Yazıçılar Birliyində
“Pəncərə” və “Sazlı-sözlü Sibir”in təqdimatı olub
Ötən gün Yazıçılar Birliyinin
(AYB) Natəvan zalında
“525 kitab” seriyasından,
həmçinin Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyilə
nəşr olunan yeni kitabların təqdimat mərasimi keçirilib. Bunlar tanınmış yazıçılar Natiq Rəsulzadənin “Pəncərə”
və İmir Məmmədlinin “Sazlı-sözlü
Sibir” hekayə toplularıdır. Digər kitablar
kimi, təqdim olunan nəşrlər də “Mütərcim” nəşriyyatında çap
edilib.
Mərasimi giriş
sözü ilə açan seriyanın rəhbəri, AYB-nin gənclər
üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad
Məcid müəllifləri təbrik edərək, fikirlərini
bölüşüb: “Mədəniyyət və Turizm
Nazirliyinin dəstək verdiyi “525 kitab” seriyasından dərc
olunan kitablar müxtəlif yaşlarda olan istedadlı yazarların
yaradıcılığını əhatə edir. Əməkdar
incəsənət xadimi, “Şöhrət” ordenli, bir
çox beynəlxalq və milli ədəbi mükafatların
sahibi olan Natiq Rəsulzadənin indiyə qədər həm
rus dilində, həm də bir çox dünya dillərində
onlarla kitabı nəşr olunsa da, bu kitabın xüsusi
özəlliyi ondan ibarətdir ki, onun yeni kitabı Azərbaycan
dilindədir. İmir Məmmədli çox dəyərli
yazıçı və tərcüməçidir. Bədii
yaradıcılığı ilə yanaşı, Azərbaycan-Gürcüstan
ədəbi əlaqələrinin inkişafında onun xidmətləri
əvəzsizdir. Sevinirəm ki, bu iki tanınmış, qiymətli
ədəbiyyat adamının kitablarının təqdimatı
eyni günə təsadüf edir”.
Seriyanın tərtibçisi
və redaktoru, “Dünya ədəbiyyatı” dərgisinin
baş yazarı Səlim Babullaoğlu
çıxışında kitablarda yer almış əsərlər
haqqında məlumat verib: “Natiq Rəsulzadənin “Pəncərə”
kitabında eyniadlı hekayə və “Qardaş” adlı
povesti qərarlaşıb. Əsərlərin tərcümələri
Arifə Arifqızı (“Pəncərə”) və İlqar Fəhmiyə
məxsusdur. “Pəncərə” hekayəsi magik realizm
üslubunda yazılıb. Əsərin qəhrəmanı
özünəqapalı rəssamdır. Rəssamın gənc
bir qıza aşiq olması onun həyatını dəyişir.
Rəssam artıq uğurlar qazanmağa başlayır, əsərləri
satılır. Əldə etdiyi gəliri də qızın
rifahının yaxşılaşmasına xərcləyir.
Sonda rəssam özünün çəkdiyi dəniz
tablosuna daxil olaraq vəfat edir. “Qardaş” povesti iki
qardaşın həyatından bəhs edir. Əsərdə əxlaq,
dəyərlər problemi əks olunub. İmir Məmmədlinin
istedadı haqqında sadəcə onu demək kifayət edər
ki, o, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”
əsərini orijinaldan səviyyəli şəkildə tərcümə
edib. Müəllifin öz əsərlərində qoyduğu
problemlər və yanaşma tərzi bizim ədəbiyyat
üçün yenilikdir”.
“Bir neçə
gündür ki, İngiltərədən
qayıtmışam. Orada kitab mağazaları, kitabxanalar sanki məbəddir. Xüsusi yerlər var
ki, oxucu rahat oturub istədiyi
kitabı oxuya bilər. Bizdə də əgər
dünya klassikləri
tərcümə olunursa
və belə təqdimat mərasimləri
keçirilirsə, demək,
ədəbiyyata maraq
var. Belə mərasimlər
ədəbiyyatımızın təbliği üçün
misilsiz əhəmiyyətə
malikdir”. Bu fikirləri isə tədbirdə AYB-nin katibi, xalq yazıçısı
Çingiz Abdullayev səsləndirib.
Professor Qəzənfər Paşayev
çıxışında müəllifləri ədəbiyyatımızda
öz dəst-xəttilə fərqlənən yazarlar kimi dəyərləndirdi.
Bədii ədəbiyyatın insanın zövqünün
formalaşmasında böyük əhəmiyyətini
vurğulayan professor bu kimi tədbirlərin xüsusi önəm
daşıdığını da dilə gətirib.
Tənqidçi Vaqif
Yusifliyə görə, Natiq Rəsulzadənin
yaradıcılığında iki əsas cəhət
xüsusi seçilir. Birinci, onun müraciət etdiyi problemlər
dövrün aktual problemləridir. İkinci, müəllifin
yaradıcılığında rus dili aparıcı dil olsa
da, əsərlərində millilik qorunub saxlanılır.
İmir Məmmədlinin maraq doğuran
yaradıcılığında isə Mirzə Cəlil
dalğası hiss olunur”. Müəlliflər də tədbirdə
çıxış edərək, kitabların nəşrində
əməyi olanlara və mərasimə qatılanlara minnətdarlıqlarını
bildiriblər.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 30 sentyabr.- S.7.