Kamil Nəcəfzadənin
yubiley sərgisi nümayiş olunur
Dövlət
İncəsənət Muzeyində xalq rəssamı Kamil Nəcəfzadənin
80 illik yubileyinə həsr olunmuş sərgi
açılıb. Təbdirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının
sədri, xalq rəssamı Fərhad Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin
sədri, şeyxülislam
hacı Allahşükür
Paşazadə, Rəssamlıq
Akademiyasının rektoru,
xalq rəssamı Ömər Eldarov, xalq artisti Rasim Balayev, şair Ramiz Heydər və başqaları K.Nəcəfzadənin mənalı
ömür yolundan, özünəməxsus yaradıcılıq
üslubundan, bənzərsiz
sənətkarlığından söhbət açıblar.
Çıxış edənlər
“Azərbaycanfilm” kinostudiyasında
quruluşçu rəssam
kimi fəaliyyətə
başlayan K.Nəcəfzadənin 40 il ərzində onlarla kinofilmin yaranmasında iştirak etdiyini diqqətə çatdırıblar:
“Kamil Nəcəfzadənin
fəaliyyəti yalnız
kinofilmlərə verdiyi
tərtibatla yekunlaşmır,
rəssam həmçinin
rəngkarlıq, qrafika
və teatr sənətində də öz sözünü deməyi bacarıb. O, respublikamızda və xaricdə keçirilən
bir çox rəssamlıq sərgilərinin
iştirakçısı, fərdi sərgilərin müəllifi kimi tanınır. Onun əsərləri bu gün də öz aktuallığını
itirməyib və tamaşaçılar tərəfindən
yüksək dəyərləndirilir”.
K.Nəcəfzadə
çıxışında bundan sonra da ömrünü
doğma Vətənin gözəlliklərinin təsvirinə
həsr edəcəyini bildirib. Qeyd edək ki, sərgidə rəssamın
“Abşeronda səhər”, “Qara daşlar”, “Neft daşları”,
“Axşam”, “Köhnə şəhər” rəsm əsərləri,
həmçinin “Əsas müsahibə”, “Bir cənub şəhərində”,
“Uzaq sahillərdə”, “Mən ki gözəl deyildim”, “Sən
niyə susursan?”, “Bizi bağışlayın” və bu kimi
60-dan artıq əsəri nümayiş etdirilir. Sərgi bir həftə
davam edəcək.
SARA
525-ci qəzet.- 2010.- 14 yanvar.- S.7.