İztirablı yollarla
Gənc şair Elxan Zalın redaktəsi ilə “Ulu çinar” adlı yeni dərgi işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin və Mahmud Qaşqarlı Fondunun nəşri olan bu dərginin ilk sayında xalq şairi Zəlimxan Yaqubun “Sürgünlə söhbət” poeması dərc edilib. Poemanı birnəfəsə oxudum və telefon açıb Zəlimxanı təbrik etdim. Bilirəm, irad tutacaqlar ki, “telefon etdim, zəng etdim” əvəzinə Türkiyə türkcəsiylə “telefonu açdım” dedim. Məsələ ondadır ki, “etmək”, “olmaq” feillərini o qədər çox işlədirik ki, sözün təsir imkanı azalır. Zəlimxan kimi həm Türkiyə türkcəsini, həm də sinonimləri sevən şair haqqında yazıda bəzən Türkiyə türkcəsindən alınan sözlərə, ifadələrə müraciətim, umaram etiraz doğurmamalıdır.
Poemadan əvvəl dərgi əməkdaşının müəlliflə söhbəti verilib. Bu söhbət əsnasında Zəlimxan deyir: “Sürgün” poeması mənim 60 illik ömrümdə yazdığım ən bəyəndiyim əsərdir”.
Müəllifin hansı əsərini daha çox bəyənməsi onun öz işidir, amma, məncə, onu doğru deyir ki, bu əsərin mövzusuna ədəbiyyatımızda toxunan olmayıb. Stalin repressiyaları illəri haqqında şeirimizdə, nəsrimizdə, dramaturgiyamızda bir sıra dəyərli əsərlər yaranıb, amma Qazaxıstan, Qırğızıstana sürgün edilmiş soydaşlarımız haqqında, Ahıska türklərinin faciəvi taleləri haqqında yazılmış ilk əhatəli əsər Zəlimxanın yeni poemasıdır. Bu əsər həm də ara-sıra mətbuat səhifələrində, o cümlədən öz qələm həmkarlarımız tərəfindən səslənən iradlara – “son illər Azərbaycan ədəbiyyatında ciddi mövzularda maraq doğuran əsərlər yaranmayıb” iradına tutarlı cavabdır. Çağdaş Azərbaycan yazıçılarının əsərlərinin bütün əvvəlki dövrlərdən qat-qat daha çox Türkiyədə, Rusiyada, MDB və Qərb ölkələrində nəşr olunması faktını dilə gətirəndə isə, “bu, təmayül deyil” – deyirlər. Ədəbiyyatımızın ölkə sərhədlərindən uzaqlarda da tanınması ən müsbət təmayül deyilsə, onda təmayül necə olur görəsən?
Zəlimxan Qazaxıstana, Qırğızıstana səfər edib, bu xoşməramlı səfər imiş, şairin çoxsaylı oxucuları, yaradıcılığını sevənlərlə maraqlı görüşləri olub. Amma şair üçün bu səyahət həm də iztirablı yollarla keçən bir səfərdir. Özü də başıbəlalı bir ailənin, babaları sürgün edilmiş bir nəslin övladı olan Zəlimxan soydaşlarımızın sürgün dərdini, dözməli olduqları min bir əzabı qəlbinin bütün hüceyrələriylə duyaraq, yaşayaraq, acıyaraq qələmə alıb.
Qazaxıstana, Qırğızıstana sürülmüş azərilərlə müxtəlif illərdə mən də görüşmüşəm. Hələ sovet dövründə Alma-Atada olarkən görüşdüyüm qoca azərbaycanlıyla söhbətimi heç vaxt unutmayacam. Dərdlərindən, bəlalarından danışan qocaya azacıq təsəlli kimi söylədim ki, hər halda burada dini dinimizdən olan, qohum dildə danışan millətin içindəsiniz. Qoca: – “Yox, oğul – dedi, – necə olur-olsun, bunlar bizdən ayrıdır, vətənin dadı tamam başqadır”.
Ola bilsin aşırı turançılar qocanın bu sözlərini xatırlatdığıma görə məni qınayacaq. Amma gerçəkçi olmadan turançı olmaq da mümkün deyil. Qazaxlar da, qırğızlar da qardaş millətlərdir, amma... “Amma vətənin dadı başqadır”. Havasının, suyunun, nəğmələrinin, təamlarının, zarafatlarının, nəvaziş və gileylərinin dadı başqadır.
2008-ci ildə Bişkekə böyük yazar Çingiz Aytmatovun dəfninə getmişdim. Qırğızıstandakı səfirimiz Arif Əliyevin yardımıyla qohumlarımı – Rəfibəyliləri tapdım. Akif, Eldar, Ruslan Rəfibəylilərlə görüşdüm. Bişkekin Fəxri xiyabanında uyuyan Rəfibəylilərin məzarlarını ziyarət etdim.
Bişkekdəki Rəfibəylilərdən Zəlimxan da poemasında bəhs edir. Bolşevik-daşnaklar tərəfindən güllələnmiş ana babam, Azərbaycan Cümhuriyyətinin ilk səhiyyə naziri, sonra isə Gəncənin general-valisi Xudadat bəy, dəfələrlə həbs edilmiş, sürgünlərə göndərilmiş, cəlayi-vətən olmuş Rəfibəylilər haqqında Rafael Hüseynov sanballı kitab yazıb. Bu kitab haqqında Zəlimxan da vaxtilə ürək sözünü demişdi. İndi yeni poemasında nəslimizin ağsaqqalı, anamın babası Ələkbər bəy Rəfibəyli haqqında səmimi ağrıyla söz açan Zəlimxana minnətdaram. Əsasən şeirlə yazılmış, amma bəzi parçaları nəsrlə qələmə alınmış poemada Zəlimxan deyir:
“Gəncə
ən ağır günlərini yaşayırdı. Nuhun gəmisi
kimi tufanlardan onu sağ-salamat çıxarmaq istəyən
bir kişi vardı: Ələkbər bəy Rəfibəyli,
“Vətən atası!”. Xalq bu adı ona qəlbinin səsi,
könlünün arzusu ilə vermişdi. Onun vaxtsız
ölümü, Xudadat bəyin ermənilər tərəfindən
güllələnməsi bu nəslə dalbadal zərbələr
vurmaq istəyən düşmənlərə geniş
fürsət verdi. Bu nəslin qara günü belə başladı:
Ölümlər, itimlər belini əydi,
Tapdadı nahaqlar, tapdandı haqlar.
Gəncənin atası nədən biləydi,
Nəslini gözündən batıracaqlar.
Nələri görmədi bu nəsil, Allah,
Çarmıx da, zindan da,
Dırnağı çəkilən,
dili doğranan,
Dərisi soyulan adam da gördü.
Qara libas geymiş qara
dövranın
Dərdli ürəklərdə
qanlı yası var
Harda Rəfibəyli güllələnibsə,
Harda Rəfibəyli
sürgünü varsa,
Altında erməni
familyası var.
Rəfibəyliləri nəm
divar kimi,
Gah
yağış çəkirmiş, gah qar çəkirmiş.
Bu nəslin ən
ağır şöhrət yükünü
Adı
Suğra olan Nigar çəkirmiş.
Diqqətimi o da çəkdi
ki,
Əsir zəmanənin soyuq
yelləri,
Üşüyür,
sızlayır ruhu Gəncənin.
Yoxdu rahatlığı Ələkbər
bəyin,
Odur
xilaskarı, Nuhu Gəncənin.
–
qoşmasının
rədifi vaxtilə Gəncənin Cavad xan nisbətinə
ağı demiş Aşıq Həsənin misralarıyla səsləşir:
Bayraqları bürc
üstündə qurdular,
Uşaq,
böyük – hamısını qırdılar.
O zaman ki, Cavad xanı
vurdular,
Sanasan
qırıldı beli Gəncənin.
Ümumiyyətlə, xalq ədəbiyyatımızın,
şeirimizin dərin bilicisi olan Zəlimxan bu poemasında da poeziyamızın
müxtəlif biçimlərindən məharətlə
faydalanmış, qoşma, gəraylı, bayatı, o cümlədən
daha çox Kərkük türklərinə xas olan kəsik
bayatılar-xoyratlar poemanın müxtəlif hissələrində
yeri-yerində və yaradıcı şəkildə işlənmişdir.
Əsərin
sürgün vaqonlarını, abrına-ismətinə
qısılıb əziyyət çəkən,
balasını əmizdirməyə belə imkan tapmayan
qadınların iztirabını, yollarda ölüb qalan və
yollarda doğulan insanların ağlasığmaz keşməkeşləri
poemada yüksək bədii boyalarla, canlı
ayrıntılarla, yadda qalan təfsilatlarla təsvir
edilmişdir.
Cavid ailəsinin ağrı-acıları,
neçə-neçə kübar nəsillərin məhv
edilməsi, Gəncənin başına açılan oyunlarla
bərabər Zəlimxan Ahıska türklərinin
iztirablarından da söz açır və bəlkə də
ilk dəfə olaraq bu mövzunu ədəbiyyatımızda
belə müfəssəl əks etdirir.
Ahıska
türklərinin bu günə qədər davam edən vətən
nisgili, yurd həsrəti haqqında parçaları oxuduqca bu
bədbəxt xalqın şairlərini xatırladım. Vaxtilə tərtib
etdiyim “1500 ilin oğuz şeiri” antologiyasına Ahıska
şairlərinin də əlimə keçən şeirlərindən
örnəklər daxil etmişdim.
Zəlimxanın
qürbətdə rastlaşdığı
soydaşımızın adını anası “Sürgün”
qoyub. Ahıska şairlərindən birinin də təxəllüsü
Sürgündür. Antologiyamda Şimşək
Sürgün Kaxaretli adını daşıyan şairdən
gətirdiyim “Bəxtsiz türklər” şeirində belə bəndlər
var:
Ahıska elləri – elimiz
bizim,
Yenə pərişanlıq
halımız bizim,
Qürbətlərə
düşdü yolumuz bizim,
Aman Allah, aman, qaldıq
biçarə!
Yandıq Allah, yandıq, bizə
bir çarə!
Antologiyada yer almış
başqa Ahıska şairlərindən misralar:
Durdum, vətən dedim,
oturdum vətən,
Vətənim gül
açıb, ağacı tikən,
Boynundan bağlayıb bazara
çəkən
Qul kimi ellərə satan dünyasan.
Od qoyub elimə etdilər
talan,
Ağladı qız-gəlin,
etdilər şivən,
Bu ahı qoymasın sizə
Yaradan,
İndiyəcən
dərdimizə yanan görmədim.
Fəhlul
Düşdüm qürbət
elə, oldum divanə,
Səbəbini məndən
soran olmadı,
Ellər ağ
geyindi, mən geydim qara,
Soruşub dərdimi
bilən olmadı.
Zeynalam, gəzərəm
elsiz-obasız,
Tapılmaz təbibim,
qaldım davasız,
Məhv olsam, qəbrimdə
belə yazarsız:
“Bu dünyada
bizə vətən olmadı”.
Zeynal Yekta
Xəyalım önündə
durursan hər dəm
Kədəri uduram hey
qurtum-qurtum
Quş olub
Qocurda gözlərimdə nəm.
Süzdüm sənə
sarı, ey baba yurdum.
Cabir Xalidov
Həsrət qaldıq
torpağına-daşına,
Məndil qalmaz
gözümüzün yaşına,
Nələr gəldi millətimin
başına,
Allah nəsib
etsin, gedək vətənə.
Günəş
Müzəffərova
Bu yanıqlı misraları gətirməklə bəxtsiz xalqın övladlarına bir daha bildirmək istəyirəm ki, onların bir qismini bağrına basmış Azərbaycan qardaş millətin dərdini, nisgilini, həsrətini hər zaman paylaşmış, öz dərdi, öz fəlakəti, ağrı-acısı kimi yaşamış və yaşamaqdadır. Gözəl şairimiz Zəlimxan Yaqubun poeması bu həqiqətin ən yeni və ən bariz sübutudur.
Zəlimxanın “Sürgün” poemasının vaxtında yazılmasının bir önəmi də ondadır ki, bu əsər həm də xəbərdarlıqdır. O məşum və mənhus zamanların kabusu hələ də əriyib itməyib. Rusiyada sorğular nəticəsində bu ölkənin ən böyük siması kimi Stalinin göstərilməsi bu təhlükənin nə qədər real olduğuna daha bir sübut deyilmi? İndiki zamanın çətinliklərindən, bir çox ədalətsizliklərdən, ifrat varlı və ifrat kasıb təzadlarından bezmiş insanlar nostalji hissləriylə ötən rejimi xatırlayırsa, bu çox qorxunc bir təmayüldür. Rus şüurunda hələ də yer tutan Stalin kultu imperiya duyğularıyla bağlıdır. Rusiyanın bəzi çevrələri hələ də dərk etməyiblər ki, imperiyayla demokratiya bir yerdə uyuşa bilməz. İmperiya şüuru başqa millətləri zor gücünə öz itaətində saxlamaqdırsa belə düşüncə demokratik anlayışlarla daban-dabana ziddir.
Poemanın
sonluğunda “Ulusa səsləniş”i çox ciddi
çağırış kimi qavramaq olar:
Qurduğun saraylar dağıla bilər,
Yeni Stalinlər çıxar meydana,
Yeni Bağırovlar doğula bilər,
Səni yağlı vədlər, yalan ümidlər
Tərif xumarında uyuda bilər.
Ayılıb görərsən kəsib qapını,
Qəfil otuz
yeddi qayıda bilər.
Qəfil bəlalardan
özünü gözlə,
Tayqadan, Uraldan
özünü gözlə,
Sibirdən,
Araldan özünü gözlə.
Öz
etirafına görə qürbətdə başlayıb vətəndə
bitirdiyi “Sürgün dastanı” yalnız Türküstan səfərindən
deyil, ta uşaqlıq illərindən iztirab yollarına
alışmış şairin bəlkə də ən səmimi
əsəridir. Bu təəssüratımı yeni ilin –
2010-cu ilin ilk günündə –yanvarın 1-də yazdım.
Uca Tanrı yeni ildə də, bütün gələcək
illərdə də xalqımızı və hər birimizi
bir daha iztirablı yollardan keçməyə düçar eləməsin.
ANAR
525-ci qəzet.- 2010.- 6 yanvar.- S.7.