“Tanıyaq, Tanıdaq” proqramı təqdim olundu

 

Ötən gün Azərbaycan Dövlət İncəsənət Muzeyində Gənclər üçün Təhsil Mərkəzinin yenicə icra etməyə başladığıTanıyaq, Tanıdaqproqramının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Elnur Axundov çıxış edərək proqramın keçirilmə zərurətlərini önə çəkib: “Bugün gənclərimiz teatrlara, muzeylərə çox az-az gedirlər. Hətta bir çoxları mədəniyyət ocaqlarının dəqiq ünvanlarını bilmir, onların mövcudluğundan xəbərsizdirlər. Xarici ölkələrdə təhsil alan gənclərimiz oxuduqları ölkələrdə Azərbaycanı təbliğ etmək əvəzinə özlərinə karyera qurmağa üstünlük verirlər. Bu və digər arqumentlər Təhsil Mərkəzi olaraq bizdə belə bir proqramın keçiriməsinə zərurət yaratdı”.

 E.Axundov proqramın əsas məqsədlərini tədbir iştirakçılarına açıqlayıb: “2 il müdətində icra olunması planlaşdırılmış proqramın əsas məqsədi ölkəmizin mədəni irsinin, o cümlədən tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, milli adət və ənənələrinin, milli mətbəxinin, milli kinolarının, xalq yaradıcılığının, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici gənclər tərəfindən yaxından tanıdılmasıdır. Proqramın əsas hədəfləri Azərbaycan mədəniyyətini və incəsənətini sevən, ona yaxından bələd olan və qorumağa çalışan gənclər ordusunun sıralarının genişlənməsi, mədəniyyət və incəsənət sahəsində oxumaq və çalışmaq istəyən gənclərin sayının təbii artımı, mədəniyyət və incəsənətimizə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, ölkəmizdə olan əcnəbilərin Azərbaycan haqqında dolğun məlumat və yüksək fikirlərlə ölkəmizdən ayrılmasıdır”.

Mərkəzin digər direktor müavini Günay Sadıqova proqramın keçirilmə müddətində nəzərdə tutulan işlərdən danışıb: “Qarşıya qoyulan məqsədə çatmaq üçün proqramın icrası müddətində muzey və teatr həftəliklərinin keçirilməsi, xarici ölkə universitetlərində Azərbaycan mədəniyyət dərnəklərinin qurulması, orta məktəblərdə mədəniyyət klublarının formalaşdırılması, xarici mətbuat üçün yazıların hazırlanması,Azərbaycan muzeylərinin və mədəniyyət mərkəzlərinin virtual bazasının təşkil olunması, milli bayramların əcnəbilərlə birgə qeyd olunması, tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, müsabiqələrin təşkili, gənclər düşərgələrinin və ekskursiyalarının təşkili, internet saytlarının yaradılması, sərgi və festivalların keçirilməsi planlaşdırılır”. Qeyd edək ki, proqramın əsas hədəf qrupları yuxarı sinif şagirdləri, tələbələr, region gənclər təşkilatları, dövlət qurumlarında və özəl müəssisələrdə çalışan gənclər, ölkəmizdə təhsil alan və işləyən əcnəbi gənclər, xarici ölkələrin təhsil müəssisələrinin kollektivləri və xarici ölkələrin mətbu orqanlarıdır.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 30 sentyabr.- S.7.