Bir səsin
sehrinə düşdüm...
Sanki başqa
bir dünyaya düşmüşdüm. Həzin,
kövrək bir səs mələk kimi məni öz qanadları üzərinə qaldıraraq,
əsrarəngiz bir aləmə aparmışdı.
Bu aləmdə hər
şey bəmbəyaz
idi. Mənə elə gəlirdi ki, bu səs
məni pəmbə buludlardan da yuxarı qaldırıb.
Bu bəyazlığın içərisində
ağ olmayan tək bircə şey vardı. Bu da məni real aləmdən qoparıb, asimanın ənginliklərinə
qaldıran həmin səs idi. O səsin rəngi al qırmızı idi və sübh çağı üfüqdən
boylanan günəşə
bənzəyirdi. Günəşə
bənzədiyindən idi
ki, vücudumu doğma bir hərarət bürüməkdə
idi. O səs oxuyurdu, ürəkdən oxuyurdu, duya-duya oxuyurdu, yana-yana oxuyurdu. O səsdə həyat var idi, sevgi var
idi, saf duyğular var idi. O səsdə Rübabə Muradova yanğısı, Şövkət
Ələkbərova həzinliyi,
Flora Kərimova üsyankarlığı
var idi. Və bir də
o səsdə dinləyənlər
üçün ağrılı,
acılı keçmiş,
xoşbəxt gələcəyə
ümid, inam var idi. O səsə
əsir olmuşdum, o səs pərdə-pərdə
yüksəldikcə mən
də onunla bərabər yerdən uzaqlaşırdım. Birdən
səs kəsildi və bayaqdan bəri üzərində
süzdüyüm bəyazlıq
da, al rəngə çalan o səs də bircə anda yox oldular
və mən xəyallar aləmindən
ayrılıb real həyata
qayıtdım.
Murad müəllimin
otağında əyləşib,
“Qarabağ bülbülləri”
ansamblının məşqinə
baxırdım. Dəfələrlə
beynəlxalq və ümumittifaq müsabiqə
və festivalların laureatı olmuş, Azərbaycan səhnəsinə
onlarla peşəkar musiqiçi vermiş, qırx ilə yaxın bir müddətdə Murad Rzayevin rəhbərlik etdiyi “Qarabağ bülbülləri” ansamblı
Ağdamın işğalından
sonra Bakıda uçuq-sökük bir binanın yarımzirzəmisindəki
xırda otağa sığınıb. Şəraitsizliyə
baxmayaraq canında sənət yanğısı
olan istedadlı uşaqlar hər gün bura yığışırlar
və Murad müəllim sağlamlığı
bahasına bu uşaqlara sənətin sirlərini öyrədir.
Elə məni də reallıqdan qoparan o uşaqlardan biri idi. Hələ
çox gənc olan, amma yetkin
istedada malik bir qız. Adını
soruşdum, utana-utana:
“Turan” – dedi.
Böyük sənətin
astanasında olan bu qız qarşımda
əyləşib, ürkək
baxışlarını üzümə
zilləmişdi. Gözlərim
Turanın məsum üzünə baxsa da, mən bu
anda yenə da başqa bir
aləmdə idim. Onun səsindəki yanğı içimdə
elə bir təlatüm yaratmışdı
ki, xəyalım buxovları qıraraq üz tutmuşdu doğma Qarabağa, on yeddi ildir havasına,
suyuna, torpağına
həsrət qaldığımız
sevimli bir məkana. Xəyalım əngin səmalarda qartal kimi qanad
çalaraq, İsa bulağını, Cıdır
düzünü, Daşaltını,
ordan enib, Ağdamda Şelli dağlarını, Qozlu bağı, Abdal-Gülablının
buz bulaqlarını, Şahbulağı, daha haraları seyr edirdi və on yeddi illik həsrətdən
qurtulmağa çalışırdı.
Hə, məni məndən alıb, Qarabağa aparan bu səs sahibinin
də on yeddi yaşı var. Turan Səfərli 1992-ci ilin oktyabr ayının 31-də
Bakı şəhərində
dünyaya gəlib, ancaq o, Ağdamda da doğula bilərdi. Lakin mənfur ermənilərin
aramsız hücumları
və Ağdamı müntəzəm bombardman
etmələri yenicə
ailə həyatı qurmuş Rövşənlə
Afət xanımı doğma el-obadan çıxıb, bir çoxları kimi Bakı şəhərinə
üz tutmağa məcbur etdi və Turan da,
kiçik bacısı
Kəmalə də ağdamlı olsalar da, dünyaya ağdamsızlıqda göz
açdılar. On yeddi
ildir ki, Ağdam həsrəti gənc Turanın kövrək duyğularına
hakim kəsilib və bu həsrət
Turanın səsinə
elə bir yanğı qatıb ki, onu dinləyəndə
adamın vücudunu həsrət dolu bir hərarət bürüyür. Turan Bakı şəhərindəki
20 saylı orta məktəbdə təhsil
alıb. Eyni zamanda musiqi məktəbində piano sinfinə
də gedib. Onun yaxşı səsi olduğunu görən musiqi müəllimləri Turanı
məktəb tədbirlərinə
cəlb ediblər və beləcə o, kövrək, lakin inamlı addımlarla səhnəyə qədəm
basmağa başlayıb.
Turan Səfərli indi Musiqi Kollecinin
səs sinfində təhsil alır. Lirik sopranodur. Müəllimi Tatyana Mixaylovna Napadır. Təcrübəli pedaqoq,
Turanın istedadını
görüb onunla yorulmadan məşğul olur və inanır
ki, yetirməsi yaxın gələcəkdə
opera səhnəsində Karmenin,
Aidanın, Sevilin və daha neçə-neçə
maraqlı obrazın mahir ifaçısı olacaq. Mən də inanıram. Həm də içimdən gələn
daxili bir inam mənə deyir ki, Turan
çox keçmədən
dünyanın böyük
səhnələrini, ən
tələbkar dinləyicilərinin
ürəklərini fəth
edəcək.
Səsin sehri
Gənc müğənni
Turan Səfərlini dinləyərkən
Sardı vücudumu
bu səs, bu səda,
Qərq etdi qəlbimi alova, oda.
Allahı sevənlər
yetişsin dada,
Bu səsin
sehrinə düşmüşəm,
Allah.
Tanrı müjdəçisi
– çapardı bu səs,
Ruhumu canımdan
qopardı bu səs,
Məni səmalara
apardı bu səs,
Bu səsin
sehrinə düşmüşəm,
Allah.
Geriyə qaytardı
ötən illəri,
Qəlbimdə bitirdi qönçə gülləri,
Cövlana gətirdi
coşqun selləri,
Bu səsin
sehrinə düşmüşəm,
Allah.
Sanki bu səs gəlir ərşü-əladan,
Bu səs
möcüzədir Allah-təaladan,
Sən özün
hifz eylə dərddən, bəladan,
Bu səsin
sehrinə düşmüşəm,
Allah.
GERMAN
şair-publisist
525-ci qəzet.- 2010.- 8 yanvar.- S.7.