Nizami ZÖHRABİ –55

 

İşığa doğru gedən adam

 

Əslində, 55 yaş yubiley sayılmır. Amma könlünə yatmış, sayğı duyduğun Adam haqqında düşüncələrini söyləmək və ya qələmə almaq üçün rəsmən yubiley kimi qəbul olunmuş rəqəmləri gözləmək lazım deyil. Mən də gözəl İnsan, dəyərli Ziyalı, bənzərsiz şair-publisist Nizami Zöhrabi barədə illərdən bəri düşündüklərimi 55 yaş bəhanəsi ilə kağıza köçürmək istədim.

Bilirəm, Nizami yazını oxuyanda özünəxas təvazökarlıqla təşəkkür eləyəcək. Amma gərək onu da bilsin ki, neçə-neçə illər ərzində abırla, namusla, səmimiyyətlə yazıb-yaratdığına, Vətəndaş və Ziyalı borcunu vicdanla yerinə yetirdiyinə görə bizim, şəxsən mənim ona təşəkkür borcum var.

Nizami Zöhrabini ortaq dostumuz, Türkiyənin Bakıdakı səfirliyinin sabiq mədəniyyət müşaviri, Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafı üçün böyük zəhmət çəkmiş, hazırda İstanbul Mərmərə Universitetinin müəllimi, doktor Fəthi Gədikli vasitəsilə tanımışam. Tanıyıb... təəssüflənmişəm ki, uzun illər yolumuz hardasa kəsişməyib, Nizaminin yazıb-yaratdıqlarından yerli-yataqlı xəbər tuta bilməmişəm. Amma “Heç vaxt olmamasından, gec olması yaxşıdı” mənasını verən bir rus məsəli var. Yaxşı ki, ömrün 50-sini haqlayandan sonrasa sözə, ədəbiyyata, mədəniyyətimizə bağlılığımız bizi bir-birimizə rast gətirdi...

Nizami Zöhrabi ömrün 55-nə çatdığına təəssüflənməsin gərək. Yaşadığı illərə görə alnıaçıq, üzüağdı...

Nizami Zöhrabi Yardımlıda doğulub, mənə həmişə elə gəlir, könlünün ucalığı, adamlara münasibətində səmimililiyi, poetik sözə bu qədər vurğunluğu elə dağların əmanətidi. Uzun illər üzə çıxarmasa da, şeirlərinin, sonralar qələmə aldığı publisistik yazılarının cövhəri də o başı buludlardan nəm çəkən dağlardan, durna gözlü bulaqlardan, zümrüd donlu meşələrdəndi. Sonra o vaxtkı Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universitetində) təhsil alıb, çoxlarımız kimi bir çox sahələrdə çalışıb, amma sözə olan sevgisini heç vaxt itirməyib. Bu da heyrətamizdi ki, Nizami Zöhrabi yazılarını 40 yaşından sonra üzə çıxarmağı məsləhət bilib. Bəlkə ona görə ki, insan 40 yaşını ötəndən sonra müdriklik hüququna çatır. Üstəlik, ən gözəl əsərlər 40 yaşından sonra qələmə alınır. Cavanlıq nə qədər duyğulara bağlı olursa, yetkinlik də o qədər ağıla üstünlük verir.

O vaxtacan Nizami Zöhrabi oxuyub-öyrənməklə, həyatdan, yaşadıqlarından, gördüklərindən dərs almaqla məşğul olub. İndi onunla üzbəüz oturanda hiss eləyirsən ki, dünyanın yaxşısını-pisini görmüş, Taleyin çətinliklərindən keçmiş, gözü-könlü tox insanla təmasda olursan. Nizami adi şeylər haqqında da başdansovdu, ötəri danışa bilmir, qəlbinin odunu, düşüncələrinin siqlətini dilindən çıxan kəlmələrə qatmamış söyləmir. Həm də gördüyü işləri bir çoxları kimi gözə soxmur, xalqın boynuna minnət qoymur, əksinə, öz boynunun borcu sayır. “Balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər” – bu qiymətli atalar sözünü hər dəfə Nizami Zöhrabiylə rastlaşanda xatırlayıram, bu da heç təsadüf deyil.

Nizami Zöhrabi şəxsi ağrılarını qabartmağı, kiminsə dərdinə çevirməyi sevmir... O, ümumun dərdini özününküləşdirməyi bacarır – bu da hamıya qismət olmayan insanlıq istedadıdı...

Nizami Zöhrabinin Qanlı Yanvarla bağlı yazdığı şeirindən bir bənd yadıma düşür:

 

Sənə qədər fərd idik,

Ululara dərd idik.,

Bütünləşdik, bərkidik,

Cövhər oldun sanki sən...

 

Nizami Zöhrabinin yaradıcılığında “birləşmək, bütövləşmək” motivi qızıl xətlə keçir. Onun əsərlərinin mövzusu, üslubu, qayəsi də fərqlidi. O idillik əhvalatları və ya “lüt-üryan” hədəfləri qələmə almır. Nizami Zöhrabinin qəhrəmanları könül sultanlarıdı – Məhəmməd (ə) peyğəmbərdi, Fateh Sultan Mehmetdi, Qazi Atatürkdü. O, qəhrəmanlarının ömür yolunu öyrənmək üçün arayıb-axtarıb, tapdıqları ideyaları dərk eləmək naminə illərlə oxuduqlarını duyğularının, düşüncələrinin süzgəcindən keçirib. Əlbəttə, belə böyük şəxsiyyətlərin həyatına, əməllərinə, düşüncələrinə müraciət eləmək hər bir qələmindən böyük məsuliyyət tələb eləyir. Nizami Zöhrabi də həmin yükün ağırlığını duyub, səbrlə öz yaşantılarını qələmə alıb.

Nizami Zöhrabinin 2002-2003-cü illərdə qələmə aldığı “Məkkədən doğan günəş” (“Xatəmül-Ənbiya”) ikihissəli mənzum romanı Həzrəti Məhəmmədə (s) Azərbaycan türkcəsində həsr olunmuş ilk monumental əsər kimi dəyərləndirilir. Klassik poeziyamızdan doğru-düzgün bəhrələnən müəllif Həzrəti-Rəsuli Əkrəmin həyatının Mövluddan Hicrətədək və Hicrətdən Rihlətədək olan dövrlərini əhatə eləyir. Nizami Zöhrabi özünü oxucularına belə tanıdır:

 

...oxucum, sən məni tanı:

Sözümün mənbəyi hikmətlər kanı...

Kim onun birindən olsa xəbərdar,

Eyləyər düz yola özünü vadar.

Şirin meyvəsini dadan bu bağın

Qoymaz şər əməli özünə yaxın.

 

Professor Mircəfər Həsənov əsər haqqında belə yazır: “Kitab yüksək bədii ustalıqla, təmiz və sadə Azərbaycan türkcəsində yazılmışdır, Peyğəmbərimizə (s) layiq bir töhfədir... Şübhəsiz, Allah və onun həbibi Həzrəti – Məhəmməd (s) müəllifin təfəkkürünə işıq saçmış, onun təfəkkürünü nurlandırmış, sözünə və nitqinə rövnəq vermişdir”.

Türkiyəli araşdırmaçı Nail Tansa əsər haqqında belə yazır: “Azərbaycan türkcəsini bütün gözəlliyilə ortaya qoyan, sadə, axıcı dildə yazılan bu əsər bildiyim qədəriylə dünyada təkdir. Çox zəngin əsər olub müəllifinin bir ərəb yox, türk olması bizə qürur verir. Əsər müxtəlif yönlərdən araşdırılmalı, bütün islam dünyasına tanıdılmalıdır”. (“Erciyes” dergisi, 2007-ci il, sayı 349)

Nizami Zöhrabinin İstanbulun Fəthinin ildönümünə həsr elədiyi “Fatih” mənzum romanı (2004) da çoxillik araşdırmaların və Allahın bəxş elədiyi ilhamın nəticəsidi. O, türk tarixinin ən möhtəşəm hadisələrindən birini Azərbaycan ədəbiyyatına gətirməklə Anadolu türklərilə Azərbaycan türkləri arasında bağların nə qədər qədim, möhkəm olduğunu göstərir. Əsəri Türkiyə türkcəsinə uyğulayan doktor Fəthi Gədikli “əski məsnəvi tərzinin davamı olan” bu tərzdə əsər qələmə almağın nə qədər çətin olduğunu tutarlı faktlarla sübuta yetirir. Oxucuya müraciətində:

 

Aç, əzizim, aç mənim açılmamış pərdəmi,

Keçsin sözlə, sənətlə həyatının hər dəmi.

Gör gəlib hüzuruna şair kimlə bərabər,

Gör olmuşmu cahanda

Mehmet kimi hünərvər?!-

 

deyib, böyük fəthin şanlı tarixini ilhamının qüdrətiylə təsvir eləyir. Fəthi Gədiklinin dililə desək, “əsəri oxuyanda qardaş ölkə Azərbaycanla inanc, dil, kültür və duyğu ortaqlılığımızın nə qədər dərin köklərə sahib olduğunu bir daha qavrayacaqsınız”.

Almaniyada yaşayan yazıçı Orxan Arassa yazır: “Şübhəsiz, bu qədər axıcı və təmiz dillə yazılmış qəhrəmanlıq dastanını danışmaq asan deyil. Nizami bəy kitabında sadəcə danışmaq deyil, söz kimi də hamımızın ruhuna xitab eləyən söz çələngi yaratmışdır”.

Nizami Zöhrabinin hələlik böyük trilogiyadan ibarət olan yaradıcılığının üçüncü əsəri Mustafa Kamal Atatürkün xatirəsinə ithaf, Türkiyə Cümhuriyyətinin 85-ci ildönümündə bütün türk dünyasının ərməğan elədiyi “Ulu Türkün Öndəri” mənzum romanıdı. Ömrünün 3 ilini (2004-2007) verdiyi, İstanbul, Çanaqqala, Ankarada Atatürklə bağlı yerləri dolaşa-dolaşa nəzmə çevirdiyi bu əsərində Nizami Zöhrabi “...bütün türk dünyasını görüşdürür, bir millətin müxtəlif yerlərdə yaşayan mənsublarının bir-birilərini dərdləri ilə dərdləndiklərini, kədərlərilə kədərləndiklərini, sevincləri ilə sevindiklərini təsirli bir biçimdə dilə gətirərək bu dünyanın mənəvi və mədəni birliyini bir daha vurğulayır...”. (F.Gədikli). Həyatı, mübarizəsi, düşüncələri həmişə milli özünüdərkin başlıca güc qaynaqlarından olan Böyük Atatürkün ömür yolunu misralara düzmək əlbəttə müəllifin bir daha xidmətidi.

Mübaliğəsiz deyim, Nizami Zöhrabi Türkiyə ədəbi mühitində Azərbaycandakından qat-qat çox tanınır. Fəthi Gədiklinin xidməti sayəsində hər üç əsəri Türkiyə türkcəsinə çevrilib, İstanbulda böyük tirajla çap olunub. Tanınmış ziyalılar onun haqqında rəğbət dolu fikirlər söyləyir, Azərbaycan-Türkiyə mənəvi bağlarının möhkəmləndirilməsindəki rolunu qeyd eləyirlər.

2008-ci ildə Kayseridə keçirilən “Azərbaycandan Anadoluya uzanan şair: Nizami Zöhrabi” adlı konfransı bu mənada onun xidmətlərinə sayğı əlaməti hesab eləmək olar. Konfransda Nizami Zöhrabinin əsərləri, eləcə də mədəniyyətlərimizin qarşılıqlı əlaqələri sahəsində gördüyü işlərdən danışılıb.

Nizami Zöhrabinin danılmaz xidmətlərindən biri də şübhəsiz ki, “Yom” Türk Dünyası Mədəniyyət dərgisinin işıq üzü görməsidi. F.Gədiklinin yaxından iştirakı ilə qurulan, səhifələrində türkdilli xalqların mənəviyyatına, mədəniyyətinə, dilinə, ədəbiyyatına, tarixinə dair sanballı araşdırmalar çap eləyən dərginin 12 sayının yükünü çəkmək asan deyil. İndi İstanbulda F.Gədiklinin nəşrinə davam elədiyi dərgi artıq iki dəfə də oxucularla görüşüb. Üstəlik, F.Gədikli ilə dərginin kitablarını nəşr eləyiblər. Artıq çapdan çıxan 14 kitab arasında Atatürkə, Qafqaz İslam Ordusuna, Nuru Paşaya, Türk şəhidlərinə həsr olunmuş nəşrlər, eyni zamanda görkəmli ədiblərin əsərləri də var.

Nizami Zöhrabinin böyük sevgiylə qələmə aldığı şeirləri bəstəkarların da diqqətini çəkib. Görkəmi bəstəkar, respublikanın xalq artisti, professor Tofiq Bakıxanov onun sözlərinə “Dünya durduqca yaşa!” marşını yazıb. Böyük Atatürkə həsr olunmuş bu ilk marş 2009-cu il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 86-cı ildönümündə Bakı Musiqi Akademiyasında uğurla ifa olunub.

Nizami Zöhrabi “Ulu Türkün Öndəri” əsərinə belə bir epiqraf verib:

 

Sarıldım Haqqın ipinə

Dünyadan bac almaq üçün.

Endim həyatın dibinə

Göylərə ucalmaq üçün.

 

O, “göylərə ucalmaq üçün” işığa doğru gedən uca mənəviyyat yolunu – düzgünlüyü, saflığı, səmimiyyəti, Vətənə, millətə həmişə borclu olmağı seçib. “Onun Türklüyün və Türk dünyasının mənəvi və mədəni birliyinə duyduğu möhkəm inanca olduğu kimi, hər cür şəraitdə dik duran, əyilməyən, doğru bildiyindən geri çəkilməyən yüksək insani xislətlərinə şahidəm” – F.Gədikli

Nizami Zöhrabinin çox tutumlu portretini belə cızır. İnanıram ki, hazırda Türkiyənin Bakıdakı səfirliyini mədəniyyət müşaviri hörmətli Melda xanım Araz da birgə işlədiyi Nizami Zöhrabi haqqında eyni məzmunlu sözləri deyər. Bir neçə ay əvvəl Türkiyə səfərim vaxtı onun diqqətini və dəqiqliyinin şahidi oldum: az qala hər gün zəng vurub bizi arayır, bir çətinliyimizin olub-olmadığıyla maraqlanırdı.

Nizami Zöhrabinin doğulub boya-başa çatdığı Yardımlıda gözəl dostlarım – ədəbiyyatşünas, fəlsəfə elmləri namizədi Sabir Bəşirov, nasir Aslan Quliyev, şairlər Emil Məmməd, Fikrət Şahbazlı... var. Hər dəfə yolum Yardımlıya düşəndə Nizamiyə zəng vurur, səsindəki yurd sevgisini açıq-aşkar duyuram; hər dəfə də iş-gücdən vaxt tapıb gedə bilmədiyinə görə təəssüflənir...

İş-gücündən də xəbər tutdunuz: Nizami Zöhrabi vəzifəsini yerinə yetirməklə yanaşı, İnsanlıq və Ziyalılıq borclarını da unutmur...

Hələ onu dilindən şəxsi qayğılarıyla bağlı sözlər eşitməmişəm...

Hər dəfə o yadıma düşəndə “işığa doğru gedən Adam” ifadəsi ağlıma gəlir...

İnsan 40 yaşından (hələ 55 yaşı demirəm) sonra çətin dəyişir...

 

 

Nəriman ƏBDÜLRƏHMANLI

 

525-ci qəzet. - 2010.- 7 yanvar.- S.6.