızlar başqa etiraz formasına gücləri
çatmadığı üçün həyatla
vidalaşmağı üstün tuturlar”. G.Hacıbəyli
deyir ki, Aran, Cənub, Şimal regionlarında və Bakı kəndlərində
qızların təhsildən yayınması problemi daha
qabarıqdır.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini Sədaqət Qəhrəmanovanın sözlərinə
görə, statistika göstərir ki, qeyri-rəsmi, erkən
nikahlarla bağlı xeyli artım var: “Əgər əvvəllər
erkən nikahlarla bağlı daha çox Cənub və
Şimal bölgələrinin adları hallanırdısa, bu
gün artıq Azərbaycanın elə bir bölgəsi
yoxdur ki, orada erkən nikah problemi yaşanmasın. Həmçinin
erkən nikah qeydiyyata alınmayan nikahdır və onun dəqiq
statistikasını aparmaq da mümkünsüzdü. Biz
doğum evlərindən, digər səhiyyə ocaqlarından
məlumatlar toplayanda, yəni, nikaha daxil olmuş insanların
övladlarının sayını hesablayanda bilirik ki, nə qədər
qızlar rəsmi və ya erkən nikahlara daxil olub. Bunlar da dəqiq
statistikanı əks etdirə bilməz”. S. Qəhrəmanova
hesab edir ki, təhsil müəssisələri bu problemlə
bağlı ən az valideynlər qədər məsuliyyət
daşıyırlar: “Əlbəttə ki, ilk məsuliyyət
daşıyan şəxslər valideynlərdi. Çünki
14, 15, 16 yaşlarında nikaha girən qız hələ
kamillik səviyyəsinə qalxan, cəmiyyəti yaxşı
dərk edən, dünyagörüşü olan bir insan deyil.
Odur ki, istər “Məişət
zorakılığının qarşısının
alınması haqqında” qanunda, istər Ailə Məcəlləsində,
istərsə də digər müvafiq qanunvericilik
aktlarında bu məsələ hökmən nəzərdə
tutulmalıdır. Amma valideynlərlə yanaşı məktəb
rəhbərliklərinin və kollektivlərinin də məsuliyyətini
unutmamaq şərtilə”. S. Qəhrəmanova qızların
təhsildən yayındırılaraq ərə verilməsi
probleminin həlli istiqamətində əlaqədar şəxslərin
cinayət və inzibati məsuliyyətinin qanunvericilikdə
öz əksini tapması ilə yanaşı Ailə Məcəlləsində
qızlar üçün nikah yaşının yenidən 18
yaşa qaldırılmasını da önəmli sayır.
Ombudsman Elmira Süleymanova isə
hesab edir ki, yaranmış problemlə bağlı dövlət
də, ayrı-ayrı məmurlar da, problemin xüsusən
aktual olduğu regionlardan seçilmiş deputatlar da məsuliyyət
daşıyırlar.
“Lider Qadınlar” İctimai
Birliyinin sədri Məlahət İbrahimqızı daha kəskin
tədbirlər görülməsini vacib sayır: “Hesab edirik
ki, qanunvericilikdə də müəyyən boşluqlar var və
müəyyən dəyişikliklər etmək
lazımdı. Çünki burada valideynlərin məsuliyyəti
də çox böyükdür. Məncə,
övladlarını təhsildən yayındıran valideynlər
ciddi məsuliyyət, o cümlədən cinayət məsuliyyəti
daşımalıdır. Valideynlər anlamalıdırlar ki,
övladlarını təhsildən ayırmaqla, məcburən
ərə verməklə onların hüquqlarını
pozurlar və bu qanun pozuntusu məhz cinayət məsuliyyətilə
tənzimlənməlidir”.
Mütəxəssislərin
fikrincə, Mülki, Ailə, Cinayət məcəllələrində,
“Təhsil haqqında” qanunda xüsusi hüquqi məsuliyyət
müəyyən edən və erkən nikahların
qarşısını alan maddələr öz əksini
tapmalıdır ki, gənc qızların təhsildən
yayındırılaraq və zorakılığa məruz
qalaraq ərə verilməsinə yol verən şəxslər
– istər valideynlər, istərsə də kəbin kəsən
mollalar özlərində hüquqi məsuliyyət hiss etsinlər
və buna yol verməsinlər. Bu baxımdan qanunvericiliyin sərtləşdirilməsinə
ciddi ehtiyac var. Bunun üçün həm QHT-lər, həm
də dövlət təşkilatları xüsusi təşəbbüslə
çıxış etməlidirlər. Ötən il
qanunvericiliyə dəyişiklik təşəbbüsü
ortaya qoyuldu ki, ailə quran qızların yaş həddi 18-ə
qaldırılsın. Qızların yaş həddi nə qədər
çox artırılsa bu, onların mülkiyyət, təhsil
hüququnun təmin olunması baxımından daha
düzgün olar.
Milli Məclisin sosial siyasət
daimi komitəsinin sədr müavini Musa Quliyev isə hesab edir
ki, qızlar üçün nikah yaşının yüksəldilməsi
problemin həlli ola bilməz: “Qanunvericilikdə yaş həddinin
artırılması ilə erkən nikahın
qarşısını almaq qeyri-mümkündür. Bunun
üçün azyaşlıların təhsildən
yayındırılmasına, erkən nikahların
yaranmasına səbəb olan problemlər aradan
qaldırılmalıdır. Bu problemlər ilk növbədə
sosial sfera ilə bağlıdır. Ailələrdə
işsizlik aradan qaldırılmasa, ailə büdcəsinin gəlirləri
tələbata uyğun səviyyədə artmasa, erkən
nikah problem olaraq qalacaq. Belə halda nikah üçün
yaş həddini 20-yə də qaldırsaq, heç bir nəticəsi
olmayacaq. Bu halda da qeyri-rəsmi və erkən nikahların
sayı artacaq. Ona görə, biz qanunlarımızı
hansısa ölkənin qanunvericiliyə
uyğunlaşdırmaq əvəzinə sosial problemlərin
aradan qaldırılmasına çalışmalıyıq”.
Ekspert Elmina Kazımzadənin
fikrincə, ana nə qədər təhsilli,
dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad
da bir o qədər savadlı, cəmiyyət üçün
faydalı olar. Bunu nəzərə alıb, gələcəyin
anası olacaq qızların kamil, intellektli, təhsilli insan
kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Dilarə Əliyeva adına
Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin
sədri Novella Cəfəroğlu deyir ki, mövcud vəziyyəti
aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə,
ictimaiyyət arasında güclü təbliğat
aparılmalıdır: “XXI əsrdə yaşayırıq.
Qızlarımıza yüksək təhsil almaq
üçün imkan yaratmalıyıq. Qızlarımız
da oğlanlarımızla bərabər inkişaf etməlidir.
Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən
danışırıq, qadınlara bərabər imkanlar, bərabər
nəticələr verilməsini tələb edirik. Amma
qızlarımız təhsildən yayınıb erkən
nikaha gedirsə, bundan necə danışa bilərik. Ona
görə də biz bununla bağlı bütün istiqamətlərdə
işimizi gücləndirməliyik. Bu hadisənin artmaması,
qarşısının alınması üçün əlimizdən
gələn hər bir şeyi – ictimai səfərbərlikdən,
ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə
və möhkəmlənməsinə qədər
bütün işlər görülməlidir”. N.Cəfəroğlu
qeyd edib ki, cəmiyyət özü buna qınaq etməlidir.
cəmiyyət bilməlidir ki, erkən nikah əslində ailənin
təməlinin dağılmasıdır. Qız yetkin olanda
daha ailəcanlı olur, ailənin, uşağın dəyərini
dərk edir, öz məsuliyyətini anlayır: “Yeniyetmə
yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin
təzyiqi əsasında özlərindən qat-qat böyük
kişilərə ərə verilirlər. Bir müddət
sonra xasiyyətləri tutmadıqda və ya
zorakılığa məruz qaldıqda boşanmağa məcbur
olurlar. Boşandıqda isə rəsmi nikahları
olmadığından heç bir mülkiyyət hüququ əldə
edə bilmirlər. Bu məsələ bu gün də ciddi
problem olaraq qalır”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2010.- 28 sentyabr.- S.6.