Sənət sirlərinin fatehi

 

Azərbaycan musiqi mədəniyyəti tarixində öz dəst-xətti, üslubu ilə seçilən və özünə layiqli yer tutan sənətkarlardan biri də respublikamızın xalq artisti, məşhur muğam ustası Mənsum İbrahimovdur. Lirik, məlahətli səsə malik olan bu müğənni uzun illərdir ki, öz nəğmələri və xalq mahnıları ilə, yüksək professionallıqla ifa etdiyi muğam və təsniflərlə musiqisevər xalqımızın sevimlisinə çevrilib.

Qarabağ torpağının gözəl, füsunkar guşələrindən biri olan Ağdam rayonunun İmamqulubəyli kəndində ziyalı bir ailədə dünyaya göz açan Mənsum uşaqlıq illərini bu kənddə keçirib. Hələ uşaq ikən musiqiyə böyük həvəs göstərən Mənsum yeniyetmə çağlarında kənd toylarındakı, el məclislərindəki, rəsmi rayon konsertlərindəki ilk ifası ilə diqqəti cəlb etməyə başlayır. Onun o illərdə rayon və respublika səviyyəsində keçirilən musiqi festivallarındakı çıxışları isə musiqişünaslar tərəfindən yüksək qiymətləndirilirdi.

Görkəmli sənətkarlarımız Şövkət Ələkbərova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Vahid Abdullayev və başqaları bu gəncin məharətlə ifa etdiyi xalq mahnıları və muğamlar haqqında yüksək fikirlər söyləyərək, onun gələcəkdə böyük müğənni olacağına heç də şübhə etmirdilər.

Musiqiyə olan bu böyük həvəs, qəlbində, köksündə çağlayan o musiqi eşqi Mənsum İbrahimovu Bakıya gətirib çıxarır və o, 1982-ci ildə Asəf Zeynallı adına Bakı musiqi texnikumuna, görkəmli muğam ustası və bilicisi Vahid Abdullayevin muğam şöbəsinə daxil olur. Vahid Abdullayevdən muğam sənətimizin bütün sirlərinə və incəliklərinə yiyələnməyə başlayan Mənsum hələ 3-cü kursda oxuyarkən 1985-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika muğam müsabiqəsinin qalibi olur.

Bu, Mənsum İbrahimovun professional musiqi aləminə, sənət yoluna qədəm basan bir musiqiçi kimi ilk uğuru, ilk qələbəsi olur.

Yaradıcılığında mühüm rol oynayan bu müsabiqədə Mənsum İbrahimov müsiflər heyətinin rəhbəri, görkəmli sənətkarımız Şövkət xanım Ələkbərova ilə yaxından tanış olur və diplomu ona məhz Şövkət xanım təqdim edir. Diplom təqdimatı zamanı Şövkət xanımın onun haqqında söylədiyi fikirləri, ona verdiyi məsləhətləri, tövsiyələri Mənsum həmişə fəxarət hissi ilə xatırlayır və böyük sənətkarın bu qayğıkeşliyini yaradıcılığının sənət zirvəsinə doğru yüksəlişində parlaq bir mayak kimi qiymətləndirir.

Təhsil aldığı musiqi ocağında Mənsum tez-tez Şövkət Ələkbərovanın da sinfinə baş çəkər, onun ifalarına böyük məmnuniyyətlə qulaq asar, tələbələrinə verdiyi dərsləri izləyər və sənətkarı dinləməkdən həmişə böyük zövq alardı. Artıq gənc müğənninin yaradıcılığı ilə tanış olan, onun səsini, ifaçılıq məharətini yüksək qiymətləndirən və gələcəkdə həqiqətən də böyük müğənni olacağına qətiyyən şübhə etməyən Şövkət xanım Ələkbərova 1985-ci ildə hələ tələbə ikən Mənsum İbrahimovu Azərbaycan Dövlət Opera və Balet teatrına dəvət edir. Görkəmli sənətkarımızın məsləhəti və xahişi ilə respublikamızın ali musiqi ocağına qəbul olunan Mənsum İbrahimovun həyatında yeni yaradıcılıq dövrü başlayır və o, indi həmin günləri həyat və yaradıcılığının ən əziz bir anları kimi xatırlayır.

Artıq Dövlət Opera və Balet teatrında fəaliyyət göstərən müğənni muğam, xalq mahnıları və klassik musiqimizin sirlərinə daha dərindən yiyələnməkdən ötrü 1987-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində təhsilini davam etdirir.

89-ci illərin axırlarında Mənsum İbrahimovun opera teatrının səhnəsindəki ilk rolu dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasındakı Zeyd obrazı oldu. Addımbaaddım Məcnunun arxasınca gəzərək, onun eşq, məhəbbət aləmindəki ülvi hisslərini, çırpıntılarını həssaslıqla anlayan və bütün əzab və iztirablarına şərik olub onları yüngülləşdirməyə çalışan Zeydin mənəvi sarsıntılarını yüksək professionallıqla səsləndirən Mənsumun ilk ifası tamaşaçılar tərəfindən sevildi.

Müvəffəqiyyətlə keçən birinci tamaşadan sonra getdikcə püxtələşməyə başlayan müğənniyə teatr rəhbərliyi daha mühüm obrazları etibar etməyi məsləhət bildi. Gərgin məşqlərdən sonra Mənsum İbrahimov “Leyli və Məcnun” da İbn Səlamı, “Aşıq Qərib” də aşıq Səlimi, “Şah İsmayıl” da zəvvarı və başqa rolları ifa etməyə başladı.

Mənsumun qəlbinə, köksünə sığışmayan və coşub-daşan talantının təcəssümü idi ki, artıq o, bu rollarla kifayətlənmirdi və bunu hiss edən teatr rəhbərliyi, bədii şuranın üzvləri ona “Leyli və Məcnun”da Məcnunu oynamağı etibar etdilər. Teatrın baş rejissoru və öz işinin yüksək professionalı Hafiz Quliyevlə birgə keçən altı aylıq gərgin məşqlərdən sonra 25 iyun 1993-cü ildə Opera və Balet teatrının möhtəşəm səhnəsində Mənsum İbrahimovun və gənc müğənni Gülyaz Məmmədovanın iştirakı ilə “Leyli və Məcnun” un ilk premyerası oldu.

Zamanın sərt sınaqlarından üzü ağ çıxmış bu dahi sənət əsəri nəhayət 50-60 yaşlı leylilərdən və məcnunlardan “canını qurtararaq” daha da təravətləndi, cavanlaşdı, Leylinin və Qeysin pak məhəbbəti Mənsumun və Gülyazın ifasında yeni çalarlarla zənginləşdi.

Mənsum İbrahimovun Məcnun rolunda ilk çıxışını həmkarları da maraqla gözləyirdi. Görəsən, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Ələkbərov kimi səhnə korifeylərindən sonra onun bu rolu ifa etməyə cəsarəti çatacaqmı? Ədalət naminə deyək ki, Mənsum İbrahimov böyük cəsarət nümayiş etdirdi, bütün muğamların həm bəmində, həm də zilində cəsarətlə “gəzişdi”. Onun “Şam işıqlı” pərdəsində “Şahnaz” muğamı üstündə dərin qəlb hıçqırtıları ilə vurduğu yanıqlı zəngulələr tamaşaçıları riqqətə gətirdi. “Ya rəbb, bəlayi-eşq ilə qıl aşına məni, Bir dəm bəlayi–eşqdən etmə cüda məni” söyləyən və tədricən Məcnuna çevrilməyə başlayan Qeysin faciəsini Mənsum elə yanıqlı səslə və ustalıqla çatdırırdı ki, zalda əyləşən sənətkarlar da, muğam xiridarları da onun bu ustalığını və cəsarətini sürəkli alqışlarla mükafatlandırırdılar.

Hüseynqulu Sarabskinin Məcnunu xatırladan bu ifa zalda əyləşənlər tərəfindən tamaşa boyu dəfələrlə alqışlandı. Həmin anları Mənsum indi də həyəcanla xatırlayır: “Tamaşanın finalında çox həyəcanlı idim. Fikirləşirdim ki, görəsən, alındımı? Lakin tamaşaçıların sürəkli alqışları məni özümə qaytardı. Bu alqışları eşitdikcə həm kövrəlirdim, həm də çox sevinirdim, çünki bu, mənim Məcnun kimi ilk qələbəm, ilk alqışlarım idi”.

Sənət yollarında ilk uğurlar qazanan müğənni gərgin məşqlər sayəsində nailiyyətlər əldə etməyə başlayır. Tanrının bəxş etdiyi şirin və məlahətli səsə sahib olan Mənsum qısa bir müddətdə Opera və Balet teatrının səhnəsində oynanılan əksər operaların baş qəhrəmanlarının ifaçısı kimi tanınır.

Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Qərib, görkəmli bəstəkarımız Şəfiqə Axundovanın “Gəlin qayası”nda Camal, Vaqif Mustafayevin “Vaqif” operasında xanəndə, Vasif Adıgözəlovun “Natəvan”ında xanəndə və başqa rolları müvəffəqiyyətlə ifa edən Mənsum İbrahimov artıq tamaşaçıların sevimlisinə çevrilir, tamaşaçılar bu möhtəşəm musiqi ocağına məhz Mənsumu dinləməkdən ötrü can atırdılar.

Tərəf müqabillərindən söhbət açan zaman Mənsum zarafatla qeyd edir: “Füzulinin Məcnununun bir Leylisi var idi, mənim Məcnunumun isə yeddi Leylisi var”.

1924, 1925, 1931, 1958 və 1965-ci illərdə yeni quruluş verilmiş bu əsərdə Leyli obrazını Həqiqət Rzayeva, Yavər Kələntərli, Gülxar Həsənova, Sima Haşımova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Flora Kərimova, Nəzakət Məmmədova, Səkinə İsmayılova kimi sənətkarlar yaradıblar. Bu görkəmli sənətkarların davamçıları, Leyli obrazının müasir ifaçıları Respublikamızın Xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Gülyaz Məmmədova, Gülüstan Əliyeva və başqaları sevimli Məcnunları – Mənsum İbrahimovun səsini, ifaçılıq məharətini yüksək qiymətləndirərək, onunla tərəf müqabili kimi səhnədə oynayarkən özlərini təmamilə “rahat və arxayın” hiss etdiklərini söyləyirlər.

Rəngarəng ifaçılıq diapozonuna sahib olan Mənsum İbrahimovun dövlət tədbirlərində, böyük konsert salonlarında, televiziya kanallarında çıxışlarını xüsusilə qeyd etmək lazımdır. Elə bir dövlət tədbiri yoxdur ki, Mənsum orada xalq musiqimizi, muğamlarımızı təmsil etməsin. Yüksək səs tembrinə malik olan müğənni muğamları sanki özəlləşdirir, onları yalnız özünə xas olan bir üslubda, “mənsumsayağı” ifa edir. Məlahətli və yanıqlı səslə oxuduğu “Bayatı-Şiraz” muğamı isə Mənsumun özünün də öz ifasından zövq aldığı muğamlardan biridir. Adama elə gəlir ki, bu möhtəşəm muğam Mənsumun səsinə biçilib, onun səsindən ötrü yaranıb. Daha çox ifaçılıq məharəti, incəliyi və hissiyyatı tələb edən “Segah”ı müğənni öz qəlbinə uyğun bir kövrəkliklə ifa edir. Qəhrəmanlıq əzmi ilə dolu olan “Rast”, “Çahargah”, “Şahnaz” muğamları Mənsumun ifasında necə də möhtəşəm səslənir! Bəs ritmik muğamlar? “Arazbarı”, “Simayi-Şəms” sanki müğənninin köksündəki, qəlbindəki iniltinin təzahürüdür, “Heyratı” öz əzmliliyi, çağırışı ilə daha çox fərqlənir və qələbə əzmi ilə döyünən ürəyin çağırışıdır. Möhtəşəm “Qarabağ şikəstəsi” isə Mənsumun doğma vətənindən ötrü darıxdığı anların çırpıntılarıdır.

Artıq püxtələnmiş bir xanəndə kimi Mənsum İbrahimovun pedoqoji fəaliyyətindən də söz açmaq yəqin ki, yerinə düşər. 1998-ci ildən Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasında pedoqoji fəaliyyətini davam etdirən sənətkar sənətinin sirlərini tələbələrinə öyrətməyə çalışır.

2005-ci ilin muğam müsabiqəsinin qalibi, 2009-cu ilin Beynəlxaq muğam müsabiqəsinin “Qran-Pri” mükafatının sahibi Təyyar Bayramov, 2007-ci ilin muğam müsabiqəsinin qalibi, hamımızın sevimlisi Elməddin İbrahimov Mənsum İbrahimovun tələbələridir.

Bütün bu musabiqələrdə münsiflər heyətinin üzvü kimi çıxış edən, dosent Mənsum İbrahimovun müsabiqə iştirakçılarının çıxışlarına verdiyi dəqiq və düzgün təhlillər, iştirakçılara etdiyi tövsiyələr onun yüksək professionallığından xəbər verir.

Mənsum İbrahimovun Dünya və Avropa səhnələrindəki çıxışları oxucularımıza yaxşı məlumdur. Dünyanın otuzdan çox ölkəsindəki konsert proqramlarında o, xalq musiqimizi və muğamlarımızı layiqincə təmsil edərək mədəniyyətimizə, incəsənətimizə, musiqimizə olan hörmət və ehtiramı daha da yüksəklərə qaldırır.

Mədəniyyət və incəsənət aləmindəki yüksək xidmətlərinə görə Mənsum İbrahimov 1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2005-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Musiqi dünyasında belə bir hikmət var: Sənətkar o vaxt şəxsiyyətə çevrilir ki, onun məktəbi olur. Əgər bu gün “Leyli və Məcnun ” Avropa səhnələrində müasir quruluşda səslənirsə, gənc əməkdar artist Təyyar Bayramov möhtəşəm “Şah İsmayıl” operasında Şah İsmayılı böyük müvəffəqiyyətlə ifa edirsə, iyirmi tələbəsinin iştirakı ilə möhtəşəm, canlı konsert proqramı səslənirsə, bəs bu, məktəb deyilmi?

Yüksək səhnə mədəniyyəti ilə bərabər, həyatda da Tanrının ona bəxş etdiyi xeyirxahlığı, tərbiyəsi, ədəb-ərkanı, mehribançılığı və vəfalı dostluğu ilə də seçilən əziz dostum Mənsuma bu yolda böyük uğurlar arzulayıram.

 

 

Məhsun QƏDİROV

 

525-ci qəzet.- 2010.- 8 yanvar.- S.6.