Zəngin
yaradıcılığın yeni səhifələri
Firuzə Məmmədli – 70
Çağdaş Azərbaycan
ədəbiyyatında Firuzə Məmmədlinin imzası
özünəməxsus yer tutur. Çoxşaxəli
yaradıcılığa malik Firuzə xanımın uzun illərdən
bəri həm poeziya, həm nəsr, həm də publisistika
sahəsindəki uğurlu fəaliyyəti onu Azərbaycan ədəbiyyatının
dəyərli nümayəndələrindən biri kimi
tanıdıb. Firuzə Məmmədlinin qələmindən
çıxmış çox sayda şeir, hekayə və
digər janrlarda olan əsərlər müəllifinə
böyük uğur gətirib, ona geniş oxucu məhəbbəti
qazandırıb. Ömrünün yeddinci onilliyinə yekun
vuran Firuzə Məmmədli bu gün də coşqun
yaradıcılıq ilhamı ilə yazıb-yaradır, əsərlərilə
oxucuları sevindirməkdə davam edir.
Təbii ki, yubilyar ədibimizin
yaradıcılığı tədqiqatçıların
diqqətindən kənarda deyil, onun əsərləri
haqqında ardıcıl olaraq məqalələr,
araşdırmalar qələmə alınır. Təqdim
etdiyimiz yazı da belə məqalələrdəndir. Həmçinin
yubileyi münasibətilə Firuzə xanımın keçən
il yazdığı şeirlərindən bir neçəsini
oxucularımıza təqdim edir, müəllifə
cansağlığı, yeni yaradıcılıq
uğurları arzulayırıq.
Tanınmış şairəmiz
Firuzə Məmmədlinin gərgin, çoxşaxəli
yaradıcılıq əməyinin bəhrəsi olan
“Seçilmiş əsərləri”nin V cildi bu yaxınlarda
işıq üzü görüb.
Hələ gənc
yaşlarından ədəbiyyat aləminə – şeirə,
poeziyaya gələn, hər misrasında bir insan ömrü
gizlənən şairənin “Seçilmiş əsərləri”nin
V cildində onun, yaradıcılığı haqqında
yazılan məqalələr, povestləri, hekayələri, səfər
qeydləri, müsahibə və məqalələrindən
nümunələr toplanıb.
Firuzə Məmmədli
yaradıcılığının ilk illərindən ədəbi
tənqidin diqqətini cəlb etmiş və o öz poetik
nümunələri ilə oxucularının dərin rəğbətini
qazanmışdı. Zaman keçdikcə oxucuları şair
Firuzə Məmmədlini nasir, dilçi-ədəbiyyatşünas
kimi də tanımağa başladı. Əlbəttə,
öz yaradıcılıq dünyasında bir neçə
sahəni əhatə edən, istər bədii, istər elmi,
istərsə də publisistik yaradıcılığında
oxucu qəlbini fəth edən istedadlı xanımın
çoxşaxəli yaradıcılıq dünyasından
danışmaq bir qədər məsuliyyətlidir. Bununla belə,
Firuzə Məmmədlinin “Seçilmiş əsərləri”nin
V cildi bizə imkan verir ki, bu dəfə onun nəsri
haqqında bir qədər geniş söhbət açaq.
Firuzə Məmmədlinin nəsri
də poetik nümunələri kimi ahəngdar, duyumlu, ürəyə
yatandır. Sənət adamı, söz xiridarı
üçün poeziya ilə nəsr arasında sərhəd
yoxdur. Sadəcə, xalq şairi Fikrət Qocanın təbirincə
desək, şeirə gəlməyən mövzular var. Şairsə
bu mövzulara arxa çevirib gedə bilmir. Nəsr və ya nəzmlə
yazılmasından asılı olmayaraq, Firuzə Məmmədli
qələmindən süzülüb gələn hər
misra, hər sətir öz orijinallığı ilə
seçilir.
V cilddə yer alan “Ruhun
qisası” povesti də belə nümunələrdəndir. Mövzu
aydındır: Qarabağ, erməni vəhşiliyi,
xalqımızın ən ağrılı problemlərindən
biri. Bu mövzuda yüzlərlə poetik nümunə, onlarla
nəsr əsəri yazılıb. Lakin Firuzə Məmmədlinin
orijinal, fərqli deyim, duyum tərzi bu mövzuda da
özünü göstərib. “Ruhun qisası” povestində
müəllif, türklərin qanına susamış bir erməni
ailəsində dünyaya gələn, xalqımıza
düşmən ruhunda tərbiyə alan qızın ruhən
necə əzab çəkməsini təsvir edir, müharibədə
qızın babası tərəfindən başı kəsilən
Əhməd adlı bir türk şəhidinin ruhunun onun cisminə
daxil olub son anda intiqam aldığından danışır.
Struktur baxımından bitkin
hekayələr toplumundan ibarət olan bu povest süjet
bağlantılarının orijinallığı, təsvir
imkanlarının əyaniliyi ilə seçilir.
Vətənə, torpağa
bağlılıq, milli təəssübkeşlik hissi müəllifin
bu kitabda yer alan digər nəsr nümunələrində –
“Atilla, Atilla, Atilla!“, “Müsibət” hekayələrində
daha qabarıq şəkildə əks olunub. Torpaq, vətən,
milli qeyrət hissi Firuzə Məmmədli nəsrinin başlıca
motivlərindəndir.
1980-ci ildə qələmə
alınmış “Sular sonası“ povesti də belə nəsr
nümunələrindəndir. Müəllif, əsəri 80-ci
illərdə yazmasına baxmayaraq, ilk dəfə 2005-ci ildə
çap etdirib. “Sular sonası“ povestinin süjet xətti iki gəncin
– Tərlan və Billurənin faciəvi taleyi üzərində
qurulub. Bununla yanaşı, müəllif ümumi hadisələr
fonunda təkcə gənclərin ağır həyatını
deyil, bir çox ictimai-siyasi hadisələrin real təsvirini
bədii planda əks etdirib.
Əsərin əsas qəhrəmanı
Tərlan əmisi Abdullanın evində böyüyür. Tərlan
“Fəhlə-kəndli hökuməti”ndə bir qul kimi istismar
olunur. Məhz gəncliyində çəkdiyi iztirablar, məhrumiyyətlər,
onu cinayətə sövq edir. Atası Abdullanın haram
çörəyi ilə böyüyən əmisi
qızı Billurəni öldürəndən sonra dəmir
barmaqlıqlar arasına düşən Tərlan etdiyi cinayətin
iztirablarını yaşayır. Əslində, Tərlanın
endirdiyi ölümcül zərbə iyrənc sovet
ideologiyasına yönələn zərbə idi. O
ideologiyanın ki, yetmiş il xalqımızın gözünə
kül üfürdü, sonra özünün məhv
olduğunu görüb, Qarabağ müharibəsini, 20 yanvar
faciəsini, Xocalı soyqırımını törətdi. Prokurorun
Tərlana qarşı irəli sürdüyü ittihama diqqət
yetirək: “...Ölkəmizin sosializm cəmiyyəti
qurduğu bir dövrdə, dünya proletariatının bizə,
bizim quruluşa, bizim qazandığımız qələbələrə
yeganə xilas yolu kimi baxdığı, heyran
qaldığı bir dövrdə içərimizdə həşərat
ömrü yaşayan, ağacı içindən qurd vuran
kimi bizi daxildən dağıtmağa çalışan xalq
düşmənləri, onların törəmələri hələ
də yaşamaqdadır”. Müəllif, prokurorun
çürük pafosdan ibarət nitqini əsərə daxil
etməklə bir daha təsdiqləyir ki, Tərlanın qatilə
çevrilməsi, məhz utopiyadan ibarət sərsəm
ideologiyanın nəticəsidir.
Nasir Firuzə Məmmədlinin
KQB rejiminin tüğyan etdiyi bir zamanda bu məsələləri
bədii fakturaya çevirməsi əsl vətəndaşlıq
mövqeyi idi.
Povestin digər qəhrəmanlarından
biri Billurədir. Billurə gözəldir, lakin onun gözəlliyi
zahiridir. O, atası Abdullanın sadə insanlardan
oğurladığı haram tikə ilə böyüyüb.
Tale elə gətirir ki, bir zamanlar Abdullanın törətdiyi
insanlıqdan kənar əməllər onun
qarşısına çıxır. Atası pul-rüşvət
hesabına öz dövranını sürsə də,
Tanrı onun əməllərinin
qarşılığını qızı Billurənin faciəvi
həyatında verir. Dörd körpə qardaşı ilə
tək qalan Billurə əlacsızlıqdan çirkaba
yuvarlanır, həm özü, həm də tərbiyə
aldığı cəmiyyət Tərlanın əli ilə cəzalandırılır.
Firuzə Məmmədli
“Sular sonası” povestində Azərbaycan nəsrində təsadüf
olunmayan bədii yeniliyə imza atıb. Nasir, əsərin
sonunda povestdə cərəyan edən hadisələrin əsas
personajlarının sonrakı taleyinə aydınlıq gətirib,
onların əsərə olan münasibətlərini
işıqlandırıb.
“Seçilmiş əsərlər”in
V cildinə daxil olan nəsr nümunələrindən biri də
“Köhnə məscid həyəti“ povestidir. Əsərin
olduqca maraqlı süjet xətti var. Povestin ilk bölümlərində
köhnə məscid həyəti təsvir olunur. Bu məscidin
həyətində bir erməni ailəsinə məxsus qaraj
var. Məhz bu anormallıq hadisələrin sonrakı
inkişafında baş verən anomaliyaların səbəbkarı,
enerji mənbəyi olur. Əsərdə cərəyan edən
hadisələr – pişiyin quyruğunun uzanması, insan ruhunun
tərəf-müqabillərinə köçürülməsi
də bu səbəblə bağlıdır.
Fikrimizcə,
yaşadığımız tarixi gerçəkliklərin bu
qədər aydın və sərt şəkildə bədii
nəsrə gətirilməsi, müəllifin
yaradıcılıq uğru ilə bərabər, Azərbaycan
nəsrinin ideya-məzmun zənginliyi ilə
bağlıdır.
Bütün yaradıcılığı
boyu cəmiyyəti narahat edən mövzulara toxunan, zamanın
nəbzini tutan, yaratdığı obrazlarda qlobal problemləri
işıqlandıran Firuzə Məmmədli V cildində
körpə balalarımızı da unutmayıb. Müəllif
kitabda uşaqlara həsr etdiyi nəsr nümunələrinə
belə bir başlıq verib: “Böyüklərə
uşaqlar haqqında”. Müəllif “Pərvanə” hekayəsində
altı kiçik hekayətlə bizi balaca Pərvanənin
uşaqlıq dünyasına aparır. Biz Pərvanənin məsum,
pak uşaqlıq dünyasında, geridə qalmış
uşaqlığımızı görürük. O
uşaqlığımızı ki, o illəri xatırlayanda
üzümüzə qeyri-ixtiyari təbəssüm qonur,
zamanın gərdişindən, həyatın çətin,
dolanbac yollarından geri qayıdıb, balaca Pərvanə, dəcəl
Zaur olmaq istəyirik. V cilddə yer alan “Mırr-Mıy”, “Ad
günü” kimi hekyələri oxuduqca əslində əhəmiyyət
vermədiyimiz, bəzən kiçik bir təbəssümümüzü
əsirgədiyimiz uşaqların necə böyük
dünyalarla yaşadığının şahidi olursan. Bunu
həssas yaradıcılıq duyumu ilə hiss edən Firuzə
Məmmədli böyükləri, balaca balalarımıza daha
diqqətlə yanaşmağa çağırır.
“Seçilmiş əsərləri”in
V cildinin bir bölməsi də “Ömrün axarı,
arzularımın baharı” adlanır. Bu bölmədə
müəllifin 1992-ci ildə Türkiyə Cümhuriyyətində
keçirilən “Şeir şöləni”nə gedərkən
yazdığı səfər qeydləri toplanıb. Bu qeydləri
oxuyarkən müəllifin uzun illər həsrətində
olduğumuz Türkiyə Cümhuriyyəti ilə baş
tutacaq görüşün həyəcanını, səfərə
özü ilə bərabər apardığı Qarabağ
yükünü, ağrılarını duymamaq mümkün
deyil.
“Müsahibələrdən
seçmələr” bölməsində isə F.Məmmədlinin
ötən illər ərzində KİV-ə verdiyi
müsahibələr dərc edilib. Burada oxucular onun
yaradıcılıq düşüncələri, sənət-poeziya
mükalimələri ilə tanış ola bilərlər.
“Seçilmiş əsərləri”in
V cildinin son bölməsində müəllifin elmi-publisistik məqalələri
yer alıb. Belə məqalələrdən biri orta əsrlərin
və Azərbaycanın ilk və ən görkəmli
qadın şairi olan Məhsəti Gəncəvinin
yaradıcılığına həsr edilib. Müəllif bu
məqalədə uzun zaman Məhsəti Gəncəvi şəxsiyyəti
haqqında yayılan yersiz dedi-qoduların puçluğunu
sübuta yetirir. Kitabda yer alan tədqiqatlardan biri də
“Y.V.Çəmənzəminli – daim gündəmdə olan
yazıçı” adlanır. Bu əsər bir daha təsdiqləyir
ki, F.Məmmədli Y.V.Çəmənzəminli
yaradıcılığını hərtərəfli,
geniş tədqiq edən alimlərimizdəndir.
“Seçilmiş əsərlər”in
V cildində yer alan elmi-publisistik məqalələr
sırasında müəllifin fərqli illərdə
yazdığı “Anarın “Ağ liman“ əsərində
tekstoloji anlamlar”, “Anar: şəxsiyyət və
yaradıcılıq ucalığı”, “Vaqif Yusifli
ömrünə təbrik buketi“, “Qapalı semantika” kimi dəyərli
əsərlərini mütləq qeyd etmək lazımdır.
Ümumiyyətlə,
“Seçilmiş əsərləri”nin V cildi gərgin zəhmətlə
uzun bir yaradıcılıq yolu keçmiş Firuzə Məmmədlinin
hələ də davam edən və davam edəcək
yaradıcılıq yolunun çox dəyərli bəhrəsidir.
Bəhram CƏFƏROĞLU,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin elmi işçisi
525-ci qəzet.- 2010.- 7 yanvar.- S.7.