Tarixi türbənin
harayı
Bu gün ölkəmizin hər bir yerində, hətta ucqar rayonlarımızda belə təmir-abadlıq işləri aparılmaqdadır. Ölkəmizdəki bütün tarixi adidələr, yaşayış məskənləri yenidən bərpa edilir, qazıntılar nəticəsində yenicə aşkar olunmuş tariximiz-keçmişimiz dünyaya tanıtdırılır. İşğaldan azad olunmuş ərazilərdə də yenidənqurma işləri sürətlə həyata keçirilir. Yaşayış evləri, kitabxanalar, məktəb və tibb ocaqları tikilərək əhalinin istifadəsinə verilir.
Füzuli rayonunun bir neçə kəndi də işğaldan azad olunmuş ərazilər siyahısındadır. Tarixə nəzər salsaq, şahidi olarıq ki, Füzuli rayonunun tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. Rayondakı qədim mədəniyət abidələri (Əhmədalılar türbəsi, Mirəli türbəsi, XIX əsrə aid Hacı Ələkbər məscidi, Qarğabazar kəndində 1662-ci ildə inşa edilmiş Qoçəhmədli məscidi və daha başqaları) daş qalalar, ən əsası isə Azıx mağarası dediklərimizi sübuta yetirən ən böyük faktdır. Çox təəssüflər olsun ki, hazırda Füzulinin işğal altında olan ərazilərində daha çox maddi-mədəniyyət abidələrimiz mövcuddur. Lakin işğaldan azad olunmuş ərazilərimizdə də tariximizi yetərincə təsdiqləyəcək abidələrimiz, tikililərimiz də var. Onlardan biri də Füzuli rayonunun daş yaddaşı hesab edilən Babı kəndində bu günə qədər mövcud olan Şeyx Babı Yaqub Xanəgahı adlanan tikilidir.
Məqbərə Füzuli rayonunun Horadiz dəmiryol stansiyasının altı kilometrliyindəki Babı kəndində yerləşir. Yerli əhali arasında Şıxbaba türbəsi adı ilə tanınmış Şeyx Babı Yaqub Xanəgahı 8 guşəli daş məqbərədir.
1920-ci ilə qədər Babı kəndi Şıxbaba adlandırıldığından əhalinin çoxu da həmin məqbərəyə Şıxbaba türbəsi deyir. Kəndin qocaman sakinlərindən olan İsmayıl Babayev deyir ki, Şeyx Babı Yaqub Xənagahı xalqımızın ən qədim mədəniyyət abidələrindəndir. İsmayıl Babayevin babası Axund Məşədi Ələkbər danışarmış ki, kənddəki bu xənagah vaxtilə Azərbaycanın dini-mədəni mərkəzlərindən biri, zaman-zaman azəri türklərinin igid oğullarının, görkəmli alimlərinin, müqəddəs insanlarının toplaşdığı bir məkan olub. Rəvayətə görə Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunub.
Məqbərədəki kitabəni oxuyan rus alimi N.Xanıkov yazır ki, Şeyx Babı Yaqub məqbərəsi 1271-72 ci illərdə Məşədi Babı Yaqub İbn Saadın əmri ilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan tərcüməyə ehtiyac duyulub və Məşədixanım Nemətin tərcüməsi zamanı müəyyən olunub ki, bu müqəddəs məqbərənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilməsinə 672-ci ildə əmr olunub. Hicri təqvimlə 672-ci il 1273-1274-cü illərə müvafiq gəlir. Kitabədə yazılanlar göstərir ki, xanəgahı XIX əsrin əvvəllərində Kərbəlayi Nasir təmir etdirib. Təbii ki, bu işdə ona kömək edənlər də olub. İbrahim Mehdiyev, Qürbətəli Niftəliyev, Əzim İsmayılov, Niyaz Quliyev, Hacı Oruc, Hacı Məmməd, Məşədi Səməd, Məşədi Eyvaz və başqaları öz köməkliklərini əsirgəməyiblər. Minarələrə bitişik halda tikilmiş məscidin divarlarının qalınlığı minarənin bazasında daha aydın hiss olunur. Xanəgahda müxtəlif təyinatlı hücrələrin olması məqbərənin həm də yadelli düşmənlərə qarşı mübarizədə qala kimi istifadə olunduğunu sübut edir. Həmin hücrələr günümüzdə də öz orijinal quruluşu ilə ölkəmizin başqa maddi-mədəniyyət abidələrindən əsaslı surətdə seçilir. Hücrədəki daşlarla döşənmiş otaqlar göstərir ki, vaxtilə burada yaşayan insanlar yüksək sənətkarlıq qabiliyyətlərinə, mədəni səviyyəyə malik olublar.
Ta qədim dövrlərdən müxtəlif ölkələrdən xanəgahı ziyarətə gələrlərmiş. Bu da onu sübut edir ki, xanəgahda dəfn olunan şəxs, yəni Məşədi Babı İbn Yaqub müqəddəs insan olub. Bu gün də respublikamızın müxtəlif bölgələrindən insanlar buraya ziyarətə gəlir, müxtəlif dərdlərə mübtəla olanlar öz dərdlərinə bu xanəgahda ulu Tanrıdan əlac diləyirlər.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və vətənpərvər insanların köməyi ilə işğaldan azad olan ərazilərimizdəki abidələrimizin, ulu əcdadlarımızın dəfn olunduğu qəbiristanlıqların qədim yaşayış məskənlərinin təmir-bərpasına tezliklə xüsusi diqqət göstəriləcəyinə inanıram. Tariximizin yenidən öyrənilməsi və abidələrin bərpa olunaraq istifadəyə verilməsi, daimi ziyarət məkanlarına çevrilməsi, dünyaya yenidən tanıdılması vacibdir.
Tariximiz bizi gələcəyə səsləyir. Keçmişimizi abadlaşdıraq ki, gələcəyimizi də möhkəm təməllər üzərində qurmağa qadir olaq.
Sevinc VƏHƏDZADƏ
525-ci qəzet.-
2010.- 15 yanvar.- S.6.