“Nobel mükafatlı qadınlar” kitabı ətrafında düşüncələr

 

Qənirə xanım Paşayevanın “Nobel mükafatlı qadınlar “ kitabı ötən ilin son günlərində işıq üzü gördü. Elə ilk baxışdan nəfis tərtibatı, yüksək poliqrafik keyfiyyətləri ilə nəzəri oxşayan kitabı oxuduqca içindəki yazıların da cazibəsindən ayrılmaq olmur. İndiyədək əksər Nobel mükafatçıları, eləcə də onların hər biri haqda onlarla kitab yazılıb, filmlər çəkilib, KİV-də informasiyalar, bilgilər verilib. Ona görə də belə bir mövzuda yazmaq ilk baxışda asan görünsə də, əslində çətindir, xüsusi səriştə, yanaşma, erudisiya tələb edir. Bu kitab, təbii ki, tədqiqat əsərləri sırasında deyil. Kitabda əsas etibarı ilə Nobel mükafatı almış qadınlar haqda biblioqrafik məlumat – həyatının ayrı-ayrı dövrləri, mühüm əsərlərinin adları, fəaliyyətləri, yaradıcılıqları, müasirlərinin onlar barədə söylədikləri fikirlər, rəylər, mülahizələrə geniş yer ayrılıb. Kitabı oxuduqca gözlərimiz önündə hər bir nobelçi qadının portreti canlanır. Müəllif əsas qüvvəsini bu cəhətə yönəltmiş, zənnimcə, buna nail olmuşdur. Səhifələrdəki illüstrativ fraqmentlər isə bu müxtəsər oçerklərə canlılıq və əyanilik gətirir.

Kitabın ilk səhifəsi Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustav Nobelin sözləri ilə başlayır. Qustav Nobel kitaba yazdığı ”Ön söz”də Qənirə Paşayevaya müraciət edib Nobel fondu adından və öz adından kitabın işıq üzü görməsilə bağlı onu təbrik edir. Sonra yazır: “Mən həm də ona görə qürur hissi duyuram ki. hörmətli Qənirə xanım bu tədqiqatını Nobel mükafatına layiq görülmüş qadın laureatların həyatları boyu əldə etdikləri nailiyyətləri, şahidi olduqları keşməkeşli tarixi hadisələri, ümumən dünyada feminist hərəkatına qarşı təsirləri araşdıraraq ərsəyə gətirmişdir”.

Qənirə xanım Paşayeva giriş sözündə bu kitabı müəllimlik fəaliyyətində çox sayda kimyaçı yetişdirmiş və ona kiçik yaşlarından Nobel mükafatı almış qadınlar haqda sirli və maraqlı hekayələr danışan Tehran Nağıyevaya ithaf etdiyini yazır və əsərin yaranması ideyasını belə açıqlayır: “Bu kitabı yazmaqda məqsədim gənc nəsillərin, xüsusilə gənc qızlarımızın bu qadınları yaxından tanımaları və öyrənməsidir. Öyrənməli çox şey var. Arzular, idealların arxasınca çətinliklərdən qorxmadan, yorulmadan, geri çəkilmədən getmək və özünü təsdiq edə bilmək...”

Qeyd olunan kitabın əsas redaktoru kimi kitabla daha yaxından tanışlığımdan və kitabın ərsəyə gəlməsində az-çox zəhmətim olduğundan bir ziyalı və ilk oxuculardan biri kimi kitabla bağlı fikirlərimlə paylaşmaq istərdim.

Bu kitabda 106 il ərzində Nobel mükafatı almış 35 qadın laureatın keçdiyi ömür yolu, elmi fəaliyyət sahələri, yaradıcılığı barədə yığcam həyat hekayələri toplanıb. Əsərdə eyni zamanda fəaliyyət və yaradıcılıqlarının əsas sahəsi və yönləri, elmə və mədəniyyətə gətirdikləri yeniliklər, töhfələr, bəşər elmi və mədəniyyəti tarixindəki xidmətləri nəzərdən keçirilir.

Kitabda yadda qalan, gənc qızlarımıza örnək olan həyati təcrübələr, maraqlı anlar, məqamlar çoxdur. Mən onların bəzilərinin üzərində dayanmaq istərdim.

Rita Levi Montalçini. Nobelçi qadınlar içərisində bu gün həyatda olan ən yaşlı xanım. Onun 2009-cu ildə 100 yaşı tamam oldu. O ağıllı, erudisiyalı olduğu qədər də cazibədardır. Çox energetik və müsbət aurası var. Bunu onun fotosuna baxdıqca ayrıla bilmədəyim anlarda başa düşdüm. Qvatemaladan olan Riqoberta Mençu Tum. Siyahıda ən cavan xanım sayılır. Nobel mükafatını 17 il öncə, 33 yaşı olanda alıb.

Təqdim olunmuş Nobel mükafatını yalnız 6 ildən sonra əlinə ala bilən birmalı Aun San Su. Bu sülh müdafiəçisini vətənində rejimlə mücadilə apardığına görə ev dustağı etmişdilər. Mükafatı belə gec almağına səbəb də bu olub.

Onlara kişilərlə bərabər hüquqların verilmədiyi zamanlarda yaşayan qadınlar minbir əziyyətlərə dözüb, haqlarına, zəhmətlərinə sədd çəkən dəmir qatları aradan götürə biliblər... Mariya Küri. Qənirə xanımın yazdığı kimi “Mendeleyevin kimyəvi elementlər cərgəsinə düşmüş iki elementdən birinə nə zamansa universitetə məhz qadın olduğu üçün daxil olmaq imkanı verməyən ölkəsinin adını verdi (Polinium ) və vətəninin adını öz adı ilə bərabər əbədiləşdirdi”. Barbara Mak-Klintok. Ona mükafata yiyələnmək 30 ildən sonra müyəssər olmuşdu. Bu alim qadının elmi nəticələrinə zamanında əhəmiyyət verilməmişdi, səbəb onun “zəif cinsdən”olması ilə bağlı idi... Nyu-York Universitetini (magistr dərəcəsi) bitirən Gertruda Bell Elion. Məxsus olduğu cinsə görə mütəxəssis diplomu ala bilməmişdi, 15 il əczaçılıq laboratoriyasında köməkçi kimi çalışmışdı.

Bütün var-qüvvəsi ilə yoxsullara xidmət etməyi həyat prinsipinə çevirən alban rahibəsi Tereza ana. O, monastrı tərk edib,insanlar arasında yaşamağı və onlara kömək etməyi qət etmişdi. Tənhalıq və heç kimə lazım olmamaq hissini yoxsulluğun ən müdhiş tərəfi sayan Tereza ananın ilk uzaq səfəri Hindistanın yoxsullar yaşayan məntəqələrinə olmuşdu. Səhər saat dörddə məcburi şəkildə gündəlik dua,bir dəyişikdən başqa heç bir əmlakın olmaması, yoxsul əhalinin yediyi yeməklər və yoxsullar arasında 16 saatlıq iş günü. Bu xeyirxah, təvazökar qadın öz işini “dənizdə damla” hesab etməsinə baxmayaraq beynəlxalq nüfuz qazana bilmişdi. Ona Nobel mükafatı verilməsi qərarı ilə razılaşmayanlar da olmuşdu. Onlar hesab edirdilər ki,Tereza ana ehtiyacı olanlara kömək edir. Nobel mükafatı isə sülh işinə töhfə verən şəxsə təqdim olunmalıdır. Norveçin Nobel Komitəsinin nümayəndəsi etirazçılara rəğmən söyləmişdi ki, Tereza ana bir çox əməlləri ilə zəngin ölkələrin yoxsul ölkələrə körpü salmalarına kömək etdi... Əgər belə olmasa idi, cəmiyyət ümidini itirərdi, sülh naminə göstərilən səylər isə əhəmiyyətini itirərdi. Bu fədakar və müdrik rahibənin tövsiyələri və aforizmə çevrilmiş kəlamları kitabı oxuyanlara xüsusi bir ovqat, enerji paylayır, insanlara sevinc və açılan sabahlara ümid bəxş edir.

İrlandiyada siyasi toqquşmalarda həlak olmuş üç günahsız uşağın müdafiəsinə qalxmış, sülh uğrunda müdafiə üçün 6000 imza toplaya bilmiş Betti Vilyams. Xatırladım ki, Betti o vaxtadək siyasədən uzaq idi və Nobel mükafatı alan zaman qeydiyyatçı vəzifəsində çalışırdı. Mükafatı həlak olmuş uşaqların xalası Mayrid Korriqanla birlikdə almışdı. Bu iki qadın bir ilin içində sülhsevər insanların iştirakı ilə bir çox aksiya,yürüş və nümayişlər keçirmiş, hətta beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə nail olmuşdu. Bu fəal qadınlar çoxlarını mütəəssir etmişdi və səyləri o qədər geniş şöhrət qazanmışdı ki, Norveçin bir neçə təşəbbüs qrupu Nobel mükafatı fondunu qabaqlayıb pul toplamış, “Dünyanın Xalq mükafatı” kimi Korriqan və Vilyamsa vermişdilər. Əvvəllər siyasətdən uzaq olan bu iki qadının günahsız qurbanlara və haqsızlığa dözməyərək haqq səslərini qaldırması, bir-birinə əks yöndə duran protestant və katolikləri bir araya gətirib ümumxalq problemlərini aradan qaldırmaq naminə birləşdirib ayağa qaldırmaq səyləri çox ibrətamizdir.

Kitabdan gətirilən örnəklərin sayını artırmaq olardı. Mən yalnız bəzi fraqmentlər üzərində dayandım. Ümid edirəm ki, kitabla tanış olanlar ən azı yeni və maraqlı bilgilər ala biləcək, onunla ünsiyyətə girə biləcəklər. Kitabın müəllifinin payına nobelçi qadın laureatlarını Azərbaycan oxucusuna daha yaxından tanıtdırmaq fürsəti yaratdığına və belə maraqlı, oxunaqlı və əhəmiyyətli kitabı yazıb ərsəyə gətirdiyinə görə böyük minnətdarlıq düşür.

Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustav Nobel kitaba yazdığı ön sözdə onu da qeyd edir ki, Bakı neft yataqlarının hardasa Nobel mükafatının əsası rolunu oynaması faktı olduqca əhəmiyyətli və simvolik əlaqə rolunu oynamışdır, buna görə də Azərbaycan xalqı milli sərvətlərinin elm, texnologiya və sülh sahəsində irimiqyaslı nailiyyətlərin əldə edilməsinə rəvac verən amil kimi xidmət etməsindən fəxr duymalıdır.

Bəli, Qustav Nobel cənablarının Azərbaycan xalqına xoş niyyətli müraciətində vurğuladığı kimi hər bir azərbaycanlı milli sərvətlərinin elm, texnologiya və sülh sahəsindəki nailiyyətlərə xidmət etməsilə fəxr edir, qürur hissi keçirir.Elmin və mədəniyyətin bir çox ciddi sahələrində artıq imzalarını atmış (istər qadın, istərsə də kişi ) Azərbaycan türklərinin adının Nobel mükafatçıları siyahısında görmək də ən fəxarətli hadisə olar, bundan ikiqat qürur hissi yaşayardıq. Doğrudur, İranın Həmədan şəhərindən olan soydaşımız Şirin Ebadi Nobel mükafatçısıdır. Yenə də Təbrizdə boya-başa çatan və Kanadada siyasi mühacir həyatı yaşayan azərbaycanlı soydaşımız Rza Bərahəninin adı ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunanlar sırasındadır. Onlar Azərbaycan vətəndaşı olmasalar da, Azərbaycan türküdürlər, bu da bizə təsəllidir, bizi sevindirir.

Nobel qardaşları ilə bağlı onu da xatırladım ki, onlar ilk dəfə Azərbaycana dinamit istehsalında işlədiləcək xammal materialının – dəmirağacın sorağı ilə (nadir ağac növü olan və Azərbaycanda bitən ) gəlmişdilər. Lakin dəmirağacı nəmli mühitdə bitdiyindən qoyulan tələbi ödəməmişdi, onlar geri dönməyə hazırlaşmışdılar. Lakin Azərbaycanın digər bir qiymətli sərvəti – təsadüfən Balaxanıda fontan vuran neft quyusu onların diqqətini cəlb etmiş, yoldan saxlamışdı...

Nobel mükafat fondunun müəyyən hissəsi Bakı neftindən gələn gəlir hesabına olub. Bu isə o deməkdir ki, indiyədək Nobel mükafatı alanlara Bakı neftindən də pay düşüb. Ümid edirik ki,bir vaxt gələcək, o mükafatçıların içində Azərbaycan Respublikasının vətəndaşı da olacaq!

Kitabın məsləhətçisi Bakı Nobel irsi fondunun sədri Toğrul Bağırovdur. Kitabın təqdimat mərasimi də məntiq və məqsədə uyğun olaraq “Nobel evi”ndə keçirildi. Onu da qeyd etmək yerinə düşər ki, Toğrul Bağırov və onun həyat yoldaşı Sevinc xanım uzun illər Nobel qardaşlarının Qaraşəhərdə tikdirib yaşadıqları bolşevik hakimiyyət illərində baxımsızlıqdan yararsız hala düşmüş, bir müddətsə inzibati idarələrin ixtiyarında olan binanı, “Villa Nobel”i – Nobellərin malikanəsini bərpa edib əvvəlki görkəminə qaytara bilmişlər. Bir zamanlar Nobellərə məxsus olan və müxtəlif ölkələrdəki muzeylərdə və şəxsi kolleksiyalarda saxlanan əntiq əşyaları, qiymətli mebelləri arayıb- tapıb öz vəsaitləri hesabına Nobel evinin ilkin görkəminə salıb onu bir növ muzeyə çevirmişlər. Nobellərin, xüsusilə Nobel mükafatının Azərbaycanla birbaşa əlaqəsini yalnız keçmişin diliylə deyil, bu faktı əyani eksponat və görüntülərlə seyrçilərə bəxş etdikləri üçün Toğrul və Sevinc Bağırovlar kimi xalqına bağlı insanların olmasına sevinirsən.

Qeyd etdiyim kimi kitab sırf elmi araşdırmanın məhsulu olmayıb, sadəcə nobel mükafatı almış qadınlar haqda çeşidli qaynaqlardan əldə olunmuş ümumi, biblioqrafik mətnlər üzərində qurulub. Lakin bu potret-oçerk xarakteri daşıyan bu yazılarda Qənirə xanım Paşayevanın peşəkar jurnalist qələmi və fantaziyası millət vəkili kimi fəaliyyəti, iş təcrübəsi, çoxçalarlı yaradıcılıq potensialı da özünü aydın büruzə verir. Müəllifə xas bu xüsusiyyətlər olmasaydı, yəqin ki, kitab daha çox quru, rəsmi və sırf ensiklopedik xarakter daşıyardı.

 

 

Pərvanə MƏMMƏDLİ

 

525-ci qəzet.- 2010.- 16 yanvar.- S.26.