Naxçıvan: uğurlu inkişafın əsas amili

 

Tarixçi alimlərin, xüsusən də arxeoloq və etnoqrafların Naxçıvan torpağı ilə bağlı belə bir deyimləri var: Burada hər daşın, hər qayanın altında bir tarix yatır. Bu qədim və kəşməkeşli tarixi isə sübut edən mənbələr, amillər çoxdur. Buna misal olaraq ilk növbədə antiq, orta əsrlər və müasir dövr tariximizə mənsub olan maddi-mədəniyyət nümunələrini və tarixi abidələri göstərmək olar.

“Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”- xalqımızın ümummilli lideri Heydər Əliyev Mömünə xatun məqbərəsini ziyarət edərkən bu sözləri söyləyib. Dahi öndər “bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik” deyərək bu sənət əsərinin çoxəsrlik dövlətçilik ənənələrimizin yaşadılması istiqamətində oynadığı rola da toxunub: “Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması barədə qərar qəbul edə bilərdilərmi?”.

Mömünə xatun məqbərəsitək, Qarabağlar türbəsu, Gülüstan Yusif Küseyir oğlu, Şərq hamamı, Xan Sarayı, Buzxana, İmamzadə və Zaviyyə-mədrəsə abidə-kompleksi də milli dövlətçilik ənənələrimizin nişanələridir.

Müstəqillik dövrümüzdə inşa olunan memarlıq inciləri də az deyil. Nuh peyğəmbərin məzarüstü türbəsi, Hüseyn Cavid, Dədə Qoqud və “Ana dili” abidələri də onlardan biridir. Bu abidələrin hər biri də inşa tarixindən asılı olmayaraq orta əsrlərdə məşhur olan və əsası usdad memar Əcəmi tərəfindən qoyulan Naxçıvan memarlıq məktəbinin ənənələri əsasında inşa olunub. Bunlar həm də əsrlərin və nəsillərin estafetinin yaşadılması olub.

Sovet dönəmində Naxçıvan şəhəri muxtar respublikanın paytaxtı olsa da, daha çox əyalət mərkəzitək tanınıb. Söz düşəndə də çox zaman onu Lənkəran, Şəki, Şirvan, Ağdam şəhərləri ilə müqayisə ediblər. Müstəqillik dövrümüzdə isə onun statusu xeyli dəyişib. Bu ilk növbədə yerləşdiyi geostrateji mövqe nəzərə alınmaqla Əsas Qanunumuzda-Konstitusiyada regiona muxtar dövlət statusunun verilməsi ilə bağlı olub. Bu halda da düşmən mühasirəsi şəraitində yaşayan bölgənin sosial-iqtisadi və hərbi cəhətdən inkişafı və möhkəmlənməsi vacib bilinib. Böyük uzaqgörənliklə həyata keçirilən, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və uğurla davam etdirilən dövlət siyasəti də bu amala xidmət edir.

Naxçıvan Muxtar Respublikasının müasir inkişaf yoluna nəzər salsaq görərik ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulan yeni həyat quruculuğu xətti 1995-ci il 12 noyabr tarixindən – “Heydər Əliyev Konstitusiyası” adlandırılan ilk müstəqil Konstitusiyamızın qəbulundan sonra dönmədən və ardıcıllıqla həyata kecirilməyə başlanıb. Bu dövr müstəqil dövlətçilik tariximizdə olduğu kimi, Naxçıvanın müasir tarixində də yeni mərhələnin başlanğıcını qoyub. 1995-ci ilin 16 dekabr günü qədim diyarın sakinləri üçün həm də onunla əlamətdar və yaddaqalan olub ki, onlar özlərinə yenidən düzgün rəhbər seçimi imkanı əldə ediblər, bu şansdan da doğru istifadə edə biliblər. Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan MR Ali Məclisinin deputatı Vasif Talıbovun muxtar respublika Ali Məclisinin sədri seçilməsi uğurlu inkişafın əsasını qoyub. Məhz bu tarixdən bölgədə yeni həyat quruculuğu xətti böyük istək və məhəbbətlə, coşqun enerji ilə davam etdirilməyə başlanılıb. Son on beş ildə istər sosial, istərsə də iqtisadi inkişaf sahəsində qazanılan uğurlar da ilk növbədə bu amilə söykənib.

Son on beş il ərzində Naxçıvan sürətlə inkişaf edib. 163 yeni təhsil, 135 səhiyyə, 143 mədəniyyət müəssisəsi tikilib, 105 körpü salınıb. Muxtar respublikada mövcud olan 207 kənd yaşayış məskənindən elə bir ünvan tapmaq olmaz ki, orada indiki quruculuq ərmağanlarının üç-dörd nişanəsi olmasın. 70-dən artıq kənddə isə quruculuq tədbirləri kompleks şəkildə həyata keçirilib, həmin ünvanlara şəhər mədəniyyəti gətirilib.

Ötən müddət ərzində muxtar respublikanın paytaxt şəhəri olan Naxçıvan daha da gözəlləşib. Yeni və müasir layihə əsasında inşa olunan təhsil ocaqları, səhiyyə-sağlamlıq müəssisələri, mədəniyyət, istirahət və idman obyektləri, inzibati banalar onu Avropanın gözəl şəhərləri sırasına çıxarıb. Hər bir tikilidə müasir şəhərsalma mədəniyyətinin ən qabaqcıl elementlərindən istifadə olunub. Çoxmərtəbəli yaşayış binalarında aparılan əsaslı təmir və yenidənqurma tədbirləri diqqəti daha çox cəlb edir. Bu mənada onu ölkəmizin paytaxt şəhəri olan Bakıda aparılan quruculuq tədbirləri ilə də müqayisə etmək olar.

Ötən ilin ən mühüm və əlamətdar hadisələrindən biri də, şübhəsiz ki, ölkə prezidentinin sərəncamı ilə muxtariyyat statusunun 85 illik yubileyinin keçirilməsi olub. Avqust ayının 4-də ölkə rəhbərinin iştirakı ilə keçirilən yubiley mərasimi regiona göstərilən böyük diqqət və qayğının təzahürünə çevrilib. Əvvəlki səfərlərdə olduğu kimi muxtar respublikaya növbəti səfəri çərçivəsində də ölkə Prezidenti bir sıra yeni obyektlərin–Heydər Əliyev Sarayının, Şərur Olimpiya-İdman Kompleksinin, Naxçıvan Doğum Mərkəzinin, Şahmat Mərkəzinin, “Badamlı” Mineral Sular Zavodunun, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının açılış mərasimlərində iştirak etmiş, muxtar respublikada tikilən yeraltı qaz anbarının texniki sxemi və hərbi hissə ilə tanış olub.

Dövlət başçımız böyük istək və zövqlə həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirib: “Naxçıvan gündən-günə gözəlləşir, abadlaşır... Keçən bir il ərzində Naxçıvanda çox böyük, gözəl, müsbətə doğru dəyişikliklər baş vermişdir. Həm yeni müəssisələr yaradılır, həm də şəhər gözəlləşir, abadlaşır. Naxçıvanda yaşayan insanlar əminəm ki, bu gözəl dəyişikliklərdən böyük qürur hissi duyurlar”. Ölkə prezidenti bu qədim və müasir diyarı “nurlu və işıqlı şəhər” adlandırıb.

...Naxçıvan torpağı məmləkətimiz üçün həmişə strateji əhəmiyyətli bir bölgə olub. Dünyanın görkəmli dövlət xadimlərindən biri olan Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub. Bəlkə də elə bu mənada müdrik insan, dahi rəhbər siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın   möhkəmlənməsinə və inkişafına xüsusi qayğı və diqqət göstərib. Bu amil də torpaqlarımıza zaman-zaman göz tikən bədxah və yaramaz erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puc olmalarında önəmli rol oynayıb.

Prezident İlham Əliyev də bu ənənəni, siyasi xətti uğurla davam etdirməyə çalşır. Naxçıvana səfəri çərçivəsində ictimaiyyat nümayəndələri ilə görüşlərində belə bir amili də xüsusi vurğulayıb ki, “Naxçıvana daim xüsusi diqqət göstərilməlidir. Naxçıvan Azərbaycanın qədim diyarıdır, qədim torpağıdır, strateji əhəmiyyətə malikdir”.

Dünənə qədər əyalət mərkəzini xatırladan, bu gün isə ölkəmizin mühüm ictimai-siyasi mərkəzlərindən birinə çevrilən bu şəhər həm də dünyanın kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən böyük və nüfuzlu toplantılara, tədbirlərə, mərasimlərə “ev sahibliyi” edir. Aparılan quruculuq tədbirləri nəinki ölkə miqyaslı, hətta beynəlxalq səviyyəli tədbirlərin də burada keçirilməsinə zəmin yaradıb. Ötən il oktyabr ayının 2-də və 3-də Türkdilli Ölkələrin Dövlət Başçılarının Doqquzuncu Zirvə görüşünün Naxçıvanda keçirilməsi muxtar respublikanın dünya miqyasında tanıdılmasında mühüm rol oynayıb. Türk dünyasının böyük siyasət xadimləri olan Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev də muxtar respublikanın bugünkü sosial-iqtisadi inkişafınından razı qalıblar.

Bir sözlə, son on beş il ərzində Naxçıvanda dəyişən təkcə regionun statusu olmayıb. Muxtar Respublika həqiqətən inkişaf və tərəqqi dövrünə daxil olub. Təbii ki, bu inkişafda Muxtar Respublika Ali Məclisini sədri Vasif Talıbovun böyük xidmətləri var.

Dövlətimizin başçısı cənab İlham Əliyev də muxtar respublikanın 85 illik yubiley mərasimindəki nitqində son illərdə görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək “Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”,-deyib.

Xalq şairi Bəxtiyar Vahabzadənin poetik ifadəsi ilə desək , O, “bu dünyaya öz odundan nur verməyə” və “bu dünyada olmayanı yaşatmağa” gələn insanlardan biridir. O həm də Naxçıvanın ictimai-siyasi tarixinə qurucu və yaradıcı rəhbər kimi daxil olub.

 

 

Məmməd MƏMMƏDOV

 

525-ci qəzet.- 2010.- 14 yanvar.- S.2.