“O, rəqqas olmaq üçün doğulub

 

TANINMIŞ SƏNƏTKAR RÜFƏT XƏLİLZADƏ TƏLƏBƏSİ AQŞİN ƏLƏKBƏRZADƏNİN İSTEDADINA VƏ GƏLƏCƏYİN MAHİR RƏQQASI OLACAĞINA İNANIR

 

Rəqs hərəkətdə olan gözəllikdir, sanki ruhun, daxili dünyamızın dinamikasıdır. Hər rəqsin öz ahəngi, cazibəsi var: “Tərəkəmə”, “Köçəri”, “Uzundərə”, “Yallı”, “Mirzəyi”, “Çobanlar”, “Qazağı”...Onların hər biri tariximizin, mədəniyyətimizin misilsiz sərvətidir bu səbəbdən rəqs həm insan genetikası ilə bağlıdır. O mənada ki, məsələn, “Tərəkəmərəqsini başqa millətin nümayəndəsi bütün incəliklərinə qədər duya, ifa edə bilməz. Milli rəqslərin hər biri ayrı aləmdir, sözsüz danışıqdır. Burada dil susur.... Danışan musiqi, hərəkət, plastika, əllər, ayaqlar, baxışlar, üzün ifadəsidir. İllər keçir, nəsillər dəyişir, minilliklərin o üzündən süzülüb gələn rəqslərimiz isə həmişəcavan qalır. Rəqslərimizi yaşadan, onu həmişəcavan saxlayan adlısanlı rəqs müəllimləri, onların varisləri olan gənc istedadlardır. Milli rəqslərimizə böyük maraq göstərən onları məharətlə ifa edən istedadlı yeniyetmələrdən biri Aqşin Ələkbərzadədir. O 1995-ci ildə Bakıda anadan olub. 2001-ci ildə Nəsimi rayonunda yerləşən Tahir Həsənov adına 23 saylı orta məktəbin birinci sinfinə gedib. 6 yaşından Nizami rayon Uşaq Yeniyetmələrin Yaradıcılıq MərkəzininAzəri incilərirəqs kollektivinə solist götürülən A.Ələkbərzadə rəqs sənətinin incəliklərini dərindən öyrənmək üçün 2007-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Hazırda sözügedən məktəbin 9-cu sinfində təhsil alır. Eyni zamanda məktəbinBakının ulduzlarıansamblının üzvüdür. A.Ələkbərzadənin sözlərinə görə, rəqsə hələ uşaq yaşlarından böyük maraq göstərib. Onda rəqsə marağı isə müəllimi xalq artisti Rüfət Xəlilzadə oyadıb. Elə R.Xəlilzadənin təkidi ilə A.ƏləkbərzadəAzəri incilərirəqs qrupuna üzv yazılıb.

Kollektivin qatıldığı bütün tədbirlərdə solist kimi iştirak edir: “Məndə rəqqaslığa maraq Rüfət Xəlilzadənin rəqslərini izlədikdən sonra yaranıb. Onun peşəkar ifası mənə rəqqaslıq sənətini sevdirib. Artıq 10 ildir ki, müəllimim mənə bu sənətin sirlərini öyrədir, klassik və xalq rəqsinin incəliklərinə yiyələndirir. Buna görə ona çox minnətdaram. Mənim ən böyük arzum isə müəllimim kimi peşəkar rəqqas olmaqdır”. A.Ələkbərzadənin sözlərinə görə, artıq 4-cü ildir ki, Heydər Əliyev adına Sarayda keçirilən bütün rəsmi uşaq tədbirlərində iştirak etmək üçün “Azəri inciləri” mahnı və rəqs kollektivi sarayın müdiriyyəti tərəfindən dəvət alır. Rəqs kollektivi xeyriyyə konsertlərində də məmnuniyyətlə iştirak edir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi məktəb və xəstəxanalarda xeyriyyə konsertləri verir. “Azəri inciləri” rəqs kollektivi neçə ildir ki, Türkiyədə keçirilən ənənəvi 23 Nisan Çocuq Bayramında uğurla çıxış edib. 2005-06-cı illərdə Türkiyənin Antalya şəhərində Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən, dünyanın 15 ölkəsindən 650 uşaq və yeniyetmələrin iştirak etdiyi festivalda isə “Azəri inciləri” rəqs kollektivi 1-ci yeri tutub. “Azəri inciləri”nin təqdim etdiyi hər bir rəqsin motivlərinə uyğun kompozisiya quruluşu hazırlanır. Bu isə özlüyündə rəqsləri daha baxımlı, daha maraqlı edir. Qrupun hazırladığı bütün rəqslər milli musiqi və rəqs ənənələrimizin zənginliyindən, milli folklorumuzu müasir həyatımızda bu gün də yaşatmağımızdan xəbər verir. Buna görə də qrupun rəqsləri hər kəs tərəfindən böyük maraqla qarşılanır”.

A.Ələkbərzadə deyir ki, “Azəri inciləri” rəqs qrupu 2008-ci ilin iyul ayında Krım şəhərində yerləşən Beynəlxalq uşaq mərkəzi “ARTEK”də keçirilən Uşaq festivalında Azərbaycanı layiqincə təmsil edib: “Biz festivalda Azerbaycanın incəsənətini, mədəniyyətini və folklorunu nümayiş edirdik. “ARTEK”də “Ölkə günü” də keçirildi. Orada bütün ölkələrdən olan uşaqlar öz bayraqlarını ölkə himninin sədaları altında qaldırırdılar. Biz də Azərbaycanın bayrağını qaldırıb, dövlət himnimizi səsləndirdik. Sonra isə böyuk bir səhnədə konsert proqramı keçirildi və biz “Qarabağ” süitası, “Köçəri” rəqslərini, xalq mahnılarımızı və nağaralarda “Azərbaycan ritmləri”ni ifa etdik”. A.Ələkbərzadənin dediyinə görə, ötən il onun üzvü olduğu Bakı Xoreoqrafiya Məktəbinin “Bakının ulduzları” ansamblı Belçikada keçirilən “Sen Jislen” beynəlxalq rəqs festivalına qatılıb. Xalq artisti Yusif Qasımovun rəhbərliyi altında çıxış edən ansamblın Belçika səfəri Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə baş tutub. Festivalda “Bakının ulduzları” uğurla çıxış edib. Sonra isə Brüsselin Bozar sarayında ansamblın konserti olub. Azərbaycan Dövlət Rəqs ansamblının solisti, xalq artisti Rüfət Xəlilzadə sevimli tələbəsinin gələcəyinə böyük ümid bəsləyir: “Aqşin Ələkbərzadə rəqqas olmaq üçün doğulub və bu sənəti çox sevir. İnanıram ki, gələcəkdə o, peşəkar bir rəqqas kimi Azərbaycan incəsənətini layiqincə təmsil edəcək”.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2010.- 14 yanvar.- S.7.