Tənqidçilər
yazarların cavabını verdi
Nərgiz Cabbarlı: "Əslində mən
"Azadlıq" və "Öləngi"
romanlarının meydana çıxmasında Markesin nə dərəcədə
rolu olub, bax, bu məsələləri araşdırmağa
çalışmışdım"
Tehran Əlişanoğlu: "Əgər
kiminsə bizim məqaləmizlə bağlı razılaşmadığı
məqamlar varsa və bunu mətbuata söyləyirsə, bunun
özü ədəbiyyata bir xidmətdir"
Əsəd Cahangir: "Hələ bir insan deməmişdi ki, Azərbaycanda Pərviz adlı bir yazıçı var..."
Qəzetimizin ötən sayında müasir ədəbi tənqidin durumu ilə bağlı vəziyyəti aydınlaşdırmağa çalışmış, yazarların fikirləri ilə sizləri tanış etmişdik. Yazıçılar daha çox ədəbi tənqidlə məşğul olanları həfədə almış, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli ədəbi tənqidçiləri savadsızlıqda ittiham etmişdi. Pərviz Cəbrayıl da tənqidçilər Nərgiz Cabbarlı, Tehran Əlişanoğlu, Əsəd Cahangirin ünvanına müəyyən tənqidi fikirlər səsləndirmişdi.
Bəs
görəsən səslənən fikirlərlə
bağlı tənqidçilərin özləri nə
düşünür?
"Öləngi" mənim
üçün xüsusi diqqətə layiq əsər
olmayıb
"Beşik"
Nəşriyyatının direktoru, tənqidçi Nərgiz
Cabbarlı deyir ki, o Pərvizin "Öləngi"
romanına xüsusi olaraq münasibət bildirməyib:
""Oxşarlar və paralellər" məqaləsində
mən ayrıca olaraq Pərvizin "Öləngi"
romanına münasibət bildirməmişəm. Bu, müasir
Azərbaycan ədəbiyyatına və xüsusilə də
adı çəkilən romana Markesin "Patriarxın
payızı" təsiri ilə bağlı
yazılmış bir məqalə idi. Yazıda Afaq Məsudun
"Azadlıq", Pərvizin "Öləngi"
romanları "Patriarxın payızı"na
oxşarlıq baxımından təhlil edilirdi. O dövr -
90-cı illərin əvvəllərində prezidentin şəxsiyyəti,
şəxsi həyatının bədii formada təsviri
müasir Azərbaycan ədəbiyyatı üçün
yenilik idi. Məqalədə qarşıya qoyulan məqsəd
də bu üç əsər arasında
oxşarlıqları, paralelləri ortaya çıxarmaq idi.
Yəni ayrıca olaraq "Öləngi"nin təhlilindən
söhbət getmirdi. Konkret olaraq üç
prezidentin oxşar cəhətləri, bizim
yazıçıların niyə bu istiqamətə meyl
göstərməsi, "Azadlıq" və "Öləngi"
romanlarının meydana çıxmasında Markesin nə dərəcədə
rolu olub, bax, bu məsələləri araşdırmağa
çalışmışdım. "Öləngi" mənim
üçün xüsusi diqqətə layiq əsər
olmayıb. Sadəcə qeyd etdiyim məqam mənim
üçün tənqidçi kimi maraqlı idi. Məsələn Afaq Məsudun "Azadlıq"
romanında başqa maraqlı məqamlar da vardı, ancaq mənim
diqqətimi çəkən daha çox söylədiyim məqam
idi. Çünki yəqin bilirsiniz ki, həmin zamanlarda Afaq Məsud
özü "Patriarxın payızını" tərcümə
etmişdi. Tərcüməçi kimi bizim dilə
çevirdiyi əsər yazıçı kimi Afaq Məsuda
istər-istəməz təsir göstərmişdi, mən
öz məqaləmdə bunu sübuta yetirmişəm. Məqalə
ilə bağlı vəziyyət belədir"
Tənqidçi həmişə
"pis adamdır"...
Ekpert müasir ədəbi tənqidin vəziyyəti ilə bağlı fikirlərini də bölüşdü: "İndi kiminlə danışsanız, deyəcəklər ki, müasir tənqid zəifdir, tənqidlə davamlı məşğul olan yoxdur və yaxud ədəbiyyatı davamlı olaraq izləmirlər. Bunu tənqidçi olmayan insanlar, yaxud yaradıcılıqları tənqidçilərin diqqətini çəkməyən yazıçı və şairlər deyirlər. Yaradıcılıqları ədəbi tənqidin müəyyən qədər hədəfinə çevrilə bilən insanlar isə bu sahədən razı görsənir. Amma bir məsələ xüsusi olaraq qeyd edilməlidir. Bizdə o insanların yaradıcılığı təhlil olunur ki, o insanla tənqidçi arasında qarşılıqlı şəxsi münasibət var. Hətta tənqidçi yoldaşlarımızdan mənə müraciət edənlər də olub ki, bizim bazarımızı niyə öldürürsən? Yəni, hansısa yazıçı və şair əlini cibinə salmadığı halda niyə onun haqqında yazı yazırsan? Çox təəssüf ki, əksər hallarda maraq təmin olunmadığı halda yazıçı, şairin yaradıcılığı haqqında heç nə yazılmır. Əlbəttə bu işə haqq qazandırmaq üçün deyə bilərlər ki, jurnallar qonorar vermir, maddi imkanlar pisdir. Amma maddi durumunun ağır olması belə heç kimə haqq qazandırmır. Bəzən hallarda isə mənə təklif ediblər ki, gəl bizim qrupun tənqidçisi ol, bazar dili desək bizi reklam elə, bizdə sənin üçün istənilən şəraiti yaradaq.
Təəssüf ki, gizli razılaşmaların olması halları da mövcuddur. Digər tərəfdən yazıçı-tənqidçi qarşıdurmasına davam gətirməyib ədəbi tənqiddən uzaqlaşan insanların sayı da az deyil. Belə hallar əvvəl də olub, indi də var, gələcəkdə də olacaq. Tənqidçi həmişə "pis adamdır", təbii ki, şairin və yazıçının gözündə. Bizim psixologiyamızda nöqsanları göstərən insan yaxşı kimi qavranıla bilməz. Baxmayaraq ki, özləri də əsərləri vasitəsilə cəmiyyətdəki nöqsanları, çatışmazlıqları tənqid edirlər, yəni özləri də hardasa tənqidçidirlər. Yəni əslində yazıçılar daha dözümlü olmalıdırlar, ancaq özlərində bu xüsusiyyəti formalaşdıra bilmirlər. Məhz bu səbəbdən bir çox maraqlı insanlar ədəbi tənqidi buraxıb ədəbiyyatşünaslıq tarixi, elm sahəsinə keçiblər. Çünki elm sahəsində ciddi təpkiyə məruz qalma halı yoxdur. Yaradıcılıqla müstəqil məşğul olmaq imkanları var. Ümumiyyətlə çox az tənqidçi əlini ürəyinin üstünə qoyub deyə bilər ki, münasibətə əsaslanmadan əsər, mətn haqqında fikir yürüdürəm. Əgər araşdırsanız və 60 faiz ədəbi tənqidi məqaləyə rast gəlsəniz, hesab edin ki, bu artıq çox böyük rəqəmdir. Azərbaycan mühitində özünə sadiq qalmağı bacaran ədəbi tənqidçiləri isə qəhrəman kimi qiymətləndirirəm".
Bəs
görəsən Nərgiz xanım əlini ürəyinin
üstünə qoyub deyə bilərmi ki, mənim yazdığım
ədəbi tənqidi məqalələr münasibətə
əsaslanmır".
"Şəxsiyyətcə ən
naqis insan belə yaxşı yazıçı ola bilər"
Nərgiz
Cabbarlı özünün də münasibətə əsaslanan
məqalələr yazdığını etriaf edir: "Mən
əlimi ürəyimin üstünə qoyub rahat deyə bilərəm
ki, yazanda ancaq mətn haqqında yazmışam. Hətta elə
hal olub ki, şəxsiyyətinə nifrət etdiyim insanın əsəri
haqqında tam obyektiv qeydlər etmişəm. Mən
Yazıçılar Birliyində işləmişəm, o
mühitin içində olmuşam. O mühitə girdiyimə
görə hardasa peşimançılıq hissi də
keçirirəm ki, əbədiyyata olan sevgim,
yazıçıya olan münasibətim o mühitdə
korlanıb. Bu mühitə düşməmişdən əvvəl
belə fikirləşirdim ki, şəxsiyyəti kamil olmayan
insandan heç vaxt yaxşı yazıçı
çıxmaz. Amma Yazıçılar Birliyində işləyəndən
sonra görmüşəm ki, şəxsiyyətcə ən
naqis insan belə yaxşı yazıçı ola bilər.
Adamlar olub ki, onların şəxsiyyəti mane qane etməyib,
amma yazdığı əsər məni qane edib və mətn
haqqında yüksək fikirlər yazmışam. Bir sözlə
mənim vicdanım rahatdır. Çox əziyyətli
prosesdir ki, sən yazanda müəllifi o yana itələyəsən,
ancaq əsəri düşünəsən. Bu çox
çətin prosesdir, həqiqi mənada çətindir. Amma
ilkin yaradıcılıq dövlərində olub ki, şəxsi
münasibət yazılarıma təsir göstərib. Yəni
hansısa şairlə, yazıçı ilə normal
münasibətlərim olub, bu isə onun əsəri
haqqındakı yazıya müəyyən qədər təsir
göstərib. Məqalənin içində bu məqam boy
verib. Belə yazılar yaradıcılığımın cəmi
3-4 faizini təşkil edir".
"Suç bizimdir"
Tehran Əlişanoğlu isə deyir ki, ədəbiyyatda böhran anları olarkən ilk yada düşənlərdən biri də ədəbi tənqid olur:
"Çünki ədəbi tənqid ədəbiyyatın bir növ refleksiyasıdır. Ədəbi tənqiddən şikayət varsa, bu, ədəbiyyatın sözügedən istiqamətinə olan ehtiyacı göstərir. Mən Ramiz müəllimin məhşur məqaləsi ilə bağlı fikirlərimi bölüşmüş, yazdığım yazıda öz günahımızı boynuma almışdım. Məqalənin adı belə idi: "Suç bizimdir". Ədəbi tənqidin indiki vəziyyətə düşməsində bizim də günahımız var. Bir neçə köklü məqam o yazıda göstərilmişdi. İlk növbədə ədəbi gedişatda yaranan problemin haradan yarandığına diqqət yetirmək lazımdır. Əgər kök tapılmayıbsa, ədəbi tənqidçilər deyə bilməz ki, ədəbiyyatın bu günki günündən baş açırıq. Bununla belə ədəbi tənqidin potensialının olduğu da mənə gün kimi aydındır. O mənada ki, qələm işlədən tənqidçilər var. Yeri gəldikcə sözlərini də deyirlər. Şəxsən mən belə tənqidçilər sırasında Rüstəm Kamalın, Cavanşir Yusiflinin adını çəkə bilərəm. Onlar ədəbiyyat haqqında köklü fikir söyləyən tənqidçilərdir. Mən özüm gündəlik ədəbi prosesdə o qədər də aktiv deyiləm. Ancaq "Tənqid.net" jurnal buraxıram. Qeyd elədiyim köklü problemləri orada işıqlandırıq ki, əbədiyyatımızın dərdi nədir?".
Tənqidçi deyir ki, əgər onun haqqında tənqidi fikirlər səslənibsə, bu, elə ədəbi tənqidin xidmətidir:
"Əgər
kiminsə bizim məqaləmizlə bağlı
razılaşmadığı məqamlar varsa və bunu mətbuata
söyləyirsə, bunun özü ədəbiyyata bir xidmətdir.
Ədəbiyyatın irəli getməsini şərtləndirir".
"Kolleqalarıma... hörmətim
yoxdur"
Haqqında tənqidi fikir səsləndirilənlərdən biri - Əsəd Cahangir isə deyir ki, Azərbaycanda ümumiyyətlə tənqidçi yoxdur: "Şəxsən mən müasir ədəbi tənqidin vəziyyətini çox pis qiymətləndirirəm. Azərbaycanda bu gün tənqidçi adını daşıya biləcək normal qələm sahibi görmürəm. Rusiyanın, Türkiyənin jurnalları ilə tanış olur, internet saytlarına girəndə, müəyyən materiallarla tanış olanda adam özünə tənqidçi deməyə utanır. Həm intelektual, həm də mənəvi baxımdan biz çox geridə qalırıq. Tənqidçinin cəsarətli və obyektiv olması əsas şərtdir, ancaq təəssüf ki, bizdə məhz bu amillər çatışmır. Diletantlar indiki qarşıqlıqdan istifadə edib özlərini tənqidçi kimi qələmə verirlər. Ədəbi tənqidçilik əslində çox çətindir. Çünki ədəbi tənqidçi həm şair, həm nasir, həm dramaturq, həm filosof, həm də cəngavər olmalıdır. Bu keyfiyyətlərin bircəciyinə də nail olmayan adam gəlir, deyir ki, mən tənqidçiyəm. Guya professional sayılan təndiqçilərin də bəzən intellekti, bəzən istedadı, bəzən də cəsarəti çatışmır ki, onları tənqidçi adlandırasan. Tənqidçilərin əksəriyyətinin xarakterində dəstəbazlıq, yerlibazlıq, dostbazlıq, qohumbazlıq dərin kök salıb. Bundan başqa tənqidçilərdə çox pis bir meyl duyuram. Onlarda yazıçını, şairi özünə tabe etmək meyli güclənib. Kiminsə haqqında bir yazı yazmaqla onun boynuna minnət qoymuş kimi özlərini aparırlar. Halbuki kiminsə əsəri haqqında nəsə yazmaq tənqidçinin borcudur. Görürsən ki, istedadlı bir insan çox gözəl bir əsər yazdığı halda belə onun haqqında ən yaxşı halda susurlar. Yaxşı əsəri pisləmək kimi hallara da rast gəlinir. Bu mənada mənim kolleqalarıma yaradıcılıq baxımından hörmətim yoxdur".
Əsəd Cahangirin Pərvizin ittihamlarına reaksiyası da kifayət qədər sərt oldu: "Mən "Öləngi"ni 2000-ci ildə oxumuşdum. 2000-ci ildən keçən doqquz il ərzində hələ bir insan deməmişdi ki, Azərbaycanda Pərviz adlı bir yazıçı var və o "Öləngi"ni çox zəif yazıb. Mən bəlkə də yeganə adamam ki, belə bir zəif roman var cümləsini işlətmişəm. Birinci növbədə buna görə Pərviz mənə minətdar olmalıdır. İkincisi mənim o yazımdan sonra Pərvizin adı xeyli aktuallaşıb. Mənim yazım icmal xarakterli bir yazı olub və təxminən yarım səhifə yer Pərvizə ayırılıb. İndi mən təəccüblənirəm ki, yarım səhifə yazı necə böyük təsir malik olub, ilahi... İki ildi ki, Pərviz internet saytlarında, müxtəlif müsahibələrində, münasibət ifadə elədiyi sorğulara cavablarında dəfələrlə bu məsələnin üzərinə qayıdır. Hətta mən şübhələnirəm ki, Pərviz məni tənqiddən özü üçün reklam kimi istifadə edir. Mən əslində onu başa düşürəm. Çünki bir yazıçı kimi onun adını çəkən yoxdur".
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2010.- 13 yanvar.-
S.10.