Məmmədhüseyn Təhmasibin “Seçilmiş əsərlər”i çapa hazırlanıb

 

GÖRKƏMLİ FOLKLORŞÜNASIN İRSİNİN NƏŞRİ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ HƏYATA KEÇİRİLİR

 

Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullayevin və Məmmədhüseyn Təhmasibin tələbəsi professor Məhərrəm Cəfərlinin təşəbbüsü və eyni zamanda görkəmli alimin ailəsinin yardımı ilə BSU-nun Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzində “Təhmasib-100” seriyası ilə müəllifin seçilmiş əsərləri çapa hazırlanır. Bu məqsədlə müəllifin dissertasiya işləri, müxtəlif qəzet, jurnal məcmuələrdə çap olunan məqalələri, eləcə ssenariləri, monoqrafiyaları, müxtəlif kitablara yazdığıÖn söz”lər toplanılmaqdadır. Çap olunacaqƏsərlər”in birinci cildində M.Təhmasibin məqalələri namizədlik dissertasiyası əhatə olunacaq. İkinci cilddə isə bu görkəmli folklorşünas alimin doktorluq dissertasiyası, ədəbi yaradıcılığı, kinossenarilərinin çap olunması nəzərdə tutulur. Özündən sonra böyük bir məktəb buraxmış bu görkəmli alimin əsərlərinin bu günə kimi külliyat halında çap olunmaması təəccüb doğurmaya bilməz. M.Təhmasib kimi alimlərimizin gənc nəslə tanıdılması, düşünürəm ki, Azərbaycan xalqının gələcəyi, ədəbiyyatının, folklorunun inkişafı baxımından çox vacibdir. Əlbəttə ki, respublikamızda fəaliyyət göstərən filologiya fakültələrində tələbələrə M.Təhmasib haqqında müəyyən məlumatlar verilir, onun əsərlərinə istinad olunur. Hətta bu görkəmli alim haqqında dissertasiyalar belə yazılır. Lakin düşünürəm ki, bu da yetərli deyil. Filoloji təhsil almış bir insan kimi mən öz təcrübəmə istinad edərək deyə bilərəm ki, M.Təhmasibin yaradıcılığı tələbələr arasında kifayət qədər tanıdılmamış indi tanıdılmamaqdadır. Bunun isə başlıca səbəbi onun əsərlərin hələ də kitab şəklində çap olunmaması ilə bağlıdır.

Buna görə də Bakı Slavyan Universitetinin bu təşəbbüsünün Azərbaycan ədəbiyyatını, Azərbaycan folklorunu sevən insanlar üçün çox böyük bir töhfə olacağına inanırıq. Çünki, M.Təhmasibin saralmış qəzet səhifələrindəki məqalələrini yenidən canlandırıb onlara yeni bir həyat bəxş etdikcə və təkrar-təkrar onların məzmunu ilə tanış olduqca sanki insan yenidən doğulur, öz soykökünə qayıdır, Azərbaycan folklorunda aydın və məlum məqamların əslində nə qədər qaranlıq tərəflərinin olması aydınlaşır.

Folklor hər bir xalqın ayağını inamla basaraq üzərində dayanıb gələcəyə doğru addımlaması üçün zəmin rolunu oynayan istinad nöqtəsidir. İnsan oğlu özünü dərk etdiyi gündən onu əhatə edən varlıq, hadisə və proseslərə münasibətini bildirməyə çalışmışdır. O, həm də ətrafında baş verən hadisələri, təbiət şıltaqlıqlarını buya digər şəkildə izah etməyə çalışmış, verdiyi izahları təsvir etməyə can atmışdır. Həyatı boyu apardığı mübarizəni buya başqa bir şəkildə gələcək nəsillərə ötürməyə çalışmışdır. Bu təsvir həm qayaüstü rəsmlər, həm müxtəlif mərasimlər, şeirlər, bayatılar, nağıllar, əsatirlər, əfsanələr şəklində təzahür etmişdir. Bu sadalanan təsvir vasitələri müasir insanla onun ata-babası arasında bir körpü rolunu oynamaqdadır. Əcdadlarımızın bizə miras qoyduğu bu ədəbi-bədii nümunələri açmaq, onlara elmi cəhətdən dolğun izah vermək tədqiqatçıdan geniş dünyagörüşü, prosesləri tədqiqatçı duyğusu ilə hiss etməsi, müşahidə edib analiz etmə bacarığı tələb edir. Bunun üçün eyni zamanda dünya xalqlarının mifoloji təfəkkürünə, folkloruna da yaxından bələd olmaq lazımdır. Bütün bu sadalanan xüsusiyyətlərin ümumiləşərək bir tədqiqatçıda cəmləşməsi onun böyüklüyündən, qeyri-adi istedadından xəbər verir. Tarix zaman-zaman belə bir şəxsiyyətlər yetişdirir. Bu gün M.Təhmasibin əsərlərini oxuduğumuz zaman onun məhz belə bir əvəzsiz bir alim olduğunun şahidi oluruq. Hər bir elm sahəsində müəyyən istiqamətlərlə bağlı ilk cığırın açılması istər-istəməz konkret bir şəxslə, elmi avtoritetin adı ilə bağlı olmuşdur. Bu cür şəxsiyyətlər zaman-zaman, tarixi zərurətin tələbi ilə həmin elm sahəsinin ağırlığını öz çiyinlərinə götürmüş, onu inkişaf etdirmiş, gələcək nəsillərin bu sahə üzrə yetişməsi üçün yol açmışlar. Bunlardan biri də bütövlükdə Azərbaycan folklorunun istiqamətini müəyyənləşdirən, folklorşünaslıq məktəbi yaratmış Məmmədhüseyn Təhmasibdir. Folklor nümunələri xalqın həyat tərzini, düşüncələrini, arzularını əks etdirən tükənməz bir qaynaqdır. Bu qaynağın araşdırılması, toplanması, sistemləşdirilməsi ədəbiyyatşünaslıq qarşısında duran əsas vəzifədir. Folkloru toplamaq, bu ədəbi nümunələri tədqiq etmək üçün onu sevmək lazımdır. Folklor tədqiqatçısının qəlbi folklor sevgisi ilə alışıb yanmalıdır. M.Təhmasibin əsərlərini, məqalələrini oxuduğumuz zaman bu atəşi, alovu görməmək mümkün deyil. Məmmədhüseyn Təhmasib ilk olaraq folklorumuzu sistemləşdirən, toplayan və folklorşünaslığın əsasını qoyan böyük alim, istedadlı müəllim olmuşdur. Müəllifin folklorumuzun müxtəlif sahələri haqqında yazdığı məqalələri kəmiyyət baxımından deyil keyfiyyət baxımından diqqəti cəlb edir. M.Təhmasibin elmi yaradıcılığı hələ də bu sahədə çalışan alimlərimiz üçün qaranlıq yolun sonunda işıq rolunu oynayan bir qüvvədir. Onun məqalələri, apardığı elmi-tədqiqat işləri öz aktuallığını hələ də itirməmişdir. Onun yetişdirdiyi alimlər Təhmasib yolunu davam etdirərək yeni nəsl folklorşünasların hazırlanmasında əvəzsiz xidmət göstərirlər. M.Təhmasibin yaradıcılığında xalqımızın mərasim və mövsüm nəğmələri ilə bağlı apardığı tədqiqat işi onun yaradıcılığında xüsusi bir yer tutur. Bu tədqiqat işində müəllif müxtəlif inanclara söykənən mərasimlər və mərasimlər zamanı ifa olunan nəğmələrdən bəhs edir. O, özünəməxsus dəqiqliklə və əhatəliliklə bu mərasimlər zamanı tələffüz olunan sözlərin, ifadələrin mənasını xalqlarımızın keçmişi ilə bağlayaraq insan şüuru ilə xalqın mifik təfəkkürü arasında görünməz bir körpü yaratmışdır. M.Təhmasibin Türk mifologiyası ilə yanaşı şərq və dünya mifoloji düşüncəsinə yaxşı bələd olması onun hər bir məqaləsində, kitabında və hətta müxtəlif kitablara yazdığı “Ön söz”lərdə də hiss olunur.

M.Təhmasib eposşünaslıq sahəsində də Azərbaycan xalqı üçün əvəzolunmaz xidmətlər göstərmişdir. Onun rəhbərliyi altında toplanan və nəşr olunan dastanlar indibizim kitab rəflərimizi bəzəməkdədir. M.Təhmasibin “Azərbaycan xalq dastanları (orta əsrlər)” adlı monoqrafiyasını dastanşünaslıq sahəsində irəliyə doğru böyük bir sıçrayış kimi qiymətləndirmək olar. Bu əsər bugünkü günə qədər folklorşünaslarımızın stolüstü kitabı rolunu oynamaqdadır. Müəllif bu əsərində ilk dəfə olaraq dastanlarımızın təsnifatını aparmış qəhrəmanlıq, məhəbbət dastanları haqqında ayrılıqda bəhs etmişdir. Kitabı vərəqləyərkən müəllifin eyni zamanda geniş etimoloji biliyə sahib olması da diqqəti cəlb edir. O, müxtəlif sözlər, ifadələr haqqında etimoloji şərhlər verərək onların qaranlıq tərəflərini böyük ustalıqla açır.

Bu gün Məmmədhüseyn Təhmasib kimi görkəmli folklorşünasın əsərlərinin çap olunması, onun əsərlərinin tələbə-filoloqlara, gənc tədqiqatçılara tanıdılması bizim vətəndaşlıq borcumuzdur. Bakı Slavyan Universitetində mütəmadi olaraq filoloqlarımızın kitabxanalarını zənginləşdirən bu cür kitabların çap olunmasına xüsusi diqqət yetirilirbu artıq ənənə halını alıb. Biz inanırıq ki, M.Təhmasibin əsərlərinin çap olunması bu ənənənin layiqli davamı olacaq.

 

 

Elşən ŞÜKÜRLÜ, 

BSU-nun  Azərbaycanşünaslıq 

tədris-mədəniyyət  mərkəzinin müdiri

 

525-ci qəzet.- 2010.- 16 yanvar.- S.30.