Bu, Saday Şəkərlidir...
Düz otuz iki il bundan öncə, Bakıda, Yasamal qəsəbəsində, müvəqqəti sakini olduğum Aspirantlar yataqxanasının 43 nömrəli otağının qapısı döyüldü. Qapını açdım və məndən əvvəl bu yataqxanada yaşayan, sədaqətinə, dostluğuna heç bir şübhə eləmədiyim Əmrah Şəkərlini gördüm. Yanında da özünə oxşar, amma Əmrahdan bir az hündür, 17-18 yaşlarında bir cavan oğlan dayanmışdı. İçəri keçdilər.
Əmrah Şəkərli filosof idi. Bütün yataqxana onu çox ciddi, sözün düzünü danışan, həm də geniş dünyagörüşə malik bir alim kimi tanıyırdı.
Əmrah yanındakı cavan oğlanı mənimlə tanış elədi. “Qardaşım Sadaydır”. Sonra birbaş mətləbə keçdi: “Şeir yazır, bax gör, necədir?”.
Doğrusunu deyim ki, mən o zaman ədəbi tənqid meydanında təzə idim. Sadayın şeirlərini oxudum. Çox səmimi, təbii hisslərin, duyğuların intibası olan bu şeirlərdə uğurlu misralar, bəndlər çox idi, qüsurlar da, cavanlıqdan, təcrübəsizlikdən irəli gələn dil xətaları, yerinə düşməyən ifadələr də gözə dəyirdi. Amma bu şeirlərdəki təmizlik, hisslərin kristallığı məni məftun eləmişdi. Üzümü Əmraha tutub dedim ki, bu oğlan şairdir, üstündə gözün olsun.
Yəqin ki, otuz iki il öncəki bu görüş indi müasir Azərbaycan poeziyasının tanınmış bir nümayəndəsi olan Sadayın xatirindən çıxmaz. İllər keçdi və mən Saday Şəkərlinin şeirləri barədə iki məqalə yazıb çap etdirdim. Saday hər hansı tənqidçini xoşhal edən şairdir. Çünki tənqidçi Sadayın şeirlərində əsl poeziya ilə qarşılaşır, Saday kimi şairlər tənqidçilərə söz deməyə, poeziya haqqında fikir yürütməyə imkan verən şairlərdir.
Saday Şəkərli “Ömrün yorğun kölgəsi” adlı təzə şeirlər kitabını mənim vaxtilə, 1997-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyim məqalədən kiçik bir parça ilə başlayır. “Qətiyyətlə deyə bilərəm ki, Saday Şəkərli elə ilk şeirlərindən özü olmağa can atıb. Əlbəttə, buna müvəffəq olmaq göründüyü qədər də asan deyil.Başqalarının şeirlərinə oxşamayan şeirlər yazıb. O, ədəbiyyata oxuduğu kitablardan yox, həyatdan, öz doğma kəndinin ab-havasından gəlib. Bəli, Saday Şəkərli səmimi şairdir və heç kəsə bənzəməz”.
Bu yazıda
mən Sadayın şeir yaradıcılığı barədə
çox geniş, təfərrüatı ilə
danışmaq istəmirəm. Amma Sadayın elə şeirləri
var ki, o şeirlərdən çıxıb edib hökm və
qətiyyətlə deyə bilərəm: “Bu, Saday Şəkərlidir!”.
Saralan otlarıynan,
Dolan buludlarıynan
Bir payız qaldı mənə
atamdan.
Sadayın necə şair
olduğunu təyin etmək üçün bəlkə elə
bu şeir kifayət edər. Şeirdə ata
ölümündən doğan hüzn təsvir olunur. İki
obraz-Ata və Payız burada birləşib bir obraza
çevrilirlər, payızın tutqun, kədərli, xəzan
çöhrəsi ilə ata ölümündən doğan
hüzn... bunlar assosiasiya olunur.
Məndən tez
böyüdü yaşıdım
Mən ölmüş mənə
qalan
Payıza bürünüb
yaşadım
Görənlər “payız
adamı” –dedilər
adıma
Bir payız qaldı mənə
Atamdan...
Bir payız qoyub getdi
Çıxmaz yadımdan bu
payız
Ölənə qədər,
Doğmam, yaxınım
olacaq.
Ta atam göyərib gələnə
qədər.
Şeirdə ölən ata,
hər il gələn payızla bir daha hüznlü
duyğuları oyadır. İndi Payız, Atanı
xatırlatdığı üçün doğmadır, əzizdir.
Ümumiyyətlə, mənə
qalsa, Sadayı “payız şairi” adlandırardım. Söhbət
ondan getmir ki, Saday Şəkərli payıza bir çox
şeirlər həsr eləyib. Məncə, əsas odur ki,
onun payızlı şeirlərində hisslərin,
duyğuların payızı rəsm olunur.
Payız adamıyam, payız
adamı
Əynimə-başıma
payız demişəm,
Heç hələ otuza gəlib
çatmayan,
Bu cavan yaşıma payız
demişəm.
Bu “payız adamı” bir
sarı çiçəyin dalınca düşüb,
payız olmağa üz tutur.İstəyir payızdan yazan
şairlərin şeirlərində bir sarı yarpaq olsun, dərdindən
öldüyü bir qız da anlasın ki, sevdiyi oğlan
payıza dönüb.
Saday poeziyaya kənddən-otdan,
güldən, çiçəkdən, ağacdan, yarpaqdan,
bulaqdan gəlib. Payızı götürüb gəlib.
Payız rənginə bürünüb gəlib. Təbiəti,
kəndi ideallaşdırmaq lazım deyil, sadəcə sevmək
lazımdır və əgər şairsənsə, bu sevgiyə
poeziya işığı da qarışacaq. Mənim çox
sevdiyim şeirlərdən biri də “Kənd
havası”dır.
Mən Sadayın təbiət
şeirlərini oxuyuram və ruhumda, canımda bir rahatlıq
hiss edirəm. Olsun ki, ayda bir dəfə, iki dəfə təbiəti
seyrə çıxıram, onun gözəlliklərinə
tamaşa edirəm, bir bulaq önündə əyilirəm-suyundan
içirəm, bir çəmən laləsinin xalından
öpürəm, bir ağacın yarpağını
sığallayıram... Sadayın şeirlərini oxuyanda da elə
bu hissi keçirirəm. Budur, “yer üzündə suların
şahı” bulaq önündəyəm:
Ah!
dadına diz
çökürəm,
adına diz
çökürəm,-
elə bil ki, dünyada
ən gözəl öpüş
verən
qadına diz
çökürəm...
Siz ağacların
ağladığını görmüsünüzmü?
Ağaclar ağlayanda ovutmaq olmur. Dizinə döyə-döyə
saçını yolmur. Ağaclar ağlayanda göy aparar
gözünün yaşını ağacların. Dumanda gizlənən,
gəlin kimi yaşmanan ağacların.
Azərbaycan şeirinin
üç əsas atributu var: Təbiət, sevgi, insan. Təbiətdən
danışdım, indi də sevgidən söz açım.
Deyim ki, təbiət şeirlərində necə səmimidisə,
sevgi şeirlərində də o səmimiyyəti qopuyur.Yəni
yaşadığı hissləri qələmə alır, qəlbinə
girməyən, o balaca planetdə yer tutmayan duyğular
heç vaxt Sadayın ürəyinə və şeirlərinə
yol tapmayıb. Budur, bir ayrılıq şeiri:
Yanıqlı harayı, odlu
həsrəti,
Qərib durnaların
köçündə gördüm.
Sevdiyim gözəlin göz
yaşlarını,
Bu evdən o evə
köçəndə gördüm.
Sevdim bacısını,
bacılığını,
Anladım sevginin
ucalığını,
O toy şərbətinin
acılığını,
O toy şərbətini
içəndə gördüm.
Qonşuydu o gözəl,
saçın hörmədim,
Od imiş-suyunu içdim,
görmədim,
Yüz yol qapımızdan
keçdi, görmədim,
Bir yol ürəyimdən
keçəndə gördüm.
Saday Şəkərli tale
şairidir. Bütün şeirlərində onun həyatının,
ömrünün-gününün bir parçası əks
olunub. Amma bu əksolunmalar tərcümeyi-hal deyil,
müasirimiz olan – Saday yaşında bir nəslin poetik
düşüncələridir. Mən keçən əsrin
80-ci illərində Sadayın “Özgədi” adlı bir
şeirini oxumuşdum və bu şeirdə bir şair cəsarətilə
üzləşmişdim:
Bu doğma torpağın yiyəsi
mənəm,
Alovdan yoğrulmuş
mayası mənəm,
İllərdi sökülməz
qayası mənəm,
Sinəmdən daş kimi
qopan özgədi.
Niyə təpinməyim taleyə,
baxta?
Toxta ağrılardan ürəyim,
toxta.
Mənəm var itirən
doğma torpaqda,
Nədənsə onu da tapan
özgədi.
Əlbəttə, bu
yazıda mən Saday Şəkərlini heç də “ictimai
şair” kimi təqdim etmək fikrində deyiləm. Belə
bir tematik bölgü ilə şairə yanaşmaq Sovet
dövrünün yadigarı olardı. Çünki
üstündə Şair adını gəzdirən şəxs
həyatda, cəmiyyətdə baş verən hadisələrə,
olaylara biganə qalmamalıdır.Bu mənada həyatın
ictimai ahəngi də Sadayın şeirlərində öz əks-sədasını
tapır. Mən Sadayın “Ayağım altında qalan
qarışqa”sını onun ən gözəl şeirlərindən
biri hesab edirəm və bu şeiri böyük sevgilərlə
qələmə alınan bir poeziya nümunəsi sayıram.
Dünyaya, insana, təbiətə sevgi məhz elə
qarışqaya sevgidən başlayır – deyirəm.
Tapdayıb üstündən
keçə bilmədim,
Axı necə oldu, necə,
bilmədim?!
Dayandım könlünü
alam, qarışqa,
Ayağım altında qalan
qarışqa.
Bir vaxtlar Allahverdi Məmmədli
yazırdı ki, Saday ağrı şairidir. Mən də bu
fikrə şərikəm, Amma ağrısı olmayan,
ağrıdan yazmayan şair təsəvvür eləmirəm.
Bu şərtlə ki, şair ağrısı fiziki, patoloji
ağrı deyil. Elə bir ağrı ki, o,
hamımızın içindən keçir. Elə bir
ağrı ki,bu ağrı bizə yoluxmur, əksinə, bu
ağrı içimizdə bir müqavimət və
mübarizə duyğusu oyadır. Sadayın şeirləri
barədə yazdığım bir məqalədə onun “Dar
ağacı” şeirindən söz açmışdım.
Nə boyum çatır sənə,
Nə əlim, dar
ağacı.
Göyçəyim, bircə
dənəm,
gözəlim, dar
ağacı.
Gözəl
çağın var idi,
Gül yarpağın var idi.
Ağaclara qoşulub
oynamağın var idi.
Dar ağacı ilə
bağlı onlarla şeirlər yazılıb və
yazılacaq da. Amma Sadayın şeirində Dar Ağacı
obraza çevrilir. Və həmin şeirdə də
İnsan-Şair obrazı ilə Dar Ağacı obrazı
arasında bir bənzəyiş hasil olur. İnsan hara, Dar
ağacı hara? Yəni bunlar arasında yaxın və uzaq əlaqədən
də söhbət gedə bilməzdi. Amma baxın:
Bezmişəm döyülməkdən,
öyünməkdən
qalmışam,
boyum dayanıb daha,
böyüməkdən
qalmışam.
Gözəlim, dar
ağacı,
yarpaqla salxım-salxım,
ya sən aşağı əyil,
ya mən yuxarı qalxım.
Sadayın şeir dili sadə,
amma poetikdir, rəngbərəng bədii təsvir vasitələri
ilə doludur. Saday heç bir şeirində əllaməlik
eləmir, oxucunu hansı ifadəninsə üstündə
baş sındırmağa yönəltmir. Fikir varsa, onu poetik
şəkildə ifadə etməyə, obrazlı şəkildə
oxucuya çatdırmağa şairlik qüdrətin də
çatar.O, xalq şeirinin müxtəlif formalarına
müraciət edəndə də, qələmini sərbəst
şeirdə sınayanda da şeirindəki Saday cizgisi yox
olmur. Bəzi şeirləri isə elə lap
yaranışından nəğmə olmaq üçün
dünyaya gəlib:
Bilməz, dənim daşa
düşüb
Tuş gəlib
qarğışa düşüb,
Qönçə
güldür, qışa düşüb,
Açılmaz
könlüm, açılmaz.
Yaxud:
Gözlərim bulaq şəklidi,
Dərd-kədər bölgəmdi
bala.
Sulardakı dağ şəklidi,
Ya mənim kölgəmdi,
bala?
Saday Şəkərli elə üzdəniraq yazarlardan deyil ki, qapı-qapı düşsün, özü haqqında, yaradıcılığı barədə məqalələr təşkil etsin, həm də o yazarlardan deyil ki, dahilik, birincilik iddiasında olsun. İnsanlığı da sadədir, şeirləri də və bu səbəbdən də çoxlarının hüsn-rəğbətini qazanıb. Ağsaqqal şairimiz Fikrət Sadıq deyəndə ki: “Hələ ömrün yorğun kölgəsi altında bu yazıları yazan şair, gör ömrün çılğın çağında nələr yazıbmış? Qığılcım olmasa yanğın olmaz. Buğda boyda çınqıdan bir ocaq alışır, çatılır, qalanır” – bu sözlər Sadayın poetik tərcümeyi-halını çox doğru izah edir. Bu yerdə qalır mənim son sözüm: SADAY ŞƏKƏRLİ MÜASİR AZƏRBAYCAN POEZİYASININ ÜNLÜ BİR ŞAİRİDİR... BİZ ONU SEVİRİK.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2010.- 30 sentyabr.- S.7.