Ustad dərsi keçmək istəməsə
də...
SABİR RÜSTƏMXANLININ
ÖMÜR KİTABINDAN ÖYRƏNMƏLİ ÇOX MƏQAMLAR
VARMIŞ...
Gəlin, yazını
belə başlayaq: “Bir dəli şeytan deyir, özünü
oxşat Sabir Rüstəmxanlının cavan və dəliqanlı
vaxtına, sağ bilmə, sol bilmə, ürəyin istəyən
qədər tənqid elə. Zatən umu-küsü adamı
deyil. Əla fürsətdir...” Ağıllı
şeytan da gözünü ağardır ki, çox vacibdir?
Deyl Karnegi deyib, tənqid poçt göyərçini kimidir,
nə vaxtsa mütləq üstünə qayıdacaq. Lap yazsan da, redaktorun bir
“delit”i qədər “can”ı olmayacaq. Vəssalam. Mən də
özümü ağıllı aparıb, mısmırıq
sallaya-sallaya yazıya ənənəvi girişlə
başlayıram.
Oxuyaq: Sinoptiklərin qismən
sabit, əsasən yağmursuz hava proqnozu verdiyi 9 yanvar
günündə, Gənc Ədiblər Məktəbinin
üzvləri ilə xalq şairi Sabir Rüstəmxanlının
görüşü keçirildi. Əvvəlcədən
özünü üç görüşə kökləyən
auditoriya Milli Kitabxananın akt zalında
qonağımızın yolunu gözləyirdi. Sabir bəylə
görüşdən sonra Günel Anarqızı və Afaq Məsudun
“525 Kitab: Qadın yazarlarımız” seriyasından olan
kitablarının təqdimatı keçiriləcəkdi.
Burda köhnə vərdişimə sadiq qalıb mütləq
deməliyəm ki, tədbir 19 dəqiqə gec başlayıb,
iki saata güclə yekunlaşdı. Giriş sözü
Yazıçılar Birliyinin katibi Rəşad Məciddən
gəldi, o, Sabir bəylə gənc ədiblərin
görüşündən məmnunluğunu bildirib,
meydanı qonağa verdi.
Bir yazıçı, bir planet ...
Görüşün
formatının ustad dərsi şəklində təşkil
olunduğunu eşidər-eşitməz etirazını bildirdi
ki, mən ustad dərsi verməyə yox, sadəcə siz gənclərlə
görüşüb, ədəbi söhbətlər etməyə
gəlmişəm... Əla.
“Yazıçılar dünyanın
fərqli adamlarıdır,hər biri bir planetdirlər.Cavanlıqda
ədəbi məclislərə yığışanda, bizə
nəsihət verənlərə qarşı içimizdə
bir etiraz vardı ki, axı bu öyüd-nəsihət kimə
lazımdır? Biz onsuz da hər şeyi bilirik. Ruhumuz
narazılıq üstündə köklənmişdi. Niyə
Azərbaycan parçalanıb, niyə əlifba iki dəfə
dəyişib, niyə... Biz Bəxtiyar Vahabzadədən, Mirzə
İbrahimovdan umduğumuz kimi siz də bizlərdən
umursunuz. Bilirəm, sizin də içinizdə bir etiraz var”.
Bu da çox əla, amma
ummağa nə verirlər ki?!
60-70-ci illərin ədəbi
dərnəkləri, məclisləri indikilərdən fərqli
olaraq, siyasi söhbətlər mərkəzi olub. Sabir bəyi
meydan hərəkatına aparan yollar məhz həmin dərnəklərdən
başlayıbmış.
Meydan hərəkətləri
ilə bağlı təfərrüatlar bir qədər
sonra...
Qonağımız deyir ki,
ilk şeirini necə yazdığını xatırlamır.
Amma hələ orta məktəbin aşağı siniflərindən
ədəbiyyata meylli olduğunu hamı bilirmiş. Günlərin
bir günü Qazaxdan gələn ədəbiyyat müəllimi
ona tez-tez Səməd Vurğunun, Aşıq Ələsgərin
şeirlərini oxuyarmış və hər iki sənətkarın
yaradıcılığı ilə tanış olan
qonağımızın ürəyindən şeir yazmaq istəyi
keçib. Səbəb çox sadəymiş: Onlar öz
dağlarının gözəlliyini vəsf edirlərsə,
mən niyə etməyim?
Mən Sabir bəyin üzləşdiyi
çətinliklər, başına gələn qalmaqallar
haqqında çox eşitmişəm, amma onun “Ədəbiyyat
qəzeti”ndəki iş yerindən qovulduğunu bilmirdim. Sən
demə dünyanın qarışıq vaxtlarında ədəbiyyatın
vəziyyəti daha pis – qarmaqarışıq olub. Hətta
tanınmış yazıçıları da tənqid etməkdən
çəkinməyən Sabir müəllim bunun əvəzini
işini itirməklə verib. Düzdür, onun yazıları
demokratik ruhlu insanlar tərəfindən alqışla
qarşılanırmış, amma hər bir oyunun qaydaları
olduğu kimi qəzetin də daxili dəmir qanunu
varmış... İndi bu yazını yaza-yaza telefonumun “not”
yerinə baxıb qonağımızın dilindən
yazdığım bir cümləni yazmaqdan özümü
saxlaya bilmirəm. “O vaxt qələmimin itiliyindən hamı
danışırdı. Baxmırdım bu hansı
yazıçıdır, xoşuma gəlməyən bir
şey olanda sağa- sola tənqid edirdim. Haqlı-haqsız...”
Belə işçini kim
saxlayar?...
“Ömür kitabı”nın açdığı şöhrət yolu
Nüsrət Kəsəmənli,
Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı
üçlüyünün dostluğu haqqında çox
deyilib. Yazıçıların yaradıcılıq evində
olarkən iki dostunu az yazmaqda qınayan Sabir bəy onlardan
maraqlı cavab alarmış: “İlham pərisi gələn
kimi sən onu qapıdan öz otağına aparırsan. Bizim
yanımıza gəlib çıxa bilmir”
Vaxt gəlir ki, üç
dost birlikdə kitab yazmaq qərarına gəlirlər.
“Ömür kitabı” adlanacaq bu müştərək iş
sonucda əsl müəllifini tapır və elə bu bəs
edir ki, onu şöhrətin zirvəsinə qaldırsın.
230 min tirajla nəşr olunan kitab Sabir bəyə
böyük məbləğdə qonarar gətirməklə
bərabər, üzdəniraq ermənilərin də qəzəbinə
tuş edir. Dediklərini olduğu kimi yazıram: “O vaxt Zori
Balayan Azərbaycan xalqı haqqında təhqir dolu yazılar
yazırdı. Mən onun cavabını verəndə bəziləri
deyirdi ki, bu qardaşlığımıza mane olur...”
Qonağımızın
dediyinə görə, “Ömür kitabı” onun bütün
maddi problemlərini həll edib. Hətta ev məsələsini
də... Dostlardan biri dilini dinc saxlaya bilmədi: “Sağ əliniz
bizim başımıza”.
Müstəqillik və ac uşaqlar anası
Tərif xətrinə yox,
gerçəkdən, səmimi yazıram: Mənim
üçün Sabir Rüstəmxanlı söz və ədəbiyyatdan
öncə, təmənnasız azadlıq mücahididir. Tədbirdə
dövlət və millət sevgisinin fəlsəfəsi, soy
kökə bağlılıq hisslərinin dərinliyi,türkün
və türkçülüyün müqəddəsliyi
haqqında az qala kirpik çalmadan danışanda, bir cümləsini
belə söz demək xətrinə
danışmadığı hiss olunurdu. Bilirsiniz, nədən?
Açılan və yumulan beş barmağın zəhmindən...
Bir şəkli var, bilmirəm nə
vaxt, harda görmüşəm: Azadlıq meydanındakı hərəkatda
yarılmış başına bağladığı ağ
parça, izdihama uzanan əli və azadlığın bal
dadından hamıya dadızdırmaq eşqi – Bugünə qəzəb,
sabaha ümid və sevgi...
Sonra illər keçdi və bilirsiniz nə oldu?
Qoy özü
danışsın: “Biz dişimizlə-dırnağımızla
azadlıq qazandıq, amma istədiklərimizin bir çoxu
olmadı. İnsanlar çətinlik, sıxıntı
içində yaşadılar. Yolda bir qadın
qarşımı kəsib deyirdi ki, budur sizin
azadlığınız, evdə üç körpə
uşağım acdır, çörək istəyirlər,
yoxdur. Əlbəttə,o qadına azadlığın fəlsəfəsindən
danışa bilməzdim, onun balalarına çörək
lazım idi...”
Sabir bəy deyir ki,Cənubi
Azərbaycanda baş verən hadisələri BMT-nin
iclaslarında qaldıranda oradakı rəsmilər mənə
“siz o torpaqları İrandan qoparmaq və onların lideri olmaq
istəyirsiniz? Onlar da müsəlman siz də, niyə yola
getmirsiniz? ” – deyirdilər.
Vərəqə səliqəsiz
yazdığım qeydləri köçürürəm: “Mən
onlara cavab verirdim ki, mənim məqsədim lider olmaq yox, əsarət
altında yaşayan azərbaycanlıları müstəqil
görməkdir. Onlar düşündüyünü deməli,
azərbaycanca təhsil almalı, milli təəssübkeşliyinə
görə sıxışdırılmamalıdırlar. Dinlər
xalq və millətlərdən böyük ola bilməz.
Lazım olarsa, otaylı qardaşlarımızın
azadlığı və müstəqilliyi üçün
dindən də keçərik... ”
Bütün bu məsələlərin
dönə-dönə gənclərin beyninə yeridilməsinin
vacibliyini deyib, Universitetlərdən gileyini gizlətmədi:
“Mən neçə illərdir ki, ali məktəblərdən
uzaq düşmüşəm. Rektorlar üçün mən
arzuolunmaz şəxsəm. Elə bil universitetlər
onların şəxsi əkin sahələridir”.
Bir az da ədəbiyyat haqqında
Deyəsən, bizi bu qədər
ruhlandıran, daha doğrusu qol-qanad verən
qonağımız olmamışdı. Uzun müddətli
yazıçı təcrübəsindən
çıxış edib, yazı prosesinin incəlikləri
haqqında fikirlərini bölüşdü. Cavan vaxtı
qonşularında yaşayan yəhudi mənşəli
yazıçını misal gətirib maraqlı müqayisə
apardı: “O, hər gün bir səhifə yazırdı. Bu,
ilin axırında bir roman demək idi. Məndən
soruşanda deyirdim ki, bəzən günə 30 səhifə
yazıram. Özü də o vaxt mənzil şəraitim
çox ağır idi. Yağış yağanda mətbəxdən
başqa quru yer olmurdu. Təsəvvür edin, evin dörd tərəfinə
yığılan qablara tökülən suyun səsi
altında otuz səhifə yazırdım. Siz ilham pərisini
gözləməyin. Sabahı bu gün bilin, sabah yazmaq istədiyiniz
yazıya indi başlayın”.
Yadıma Cek London
düşdü.Cənab London bir gün ərzində
yazdığı yazının hətta hərflərini
sayırdı ki, dünənkindən əskik olmasın.
Qonağımızın
dediyinə görə, son zamanlar daha çox nəsrlə məşğul
olur. Amma bu yaxınlarda şeir kitabı nəşr etdirmək
fikrindədir. Yəqin Ağstafadan gələn oxucu zəngi
Sabir müəllimi bu haqda fikirləşməyə vadar edib.
Məsələ belədir: bu yaxınlarda bir oxucu zəng edərək
ağlayıb ki, mən sizi nasir kimi tanıyırdım. Sizin
şeirlərinizi oxuyub ağladım. Özümə
yazığım gəldi ki, indiyə qədər onlardan xəbərsiz
olmuşam. Sabir müəllim də cavabında deyib ki,
özünə yox mənə yazığın gəlsin ki,
şeir yaradıcılığımı izləyənlərə
laqeyd olmuşam.
Elə bu məqamda bir məsələni
mütləq qeyd etməliyəm. Adətən, Gənc Ədiblər
Məktəbinin qonağı olan yazarlar şair
dostlarımızın şeirləri ilə tanış
olmamış zaldan çıxmırlar. Ancaq
çıxış və suallar üzündən bu dəfə
buna vaxt olmadı...
Cavid ZEYNALLI
525-ci qəzet.- 2010.- 16 yanvar.- S.24.