Oralarda kimlər
var: Tofiq Abdin
ŞEİRLƏR
- 2009
bəlkə... bir daha şeir yazmadım
yazmamağımın min bir nədəni var
bəlkə
min birdən də
çox
minindən biri
bu dünyadan gedəndə
onları tapşıra
biləcəyim
kimsəm yox!!!!!!!!!
ömrün bu çağına gəlib
çıxdım ki
məni ağlayanlar
ağlamasınlar
uzanan günlərin
içindən çıxıb
açıq gözlərimi
bağlamasınlar
allah sevgidənmi yaşatdı məni
yoxsa,bu cəzamı,
dostdan, tanışdan
ayırıb
bir ayrı dünyada oyatdı məni
oyanıb dünyanı
yuxulu gördüm
gözümü açmamış
iməkləməmiş
bu qoca dünyanı yıxılı
gördüm...
buludundan qorxdum,çayından
qorxdum
başımın üstündə
fırfır fırlanan
qarğışından qorxdum, vayından qorxdum
məni sevənlərin
sayı azaldı
mənə nə oldusa
döz,dur dedilər
sənin alın
yazın bütün olanlar...
bu yazı mənimlə ölsəydi
barı
rahat yaşayardı mənsiz qalanlar
bu dünyanı kim sahmana salacaq
şairlərmi
biri dedi:
"Bu dünyanın qara daşı göyərməz"
Göndərdilər o daşları
yığmağa...
bir dedi:
“Allah məni yarı
öldür
yarı saxla ağlamağa"
Allah baxtı üzünə
Yavaş-yavaş döndü
sözlü yumağa
biri dedi:
“göy üzü
daş saxlamaz"
O atdığı daşlar
yağdı başımıza
Boyun əydik yaraşmayan yaşımıza.
biri dedi:
Allah bizi qarğıyıb.
Yanındakı qarğıyanı
görmədi
Allah düşdü yadına
Qara yaxdı o Allahın adına
biri dedi:
Allah bizi görmür
ki...
Biz onun görürüksə
O bizi hardan görsün
Onda görəcək
bizi
Allah özü
Yer üzündə
görüksün.
nə günəş
isidir
nə panel evlər...
ömrümün bu çağını
belə düşünməmişdim
əlimdən tutan əl yox
bakının ən soyuq günündə
belə üşüməmişdim
bu itkilər diksindirmir insanları
bu itkilər insanlarçın itki deyil
bəs nədi
ömrüm daşa,
divara yox
bir yad səsin acısına dirəndi
bu yazımı
yoxsa tale
daş bağlanmış
ayağımdan çəkir
geri
bir yerlərə çıxa bilsəm
unutsam bu günləri
bir daha qayıtmaram
bu günlərə,illərə
ki,
keçim namərd
əllərə...
bu qorxu o tindəymiş
həmən qarşıma
çıxdı
çıxıb bir yad gözündən
həmən içimə
axdı
mən necə
görməmişəm
mən necə
kor olmuşam
bu yaşda bu qorxunu
içimə doldurmuşam
ha çabala,ha vuruş
ata bilmərəm onu
heç belə
gözləmirdim
mən ömrümün
sonunu
yazıq ömrümə
yazıq
məni güdürmüş
bu şər
atalar düz deyibmiş
qorxan gözə
çöp düşər
nəvələrim
sizi sevməyimə
zəhər qatanlar olacaq
düşünürdüm
oldu...
bu zəhər tavandan axırmış,
liftlə qalxırmış
böyrümdə başımda
fırlanırmış
qan təzyiqindən
fırlanan həyatım
kimi
sizi sevəcəm unudulmayan bayatı kimi
sizi sevəcəm məndən sonra yaşaya biləcək
şeirlərimin həyatı
kimi
məhkumam sizi sevməyə
allah əlini uzat
şəfqət at
içimə...
məni hazırla
içi dolu şəfqətlə ölməyə...
nəvələrim
kompüterin masasından
baxırsız mənə
gözlərimin havasısız
sözlərimin havasısız
sizsiz mən
bir ölü kainatam havasız
bir kədər var ortada
nə kədər
bu Allahım
içimdən qova bilmirəm
nə zaman içimdə saldı yuva bilmirəm
amma nə danım var
siz yaşa dolduqca inşallah
bu kədər azalar...
oğlum
bu şeiri yazana qədər
deməsəm də sənə
bilirsən
iki babanı itirmişəm
bir nənəni
dözüm verib allah mənə
özü onları
apardığı üçün
ölüm yolunda
neyçin belə
fikirlisən neyçin
ətrafındı iki gözəl oğul balan
başının üstündə
bir bəlan
amma bu bəla oğul balaların deyil
alın yazın
bir gün səni anlayacaqlar
mən olmasam da o gün
ruhum duyacaq...
yenidən başlayacaq
ömrüm...
bu yaşda sevmək üçün
havalanmaq gərəkdi
bu yaşda sevmək üçün
sevdalanmaq gərəkdi
o da mənim əlimdə
bu da mənim əlimdə
ortada ağlın
gücü
adın mənim
dilimdə
adına od düşəcək
içimdəki alovdan
üz tutacaqsan
mənə
bir gün söküləndə dan
çətin gəlib çıxasan
ayrılığın içindən
durmusan durduğun
yerdə,
yad adam var içində...
gəlib çıxa
bilməzsən
ayrılıq yaşayırsan
sən elə gəlirsən ki,
gedənə oxşayırsan...
bu şəhər
əcəb yad oldu mənə
qərib-qərib əsən
küləyi də yadlaşdı
başımın üstündən
keçən bulutu da
küçədəki polisi də qabalaşdı
hərisi də,bəlisi
də
küçələrində böyürə-böyürə
kəsilir heyvanlar
bir ur kimi böyüyür eyvanlar
adamları adamlıqdan
çıxdı
adamsız oldu bu şəhər
köhnə evlərini
alıb altına göydələnlər
ağlada-ağlada yıxdı
dəyişdi yerişimi
anlamsız günə
qoydu hər işimi
əlim açıq
əl uzadan yox
acından ölənləri
aclıqdan tox
rəngini dəyişdi
bu şəhərin küçələri
musiqiylə, qorxuyla.
dil tapa bilmədi bu dünyanın çoxuyla
soyundu bu şəhər
soyundu Artyomdan
Bayılacan
bu şəhər
oldu yarımcan...
ya öləcək,
ya dirilicək
bu şəhərdən
gedənlər bəxtəvər
bu şəhərə
gələnlər bu şəhərdə öləcək...
bu şəhər
əcəb yadlaşdı
mənə
nə zaman doğma olmuşdu ki...
Baxma qəlbin ağrılara hədəfdi,
Harda olsan üzün haqqa tərəfdi.
İstanbulda ölməyin
də şərəfdi
İstanbulda yaralanan,
Zəlimxan.
Zəlimxan Yaqub
Elə yaşayırsan
içim tirtrəyir
Yarpaq tək əsirsən Zəlimxan Yaqub
Unutma sevdiyin şair nə demiş
Demiş ki:
"Heç yerə,
yana mən tələsmirəm"
Hara tələsirsən Zəlimxan Yaqub!
Zamandan nəyisə
almaqmı qəsdin
Zamanın özünü
yormaqmı qəsdin
Zamanın qəsdinə
durmaqmı qəsdin
Ömrünə əsirsən
Zəlimxan Yaqub
Sənə bəxş
olunan o qəniməti
O ali hörməti,
ali qisməti
Paylasan qurtarmaz,
qurtarmaz qəti
Bilinməz bir sirsən Zəlimxan Yaqub
Allahın sevdiyi bir balasan sən
Sözdən hörgülənmiş
bir qalasan sən
Bu elin bəxtində
qalacaqsan sən
Nə əsir-yesirsən
Zəlimxan Yaqub
Kənardan baxana ömrün bir saray
Haray bu ellərin dilindən haray
Sən bəstə
boyunla yüksələn
bir Ay
İşıq səpələrsən
Zəlimxan Yaqub
Səni sözmü
yaxdı,Vətənmi yıxdı
Dərdin parça-parça
canından çıxdı
Sənin dözümünün
adı da yoxdu
Daşsanmı-dəmirsən Zəlimxan
Yaqub
hara gedir bu məmləkət görəsən
gedir şellənə-şellənə
qarşıdan bir bəla gəlir
aman yellənə-yellənə
adamları adamlıqdan
çıxıbdı
boyunbağı körpüləri
taxıbdı
öz əliylə
öz evini yıxıbdı
yollarını daş-
kəsək yox
sular tutub
sular sellenə-sellənə
sözlərinə heç
bir məhəl qoyan yox
təklənibdi bir kimsədən həyan yox
tikənindən dağıdanı
daha çox
danışmağa dili də var
eşitmirlər
qalıb dillən-dillənə
yaman uzun sürdü bu alış-veriş
zamana sığmayır
bu vaxtsız gərdiş
xeyrə yozulmayır
bu gediş-gəliş
bizsə qalmışıq
ortada
hələ küllənə-küllənə
küçələri gül-çiçəyə
bürünür
adamları yaşamır
ki,sürünür
kimsə bilmir sabah necə görünür
gözlər ora millənib
qalıb millənə-millənə...
...və sıralarmızdakıların
ölümü
o ne önde
ne arkada
sırada
sıranızdaydı...
Ve yanındakının
kanlı başı
omuzuna egilince
ona sıra gelince
sayısını saydı...
Nazım Nikmet
gedirsiniz...
kiminizi ürək
çökdürür
bir arkadaşın düyün sonrası
bu bəlkə alın yazısı
kiminizi
təzə bir ölüm tərcihi
bir polis zopası
gedirsiniz...
bu dünyayla tənha buraxıb məni
gedirsiniz...
sizsiz mənim
ölümüm
yaraşıqsız olacaq
sizi araya-araya
qapalı gözlərim
açıq qalacaq
inanmıram
birinizi tapa bilim
o dünya məkanında
üzümə açılan
qapılar
bağlanacaq
ömrün laməkan
qapqara dumanında
yuxuları rahatsız
edəcəm
ayılanda
gözlərinizdən
qərib-qərib çəkilib
gedəcəm
yenidən yuxulara qayıtmağa
qayıdıramsa
demək ki, varam
bu da bir yalan ki
sağam ona görə uydururam...
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 16 yanvar.-
S.27.