Qoridən başlanan yol
Bu gün dünya elmi ictimaiyyəti onu dilçi – alim kimi tanıyır. Elmi fəaliyyətə başladığı ilk günlərdən indiyə kimi yorulmaq bilmədən gənclik şövqü və əzmkarlığı ilə sevdiyi sahə ilə məşğul olub. Ömrünün 40 ildən çoxunu elmə və təhsilə həsr edən, Azərbaycan Dillər Universitetinin “İngilis dilinin leksikası və ölkəşünaslıq” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyeva respublikamızla xarici ölkələr arasında öz elmi yaradıcılığı ilə bir körpü rolunu oynayır. O, Böyük Britaniyada İATEFL – ingilis dili müəllimlərinin beynəlxalq Assosiasiyasının üzvüdür. Çalışdığı ali məktəbin beynəlxalq əlaqələrinin inkişafında da onun böyük rolu olub.
M. Qazıyeva 1988 – ci ildə namizədlik, 2004 – cü ildə isə doktorluq dissertasiyası müdafiə edib. Onun doktorluq əsəri tamamilə öyrənilməmiş bir sahəyə – səhnə nitqinin linqvistik problemlərinə həsr olunub. Əsərdə ilk dəfə olaraq səhnə və ekran nitqi problemləri teatrın, kino və televiziyanın canlı fəaliyyəti fonunda, aktyorun nitq hərəkətləri ilə ilişgili materiallar əsasında araşdırılır. Şekspir əsərlərinin bədii xüsusiyyətlərindən, dil və şeir arxitektonikasından bəhs edilərkən ingilis dilində gətirilən nümunələrlə sözün məna çalarları açıqlanır. Müəllif xüsusi qeyd edir ki, Şekspir əsərlərinin dili dramatikdir, burada nitqin ritmi hərəkətin ritminə, personajların emosiyalarının xarakterinə tabe etdirilmir. Hər sözün məna tutumu, vurğusu, çoxçalarlığı,ifadəliliyi, ekspressivliyi və bədii siqləti,Şekspir əsərlərinin fonetikası, morfologiyası və sintaksisi məşhur şekspirşünasların əsərləri ilə müqayisəli, nəzəri – estetik fikrin kontekstində təhlil edilir. Dilçilik elminin nəzəri və praktiki problemlərini dərindən bilən alim “ Səhnə nitqinin linqvistik problemləri (ingilis və Azərbaycan dilləri əsasında)” əsərində dünya teatrının inkişafında misilsiz xidmətləri olmuş Şekspir , O.Uayld, B.Şou və digər ingilis dramaturqlarının əsərlərindən bir mənbə kimi istifadə edib və həmin materiallar əsasında səhnə və ekran nitqi problemlərini professional səriştə ilə təhlil edib. Professor M. Qazıyevanın yazılı dramaturji mətnin dil və struktur xüsusiyyətləri ilə ilgili təhlillərində tarixiliyin nəzərə alınması tədqiqatın müasirliyini və aktuallığını şərtləndirən əsas amillərdəndir. Müasir dilşünaslıqda müqayisəli təhlil üsuluna (orijinal təhlil mədəniyyəti) istinad edən M. Qazıyevanın bu əsəri elmi strukturu və metodoloji prinsipləri ilə seçimlənir.
C.Herbertin fikridir: “ Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz”. Məsməxanımın bir alim, ziyalı kimi yetişməsində onun ailə şəcərəsinin böyük xidmətləri olub. Atası Yusif Qazıyev Qori seminariyasının məzunu olub. Ixtisasca filoloq olan Yusif müəllim bir müddət Bakı Dövlət Universitetində və Tibb Universitetində çalışıb. Məsməxanım atasını belə xatırlayır: “ Atamı erkən itirdiyimə çox təəssüflənirəm. Çünki onun mənim haqqımda arzuları böyük idi və bunu görmək istəyirdi. Atam gözəl filoloq, Azərbaycan ədəbiyyatını dərindən bilən bir mütəxəssis idi. Uşaq ikən mən onun ətrafında yalnız ziyalıları görər və onların maraqlı söhbətlərinə gizlin də olsa qulaq asmağı xoşlardım. O, Abdulla Şaiq kimi böyük bir mütəfəkkirin tələbəsi olub. Indi mənim bu zirvəyə çatmağıma səbəb yəqin ki elə bunlar olub. Mən daxilən atamın arzusunu yerinə yetirdiyimə sevinirəm. Hər uğurumdan sonra mən, sanki ona hesabat verir və onun xeyir – duasını alıram.” Əmisi Kərim Qazıyev dövrünün tanınmış riyaziyyatçısı və jurnalisti olub. Bir sıra fizika, riyaziyyat dərsliklərini rus dilindən dilimizə tərcümə edib. Qazıyevlərin ulu babası ədəbiyyat tariximizdə “ Zövqü” təxəllüsü ilə şeirlər yazıb. Onun bir sıra şeirləri repressiya qurbanı, folklorşünas Salman Mümtazın şəxsi arxivində saxlanılır. S.Mümtaz 1923 – cü ildə Zövqünün şeirlərindən bir neçəsini çap etdirib. M.Qazıyevanın bibisi görkəmli maarifçi Gülarə Göylü qızı (Qədirbəyova) Ayna Sultanovadan sonra “ Şərq qadını” jurnalının baş redaktoru və Əli Bayramov adına “Qadınlar klubu” nun direktoru vəzifəsində çalışıb. Repressiya qurbanlarından olan G.Göylü qızının adına anadan olduğu Şəki şəhəri Baş Köynük kənd bir saylı məktəbə onun adı verilib və həmin məktəbin həyətində büstü qoyulub. Bakı şəhərində Qədirbəyova küçəsi (Qədirbəyov onun ərinin soyadıdır) Gülarə xanımın adını daşıyır.
M.Qazıyeva istedadlı alim – tədqiqatçı olmaqla bərabər həm də bacarıqlı təşkilatçıdır. O, ADU – nun Qadınlar Şurasının və Gender qrupunun sədridir. Dilçi alim dünyanın bir sıra məşhur elm və təhsil mərkəzlərində, Avropa Şurasının təşkil etdiyi beynəlxalq elmi simpoziumlarda və konfranslarda respublikamızı ləyaqətlə təmsil edib. Məsməxanım Qazıyeva bir sıra beynəlxalq simpozium, konqres və konfranslarda, o cümlədən Rumıniyada ingilis dilinin tədrisinə həsr edilmiş beynəlxalq konfransda (1996), Qahirədə ( 1997), Slovakiyada (1998), Avstriyada (1999), Şotlandiyada (1999), Dublində ( 2000), Amerikada ( 2002), İngiltərədə (2003), Moskvada(2007), Türkiyədə (2008), Gürcüstanda (2009), İspaniyada (2009) yüksək səviyyəli məruzələrlə çıxış edib. Dünya dilşünaslığının əsas mərkəzlərindən sayılan nüfuzlu xarici ölkə universitetləri M. Qazıyevanın elmi fəaliyyətinin formalaşmasında mühüm rol oynayıb. Milli-mənəvi dəyərlərimizi xarici ölkələrdə tanıtdırmaqda intensiv fəaliyyət göstərən alim – pedaqoq 2002 – ci ilin noyabrında ABŞ Dövlət Departamentinin dəvəti ilə bir ay həmin ölkənin 6 ştatında, müxtəlif universitetlərində (İ.V.P) American Studies proqramını yerinə yetirib. Onun beynəlxalq simpoziumlarda dilçiliyin aktual problemlərinə həsr edilmiş konseptual məzmun daşıyan məruzələri xarici ölkə alimlərinin diqqətini cəlb edib, bir sıra məqalələri isə nüfuzlu xarici elmi dərgilərdə dərc olunub. Çıxış etdiyi beynəlxalq elmi konfranslarda ilk sözü Azərbaycan və onun problemləri haqqında olub. 2004 – cü ildə Budapeştdə Avropa Şurasının simpoziumunda iştirak edən M. Qazıyeva “ 1988 – ci ilin ölkəyə təsiri” mövzusunda məruzəsində Qarabağ probleminin bütün incəliklərinə toxunaraq, erməni faşistlərinin torpaqlarımızı işğal etməsini, xalqımızın başına gətirdikləri dəhşətli müsibətləri və faciələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Yüksək elmi – nəzəri hazırlıq, öz ixtisasını dərindən bilmək, müstəqil düşüncə tərzinə malik olmaq, beynəlxalq konfranslarda elmi və siyasi mövzularda öz fikirlərini məntiqli ifadə etmək qabiliyyəti ona böyük hörmət qazandırıb.
1990–cı ilin 20 yanvar faciəsi günlərində o, Türkiyəyə gedərək, ölkə prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özalla görüşüb xalqımızın başına gətirilən bu qanlı hadisəni əyani faktlarla ona çatdırmışdı. Həmin günləri xatırlayan Məsməxanım deyir: “ Tapşırıldığı kimi Bakı qırğınını təfsilatı ilə ona danışdım, fakt kimi fotoşəkilləri təqdim etdim və gəlişimin məqsədini açıqladım. Dedim, niyə ermənilərin annesi olsun, azərbaycanlıların yox? Bu Səmra xanıma bərk təsir etdi. Dedim, bu böyüklükdə Türkiyədə bizə anne tapılmayacaqmı? Cavabı bu oldu ki, siz nə istəyirsiniz? Zemfira xanımın dəvət məktubunu ona təqdim etdim. Bildirdi ki, mən Azərbaycana gələcəyəm. Dediyi kimi də 1990 – cı ilin may ayının 26 – da Səmra Özal Bakıya gəldi”. Tacikistan hadisələri zamanı o təhlükəli anlarda da Məsməxanım öz əqidə dostu ilə həmin ölkəyə səfər edərək Azərbaycanda törədilmiş faciənin günahkarlarını ifşa etmək məqsədilə özüylə qanlı hadisələri əks etdirən video kasetləri və fotoşəkilləri orada nümayiş etdirmişdi. Məsməxanım deyir ki, mənimlə Tacikistanda səfərdə olan professor Minurə xanımı on gün polis idarəsində saxladılar. Ondan tələb ediblər ki, axı səninlə bir qadın da olub, hanı o? Cavab verib ki, onun uşağı xəstələndiyindən gələ bilməyib.
Alimin fikrincə əsl vətəndaş Vətən naminə vətənin adını hər yerdə, həm daxildə, həm də xaricdə uca tutmalı, bu vətənin əsl övladı olmağa çalışmalıdır.
M.Qazıyeva elmi fəaliyyəti ilə yanaşı həm də 1967 – ci ildən ADU – da böyük pedaqoji iş aparır. On ildən artıqdır ki, o, kafedra müdiri kimi fəaliyyət göstərir. Bu bir həqiqətdir ki, müəllimlik sənətini seçən adamda öncə müəllimlik istedadı olmalıdır. O, dərin biliklə, dünyəvi elmlərlə mükəmməl silahlanmalı , öz sənətinin vurğunu olmalıdır. Kafedrada işlədiyi müddətdə o, bir sıra dərsliklərin çap olunmasında xüsusi fəallıq göstərib. Onun rəhbərliyi ilə ayrı – ayrı fənn proqramları, dərsliklər, dərs vəsaitləri və metodik tövsiyələr hazırlanıb çap olunmuşdur. Dilçiliyimizdə özünəməxsus mövqeyi olan xanım tədqiqatçı bir neçə monoqrafiya və kitabın, dərslik, dərs vəsaiti, proqram və metodik tövsiyənin, xarici ölkələrin elmi dərgilərində çap olunmuş çoxsaylı elmi – nəzəri məqalənin müəllifidir. Tədqiqatçı eyni zamanda çağdaş dünya ədəbi prosesi ilə müntəzəm məşğul olan alimdir. O, ingilis dilinin və dilçiliyin bütün incəliklərinə dərindən bələd olan mütəxəssislərimizdəndir. M. Qazıyeva geniş məlumatlı, yüksək elmi səviyyəli bir alim kimi bir neçə namizədlik və doktorluq dissertasiyalarının ərsəyə gəlməsində də fəal iştirak edib. Yüksək mənəvi zənginlik, dərin yaddaş, xarici dilləri bilmə məharəti və miqyaslı düşüncə onun elmi fəaliyyətində böyük rol oynayıb. Alimin şərəfli ömür yolu və zəngin elmi yaradıcılığı dilçilik elmimizin tərəqqisinə həsr olunub. Dilçiliyin müxtəlif problemlərinin tədqiqi üzrə apardığı fundamental işlər onun istedadının və zəhmətkeşliyinin bəhrəsi kimi yaranıb.
Məsməxanım
həm də fədakar həyat yoldaşı,
qayğıkeş ana, nümunəvi nənədir, mədəni,
kübar şərq xanımıdır. İnsanpərvərlik,
xeyirxahlıq, humanizm, insanlara dərin sevgi və inam onun əsl
– nəcabətindən gələn bir keyfiyyətdir. Məsməxanım
iki övlad anasıdır. Bir ana kimi o, özünü
xoşbəxt sanır. Şükranlıq edir ki, ürəyi
təmiz, halallığa tapınan övladları var. Valideynlərinə
bağlıdırlar. Torpağı və vətəni sevirlər.
Səmimiyyət və xeyirxahlıqları ilə
çalışdıqları kollektivdə dərin hörmət
qazanıblar. Kiçik qızı Natavan atası Saday
Zeynalovun peşəsini davam etdirir – həkimdir. Böyük
qızı Sevinc isə anasının – ingilis dili və ədəbiyyatı
üzrə elmlər namizədi, dosentdir. Mübarizlikdə
bibisi – tanınmış maarif carçısı, repressiya
qurbanı Gülarə Göylü qızına oxşayan bu
işıqlı ziyalı hansı işlərdə
çalışıbsa diqqətli, məsuliyyətli,
özünə qarşı tələbkar, insanlarla
münasibətdə səmimi, nəzakətli və
qayğıkeş olub. Qazıyevlər nəslinin layiqli davamçısı
kimi professor Məsməxanım Qazıyeva soyundan gələn
ziyalı ənənəsini öz şəxsiyyətində
yaşadaraq təmiz bir dünya yaşayıb. Bir müəllim kimi, bir alim kimi, bir
ana kimi, bir insan kimi. Ürək təmizliyi, daxili saflıq
kimi mənəvi sərvətlər onun şəxsiyyətini
tamamlayan ən mühüm keyfiyyətlərdir. Heç vaxt
kimdənsə umacaqlı olmayıb. Heç kimdən minnət
götürmək istəməyib. Qürurlu şəxsiyyətinə
güvənib. Bütün zamanlarda şəxsiyyətini,
daxili dünyasını büllur saxlayıb. Həmişə
alnıaçıq, üzüağ yaşayıb. Əsas həyat
kredosu isə xalqa təmənnasız xidmət etmək, haqqa
tapınmaq, ailəsinə və insanlara tükənməz
sevgidir. Qoridən başlanan uzun və işıqlı yolun
yolcuları öz miqyaslı fəaliyyətləri ilə
çeşidli elmi tədqiqatlara yeni – yeni üfüqlər
açır.
Vəfa Xanoğlan
Filologiya elmləri namizədi,
dosent
525-ci qəzet.- 2010.- 6 yanvar.- S.6.