Teymur Göyçayev
klassik musiqi həvəskarları ilə
görüşüb
Dövlət Musiqi Mədəniyyəti
Muzeyinin (DMMM) nəzdindəki
Klassik Musiqi Həvəskarları Klubu
növbəti dəfə
maestro Niyazinin ev-muzeyində
toplaşıb. Muzeydən
qəzetimizə verilən
məlumat görə,
klassik musiqi həvəskarlarının budəfəki
qonağı Dövlət
Kamera Orkestrinin və Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayev olub.
DMMM-in direktoru Alla
Bayramova çıxışında mahir dirijor, pedaqoq və təşkilatçı
T.Göyçayevin təkcə ölkəmizdə deyil, xaricdə
də geniş tanındığını önə çəkib.
Qara Qarayev adına
Dövlət Kamera Orkestrinin və Dövlət Gənclər
Simfonik Orkestrinin direktoru Nazilə Yaqubova T.Göyçayevin
pedaqoji fəaliyyətindən ətraflı söz
açıb: “O, istedadlı uşaqlardan gələcəyin
musiqiçilərini yetişdirir. Həmin uşaqlar burada əsl
musiqiçi kimi yetişir və böyük orkestrlərdə
işləməyə gedirlər. Bu, hər dəfə Teymur
Göyçayevin narahatlığına səbəb olsa da, o,
yeni kollektiv yarada bilir”.
T.Göyçayev
çıxışında onu narahat edən məsələlərdən
danışıb: “Ölkəmizdə skripka, violonçel,
faqot sinifləri üzrə müəllimlər azdır. Ustad
dərsləri üçün mütləq pedaqoqlar dəvət
etməliyik. Həyatımda ən böyük hadisə
Dövlət Gənclər Simfonik Orkestrinin
yaradılmasıdır. Mənim üçün ən
başlıcası uşaqlarla işləməkdir. Hər
şey isə mərhum Mstislav Rostropoviçin ölkəmizdə
uşaq simfonik orkestri yaradılması barədə Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya
müraciətindən sonra başlandı. Müxtəlif məktəblərdə
baxışa 150 uşaq dəvət olundu, onlardan 50-si
seçildi və indi 20 uşaq işləyir. Orkestr bir
çox ölkələrdə çıxış edib və
hər yerdə yüksək qiymətləndirilib. Hesab edirəm
ki, gələcək onlarındır, çünki
istedadlı və əməksevərdirlər”.
Görüş Dövlət Gənclər Simfonik Orkestrinin
çıxışları ilə yekunlaşıb.
SARA
525-ci qəzet.-
2010.- 15 yanvar.- S.7.