Neftlə yaradılan sənət
möcüzələri
QEYRİ-ADİ YARADICILIQ ÜSULU İLƏ
SEÇİLƏN RƏSSAM SABİR ÇOPUROĞLU
ÖZÜNÜN NÖVBƏTİ FƏRDİ SƏRGİSİNƏ
HAZIRLAŞIR
O, ömrünü
kiçik emalatxanasında
böyük əsərlər
yaratmağa həsr edən, rəssamlıq tarixində yenilik yaradan bir Azərbaycan
rəssamıdır. Onun
haqqında bəzəkli sözlər işlətməyəcəm.
“Qara qızıl” ı kətan üzərində
danışdırması, düşünürəm ki, bu sənətkarın
nə qədər peşəkar olmasından xəbər verir. Söhbət rəssam-monumentalist, Azərbaycan
Rəssamlar Birliyinin üzvü,
neftlə sənət möcüzələri yaradan
Sabir Çopuroğludan
gedir. O, 1956-cı ildə Gürcüstan Respublikasının Dumanisi rayonunda anadan olub. 12
yaşından rəngkarlıqla məşğul olan rəssam məşhur sənətkar Zurab Sereteli, Meraba və Eliquca Bertzeneşvili qardaşları, Zurab Nijaradze kimi ustadların tələbəsi olub. Öz rəngkarlıq
və qrafika üslubu
ilə seçilən Sabir Çopuroğlunun bir çox ölkələrdə fərdi sərgisi
keçirilib. Rəssamın əsərləri
ABŞ, Türkiyə, Quzey Kıbrıs, Fransa, Misir və digər
ölkələrin şəxsi kolleksiyalarında
saxlanılır. Sabir Çopuroğlunun
milli koloritlə zəngin əsərləri
ona bütün dünyada şöhrət qazandırıb. Əsərlərini
nadir texnika ilə
yaradır. Neftlə rəngləri kətan üzərinə
barmaqları ilə çəkməklə, sözün
əsl mənasında, möcüzə göstərir. Rəssam
qədim İçərişəhəri, Abşeronu,
Xəzərin sahillərini, Qarabağ
xanlığının həyatını, qədim türkləri
öz əsərlərində təsvir edib. Sabir Çopuroğlunun
“Muğam”, “Qarabağın melodiyaları”
əsərlərində sanki milli musiqimizin sədaları
duyulur. “Ramana, neft buruqları”, “Balaxanı neft
mədənləri”, “Borçalı” tabloları onun Azərbaycana
bağlılığının ifadəsidir.
Sabir Çopuroğlu 10
ildir ki, nefti tablolara köçürdür, neftlə əsərlər
yaradır. Rəssam doğma Azərbaycanımızın
tükənməz sərvəti olan neftlə işləməyi
çox sevdiyini deyir: “Mənim üçün fərqi
yoxdur. Mən yağlı boya ilə də asan işləyirəm.
Qara çalarlarla rəsm çəkməyi sevirəm, neftlə
işləmək mənə xüsusi bir zövq verir. Mən
uşaq olanda evimizin bacasını təmizləyəndə əllərim
hisə bulaşırdı. Mən də əllərimi
divarlara sürtərək müxtəlif rəsmlər çəkirdim.
Baxırdım ki, maraqlı
alınır. O vaxtdan beynimdə
rəssamlıq fikri yarandı. Sonralar mən dünya
şöhrətli rəssamlardan Zurab Sereteli, Meraba və Eliquca Bertzeneşvili
qardaşlarının yanında bu sənətin
sirrlərini öyrənməyə başladım, onların
emalatxanalarında təcrübə keçdim”.
Sənətkar əsl rəssam olmaq üçün müvafiq
təhsil almağın vacib
olmadığını düşünür.
“Rəssamlıq Allah vergisidir”
– deyən Sabir Çopuroğlu
bu sənətin özülünün
istedad və həvəs olduğunu
qeyd edir: “Rəssamlıq
o demək deyil ki, mütləq Akademiya
bitirəsən. Rəssamlıq insanın daxilində yaranan həvəs, Tanrı tərəfindən
verilən bir vergidir.
Təbii ki, bir pedaqoq kimi
çalışmaq üçün məktəb
keçmək lazımdır. Amma əgər
həvəs, fitri istadad
yoxdursa, yaxşı rəssam olmaq olmaz. Ümumiyyətlə
hər bir rəssam müstəqil bir yol axtarmalıdır, öz yolu olmalıdır.
Fərdi dəsti-xəttilə seçilməlidir”. Sabir Çopuroğlunun da öz yolu
var. İstedadlı monumentalist
olan sənətkar əsasən milli janrda əsərlər
yaradır, xalqımızı, vətənimizi,
yaşadığımız ağrılı və fərəhli
günləri tablolara nəqş edir: “Xalqımızın keçmişi
və gələcəyi məni çox
maraqlandıran mövzulardır. Bizim tariximizi, az da olsa, öz
əsərlərimdə dünyaya
çatdırmağa çalışıram. Azərbaycan
müharibə şəraitində olan bir dövlətdir. Müəyyən qədər
xalqımızın yaşadığı müsibətləri
təsvir etməyə nail olmuşam.
Bizim həm də çox
gözəl qəhrəmanlıq dastanları ilə zəngin
bir tariximiz var. Bunlar da
mənim əsərlərimdə öz əksini
tapır”. Sənətkar bu qeyri-adi rəsm çəkmə üsulunu yalnız oğluna
öyrədir. Özündən sonra
davamçısı kimi onu
görür: “Mənə elə gəlir ki, bu sənəti ancaq oğlum davam etdirə bilər. Çünki
bu çox çətin
bir üsuldur. Bir neçə tələbəm oldu, ancaq öyrənmə
qabiliyyətləri yetərli olmadığı üçün davam etdirə
bilmədilər. Ancaq oğlumun
bu sənətə çox
böyük marağı və lazımi
qabiliyyəti var. Düşünürəm
ki, gələcəkdə bu
sahədə oğlum mənim yerimi tuta bilər”. “Sənətdən
pul qazanmaq üçün istifadə etmək istəyəndən
əsl sənətkar çıxmaz” – deyir
Sabir Çopuroğlu.
Çətin güzəran keçirsə də, heç zaman sənətindən
bezmir: “Biz rəssamlar
azad insanlarıq. Yaradıcı insanın
beyni başqa işlərlə
məşğul olsa, istədiyi əsəri
yarada bilməz. Rəssamlar arasında pedaqoq kimi fəaliyyət
göstərənlər də var. Onlar maaşla
dolanırlar. Ancaq mənim əsərlərimdən
başqa gəlir yerim
yoxdur. Əlbəttə, mənim üçün də asan
deyil. Ayda-ildə bir əsər
satmaqla dolanmaq indiki zamanda çox çətindir. Lakin
mən sənətimi çox sevirəm, odur ki, heç
vaxt bu çətinliklər
məni ruhdan salmır”. Öz
üslubuyla işləməyə başlayanda çoxları ona
“bu kimin nəyinə
lazımdır” deyib. Ancaq
bu gün onun üslubu
dünyanın öndə gedən ölkələrində maraqla qarşılanır. Vətənimizə
gələn turistlər bu tablolara
böyük əhəmiyyət verirlər.
Neftlə həyat verdiyi tablolar
dünya şöhrətli rəssamların
əsərləri sırasında yer
alıb.
Rəssamın işlədiyi
ən yeni əsər ümummilli lider Heydər Əliyevin
neftlə çəkilmiş portretidir. O bu mövzuda uzun
müddət düşündükdən sonra H.Əliyevin
portretini çəkmək qərarına gəlib: “Mən
ümumilli liderimizin portretini çəkmək haqqında
beş ildir ki, düşünürdüm. Neft
kontraktlarının çoxuna imza atan, Azərbaycanı
bütün dünyaya tanıdan ulu öndərin portretini
uğurla yaratmaq üçün ilk öncə bu əsəri
beynimdə yaratdım. Sonra kətana köçürməyə
qərar verdim. Onun adına, özünə, fəaliyyətinə
layiq bir əsər yaratmağa çalışmışam”.
Əsl sənətkarlar heç zaman öz işlərindən tam məmnun qalmırlar. Sabir Çopuroğlu da böyük əsərlərini “balaca iş” adlandıracaq qədər təvazökar bir rəssamdır. Əsərlərinin əksəriyyəti neft buruqları, qədim Bakı mövzusunda olan rəssamın tablolarından ona aid iç dünyanı görmək mümkündür. Neftin kəskin qoxusu altında saatlarla işləyən rəssam: “Hər yaradıcı insanın öz dünyası var, mənim də dünyam neftdir. Neft bizim sərvətimizdir. Çox dövlətlərin üstündə müharibə apardığı, qanlar tökdüyü qara qızılı mən də öz aləmimə uyğunlaşdırıb, nələrsə yaratmağa çalışıram” – deyir. 2009-cu ildə Qazaxıstanın Aktau şəhərində Azərbaycan Respublika Gününə həsr edilmiş sərgisi uğurla keçirilən rəssam indi yeni yaradıcılıq bayramına hazırlaşır: Oktyabr ayının 1-də Muğam Mərkəzində rəssam Sabir Çopuroğlunun fərdi sərgisi açılacaq.
Günel CABİRQIZI
525-ci qəzet.-
2010.- 29 sentyabr.-S.7.