Sevgi yaradıcılığı
Müsəlman şərqi ölkələrinin tarixi keçmişinin də, bu gününün də şahidlik etdiyi xoşagəlməz məsələlərdən biri qadın hüquqlarının pozulması, qadınların alçaldılması ilə bağlı eybəcər ənənələrlə bağlıdır. Klassik və müasir Azərbaycan ədəbiyyatında, eləcə də digər müsəlman şərqi ölkələrinin ədəbi nümunələrində tənqidə tutulan bu ənənələr çox zaman müsəlmanların arxaik və gericil milli mədəniyyətləri müstəvisində aşkarlanır. Əslində isə bunların yaşarılığını təmin edən, bunları gündəmdən – çağdaşlığımızın fonunda idbar görüntülərdə müəyyənləşən məişət münasibətləri gündəmindən – düşməyə qoymayan, tarixin arxivinə verilməkdən saxlayan başlıca məqam saxtalaşdırılmış dini yozumlardan su içməsi ilə şərtlənir. Bu yazıdan məqsədim gericil müsəlman ailələrində ərin öz zövcəsinə əl qaldırması kimi kobudluğun “dini” mündəricəsini aşkarlamaqdır.
Mətləbə ilahiyyat prizmasından yanaşmaq üçün istərdim Müqəddəs Oxu nüzulunu başlatmış ilk beş ayədən başlayım: “Oxu Yaradan Rəbbinin adıyla. Yaratmış insanı embriondan (qan laxtacığından), sevgidən. Oxu, Rəbbindir ən böyük kərəm yiyəsi. Qələmlə yazmağı öyrətmiş. Öyrətmiş insana bilmədiyi nə varsa” (əl-Alaq surəsi – Embrion, 1-5).
Rəbbimiz
insanlığa hər şeydən öncə “Oxu!” deyə
xitab edir. Demir filan-filan
işlər gör, filan-filan şeylər elə, deyir oxu.
Yazılar yazısının adında ifadə olunan müqəddəs
qayə işdə budur. Ayələrdən də
alırıq ki, söhbət mexaniki oxumaqdan deyil də oxuyub
öyrənməkdən gedir.
Bu möhtəşəm
kosmik-ilahi informasiyanın ikinci enmiş ayəsində insanın
ilk növbədə hərfən “qan laxtacığı” kimi
anlaşılan maddədən yaradıldığı
bildirilir. Ərəbcəsi “alaq”dır. Yeri gəlmişkən
qeyd edim ki, bir sıra başqa ayələrdə insanın
doğuluş anına qədərki bir varlıq kimi fiziki gəlişməsində
iştirak edən təbii ünsürlərlə yanaşı
mərhələlər də sadalanır və bu sadalanmada
heyrət doğuran mətləb ayələrdə elmi dəqiqliyə
riayət edilməsidir. Bunlardan təkcə birisi həmin o
“alaq” deyiləndir. Ancaq burası da üzdədir ki, elmi dəqiqlik
dediyimiz kontekstdə bu sözün ilk qavrayışdan yad təsir
bağışladığı təəssüratı
yaranır. Çağdaş ilahiyyatçılar “alaq”ın
embrion, yəni ana bətnində inkişafın erkən
dövrünə aid insan orqanizmi olduğu qənaətindədirlər.
“Qan laxtacığı” isə məhz o mənada kara gəlir
ki, embrionun rəng çalarını, quruluşunu eynən xatırladır.
“Alaq” sözünün
daşıdığı başqa bir məna “sevgi, sevgiylə
bağlanma”dır. İkinci ayənin bu açıqlaması
da keçərlidir (elə bilirəm sadəlik və
birbaşalıq baxımından daha üstün bir mahiyyətdədir)
ki, Rəbbimiz insanı sevgidən yaratmışdır.
“Alaq”da hər iki mənanın iştirakını təmin
etməklə Rəbbimiz diqqətimizi ona yönəldir ki,
başqa varlıqlardan (məsələn, heyvanlardan!) fərqli
olaraq insanın yaradılış “materialı” maddi və mənəvi
ünsürün qarışığından ibarətdir.
“İnsanı sevgidən
yaratmış” açıqlaması da müəyyən əsas
verir deyək ki, qadınla kişi arasında intim münasibətlər
gerçək mənada sevgi duyğuları, sevgi
motivasiyası ilə müşayiət olunmalıdır. Cinsi
və mənəvi həzzin biri digərini tamamlaması zərurəti
barədə uyğun sahə alimlərinin də
yazılarında incələmələr var. Dinimizin məntiqilə
yetərincə üst-üstə düşən qənaətləri
ifadə edir bu qəbildən yazılanlar, deyilənlər.
Tanrı Yaradandır və
umur ki, yer üzündəki xəlifəsi insan da
yaradıcı özəlliklərə sahib çıxa.
Tanrı rizasınca yaradıcı mahiyyətdə əməllər,
düşüncələr, davranışlar sərgiləyə.
İntim münasibətlər
üçün də bu mahiyyət vacib görülür. Və
əsasən iki istiqamətdə.
Birincisi nəsil
artımına aid istiqamətdir. Bunun maddi-fiziki məna
yükü ilə yanaşı, mənəvi tərəfi də
var. Əsasən ailə quruculuğunda övlad yetişdirilməsi
və tərbiyəsinin roluyla bağlıdır.
İkincisi sırf mənəvi
baxımdan önəmlidir. Burada söhbət təbii cinsi tələbatları
vaxtaşırı ödəyən intim əlaqədən
gedir. O intim əlaqədən ki, əks cinslər arasında
sevgi, mehribançılıq yaradır.
Ər-arvad münasibətlərinin
möhkəmlənməsində vacib məsələdir ki, tərəf-müqabillər
intim əlaqə məqamlarında da bir-birini uğurla
tamamlaya bilələr, aralarında cinsi harmoniya hökm sürə.
Əks halda, istisna deyil ki, münasibətlərə müəyyən
psixoloji rahatsızlıqlar sirayət etsin. Mütəxəssislər
bu fikri də vurğulayır ki, cinsi harmoniyanın
saxlanmasında kişiylə qadının fizioloji imkanları
ilə bərabər onların mənəvi keyfiyyətləri
də mühüm rol oynayır. Yəni intim əlaqənin
yaradıcı mahiyyətində sevgi və şəhvət
duyğularının vəhdəti dayanmalıdır.
Qadınlar surəsində ərinə
kobudluq göstərən qadına qarşı hansı
davranışda bulunmaq tövsiyələri var (“ən-Nisə”
– Qadınlar, 34). Nəzərə
çatdırım ki, tövsiyələr bütpərəstlərə
deyil də imanlı kişilərə
ünvanlanmışdır. Öncə “öyüd verin” deyir
Rəbbimiz. Yola gəlməsələr, deyir “onları yataqda
tək buraxın”. Müvəqqəti cəza tədbiridir. Bəlkə
də ən çeşidli səbəblər üzündən
(məişət problemləri və s. və i.) ərini sevməzlik
hallarına yol verən qadına psixoloji təzyiqdir. Təzyiqdir
ki, intim həyatın təkcə bioloji ehtiraslardan ibarət
olmadığını götür-qoy edə, bunun hansısa
gözəl məqamlarda məhz sevgi impulsları ilə
gerçəkləşdiyini xatırlaya,
düşünüb-daşına... Və yəqin ki,
başqa psixoloji aspektlər də nəzərə
alınmaqla cinsi həzdən müvəqqəti məhrumetmənin
effektini incələyən daha geniş ayrıntılar da ola
bilər.
Ayədə duruma uyğun
ikinci tövsiyənin ardınca üçüncüsü də
gəlir. Bu sonuncu tövsiyə ilahi mətnin orijinalında “fədrubuhunnə”dir.
Əksər müsəlmanlar həmin ifadəni “onları
döyün” kimi anlayıb həyata keçirməyə bir
növ adət etmişlər. Kimlərsə iddia edə bilərlər
ki, bəzi qadınlarda məhz döyüldükdən sonra
“mürgüləyən” sevgi hissləri təkrar oyanır. Hər
halda, elə bilirəm belə bir anormallıq çoxluğa
aid ediləsi məsələ deyil. Başqa yandan, zinaya yol
verməmiş bir qadına fiziki cəza verilməsi dinimizin məntiqilə
də uyarlı görünmür. Zinaya görə isə nəzərdə
tutulan kötəkləmə (“ən-Nur” – Nur, 2) eyni zamanda
kişiyə də uyğulanacaq bir cəzanın yuxarı həddidir
(yeri gəlmişkən, din “təəssübkeşləri”nin
nəzərinə: zina qarşılığında
qadını daşqalaq etmə cəzasının heç
bir Quran əsası yoxdur!).
Türkiyənin mütərəqqi
ilahiyyatçıları “fədrubuhunnə” ifadəsinə
aid “darabə” felinin kökündə otuza yaxın məna
olduğunu yazır, bunlardan ən önəmlilərindən
dördünü – “vurmaq, döymək, çıxmaq, getmək”
mənalarını diqqətə almağı və ifadəni
bu cür açıqlamalarda qəbul etməyi məsləhət
görürlər: “onları evdən çıxarın”;
“onları olduqları yerin dışına getmək zorunda
buraxın”; “onları döyün”. Bu açıqlamalardan hər
birinin vəziyyətə, şəxsi keyfiyyətlərə
görə uyğulanmasını keçərli bilərək
birinci və ikincini insan psixolojisinə və hüquq məntiqinə
daha uyğun sayanlar da var. Ancaq məsələ
burasındadır ki, “darabə” felinə həmin
ilahiyyatçıların əlavə etdiyi mənaları gətirən
müvafiq ön qoşmalarıdır və bunlardan heç
biri “fədrubuhunnə” də yoxdur və məhz
olmadığına görə də həmin
ilahiyyatçıların ənənəvi şəriəti
islah etmək məqsədi ilə istinad etməyə
çalışdıqları mənaları elə təkcə
qrammatik baxımdan sadəcə olaraq etibarsız edir.
Ön qoşmasız halda
işlənən bu felin diqqətdən qaçmış,
izahlı lüğətlərdə yer almamış, fəqət
danışıq dilində, bəzi ərəb ləhcələrində
işlənən və bu üzdən də görkəmli
rus ərəbşünası V.Borisovun tərtib etdiyi
“Arabcko-russkiy slovar”da qeyd olunan diqqətçəkici bir mənası
da var. Bu, erkəyin dişiylə cinsi əlaqəyə girməsini
ifadə edir. Hesab edirəm, ilahi məntiqə daha yaxın
hikmət qatının açılmasında bu məna əsas
götürülməlidir.
Mehribançılıq,
şəfqət, sevgi impulslarının təkrarən hərəkətə
gəlməsi naminə addımı yenə də kişi
atır. Bu dəfəki intim əlaqə aktı öncələr
olduğundan bir qədər fərqli, bir qədər kobuddur.
Felin lüğəti mənalarından biri kimi “fədrubuhunnə”nin
bu cür açıqlanması öz yerində. Və bundan
başqa elə bilirəm məhz bu mənaya
üstünlük qazandıran məsələ öncəki
tövsiyə ilə bu sonuncunun arasında məntiqi-psixoloji
bağlılığın yaranmasına yardım göstərməsidir.
“Yataqda tək
buraxılmağından” dolayı cinsi aclığa məhkum
qadınla müəyyən fasilədən sonra təkrar əlaqə
aktı psixoloji bir fənd kimi nəzərdə tutulur. Ənənəvi
xoş münasibət izharına yol verilmədən həyata
keçən bu intim əlaqə zərif cinsin
dikbaşlığını, kobudluğunu, sevməzliyini və
s.-ni ram edə bilir. Zatən cinsi əlaqənin sevgi,
mehribançılıq, şəfqət
yaradıcılığı təyinatına uyğun gələn
nəticədir.
Etiraf edim ki, vaxtilə nəşr
etdirdiyim Quranın dilimizə tərcüməsi əsərimdə
(Quran-i Kərim: Azərbaycan türkcəsində
açıqlama, 1993) yuxarıda ərəbcə gətirdiyim
ifadənin tərcüməsini ənənəvi izahlar üzərində
qurmuşdum, yəni hədislərə əsaslanan mövcud təfsirlərə
istinadən mən də “onları döyün” deyə
kobudluq edib yazmışdım. 90-cı illərin
ortalarında aşkarladığım yeni mənaya
çıxışlarımda və mətbuatda gedən
yazılarımda ara sıra istinad etmişəm. İndi həmin
ayənin söhbət açdığımız mənasına
aid ifadəsinin açıqlamasını yeni və hələ
nəşr olunmamış tərcümə əsərimdə
belə vermişəm: “...O qadınlar ki, əndişə
çəkirsiniz onların tərsliyindən, əvvəlcə
öyüd verin onlara, sonra tək buraxın onları
yataqlarında, və nəhayət, onlarla möhkəm cinsi əlaqədə
bulunun. Və sizə ram oluban sayğılı davransalar, bir
yol aramayasız onların əleyhinə...”
Bu deyilənləri nəzərə
alan müsəlman kişisinin dindarlığı varsa bilsin
ki, qadını döymək yox, sevmək lazımdır.
Çünki mərhəmətlilər mərhəmətlisi
(Yusif, 64) Rəbbimizin qəzəbi, cəzası müstəsna
hallara və şərtlərə bağlıdırsa, mərhəməti
sonzusdur (“əl-Əraf” – Sədd, 156). Çünki müqəddəs
Oxudakı mərhəmət anlayışı sevgi, şəfqət
kimi mənaları da ehtiva edən geniş bir məzmuna
sahibdir.
Əminəm ki, müsəlman
xalqlarının ailə-məişət münasibətlərində
yer almaqda davam edən gericillik, kobudluq, qəddarlıq, mədəniyyətsizlik
nümunələrinin aradan qaldırılması yolunda
yuxarıda qeyd olunan ayənin belə izahı bir yazı
müəllifinin ilahiyyatçılıq
araşdırmaları “arxivindən” çıxıb da nə
zamansa müsəlmanların dindarlığına, dini
şüuruna, oradan da ailəiçi münasibətlərinə
səyahət edəcək.
Nəriman QASIMOĞLU
525-ci qəzet.- 2010.- 16 yanvar.- S.19.