“Əlvida və salam”ın təəssüratları
Rəşad Məcidin “Əlvida və salam” kitabını öz imzasıyla qiymətli bir həddiyə kimi qəbul etdim. Şeiri daha çox sevdiyimi bilən Rəşad müəllim dedi ki, bu, şeir kitabı deyil. Bəlkə də bunu ona görə söylədi ki, kitabındakı yazılar bəlkə mənim üçün o qədər də maraqlı olmaz. Sözün düzü, elə birinci yazıdan qəliz dil, darıxdırıcı, quru, soyuq ovqatla rastlaşsaydım, heç atamın da kitabı olsaydı və nə qədər istəsəm də, oxumağa davam edə bilməzdim. Ancaq nə yaxşı ki, belə olmadı, kitaba daxil edilən konkret mövzulara aid bu yazıların şirin, oxunaqlı dili məni özünə elə cəlb etdi ki, kitabdan ayrıla bilmədim. Bir gecənin içərisində, demək olar ki, oxuyub bitirdim. Sabaha ancaq böyük hörmət bəslədiyim Mustafa Çəmənlinin “Ön söz”ü qaldı. Səhər səbirsizliklə kitabı yenidən nəzərdən keçirib, “Ön söz”ü oxudum. Baxdım ki, M.Çəmənlinin təsadüfən seçmədiyi “Xeyirxahlıq statusu” adlı bu yazı ilə müəllifin yazılarının, belə desək, odu-suyu bir yerdən götürülüb. Heç şübhəsiz ki, bunun da öz məlum səbəbləri var.
Doğrusu, bu yazılarına qədər Rəşad müəllim daha çox şeirləri ilə yadımda qalmışdı. Onun 2008-ci ildə “Poeziya günü-1” adlı topludakı şeirləri xoşuma gəlmişdi. Xüsusilə də gecəqondulara həsr etdiyi “Ev” adlı şeiri:
Gizlənpaç oynayan
uşaqlar kimi
Günəş tapa bilmir
Bu evin qaranlığını.
Bir balaca otaqdı,
Azca işıqgələni,
Pəncərəsi var,
Onun da bu üzünü
Kitablar tutub,
O üzünü
–
Qonşunun qır qazanı.
Bu otağın
havası ağır,
Havası ağır
bu otağın!
Gizlənməkdən bağrı
çatdadı
Qaranlığın...
Amma sən demə, bəlkə bu günə qədər yazılarına
diqqət etmədiyim Rəşad müəllimin
esseleri, irili-xırdalı
müxtəlif səpgili
yazıları da oxucu qəlbinə köklənən yazılarmış.
Kitaba daxil edilən yazıların hamısı ayrı-ayrılıqda
müəllifin yaşantılarıdır.
Onu narahat edən və ya sevindirən məsələləri dərin
hiss və həyəcanla,
sevgi dolu bir ürək yanğısıyla qələmə
aldığından onları
bir-birindən daha artıq dəyərləndirmək
istəmirsən. Həm
də bu daha çox tənqidçilərin, bu
işlə məşğul
olan filoloqların öhdəsinə buraxılır.
Bu yazılarda
həm də mənə xoş gələn odur ki, Rəşad müəllim tanıdığımız
kimi yalnız işi, əməli ilə deyil, həm də yazıları ilə cavanlara, istedadları olsa da, hələ
tərəddüd içində
özünə yol arayan tələbələrə,
ümumiyyətlə qələm
sahiblərinə bu qədər həssaslıqla
yanaşır, onlara ayrı-ayrı yazılar həsr edir, uğurlarına sevinir və hər cür dəstək olur. Onda olan
bu qəlb genişliyinə bəzən
heyran qalırsan. Nədən ki, bu gün ədəbi
mühitimizdə nəyinsə
xatirinə çirkinliklərə,
bir-birinə qısqanclıq
edib badalaq gələn adamlara da az rast
gəlinmir. Odur ki, Rəşad müəllim, həmçinin
istedadlı gənclərin
təmənnasız olaraq
kitablarını çap
etdirən, onlara dayaq olan Elçin
İsgəndərzadə kimi
adamların varlığına
görə Allaha şükür edirsən.
Yeri gəlmişkən,
balaca bir epizodu da danışmaq
istəyirəm. Onda Rəşad müəllim
AYB-yə yenicə katib seçilmişdi. Mən “Ulduz” jurnalında şeirlərimin
çapı bir az ləngidiyinə görə onları hirslə götürüb
geri dönürdüm
ki, birdən Rəşad müəllimlə
rastlaşdım. Və
heç çəkinmədən
bunu ona bildirəndə şeirlərimi
məndən aldı,
şəklimi də istədi. Çantamdan bir şəkil tapıb ona verdim. Heç üç gün keçmədi ki, “525-ci qəzet”in bir səhifəsində iri şəklimlə bərabər
şeirlərim dərc
edildi. Mənim üçün bundan böyük sevinc olmazdı...Üstündən
neçə il keçməsinə baxmayaraq,
elə bilirəm dünən olub bunlar. Necə ki, “140 xeyir qapısı” adlı kitabda deyildiyi kimi: “Kimə yaxşılıq edilmişsə,
qoy onun əvəzini versin. Əvəz verməyə bir şey tapa
bilmirsə, qoy (yaxşılıq edən
adamı) tərifləsin.
Həmin adamı tərifləsə, ona təşəkkür etmiş
olar, elədiyi yaxşılığı gizlətsə,
ona nankorluq etmiş olar” (Buxarinin “Ədəbul-mufrad”
kitabından).
“Əlvida
və salam” kitabı oxucunu ədəbi mühitdə
zaman-zaman baş verən çox mətləblərdən hali
edir. Məlum olur ki, ədəbi
mühitdə bir çaxnaşma, insanlara, xüsusilə ədəbiyyat
adamlarına narahatlıq
gətirənlər həmişə
olub. Rəşad müəllimin “Ölkə”
adlı bölümünə
daxil etdiyi “Zərdab, Yevlax və elatın dalınca gələn su” adlı yazısındakı
dəyərli fikirlər
bu baxımdan da diqqəti cəlb edir: “Son illərdə özüm üçün dərk etdiyim həqiqətlərdən
biri budur ki, istedad heç
vaxt itib-batmır. Necə ki, millətinin
ictimai zehniyyətini aydınlatmaq üçün
ilk anadilli qəzeti nəşr edən, bu məslək naminə təsvirəgəlməz
məhrumiyyətlərlə üzləşən və
dünyasını dəyişəndə
nəşini örtməyə
“Əkinçi”dən başqa
varidatı olmayan nəcabət mücəssəməsi
Həsən bəyin istedadı, cəfakeş əməyi itib-batmadı.
Metafizik qanunlar da təsdiq edir ki, enerji
heç vaxt itmir, sadəcə, bir şəkildən başqa şəklə çevrilir. Həsən bəy Zərdabinin enerjisi də itməyərək Azərbaycanın
bugünkü jurnalist
ordusunun, sivil dünya mətbuatı sırasına qoşulan milli jurnalistikamızın
timsalında yenidən
təzahür etdi”.
Sonda onu da qeyd edim
ki, xeyli vaxt idi, ruhdan
düşmüşdüm. Belə şövqlə, sevinə-sevinə yazı
yazmamışdım. Buna görə
də Rəşad Məcidə təşəkkür
düşür.
Mina RƏŞİD
525-ci qəzet.- 2010.- 16 yanvar.- S.30.