Çəkiliş davam edir...
USTAD REJİSSOR VASİF BABAYEVİN PORTRET CİZGİLƏRİ
Neçə illərdir, Azərbaycan televiziyasının ziqzaqlı yollardan keçmiş tarixini araşdırıram. Vaxtaşırı arxivlərdə olur, zamanın ruhunu yaşadan sənədləri vərəqləyir, müxtəlif materialları gözdən keçirir, toz basmış qalın cildlər arasında nəbzi döyünən keçmişə baxıram. Canlı şahidlərlə də görüşüb-danışır, yayıma başladığı vaxtdan bü günə kimi televiziyanın keçdiyi müxtəlif tarixi mərhələləri tutuşdurur, özlüyümdə hər dövrün ekran-yaradıcılıq mənzərəsini cızmağa çalışıram. Bu prosesdə çox şeylər üzə çıxır. Məsələn, ən fərqli rakurslardan baxanda belə bu keşməkeşli tarixdə ötən əsrin 80-ci illəri xeyli parlaq görünür. Səbəbi təkcə televiziyanın yaşa dolaraq(25-30 illik təcrübə!) kamilləşməsində deyildi, həm də daha çox sənət meydanına kiçik ekranın yaradıcılıq sirlərini dərindən mənimsəmiş istedadlı rejissorların çıxmasında idi. Bəli, məhz bu dövrdə həm telepublisistikanın, həm də televiziya sənətinin uğurlarında rejissorların xüsusi çəkisi artmağa başlayır. Televiziya məhz bu dövrdə özünün yetirdiyi ustad rejissorları meydana çıxarır, onların hesabına yeni nəfəs alıb populyarlaşır.
Adı milli
televiziyanın tarixinə əbədi həkk edilmiş, parlaq
yaradıcılığı ilə təkcə 80-ci illərdə
deyil, ondan əvvəl və sonra da ekran
yaradıcılığının inkişafına
mühüm töhfələr vermiş, sənədli filmləri
və proqramları ilə telepublisistika xəzinəmizi zənginləşdirmiş
ustad rejissor Vasif Babayev həmin dövrdə liderlik edənlərdən
biri idi.
lll
İncəsənət
institutunu seçməsi də, burada oxuya-oxuya telestudiyada
rejissor köməkçisi kimi işə düzəlməsi
də böyük qardaşı Arif Babayevin təkidi ilə
oldu. O Arif Babayev ki, sonralar kinostudiyaya keçib orada
çalışacaq və Azərbaycanın kino sənəti
xəzinəsinə “Zirvə”, “İnsan məskən
salır”, “Uşaqlığın son gecəsi”, “Gün
keçdi”, “Ömrün ilk saatı”, “Alma-almaya bənzər”,
“Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”,
“Birisi gün gecəyarı”kimi ekran incilərini bəxş
edəcəkdi. Hələliksə o, yenicə yayıma
başlamış Azərbaycan televiziyasında Ağəli
Dadaşov, Rauf Kazımovski, Kamil Rüstəmbəyov kimi sənətkarlarla
çiyin-çiyinə çalışır, kiçik
ekranın dilinin formalaşmasına, yeni ifadə vasitələrinin
cilalanmasına yardım edirdi. O dövrdə
tamaşaçını hər gün heyrətləndirmək
lazım gəlirdi. Mavi ekranın sirli təbiəti,
seyrçinin tükənməz marağı televiziyanı
çox cazibədar vasitəyə çevirmişdi. Televiziya
“ev teatrı” dövrünü yaşayırdı. Ekranda
davamlı göstərilən teletamaşalar, musiqi
proqramları və publisistik verilişlər hazırlayan
A.Babayev, kiçik qardaşı Vasifi hələ imkanları
tam açılmamış bu yeni, amma böyük gələcək
vəd edən vizual sənət sahəsində görmək
istəyirdi... Və gördü də. Böyük sənətkar
yaşadığı qısa ömrünü böyük sənət
uğurları ilə dadlandıra bildi, eyni zamanda əlindən
tutub sənət ocağına gətirdiyi qardaşı, artıq
şöhrətli televiziya rejissoru kimi ad
çıxarmış Vasifin uğurlarına sevinməyə,
onun yaratdığı çoxsaylı ekran əsərləri
ilə qürurlanmağa da macal tapdı...
lll
Vasif studiyada çalışmağa başlayanda, artıq kiçik ekranın ətrafında gedən “televiziya incəsənət sahəsidir, yoxsa informasiya vasitəsi?” kimi uzun sürən mübahisələrə son qoyulmuşdu. Nəzəriyyəçilər televiziyanın həm kütləvi informasiya kanalı, həm də orijinal ifadə vasitələrinə malik sənət sahəsi olması fikrini qəbul etmişdilər. Cavan rejissor Vasif Babayev özünü bu istiqamətlərin hər ikisində sınadı və hər ikisində də eyni dərəcədə uğurlar qazandı. Onun böyük sənətə gedən yolları isə indiki kimi təsadüflərdən, tanışlıq və tapşırmadan, rüşvət və alverdən keçmirdi. Əsl sənət kriteriyaları və ciddi tələbkarlıq vardı. Müəlliflər hər bir sözün və cümlənin üzərində əsir, rejissorlarsa hər bir kadrın, hər bir keçidin, hər görüntü detalının hesabatını verirdilər. Televiziya mürəkkəb bir yaradıcılıq ümmanıydı, kiməsə görə səni işə götürə bilərdilər, amma istedadın olmasaydı, dalğalar səni amansızlıqla vurub sahilə atacaqdı.
Vasif Babayev televiziya adlanan bu sonsuz sənət dənizində məharətlə üzə bildi. Çox sınaqlarla üz-üzə gəldi, bərkə-boşa düşdü, büdrədiyi, ruhdan düşdüyü vaxtlar da oldu, ən başlıcası Teymur Əliyev kimi intellektual və tələbkar bir sədrin çətin imtahanlarından keçdi. Amma dayanmadı, yarı yolda qalmadı, böyük bir iradə və əzmkarlıqla peşənin incəliklərini öyrəndi.Leninqradda Ali Televiziya kurslarını bitirməsi (1966) peşəkarlığını bir az da artmağa imkan verdi. İndi o, özünə daha çox inanır, istənilən mürəkkəb ssenarini reallaşdırmaq üçün asanlıqla dramaturji gedişlər tapa bilirdi.
1964-cü ildə rejissor köməkçisi kimi AzTV-də işə başlayan Vasif Babayev artıq beş ildən sonra bu televiziyanın baş rejissoru idi. Onda hələ heç 30 yaşı olmamışdı, amma ona inanır, biliyinə, bacarığına, istedadına güvənir, ən çətin proqramları etibar edirdilər. Bilirdilər ki, Vasifin qol qoyduğu veriliş ən tələbkar tamaşaçını belə razı salacaq. Azərbaycan televiziyasının ən məhsuldar rejissorlarından biri kimi onun yaradıcılıq bioqrafiyasında belə verilişlərin sayı yüzlərcədir. Yaşlı nəslin yaddaşında qalmış, müxtəlif formalı proqramların adını çəkmək kifayətdir ki, V.Babayev nəhəng bir yaradıcı sima kimi göz önünə gəlsin, onun əlvan yaradıcılığının incə ilmələri açılsın: “Hər çinardan bir yarpaq”, “Arzular” musiqi poçtu, “Mahnı şəhəri gəzir”, “Nəğməli bağ”, “Yaradıcılıq portretləri”, “17-ci mərtəbə”, “Korifeylər”, “Axşam görüşləri”, “24 saat”, “Kontakt”, “Görüşlər, xatirələr”, “Şənbədən-şənbəyə”, “Dostuq” konsert studiyası, “Asiman” videokanalı, “Ədəbi üfüqlər”, “Dalğa”, “Gecə kanalı”, “Rezonans”, “Həftə”, “Yeddi gün”, “İnter-diaspora” və s. Hər halda maraqlı statistikadır ki, bu verilişlərin sayı 1000-ə çatır.
Adları
çəkilən bu proqramlar V.Babayevin təkcə uzun illər
çalışıb ömrünü verdiyi AzTV-də deyil,
həm də direktoru olduğu (1994-1996) “Mir” dövlətlərarası
telekompaniyasında, icraçı direktoru olduğu (1996-1999)
“Sara” müstəqil televiziyasında, həmçinin sərasər
beş il (2001-2006) vitse-prezident kimi
çalışdığı “İnter-Az” (Moskva)
telekanalında da efirə gedib.
lll
Hər nəsil televiziyada öz yaradıcılıq üslubunu, ifadə tərzini, obrazlar sitemini, təbi ki, həm də düşüncə və davranış modelini formalaşdırır. 23-24 yaşlı Vasifin televiziya səltənətinə qədəm qoyduğu 60-cı illərin ortaları mədəniyyətdə qabarıq ziddiyyətlər, ideologiyada qarşıdurmaların şiddətləndiyi bir dövr idi. Bəşəriyyət 20-ci əsrin energetik burulğanları içərisində çırpınırdı. “Soyuq müharibə”nin isti küləkləri daha çox gənclərin və yaradıcı ziyalıların düşüncəsini qarsırdı. Cəmiyyətdə “altmışıncılar” nəsli yetişirdi və dünyaya boylana bilən gənclər azad düşüncəyə, insan haqlarına daha çox önəm verirdilər. Bu nəsil Sovet sisteminin cızdığı ideoloji çərçivələrə sığmır, hər sahədə yenilik axtarırdılar. Məsələn, onlar, ictimai problemləri dilə gətirən caz və rep musiqisini az qala mistik gücə çevirir, roka pərəstiş edir, ekstravaqant davranışları ilə ətrafdakıları şoka sala bilirdilər. Əslində bütün bunlar stereotiplərlə yüklənmiş sovet həyat tərzinə bir etiraz idi. Amma o dövrdə zirək tərpənən sovet ideoloqları düşüncə köləliyinə qarşı yönəlmiş bu incə etirazların əsl mahiyyətini, ideyanın sosial təbiətini zahiri effektlərlə pərdələməyi bacardılar. Nəticədə ortaya dar cins şalvarlar, alabəzək, iri damalı pencəklər çıxdı, müasir qara eynəklər dəbə düşdü, oğlanlar saçlarını uzatdılar, qızların yubkaları qısaldı (A.Talıbov), küçələrdə hayqıran hippilərin sayı çoxaldı.
Zamanın çalxalanan anlarında bu prosesin ən müsbət cəhəti o oldu ki, “dəmir pərdələr” arxasında qalmış xalqlar, o cümlədən əyalət ölçülərilə biçimlənmiş azərbaycanlı düşüncəsi dar çərçivədən qurtularaq geniş dünyaya boylanmağa başladı. Əslində o vaxt respublikanın ədəbi mühitində – nəsrdə və poeziyada müəyyən proseslər gedirdi, musiqidə, teatrda, rəssamlıqda və hətta kinoda da bu meyillər duyulurdu. İdeoloji vasitə olan televiziya sənətində isə köhnə çərçivələr hələ möhkəm idi. Həmin köhnə stereotipləri televiziyada ilk addımlarını atan, amma sənətin yeni ab-havasını duyan, ruhən “altmışıncılar”dan olan Vasif Babayev, Nazim Abbas və Ramiz Həsənoğlu kimi müasir düşüncəyə yiyələnmiş gənc rejissorlar dağıdacaqdı...
Onlardan əvvəl bu işi Arif Babayev başlamışdı. Hələ 60-cı illərin əvvəllərində onun üslubu, istinad etdiyi bədii estetik meyarlar artıq digər rejissorların tərzindən fərqlənirdi. O, bütün varlığı ilə televiziyanı teatrın yox, kinonun övladı kimi qəbul edir, kiçik ekrana kino estetikası ilə yanaşmağı bacarırdı. Bu səbəbdən də A.Babayev vizual sənət tarixində və Azərbaycan milli mədəniyyətində digər xidmətləri ilə yanaşı, həm də bədii teleməkanı formalaşdıran ustad sənətkar kimi qalıb.
Vasif də böyük qardaşının yolu ilə gedirdi. Çünki bu yolda bir işıq və cazibə vardı. Bütün ruhu ilə duyurdu ki, bu, televiziyanı sabaha aparan həqiqi yaradıcılıq yolu,suyu tükənməz bir çeşmədir. V.Babayev yaradıcılığını səciyyələndirən ənyaxşı xüsusiyyətlər məhz bu bulaqdan qaynaqlanır.
O, əsl yaradıcı sima kimi bütün stereotipləri vurub dağıdaraq hər şeyə yeni sənət kanonları ilə yanaşması ilə fərqlənirdi. Məhz buna görə də 70-80-ci illərdə televiziyada “kolxoz verilişləri”nin çoxluq təşkil etdiyi bir zamanda V.Babayev ictimai-siyasi mövzuları orijinal üslubda təqdim etməklə yeni ekran poetikasını üzə çıxartdı. Sonralar onun rejissor üslubunun ən yaxşı nümunəsi kimi saysız-hesabsız televerilişlər, o cümlədən “Dalğa” (1987) ictimai-publisitik proqramı (1987), “Asiman” videokanalı (1991) və “Həftə” analitik-informasiya proqramı (1992) meydana çıxdı.
V.Babayev
televiziya tariximizdə bir çox yaradıcı istiqamətlərin,
o cümlədən araşdırma verilişlərinin əsasını
qoyub. Bu növ verilişlərin təqdimat formasını və
estetik prinsiplərini hazırlayıb. O, jurnalist Nadejda
İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində
kino-televiziya yaradıcılığı təcrübəsində
ilk dəfə olaraq, Sovet Azərbaycanı DTK-nın arxivində
araşdırmalar aparıb, “Mikayıl Müşfiq”, “Abbas
Mirzə Şərifzadə”, “Ülvi Rəcəb”, “Ruhulla
Axundov”, “Hüseyn Rəhmanov”, “Salman Mümtaz” kimi siyasi məhbuslar
haqqında silsilə verilişlər
hazırlamışdı. Bu verilişlərin ən
böyük üstünlüyü nadir sənədlərdə,
müəllif yanaşmasında və fərqli rejissor yozumunda
idi. Xüsusən ustad rejissor audiovizual dilin köməyi ilə
tamaşaçıya təlqin edirdi ki, bu növ verilişlər
yalnız tarixin yenidən oxunması deyil, həm də
yaşadığımız bu günün tarix
işığında dərkidir.
lll
Televiziyada
işə yeni başlamışdım, “Xəbərlər”in
gur həyatından sonra Tədris proqramları
redaksiyasındakı sakitliyə alışa bilmirdim. Amma
yaxşı ki, televiziyanın qaynar ictimai həyatı
vardı və tez-tez müxtəlif tədbirlər
keçirilirdi. 1979-cu ilin payızı yaddaşımda həmin
tədbirlərdən biri ilə qalıb. Əslində buna “tədbir”
demək miqyası bir az kiçiltməkdir. Söhbət həmin vaxt Bakıda
keçirilən televiziya filmlərinin 8-ci festivalından
gedir.
SSRİ-nin müxtəlif
yerlərindən gəlmiş ssenaristlər və rejissorlar
nüfuzlu münsiflər heyəti qarşısında öz
ekran əsərlərini nümayiş etdirir, təbii ki,
yüksək mükafat sevdasına da düşürdülər.
Amma festivalın baş mükafatını – “Qran pri”ni Azərbaycan
rejissoru Vasif Babayev aldı. Bu, həmin dövrdə ölkənin
telekino tarixində ilk ən yüksək mükafat idi və
“Azərtelefilm”də çəkilmiş “Xuraman” sənədli
filminə görə verilmişdi.
70-80-ci illərin məşhur
təsərrüfat rəhbəri, pambıqçı
X.Abbasova haqqında çəkilmiş bu film festival iştirakçılarının
hamısında, həqiqətən güclü təəssürat
yaratmışdı. Bitkin kompozisiya, bir-birini əvəzləyən
dinamik kadrlar, reportaj elementlərinin çoxluğu, qəhrəmanın
xarakterini açan parlaq epizodlar, təbii küylər filmi
xeyli təsirli etmişdi. Vasifin bu uğuru bütün
televiziyanı sevindirmişdi, təbii ki, bu uğurla mən də
qürurlanır, istedadın, zəhmətin və həqiqi
yaradıcılığın insanı şöhrətə
yaxınlaşdırması barədə bizlərə verilənöyüd-nəsihətlərin
doğruluğuna inanırdım.
“Xuraman” Vasifin ilk sənədli
ekran əsəri deyildi, bundan əvvəl də onun filmləri
festivallarda göstərilmiş və heç birindən də
mükafatsız qayıtmamışdı. Bütövlükdə
V.Babayevin yaradıcılıq bioqrafiyasında 40-dan çox sənədli
filmin adı yazılıb. Onun ən müxtəlif
mövzularda olan “Sahil bağı”, “Odlar torpağı”,
“Qızıl güllər diyarı”, “Azərbaycan təranələri”,
“Bakı-Tümen”, “Şəki”, “Meksika görüşləri”,
“L.İ.Brejnev Bakıda”, “Qızıl yamaclar”, “Yaxşı
yol, Azərbaycan”, “İçərişəhərin əbədi
nağılı”, “Sovet Azərbaycanı: zaman və insanlar”,
“Nəbi Xəzri”, “Xahiş edirəm, hazırlıq
haqqında məlumat verin”, “Xuraman – on il keçmiş”,
“Quşlar üçün tələ”, “Seçim”, “Birlikdə”,
“Ot kökü üstə bitər” və s. filmləri bu
gün də rejissor işi baxımından ciddi maraq
doğurur.
Azərbaycanda kinosalnamənin,
rəsmi xronikanın yaradıcılarından biri olan V.Babayev
1969-1982-ci illərdə respublikaya rəhbərlik etmiş H.Əliyevin
iştirakı ilə keçirilən bütün vacib
dövlət və hökumət tədbirlərinin, televiziya
verilişlərinin, translyasiyaların və canlı
yayımlanan proqramların aparıcı rejissoru olub.
1972-1987-ci illərdə Moskva televiziyasının
İnterviziya sistemi ilə davamlı Avropaya
yayımladığı Azərbaycan haqqında proqramları
hazırlamaq da V.Babayevin (R.Həsənoğlu ilə birgə)
öhdəsinə düşürdü. Bu proqramları
hazırlamaqdan ötrü vacib olan intellektual səviyyə, dəqiqlik,
çeviklik və yüksək peşəkarlıq
çoxları üçün əlçatmaz idi, amma ustad
rejissor bunların da öhdəsindən məharətlə gəlirdi.
lll
Əgər 80-ci illərin
sonunda milli şərəf və ləyaqət uğrunda
mübarizəyə qalxmış Azərbaycan xalqının
çarpışmasında Vasif Babayevin fəal
iştirakını görüb, yaxından müşahidə
etməsəydim o, mənim üçün sadəcə
yaxşı bir rejissor, təxminən incə, lirik şeirlər
yazan bir şair kimi qalacaqdı. Amma 80-ci illərin
axırlarında başlamış milli hərəkata (əslində
milli problemlərə) münasibəti Vasifin ictimai
obrazını, həqiqi vətəndaş idealını
ortaya qoydu. O, əsl ziyalının gedəcəyi bir yolu
seçdi. Heç nədən, heç kimdən qorxmadı,
başqaları kimi vəzifəsinin arxasında gizlənmədi,
millətə, xalqa sevgisi olan şəxsiyyət kimi ortaya
çıxdı. Bu nüansı vurğulamadan Vasif Babayevin
ictimai çəkisini müəyyənləşdirmək,
xarakterinin cizgilərini tamamlamaq çətin olardı.
Milli oyanış
dövrü özünü dərk edən bir
çoxları kimi Vasifin də həyatının böhran
anı idi. Bəzən məhz bu böhran insanda təbəddülatlar
yaradır, onu dağ çayları kimi kükrədərək
məcrasından çıxarır, həyat yolunu, ictimai
simasını, dəyər seçimini müəyyənləşdirir.
Məhz bu böhran anında insanın ilahi təsəlliyə,
gerçək gücə və etiqad qaynağına
çevrilə biləcək bir şeyə ehtiyacı olur. O
dövrdə xalq hərəkatına qoşulmuş Vasif
Babayev kimi ziyalıların güc mənbəyi milli qürur,
milli heysiyyat və bu heysiyyatı qorumaq duyğusu idi. Zaman həyəcan
təbili çalırsa, millət sınağa çəkilirsə,
xalq darda idisə, deməli, onun öndə gedən
övladları sakitcə dayanıb baxa bilməzdi. Bu, bir millət
davası idi...
İlk vaxtlar bu dava efirdə
gedirdi. Mərkəzi televiziyada G.Borovikin “Pozisiya” verilişinin
(1988) açıq-aşkar ermənipərəst ruhu Azərbaycanda
hamını ayağa qaldırmışdı. Adamlar
yalanın bu dərəcədə ayaq tutub yeriməsinə
laqeyd qala bilmirdilər. “Vremya” proqramı hər gün Azərbaycan-erməni
münaqişəsini körükləyirdi. Azərbaycan
televiziyasının rəhbərliyi isə müti bir qul kimi
qalmışdı və barmaq işarəsi olmadan bu yalanlara
reaksiya vermirdi. Əlini ekran-efirdən üzmüş insanlar
etirazlarını ifadə etmək, haqq səslərinin
eşidiləcəyi ümidilə meydanlara – mitinqlərə
axışırdı. Televiziya bu mitinqlər barədə də
susurdu...
Artıq bu şəraitdə
televiziyanın özündə də həyat qaynamağa
başlamışdı. Respublikanı idarə edənlərin
və həm də televiziya rəhbərliyinin susqunluğuna
açıq etirazlar bildirilirdi. Xalq hərəkatının
qızmar dalğaları televiziyanı da qarsırdı. Eldar
Baxış, Babək Hüseynoğlu, Hafiz Baxış, Azər
Zamanlı, Xaliq Bahadır, Rafiq Savalan və
başqalarının fəallığı
çoxlarını hərəkətə gətirmişdi.
Onda heç kimin ağlına siyasi tələblər gəlmirdi.
Sadəcə bir istək vardı: televiziya Qarabağda baş
verənləri işıqlandırmalı, mitinqləri
yayımlamalı, xalq baş verən proseslərdən və
mövcud təhlükələrdən xəbərdar edilməlidir!
Ömrü boyu televiziyada
namusla çalışmış, bir vaxtlar təbliğ
etdiyi sovet dövlətininədaləti bərpa edəcəyinə
səmimi şəkildə inanmış Vasifin içərisində
indi başqa duyğular baş qaldırmışdı. O,
yaşadığı respublikanın,
çalışdığı televiziyanın belə miskin vəziyyətə
düşməsini qəbul edə bilmirdi. 1988-ci ilin aprel
ayında MK-nın ideoloji işlər üzrə katibinin
xüsusi tapşırığına əsasən “həqiqəti
çatdırmaq” və bədnam “Pozisiya” verilişinin təkrarının
qarşısını almaq missiyası ilə
tanınmış jurnalist Ələkbər Abbasovla Moskvaya birgə
etdikləri səfərdən sonra imperiyanın əsl sifətini
gördüyündən “biz yalnız özümüzə
güvənməliyik” qənaətinə gəlmişdi. Amma
“necə”, “kimlərlə” sualına cavab tapmaq çətin
idi. Digər tərəfdən, ortaya qoyduğu sərt tələblər
rəhbərliyi qorxutduğundan Vasifi dilə tutanların,
“ağıllı olmağa” çağıranların da
sayı çoxalmışdı. Onun
prinsipiallığına, ağlına və gücünə
bələd idilər. Amma Vasifi yolundan döndərmək
çətin idi, axı şəxsi maraqları
üçün ayağa qalxmamışdı, əzilən,
haqqı tapdalanan, heysiyyatına toxunulan xalqının
yanında olmalı idi...
1988-ci il noyabrın 19-u Azərbaycan
televiziyasının yeni tarixinin
başlanğıcıdır. İlk dəfə idi ki, burada
açıq kütləvi mitinq keçirilirdi. O vaxtlar
sözü eşidilən qələm əhlindən görkəmli
yazıçı İsmayıl Şıxlı və
şair Qabil, rəsmi şəxs qismində isə Ali Sovet sədrinin
müavini Süleyman Tatlıyev çıxış etdilər,
coşmuş emosiyalara su səpməyə, camaatı təmkinli
olmağa çağırdılar. Əslində bu, adi mitinq
idi, amma onun qeyri-adi şüarı günün tələbi
kimi səslənirdi: “Azərbaycan televiziyası Azərbaycan
xalqına xidmət etməlidir!”. Vasif Babayevin irəli
sürdüyü bu şüar iri qırmızı hərflərlə
divara yazılmışdı və açıq-aşkar rəhbər
işçilərin kürkünə birə
salmışdı.
Bu şüar və mitinq
olayı Vasifin başını çox ağrıtdı. Onu
DTK-ya çağırdılar, MK-da və rayon partiya komitəsində
(hərçənd ki, partiya üzvü deyildi-Q.M.)
sorğu-suala tutdular,hədə-qorxu gəldilər, ürəkləri
soyumadı. Vasiflə üzülüşmək
üçün televiziya rəhbərliyinin də əlinə
yaxşı fürsət düşmüşdü,amma sədri
qorxudan nüfuzlu rejissoru müdafiə edən kollektivin qəzəbi
idi. Kollegiyanın fövqəladə iclasını
çağırdılar, V.Babayevə töhmət verdilər,
işdən çıxarmaqla hədələdilər. Amma
Vasif bunların heç birisindən qorxmadı, haqlı
mövqeyindən geri çəkilmədi.
1990-cı il yanvarın 19-da
Azərbaycan televiziyasında hadisələrin gedişini nəfəs
dərmədən izləyən ən narahat adam Vasif Babayev
idi. Hamı onun təhlükəni duyub qıyya çəkən,
dayanmadan hayqıran Fırtına quşu kimi
çırpındığını görürdü. O, həmin
gün “Günün ekranı”nın xüsusi
buraxılışını hazırlamağı təklif
etmiş, bunun gerçəkləşməsi
üçün özü işə girişmişdi.
Buraxılışa xeyli faydalı materiallar, o cümlədən
bölgələrdəki vəziyyət, Bakıdakı durum,
paytaxta qoşun yeridilməsi ilə bağlı xəbərdarlıq
süjeti və müraciətlər daxil edilmişdi. Bu proqram
efirə getsəydi, bəlkə də Bakıda qanlı hadisələrin
miqyasını azaltmaqmümkün olacaqdı.
Amma günortadan sonra
televiziya komitəsində vəziyyət xeyli dəyişdi.
Sonralar partlayış hadisəsindən xəbəri
olmadığını and-aman edəcək komitə sədri
günortadan sonra qəflətən yoxa çıxdı.
Şübhəli adamlar hamını evə getməyə
çağırırdı, çoxları da gedirdi. Amma səngərdə
möhkəm dayananlar da vardı. Vasif Babayev və Xəbərlər
redaksiyasının bir neçə əməkdaşı
hazırlanmış xəyanətdən xəbərsiz
mücahidlər kimi saat 8-i gözləyirdilər. Amma efirə
35 dəqiqə qalmış enerji blokunda məlum
partlayış baş verdi. Bu, şəhərə qoşun
yeridilməsi və kütləvi qırğınlara rəvac
verilməsinə işarə idi.
20 yanvar
qırğınlarından sonra ölkədə kütləvi
həbslər başlandı. Hər yerdə fəallar
tutulurdu, təbii ki, verilmiş siyahılar üzrə. Yanvarın
26-da gecəyarısı Vasifin yaşadığı mənzilin
də qapısı döyüldü. Əli avtomatlı 4-5 əsgərin
müşayiət etdiyi 2 rus zabiti qısaca “bizimlə gedəcəksiniz”
dedi... Həmin gecə hüznlü Bakının səssiz
küçələri, sanki qanqsterlərin ixtiyarına
verilmişdi. Məhkəməsiz və istintaqsız həbslər
gedirdi.
O, evlərinə bir də
iki aydan sonra qayıtdı. Leninin vətəni Ulyanovskdakı
sürgündən sonra çalışdığı
kollektivdə onu həqiqi bir qəhrəman kimi
qarşıladılar... Bu hadisələr onun
bioqrafiyasının ən şərəfli səhifələrindən
biri idi.
Vasif Babayev 20 yanvar hadisələrindən
keçən bu 20 ildə də rahat yaşamadı. Yenə gərgin
iş, yenə verilişlər, çəkilişlər, yenə
filmlər... 1991-ci ildə o, Azərbaycan televiziyasında
başlanmış gerçək islahatların generatoruna
çevrildi, yeni televiziya formatları yaratdı, öz
ardıcıllarını yetişdirdi, “Mir”
telekompaniyasının rəhbəri oldu. Sonra Moskvada və
Bakıdaözəl televiziyalarda məsul vəzifələrdə
çalışdı,bir-birindən maraqlı sənədli
filmlər çəkdi, hər yerdə öz ustad dəst-xəttini
göstərdi, hər addımında müasir ekran
üçün rejissuranın nə dərəcədə
böyük önəmi olduğunu sübut etdi.
Bu illərdə Vasifin
ömür verdiyi AzTV-yə tərəf boylandığı
vaxtlar da az olmadı. Hətta “heç olmasa, ildə çəkməyə
bir film versəydilər” istəyini də dilə gətirdi.
Amma istəyi süngü ilə qarşılandı,
çünki artıq bu telekanalda peşəkar meyarlardan geri
çəkilmək xətti yürüdülürdü. Həmin
dövrdə TV-yə rəhbərlik edən sədr Vasifi
tanımırdı, lakin onun çevrəsində vəzifə
sıçrayışına hazırlaşan məkrli
vücudlar Vasifin istedadına və gücünə
yaxşı bələd idilər.
lll
Bir vaxtlar İçərişəhərin
dar küçələrindən başlanan həyat yolu Vasif
Babayevi geniş sənət dünyasına
çıxarıb. Dramatik epizodlarla və sayrışan
uğurlarla zəngin olan bu dünya onu parlaq bir simaya,
nüfuzlu şəxsiyyətə çevirib. İndi
adlı-sanlı sənətkardır, Azərbaycan teleməkanında
Xalq artisti fəxri adına layiq görülmüş ilk
televiziyaçı-rejissordur, Beynəlxalq Televiziya və Radio
Akademiyasının akademikidir, Prezident təqaüdçüsüdür.
Bu günlər doğum
tarixini gənclik enerjisi və yaradıcılıq
şövqüylə qeyd edənV. Babayev elə bir məktəbdir
ki, daim öyrənilməli və xatırlanmalıdır.
Heç vaxt yaddaşlardan silinməyəcək
proqramlarına, dövrün ab-havasını və milli
yaddaşı yaşadan filmlərinin ən xırda
detallarına, hətta xarakterindəki sərtliklərə qədər
– hər şey öyrənilməlidir. Çünki V.Babayev
bütün varlığı ilə, təpədən-dırnağa,
iliyinəcən yaradıcı adamdır, əsl məktəbdir,
televiziyanın canlı tarixi, birepoxadır.
Geriyə qanrılıb
keçmişə baxmaq bu keçmişdə ləkəli
görünənlərə heç xoş gəlmir. Amma
Vasif müəllim xoşbəxt adamdır ki,
yaratdığı parlaq keçmişi ilə qürur duyur.
Elə buna görə də təxminən on il əvvəl qəzetlərin
birinə verdiyi müsahibədə haqlı olaraq belə
deyirdi ki, “vaxt gələcək, televiziyanın girəcəyində
mənim və qardaşım Arifin abidəsini qoyacaqlar”.
Həmin vaxtın gəlməyini
çoxları gözləyir, Vasif müəllim!
Düzdür, hələlik TV-nin tarixini yaratmış şəxslərin,
o cümlədən qardaşınız Arif Babayevin də
portreti olan qalereyaya televiziyanın əsas binasının
geniş foyesində yer tapılmır. Deyirlər, bu portretlər
də canlılar kimi hər şeyi görür və duyurlar.
Bizlər kimi duyurlar ki, tezliklə hər şeyin öz məcrasına
qayıdacağı gün gələcək, mütləq gələcək!
Mən buna bütün qaranlıqları işığa qərq
edəcək Günəşin sabah yenidən
doğacağı qədər inanıram...
Qulu MƏHƏRRƏMLİ,
filologiya elmləri doktoru,
professor, siyasi icmalçı
525-ci qəzet.- 2010.- 29 sentyabr.- S.6-7.