Avstriya: Hafizələrə qovuşan bir həftə

 

Şərqdə tayfalar, dövlətlər altun üstündə bir-birinə qılınc çəkəndə, Mərkəzi Asiyada başqasının otlaqları, mal-qarası uğrunda müharibələr aparılıb. Dünyanın yarıdan çoxuna yiyələnən monqol-tatarlar düzənləri tutub dağ yamaclarındakı məskənlərə əhəmiyyət vermədən yürüşlərini davam etdiriblər. İtalyanlarla yunanların “üzümün, şərabın vətəni haradır” mübahisəsi indiyədək müzakirə olunur. Qədim romalılar zəbt etdikləri ölkələrin əksəriyyətinə, o cümlədən müasir avstriyalıların ulu babaları sayılan keltlərin (e.ə. XV il) yaşadıqları ərazilərə plantasiya kimi baxıblar. Ağıllarına da gəlməyib ki, ting verdikləri bu insanlar üzüm, şərab emalının sirlərini mənimsədikdən, ağızlarının dadını bildikdən sonra hansı iddiaya düşəcəklər. Şirinlik, məstlik və xoş əhval-ruhiyyə keltlərlə bərabər bu torpaqlara axışan bavar, slavyan tayfalarını həmin nemətləri romalıların əlindən almaq üçün yürüşlərə sövq edəcək. Hərçənd bunadək dadı pivəyə yaxın “met” adlı içkilər dəbdə idi və tayı-bərabəri olmadığını sanırdılar...

... İmperiyalar tarixin yaddaşına həkk olub. Avstriya dünyamızın sivil, örnək sayıla biləcək, yüksək səviyyədə inkişaf etmiş dövlətlərinin sırasındadır. Amma bu müasirliyin özündə belə qədim lövhələr heyriqlərdəki yeyib-içmə məclislərinin mövzularındandır. Qonaq yad olanda ev sahibinin əlinə bununla bağlı daha geniş söhbət açmaq imkanı düşür. Bir də onu öyrənmişəm ki, qonağını heyriqə aparmayan vyanalını həmşəhərliləri qınaq atəşinə tuturlar. Bunlardan mənə Beynəlxalq Mətbuat İnstitutu kimi nüfuzlu media qurumuna uzun müddət rəhbərlik etmiş professor Con Frits söhbət açır. Dəvət etdiyi heyriqin əsası 300 il əvvəl qoyulub. Bəri başdan deyim ki, buraya gəlişimizin məqsədi Avstriyada mətbuata dövlət dəstəyi sahəsində toplanmış təcrübə ilə tanışlıq və eyni zamanda ölkədə fəaliyyət göstərən tanınmış beynəlxalq media qurumları ilə əlaqələri genişləndirmək idi.

 

Heyriqlə tanışlıq

 

Cənab Fritsin dəvətinə qədər Vyanada bir sıra görüşlərimiz, müzakirələrimiz, fikir mübadilələrimiz olub. Bunlara qayıdacağam. Ağız şirinliyini sonadək davam etdirmək istəyirəm. Elədirsə, yenidən heyriqə dönək. Mənası “bu ilki” deməkdir. Heyriqlərdə müştərilərə mütləq cari ildə çəkilmiş təzə çaxır təklif edilməlidir. Ölkədə müasir tipli, gözəgəlimli xidmət şəbəkələri kifayət qədər olsa da, populyarlığa görə bu tipli obyektlər şəksiz liderdir. Vyanalıların sevimli məzəli məsəlini xatırlamaq yerinə düşərdi: Adam narahat olur, qəmlənir. Kefini açmaq üçün heyriqə gedir. Orada dostları ilə xeyli şərab içir, əylənir. Gecə yarı gəlir evə. Həyat yoldaşı onu süfrəyə dəvət edəndə çox işlədiyindən yorulduğunu, lap taqətdən düşdüyünü dilə gətirir ki, yeməyə təhrik edilməsin. Belə olanda qadın “onda yat, sabah heyriqə gedərik, kefin açılar” deyir.

Qeyd edim ki, heyriqlərdən ətraflı danışmağım bu cür obyektlə tanışlığın oxucuda maraq doğuracağı ehtimalından irəli gəlir. Heyriqlərin yaşı 400 ildən yuxarıdır. Bəşər tarixində ən humanist güzəştlərdən biri belə obyektlərə şamil edilir. Deyə bilmərəm, bəlkə də birincisidir. Avstriya rəhbərliyi bu yolla ilk növbədə Bavariyaya pul axınının qarşısını aldı. Cəmi bir neçə ildən sonra pullarını bavar çaxırına xərcləyənlər çox həvəslə ciblərindəkiləri yerli məhsullara yönəltdilər. Bu necə oldu: Hökmdar fərman imzaladı. Kəndlilər bunun əsasında öz iaşə şəbəkələrini – heyriqlərini yaratma imkanı əldə etdilər. Bu şərtlə ki, orada hazırlanan yeməklər, içkilər müxtəlif çeşidli meyvə-tərəvəz, bütövlükdə müştərilərə təklif edilən bütün nemətlər onun öz təsərrüfatına məxsus olmalı idi. Həmin şərtlərə əməl olunacağı təqdirdə kəndli hər cür vergidən azad edilirdi. Heyriqlər Avstriya kəndlisinin psixologiyasında da, yaşayış tərzində də, məskənlərin abadlığında da, təsərrüfat mədəniyyətində də nəzərəçarpacaq irəliləyişlərə gətirdi. Ənənənin layiqincə qorunmasını Vyana şəhərinin özündə belə 700 hektardan çox sahəni əhatə edən ərazidə gözoxşayan təsərrüfatların mövcudluğu göstərməkdədir... Heyriqdən xoş əhval-ruhiyyə, tarixən bura xas mahnıların sədaları altında ayrıldıq. Skripka və akkordionun müşayiəti ilə milli geyimdə öz aləminə qapılan müğənniyə müştərilər də qoşulmuşdu: “Dünyanın sonu ölümdür, İçək ölənə qədər”...

 

Mediaya dövlət dəstəyi: zəngin təcrübə, geniş maddi imkanlar

 

Artıq səfərimin qayəsini vurğuladım. Nümayəndə heyətinin tərkibinə mənimlə birlikdə KİV-lərə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsindən Vüqar Əliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə daxil idi. Səfər çərçivəsində görüşlərimiz oldu. Çıxışlarımızda ev sahiblərinə bu qurumun yaranmasına qədərki səylərdən, fəaliyyətə başladığı ilk aylarda gördüyü işlərdən, maliyyələşdirdiyi layihələrdən söhbət açdıq, qarşıda duran vəzifələr barədə məlumatlar verdik, sualları cavablandırdıq. Etiraf edim ki, Avstriya bu yolu çoxdan keçdiyindən dediklərimizin əksəriyyəti onlar üçün bir elə diqqət çəkən yenilik deyildi. Azərbaycanda 4000-ə yaxın KİV-in rəsmi qeydiyyatdan keçməsi faktına təcrübəli media mütəxəssislərindən biri “bu, keçid dövrünün yaşantısıdır. Avstriyada da “reket” adlandırdığınız nəşrlərə uyğunları olub. Düzdür, ölkəmizdə bildirdiyiniz sayın yarısı qədər də KİV mövcud olmayıb. Hər şeyi başlanılan proseslər, zaman tənzimləyə bilər” deyərək münasibət bildirdi. Nikbin fikirlər eşitmək hamımız üçün xoş idi.

Avstriyada mətbuata dövlət dəstəyindən danışmazdan əvvəl bir faktı vurğulamaq istərdim. Ölkədə yaşı 14-dən yuxarı olan əhalinin 75 faizi qəzet oxucusudur. Burada fəaliyyət göstərən yazılı KİV-lərdən yalnız biri dövlət qəzetdir. “Vena saytunq”un təsisçisi Avstriya Respublikasıdır. Dünyanın ilk peşəkar qəzeti hesab olunur. 1704-cü ildən işıq üzü görən nəşr simvolik saxlanılır. Tirajı 8 mindir. Qiyməti digər qəzetlərdən fərqlənmir. Oxucularla görüşə xüsusi buraxılışlarla gəlməyə üstünlük verir.

Ölkədə 19 gündəlik (3-ü pulsuz yayımlanır), 200-dək həftəlik qəzet çıxır. 3 ümummilli (onlardan 2-i ictimai), bir idman telekanalı yayımlanır. Bir ümumölkə miqyaslı radiodan əlavə, yerlərdə belə 90-a qədər populyar yayım şəbəkələri də fəaliyyətdədir. Tamaşaçılar Almaniyanın, İsveçrənin telekanallarını da müntəzəm izləyirlər. İstər yazılı, istərsə də elektron media auditoriya cəhətdən korluq çəkmir. Yüksək peşəkarlıq, axtarışlarla yanaşı mediaya dövlət dəstəyi də təsirsiz qalmır. Ölkədə bu proses Komm-Avstriya adlı quruma həvalə edilib. Yeddi nəfərdən ibarət Məsləhət Şurasının çıxardığı qərarlar qurumun rəhbərliyi üçün əsas sayılır. Şuranın üzvlərinin ikisini ölkənin baş naziri, ikisini Avstriya Qəzetçilər Cəmiyyəti, ikisini də Jurnalistlərin Həmkarlar İttifaqı təyin edir. Bu altı nəfər isə kənar nümayəndəni müəyyənləşdirir.Komissiyanın sənədləri tövsiyə xarakterlidir və indiyədək şikayət doğurmadığı bildirilir.

Avstriya hökuməti KİV-lərə il ərzində 13 milyon avroya qədər maliyyə ayırır. Bunun 4,5 milyonu qəzetlərə çatır. Hər qəzetə 500 min avroya qədər maliyyə verilə bilər. Məbləğ gözəgəlimlidir, fəqət almağın ciddi şərtləri var. Əgər qəzet ölkədə, yaxud əyalətdə tirajına görə digərlərindən öndədirsə, yardım ala bilməz. Ümumi gəlirin azı 50 faizi reklamdan olmalı, həmçinin mətbu nəşrlərin gündəlik kimi qəbulu üçün ildə azı 240, həftəliyin isə azı 41 sayı çıxmalıdır. Gündəlik qəzetlər bütün ölkə üzrə azı 10 min, həftəliklər isə 5 min tirajla yayımlanmalıdır. Avstriyada jurnalistikaya sayğının dərs götürülməli cəhətlərindən birini xüsusi qeyd etmək istərdim. Əgər gündəlik qəzetlərdəki əməkdaşlardan azı 6 nəfərinin (həftəliklərdə azı 2 nəfərin) jurnalist diplomu yoxdursa, yardımdan kənarda qalacaq.

Qurum yalnız siyasi, iqtisadi, mədəni, məzhəkə xarakterli və digər ixtisaslaşdırılmış sahə qəzetlərinə vəsait ayırmır. Bu, idman mövzusunda yazan nəşrlərə şamil edilmir. 1994-cü ildə yaradılmış Tiraj Komitəsinin məlumatlarına da istinad edilir. Komitə səlahiyyətli təşkilatdır, bütün qəzet və jurnalların tirajı, satışı barədə hesabatlar hazırlayır. Hesabatlar reklam vericilərdə də kiminlə işləməyin sərfəli olduğu barədə qənaətlər formalaşdırır. İldə 2 dəfə aparılan audit yoxlamalar prosesin şəffaflığına və ardıcıllığına kömək edir. Nəticədə işini tələblər səviyyəsində quranlara reklam vericilər tərəfindən ilkin vəsait ayrılır, gözləntiləri doğrultmayanlar isə bu imkanı itirirlər. Tiraj Komitəsi fəaliyyətini qəzetlərdən gələn üzvlük haqqı hesabına qurur.

Komm-Avstriya jurnalistika və oxucu auditoriyası ilə bağlı əksər məsələləri diqqət mərkəzində saxlayır. KİV-lərə dəstək və lisenziyalaşdırma tənzimləməni, maddi həvəsləndirməni, məsuliyyəti bir müstəvi üzərinə gətirir. Qəzetlərdə gedən materialların azı 50 faizi özünün məhsulu olmalıdır. Mətbu nəşrlərin xaricdə müxbir saxlamalarına da dəstək verilir. Yardım ayrılarkən milli azlıqların qəzetlərinə xüsusi güzəştlə yanaşılır. Serb, xorvat, çex və digər dillərdə çıxan qəzetlər üçün tiraj və satışla bağlı şərtlər yoxdur.

Jurnalist təşkilatları da normal, əhatəli fəaliyyət göstərirlər. Burada beynəlxalq miqyasda tanınan belə qurumlardan təqdir olunası cəhətlər az deyil. Jurnalist təşkilatlarının gerçəkləşdirdikləri layihələrin bəzilərinin adlarını çəkmək yerinə düşərdi. Məsələn, regionlarda, yaxud məktəblərdə oxucu sayının artırılması, jurnalistikanın təbliği, müsabiqələrinin təşkili və s. Belə layihələr mətbu nəşrlərin konkret yerlərdə yayımına, məktəblilərin gələcəkdə jurnalist peşəsini seçmələrinə həvəsləndirilmə baxımından müsbət nəticələr verir. Bu dəqiqdir ki, həmin oxucular sabahın abunəçiləri olacaqlar.

İctimai televiziya ölkədə ən populyar telekanaldır. Təminatına görə də başqalarından fərqlənir. Bəzi mütəxəssislər deyirlər ki, Avstriyada 1995-ci ilə kimi özəl telekanallar olmadığından tamaşaçıların gözü ona baxmağa öyrənib. İTV-nin büdcəsi 530 milyon avrodur. Bunun da 230 milyonu reklamdandır.

Mətbu bazarın şəksiz lideri “Kuryer” qəzeti Vyanada özünün 12 mərtəbəli binasında yerləşir və “Media Holdinq”in tərkibinə daxildir. İctimai-siyasi nəşrin tirajı adi günlərdə 300 minə, istirahət günlərində isə 400 minə çatır. Satışı holdinqin özü təşkil edir. Gəlirinin üçdə ikisi reklamlardan, qalanı isə satışdandır. Bazar günləri xüsusi yerlərdə qutu ilə yanaşı qoyurlar. Alıcılar nüsxələri götürüb pulu oraya atırlar. Nəşrin rəhbərlərindən olan cənab Ruber Şubert gülümsəyərək ölkələrimiz arası müqayisələrdəki fərqlərin nə vaxtsa aradan qalxacağı proqnozunu verir. Ondan öyrənirik ki, qəzetin 12 əlavə buraxılışı var. Vyanada səhər və axşam çıxır. Regionlardakı saylarında isə materialların əksəriyyətində yerli həyatdan bəhs edilir. Kadr işi başlıca məsələlərdəndir. Qəzetin nəzdində təhsil müəssisəsi var. Burada jurnalist və redaktorlar hazırlanır. Redaktorlara “aspirantlar” da deyirlər. Onlar bir müddət sonra rəhbər vəzifələrə çəkilirlər.

“Kuryer”də 300 nəfərə yaxın əməkdaş çalışır. Əmək haqları da bizimkilərdən dəfələrlə çoxdur. İldə məktəblərə 100 mindən çox pulsuz nüsxə verilməsi sabit oxucu auditoriyasının qorunması ilə kompensasiyasını tapır.

Sizlərə Avstriya media bazarının liderindən söhbət açdıq. Tam səmimiyyətlə deyə bilərəm ki, ölkədə yayımlanan hər bir qəzetdə nümunə gətirilə biləcək müsbət cəhətlər var. Səfər zamanı bizi xüsusi qayğı ilə əhatə edən fövqəladə və səlahiyyətli səfirimiz Fuad İsmayılovun Azərbaycan jurnalistlərinin Avstriyada ixtisasartırma kurslarına cəlbi sahəsində səyləri də məhz həmin amillərdən qaynaqlanır.

Səfər nə dərəcədə faydalı oldu? Mətbuat Şurasında, KİVDF-də nəticələr, Avstriya praktikasının tətbiqinə nə dərəcədə ehtiyacın olduğunu müəyyənləşdiriləcək. Oxşar missiya ilə digər nümayəndə heyəti İsveçdə olub. Azərbaycan Mətbuat Şurasının rəhbərliyi isə səfərdən yüksək əhval-ruhiyyə, konkret razılaşma ilə qayıdıb.

Avstriya Mətbuat Şurasının fəaliyyətini dayandırması xəbərindən təbii ki, narahat olmuşduq. Qurumun bərpası üzrə koordinator cənab Andrea Koller bu addım barədə danışarkən bildirdi ki, 40 illik tarixə malik qurumla Şuranın təsisçilərindən olan Qəzet Sahibkarları Assosiasiyası arasında fikir ayrılığı yaranıb. Səbəb Mətbuat Şurasının Assosiasiyanın tərkibindəki qəzetlər barədə çıxardığı kəskin qərarlardır. Cənab Koller hazırkı durumdan vətəndaşların və ayrı-ayrı ictimaiyyət nümayəndələrinin əziyyət çəkdiyini də dedi. Çünki ölkədə senzura yoxdur və söz azadlığı ilə bağlı geniş imkanların mövcudluğu şəraitində bir çox qəzetlər sui-istifadəyə yol verir. Bu da bütövlükdə cəmiyyət tərəfindən mənfi qarşılanmaqdadır. Vəziyyətdən ən optimal çıxış Avstriya Mətbuat Şurasının fəaliyyətini bərpa etməkdir.

 

 

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri

 

525-ci qəzet.- 2010.- 16 yanvar.- S.14.