Elm – insan – cəmiyyət
Elmmi insana, insanmı elmə xidmət etməlidir?!
Əbu Turxan
Humanitar sahə və humanitar elmlər
Akademik Ramiz Mehdiyevin noyabr
müşavirəsindəki çıxışından və
məlum məqaləsindən sonra “humanitar və ictimai elmlər”
mövzusu aktuallaşmışdır. Amma nə
üçünsə hamı bu iki elmi istiqamətdən
birlikdə, sanki vahid bir şeydən
danışırlarmış kimi, bəhs edirlər. Halbuki,
biz müvafiq elm sahələri qarşısında qoyulan vəzifələri
daha konkret dərk edə bilmək üçün bu sahələrin
özünə də diferensial yanaşa bilməli, onları
fərqləndirməliyik.
Humanitar və ictimai elmlər
ilk baxışda nə qədər yaxın görünsələr
də, əslində xeyli dərəcədə fərqli
mahiyyət və məzmuna malikdirlər.
Digər tərəfdən də,
bir var humanitar elmlər, bir də var ümumiyyətlə
humanitar sahə.
İnsan, onun mənəviyyatı,
estetik dünyası, arzu və idealları – humanitar sahənin
əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incəsənət
də humanitar sahəyə aiddir. Bu başqa məsələ
ki, göstərilən humanitar hadisələrin hər birinin
öz elm və fəlsəfə səviyyəsi də vardır.
Tarix, tarixşünaslıq (“tarix elmi” – bəzən sadəcə
“tarix” də deyilir; yəni hər iki məna eyni sözlə
ifadə olunur) və tarix fəlsəfəsi, bədii ədəbiyyat,
ədəbiyyatşünaslıq (filologiya) və ədəbiyyat
fəlsəfəsi (aşağı yarusda bu sahə “ədəbi
tənqid” kimi məlumdur), incəsənət, sənətşünaslıq
və sənət fəlsəfəsi (estetika), din,
dinşünaslıq və din fəlsəfəsi, mənəvi
tərbiyə, pedaqogika və etika geniş planda
götürdükdə humanitar sahəyə aiddir. Son vaxtlar
daha inteqrativ bir elm sahəsi kimi insanşünaslıqdan, bəzən
də antropologiyadan bəhs olunur. Mənaları eyni olsa da, bu
iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar
qruplaşdırılır.
Sovet dövründə insan
özü də ilk növbədə sosial varlıq kimi
götürüldüyünə görə,
insanşünaslıq da cəmiyyətşünaslığın
içərisində əridilmişdi. İnsan fərdiyyətinin
önə çəkilməsi daha çox dərəcədə
Qərb dünyası, kapitalist ölkələri
üçün səciyyəvi idi. Ona görədir ki,
humanitar təfəkkür də, insan haqları mövzusu da,
irsiyyət məsələləri də, fərdi-psixoloji
problemlər də daha çox Qərbdə öyrənilirdi.
İnsanın sosiallaşması hətta bədii ədəbiyyatda
da öz əksini tapmışdı. İndi kommunist
ideologiyasından ayrıldıqdan sonra, qarşımızda
duran vəzifələrdən biri də
insanşünaslığı bərpa etmək, fərdin cəmiyyətdə
itmək, fərdiyyətini itirmək təhlükəsinin
qarşısını almaqdır.
Din də humanitar sahəyə
aiddir. Çünki insanın mənəvi aləmi ilə
bilavasitə bağlıdır. Lakin müxtəlif dinlərdə
bu bağlılıq bir qədər fərqlidir. Məsələn
islamda dini etiqad ilk növbədə fərdə aiddirsə,
xristianlıqda kilsələr insanla Allah arasında vasitəçilik
missiyasını üzərinə götürərək dini
ictimailəşdirmişlər. Ona görə də, islam aləmində
ilahiyyat və dinşünaslıq əsasən humanitar sahəyə
aid olsa da, xristian dünyasında cəmiyyət sferasına
aiddir. Amma islamda da hər bir fərd üçün nəzərdə
tutulan həyat tərzi və davranış qaydaları (fiqh)
dini yönlü dövlətlərdə cəmiyyət və
dövlət səviyyəsində təsbit olunmaqla hüquq
sisteminin əsasını təşkil edir və beləliklə
ictimailəşmiş olur.
İstənilən halda
bütün dinlər həm humanitar, həm də cəmiyyət
sferası ilə sıx surətdə bağlıdır.
Tarix də həmçinin.
Tarix özü və tarixlə tərbiyə daha çox
humanitar sahəyə aid olsa da, tarixşünaslıq və
tarix fəlsəfəsi daha çox ictimai elmlərə
aiddir.
Eləcə də fəlsəfə.
Bir çox təsnifatlarda fəlsəfə humanitar sahəyə
aid edilir. “Özünü dərk et” prinsipindən
çıxış edildikdə, bu doğrudan da belədir.
Amma insan fəlsəfəsindən fərqli olaraq tarix fəlsəfəsi
daha çox dərəcədə ictimai yönlüdür. Yəni
onun predmetini insan yox, cəmiyyət; fərdi ruh yox, ictimai ruh
təşkil edir. İnsanın özünüdərki, millətin
özünüdərki və nəhayət, bəşəriyyətin
özünüdərki fəlsəfənin strukturunda fərqli
səviyyələrdir.
Göründüyü kimi,
biz humanitar və ictimai elmlər bölgüsündə insan
və cəmiyyət bölgüsünə əsaslanırıq.
Lakin sual olunur ki, insan
problematikasına onun fiziki varlığı, bədəni ilə
bağlı məsələlər də aiddirmi, yoxsa ancaq mənəvi
aləm, onun iç dünyası nəzərdə tutulur? Belə
ki, bəzi təsnifatlara görə, insan bədəni bir təbiət
hadisəsi olmaqla, təbiətşünaslığın
predmetinə daxil edilir.
Əslində isə insan bədəni,
bir tərəfdən, təbiətə aid olsa da, digər tərəfdən,
onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi
üçün də mühüm oynadığına
görə, həm də humanitar sahəyə aiddir. Bu mənada
insanın fiziki sağlamlığına xidmət edən səhiyyə
sistemi və idman da humanitar sahəyə aid edilə bilər.
Maraqlı haldır ki, səhiyyə özü insana xidmət
etməklə humanitar mahiyyət daşısa da, təbabət
bir elm sahəsi kimi humanitar elmlərə deyil, daha çox dərəcədə
təbiətşünaslığa aiddir. Lakin son
dövrün praktikası göstərir ki, təbabət hər
halda sadəcə təbiət elmi kimi qəbul edilə bilməz,
çünki burada insan ruhu, psixikası ilə və deməli,
ümumiyyətlə, humanitar sahəylə sıx
bağlılıq vardır.
Elm: insandan kainata və geriyə – insan rifahına
Elmə humanitar sahə kimi
baxılması da orta əsr Şərq ənənələrinə
məxsus bir düşüncədir. O vaxt elm hikmətin,
müdrikliyin bir əlaməti, aspekti kimi başa
düşülürdü və çox vaxt dini
düşüncənin hüdudları daxilində nəzərdən
keçirilirdi. (Elmin din çərçivəsində nəzərdən
keçirilməsinə hətta bu gün də rast gəlmək
mümkündür.) Orta əsrlərin xristian və islam
sxolastikaları da ilahiyyat çərçivəsində elm
və fəlsəfə yaratmaq təşəbbüsləri
idi.
Maraqlı haldır ki, islam
dünyasında da, xristianlıqda da elmin institutlaşması
dini təsisatlar daxilində baş vermişdir. Şərqdə
dini təhsil almağın vasitələri olan mollaxanalar, mədrəsələr
həm də dünyəvi biliklərin öyrənilməsinə
xidmət etmişdir (bu sırada Nizamiyyə məktəbləri
xüsusi qeyd edilməlidir). Şərq (İslam)
dünyasında elm və ali təhsilin əsası dini
savaddan başlandığı kimi, Qərbdə də ilk
universitetlər: Bolonya, Oksford, Kembric, Sorbonna – hamısı
kilsədən çıxmışdır.
Amma Yeni Dövr bütün
sahələrdə olduğu kimi, elmə münasibət məsələsində
də paradiqmanı dəyişir. Daha doğrusu, müasir mənada
elm məhz bu dövrdə formalaşmağa başladı.
Kapitalizm cəmiyyəti heç də yalnız ictimai-iqtisadi
sahədə yeni bir quruluş forması olmayıb, həm də
düşüncə tərzinin, mədəniyyətin və
elmin yeni keyfiyyət mərhələsinə qədəm
qoymasını təmin etdi. Elmin yeni mahiyyətdə və təşkilati
formada sanki yenidən yaranması da XVII əsrdən
başlayaraq həyata keçdi. O, ictimai istehsal prosesində
mühüm bir halqaya çevrilməklə sonrakı bir
sıra inqilabların: sənaye inqilabı, elmi-texniki inqilab,
informasiya inqilabı və s. təməlini qoydu.
Biz isə hələ
indi-indi kapitalizm quruluşuna keçirik. Daha doğrusu, bu
keçid prosesinin ən azı bir mühüm aspekti: yeni
iqtisadi münasibətlərə keçid artıq başa
çatmışdır.
Bunun əsas göstəriciləri
iqtisadi sahədə dövlət monopoliyasının əksər
sahələrdə ləğv edilməsi, böyük miqyasda
özəlləşmə prosesinin həyata keçirilməsi,
xırda və orta biznesin xüsusi çəkisinin
artması, torpağın özəlləşdirilməsi,
inşaat sektorunun, kənd təsərrüfatının, xidmət
sahələrinin və hətta sənayenin böyük
qisminin özəl sektora keçməsi, maliyyə sistemində
özəl kapitalın rolunun artması, maliyyə
oliqarxiyasının yaranması, xarici investisiyanın cəlb
edilməsi və s. bu kimi proseslərin böyük vüsət
almasıdır. Yəni indi ölkəmizdə sosialist deyil,
sosial yönümlü kapitalist ictimai-iqtisadi münasibətləri
bərqərar olmuşdur. Lakin Azərbaycanda kapitalizmə
keçid yeni dövr Avropasındakı proseslərdən
köklü surətdə fərqləndiyinə görə,
Qərb dünyasında yaranmış iqtisadi nəzəriyyələrin
tətbiqi bizdə özünü doğrulda bilməz. Azərbaycanda
və digər MDB ölkələrində təxminən eyni
istiqamətli bir proses gedir: sosializmdən kapitalizmə
keçid. Bu, tarixdə analoqu olmayan bir prosesdir. Həm də
biz digər MDB ölkələrindən irəlidə
olduğumuza görə. Bu prosesin elmi-nəzəri təhlili
də bizim iqtisadçı alimlərin üzərinə
düşür. Bunun üçün hətta təkcə
iqtisadçıların yox, ictimai elmlərin bir sıra əlaqədar
sahələrin birgə səyləri tələb olunur.
Bütün bu proseslər zəruri
surətdə elmə münasibətin də dəyişilməsinə,
elmin də bir zinət sahəsi olmaqdan çıxıb,
istehsal və kapital amilinə çevrilməsinə gətirməlidir.
Lakin bu proses təbii yolla
getməli, yoxsa hansı isə daha böyük islahatların
nəticəsi kimi ortaya çıxmalıdır? Bir şey
aydındır ki, bu sahədə böyük islahatlar
qaçılmazdır. Çünki ölkəmizdə
ictimai-iqtisadi proseslərin daxili məntiqi və dinamikası tələb
edir. Əks təqdirdə, paradoksal bir hal yaranmış olar:
iqtisadi sahədə biz yeni – kapitalist münasibətləri
sisteminə keçdiyimiz halda, elm sahəsində hələ
də köhnə sosialist strukturlarını və münasibətləri
saxlamış olarıq. Bizcə, ölkəmizdə bu proseslər
AMEA-dan yan ötərək baş verir. Müdafiə Sənayesi
Nazirliyi, Rabitə və İnformasiya texnologiyaları Nazirliyi
və s. yeni hökumət qurumlarında “elm-istehsalat” birliklərini
xatırladan məqsədyönlü elmi-texnoloji proseslər
gedir. Bu proseslər ölkəmizdə getdikcə genişlənəcəkdir,
amma AMEA-nın öz müstəqilliyini qorumaq naminə bu
proseslərdən kənarda qalması ölkəmizin sürətli
inkişafının təmin olunmasına xidmət etmir.
Elm: mənəvi və praktik meyarlar
Məgər atom
bombasını da, nüvə silahını da və
onları daşımaq üçün yaxın, orta və
uzaq məsafəli raketləri də alimlər düzəltmədilərmi?
Ya, ola bilsin ki, bilavasitə düzəltmədilər; onda belə
deyək: bütün müasir silahlar alimlərin kəşfinə
istinad etməklə ixtiraçılar, konstruktorlar və
mühəndislər tərəfindən düzəldilmirmi? Və
bu işlərin arxasında ümumbəşəri bir elmi fəaliyyət
sistemi dayanmırmı? Və bu qlobal sistemin
formalaşmasında bir çox günahsız ölkələrin
günahsız alimlərinin payı da yoxdurmu?
Bəzən bizimkilər
ümumiyyətlə elmin, abstrakt elmin inkişafı prosesində
bu və ya digər dərəcədə iştirakları ilə
fəxr edirlər. Onlar ancaq müstəqil elm haqqında, yeni
elmi biliklər haqqında düşünürlər. Bəs
bizim ixtiraçılar, konstruktorlar və müasir elmi nailiyyətləri
tətbiq etmək səviyyəsində olan mühəndislər
harada və necə hazırlanır?
Böyük elmin dəyirmanına
su tökməyə çalışırıq, amma bu dəyirmanın
kimin üçün üyütdüyünü və
hazır məhsullardan kimin faydalandığını, yaxud əksinə,
kimin başında çatladılacağını bilirikmi?
Alim deyə bilər ki, bu daha mənim işim deyil, bunu da qoy
bir başqası düşünsün. Amma bu “bir
başqaları” kimdir və onlardan bizdə varmı? Bax bu məqamda
texnokrat alimlərin yadına salmaq istəyirik ki, bu “başqa məsələlər”
məhz ictimai elmlərin predmetinə daxildir. Təhsil – Elm –
Texnika – Texnologiya – Sənaye – İstehlak malları zəncirində
hər bir mərhələnin tam müstəqil bir dəyər
olmayıb həmin böyük zəncirin tərkib hissəsi
olmaqla, müəyyən ideoloji yönə malikdir. Bu ideoloji
yönü müəyyənləşdirən, cəmiyyətin
makrostrukturunu, daxili proseslərin qarşılıqlı nisbətini
təhlil edən onların müvafiq beynəlxalq proseslərlə
qarşılıqlı əlaqəsini öyrənən və
dövlət üçün təkliflər paketi
hazırlayan da məhz ictimai elmlər olmalıdır.
İndiyədək ictimai
elmlər öz üzərinə düşən bu məsul vəzifələri
yerinə yetirməyibsə, bu o demək deyildir ki, bu elmlərə
ehtiyac yoxdur. Biz təbiət elmlərindən real iqtisadi səmərə
gözlədiyimiz kimi, ictimai elmlərdən də dövlətin
strateji inkişaf xətti üçün elmi-metodoloji baza
rolunu oynamaq və ictimai praktikaya xidmət etmək mənasında
səmərəlilik gözləyirik. Lakin əlbəttə,
ictimai gerçəklik və dövlət siyasəti ilə
müvafiq elm sahələri arasında əks-əlaqə
sisteminin yaradılması təkcə elm adamlarından
asılı deyil. Bunun üçün müvafiq dövlət
orqanlarının və ictimai qurumların da təşəbbüs
göstərməsi tələb olunur.
Səlahəddin XƏLİLOV
525-ci qəzet.- 2010.- 6 yanvar.- S.4.