Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə sayımızda)

 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin British Council (Britaniya Şurası) ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi sizinlə bölüşəcəyəm.

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında yaranmış elmi-mədəni sahələrdə münasibətlərin möhkəmlənməsi və inkişafında British Council-in xüsusi rolu olmuşdur. British Council qeyri-mənfəət təşkilatıdır və Böyük Brtaniyada xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçmişdir. Təşkilatın himayədarı Böyük Britaniya Kraliçasıdır, onun müavini funksiyalarını isə Uels şahzadəsi icra edir.

British Council fəaliyyətində təhsil komponenti prioritet təşkil etməklə 3 aspektə xüsusi əhəmiyyət verir: islahatlar və stabillik; iqtisadiyyat və bacarıqlar; mədəniyyətlərarası dialoq.

British Council Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilatdır və bu təşkilat dünyanın 110 ölkəsinin 250-dək şəhərində təmsil olunur. Şura Britaniyanın xarici ölkələrdə mövcud olan səfirliklərinin mədəniyyət şöbələrinin funksiyalarını həyata keçirir. British Council-in ölkələrdən asılı olaraq dəyişən fəaliyyəti ümumilikdə aşağıdakı sahələri əhatə edir:

– insanların təhsilinə yardım, Britaniya ilə peşəkar əlaqələrin yaradılması;

– yüksək səviyyəli mütəxəssis hazırlığı və xarici ölkələrdə müştərək layihələrin həyata keçirilməsi;

– ingilis dilinin tədrisinə yardım;

– kitabxana və məlumatlarla təminat xidmətləri;

– Britaniyada təhsil, elm və texnologiyanın inkişafı;

– Britaniya incəsənəti və ədəbiyyatının təbliği.

Təşkilatların məqsədləri Birləşmiş Krallığın dünyada etibarlı tərəfdaş imicinin yüksəldilməsi, British Council-in dünyanın ən effektiv beynəlxalq mədəni əlaqələr təşkilatı kimi tanıdılması ilə bağlıdır. British Council-in dünyada 222 informasiya mərkəzi və kitabxanasının 340 min üzvü vardır. İnformasiya mərkəzi və kitabxana 8 milyondan artıq kitab, audio-video kaset və sair vəsaitlərdən ibarət resurslara malikdir. Təşkilat xarici ölkələrdə aparılan ingilis dili kurslarının yüksək standartlara uyğun olmasına nəzarət edir və “Learn English” adlı xüsusi web səhifəsi ilə maraqlananları lazımi məlumatlarla təmin edir.

British Council fəaliyyət göstərdiyi ölkələrdə incəsənət, ədəbiyyat və dizayn, təhsil və treninq, ingilis dilinin tədrisi, dövlət və insan hüquqları və digər mövzular üzrə məlumatları yayır, ictimai həyatın müxtəlif sahələri üzrə seminarlar, işçi qruplarının görüşləri, debatlar və sair tədbirləri həyata keçirir.

British Council Kembric Universitetinə ingilis dili imtahanları təklif etmək səlahiyyətlərinə malik yeganə mərkəzdir. Kembric Universiteti Yerli İmtahanlar Sindikatı 1913-cü ildən bu günədək dünyada ən müfəssəl imtahanlar təklif etməkdədir. British Council ilə Kembric Universitetinin Yerli İmtahalar Sindikatı arasında 1940-cı ildən uzunmüddətli əməkdaşlıq mövcuddur. Təşkilatın xarici ölkələrdə yerləşən mərkəzləri Kembric Universiteti Yerli imtahanlar Sindikatını uğurla bitirənlərə şəhadətnamələr verir. Adətən, bu şəhadətnamələri Britaniya səfirləri təqdim edirlər. Qeyd etmək yerinə düşərdi ki, Kembric Universitetinin şəhadətnamələri dünyada ingilis dilinin mükəmməlliyini bildirən sənəd kimi qəbul edilir.

British Council Azərbaycanda 1993-cü ildə “Bp/STATOİL” alyansının maliyyə dəstəyi ilə ingilis dili, biznes administrasiyası və idarəetmə sahələrində təlimlərlə fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Böyük Britaniyanın Baş naziri Con Meycor tərəfindən 23 fevral 1994-cü ildə imzalanmış “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş” Britaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın hüquqi əsasını qoymuşdur. Azərbaycan və Britaniya xalqları arasında dostluq münasibətlərinin, eləcə də, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin inkişafında tarixi əhəmiyyət daşıyan bu saziş imzalandığı gündən iki ölkə arasında qarşılıqlı anlaşmaya geniş zəmin yaratmışdır. Bundan sonra British Council Azərbaycanda fəaliyyətini genişləndirmişdir. Sazişin 14-cü maddəsinə əsasən British Council iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıqda Böyük Britaniya hökumətinin əsas vasitəçisidir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə British Council-in səmərəli fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Birləşmiş Krallığın baş naziri Toni Bleyerin 1998-ci ili iyulun 21-də imzaladıqları birgə bəyannamədə də qiymətləndirilmişdir. Bəyannamənin 10-cu maddəsində qeyd olunmuşdur: “Hər iki lider British Council-in Azırbaycanda ingilis dilinin tədrisi, təhsil, elm, texnika və mədəniyyət sahələrini əhatə edən genişlənmiş fəaliyyətini xüsusilə bəyəndilər”.

1998-ci ilin mayında British Council-in rəsmi dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti Böyük Britaniyaya səfər etmişdir. Səfər nəticəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə British Council arasında əməkdaşlıq haqqında Saziş və Niyyət Memorandumu imzalanmışdır. Bu Memorandum Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndə heyətinin Böyük Britaniyanın Təhsil Sahəsində Mübadilələr üzrə Mərkəzi Büro arasında keçirilmiş görüşün və fikir mübadilələrinin nəticəsində imzalanmışdır. Görüş British Council tərəfindən təşkil edilmişdir. Həmin görüşdə Təhsil Sahəsində Mübadilələr üzrə Mərkəzi Büronun direktorluğunu Qraham Devid təmsil etmişdir. Görüş zamanı qarşılıqlı maraq kəsb edən məktəblər və kolleclər arasında əlaqələr, ingilis dilinin tədrisi, müəllim və məktəb rəhbərlərinin mübadiləsi kimi məsələlər müzakirə edilmişdir.

Memoranduma əsasən tərəflər 1998-ci ilin may-dekabr ayları ərzində aşağıdakı tədbirlərin həyata keçirilməsi haqqında razılığa gəlmişlər:

1. Təhsil sahəsində mübadilə üzrə Mərkəzi Büro Azərbaycanın məktəb və kollecləri üçün Böyük Britaniyada tərəfdaş məktəblərin axtarılmasında köməklik göstərəcəkdir. Əsas diqqət ümumtəhsil sektoruna yönəldiləcəkdir.

2. Məktəblər arasında stabil və qarşılıqlı faydalı əlaqələr yaradılandan sonra Mərkəzi Büro tərəfdaş tədris müəssisələri arasında eksperimental məktəb rəhbərləri mübadiləsi layihəsinə yardım məsələsinə baxacaqdır.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyi vasitəsilə Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya şirkətləri haqqındakı məlumatı həmin şirkətlərə Beynəlxalq təhsil layihəsinə sponsorluq üçün müraciət etmək məqsədi ilə təmin edəcəkdir.

4. Müvafiq fondlar mövcud olduğu təqdirdə, ingilis dili sahəsində birtərəfli konsultativ yardım proqramlarının həyata keçirilməsi məsələsinə Mərkəzi Büro tərəfindən baxılacaqdır. Həmin proqramda iştirak etmək niyyətini bildirən Müəllim Təşkilatları haqqında məlumatı Təhsil Nazirliyinə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinə təqdim ediləcəkdir.

5. Avropa Komissiyası (TASİS), Avropa Yenidənqurma və İnkişaf Bankı və ya digər maliyyə mənbələri tərəfindən Azərbaycanda təhsilin inkişafına müəyyən fondlar ayrıldığı təqdirdə, Böyük Britaniyada ikitərəfli və çoxtərəfli layihələrdə iştirak etmək məqsədilə mümkün tərəfdaşların müəyyən edilməsində Mərkəzi Büro öz yardımını göstərəcəkdir.

British Council Azərbaycanda aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

–Müəllimlərin təkmilləşdirilməsi üzrə seminarların keçirilməsi;

İngilis dili müəllimlərinin Britaniyada yay məktəblərində təkmilləşmə kursları keçməsinin maliyyələşdirilməsi;

–Şirkətlər və qeyri-hökumət təşkilatları üçün idarəetmə-menecment üzrə təlimlər;

–İncəsənət və elm sahələrində görüşlər və informasiya mübadiləsi;

–Britaniyada təhsil, incəsənət və mədəniyyət haqqında seminarların təşkil olunması;

–Təhsilin maliyyələşdirilməsi, ingilis dilinin tədrisi mərkəzlərində keyfiyyətə nəzarət sahələrində mütəxəssislərin başqa ölkələrə səfərlərinin maliyyələşdirilməsi;

– Təhsil Nazirliyi ilə birlikdə ali və orta məktəblərdə müəllimlər üçün “ingilis dilinin tədrisi metodikası”, “Böyük Britaniyada təhsil və mədəniyyət tarixi” mövzusunda seminarların keçirilməsi;

– British Council ekspertləri tərəfindən ali təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün “İngilis dilinin tədrisinin müasir metodikası” üzrə seminarların keçirilməsi;

– İngilis dilinin tədrisi üçün dərsliklərin və vəsaitlərin hazırlanması;

– İngilis dilinin tədrisi ilə məşğul olan dövlət və qeyri-dövlət təşkilatlarına tədris metodları haqqında kitabların və müəllimlər üçün ingilis dili kursları, lüğətləri və məlumat kitabçalarının hədiyyə edilməsi;

– İncəsənət sahəsində tədbirlərin maliyyələşdirilməsi;

British Council Təhsil nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirir. Həmin layihə və proqramlar barədə məlumatları diqqətə çatdırmaq istərdim.

Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasına dəstək (AzETA) layihəsi. Bu Layihə British Council-in Azərbaycanda həyata keçirdiyi əhəmiyyətli layihələrdən biridir. Layihə 2003-cü ildən başlanmışdır. Əsas məqsəd Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasının geniş tanınması və davamlı infrastrukturunun qurulmasına kömək etməkdir. Layihə çərçivəsində İcra Şurası yaradılmış, Bakıda baş ofis və 4 regionda – Şəki, Xaçmaz, Mingəçevir, Gəncədə yerləşən filiallardan ibarət infrastruktur, Xüsusi maraq qrupları təşkil edilmiş, internet saytı (www.az-eta.org) yaradılmışdır. Hazırda AzETA-nın 600-dən çox üzvü vardır.

Hazırda “Gənc ingilis dili müəllimləri” layihəsi AzETA tərəfindən həyata keçirilir. Eyni zamanda bu təşkilat ingilis dili müəllimləri üçün seminarlar, təlimlər, konfranslar təşkil edir, ingilis dilinin tədrisi metodikasının təkmilləşdirilməsi istiqamətində səylər göstərir.

İngilis dilinin tədrisi sahəsində layihələr. British Council Azərbaycanda ingilis dilinin tədrisi sahəsində layihələr həyata keçirir. Bu layihələr vasitəsilə British Council Azərbaycanda ingilis dili müəllimlərinin təkmilləşdirilməsi vasitəsilə müəllimlərin peşəkar inkişafını dəstəkləyir., Layihə müasir təlimin aspektləri, dərsliklərin qiymətləndirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi, yeni ingilis dili kurikulumunun nəzərdən keçirilməsi, innovativ layihə modulu, tədrisin təkmilləşdirilməsi, dərsin səmərəli planlaşdırılması və müşahidə, müəllimlərin ixtisasının artırılması və digər sahələri əhatə edir.

Müəllimləri Təkmilləşdirmə Layihəsi (İNSETT – in-service teacher training). I mərhələ. Layihə 2003-2005-ci illəri əhatə etmişdir. Həmin müddət ərzində ümumilikdə 100 kaskad təlim sessiyası keçirilmişdir. 19 təlimçi müəllim kaskad təlim seminarlarını aparmış, 500 nəfər ingilis dili müəllimi kaskad təlimlərindən keçmişdir. Layihə çərçivəsində 12 000 nəfər şagird yeni metodologiya və təlim materiallarının istifadəsi ilə keçirilən dərslərdən faydalanmışdır.

Müəllimləri Təkmilləşdirmə Layihəsi (İNSETT) II mərhələ. Bu mərhələ 2005-2006-cı illəri əhatə etmiş, Layihə çərçivəsində Ucar, İsmayıllı və Şirvan şəhərlərindən olan 22 ingilis dili müəllimi 5 birhəftəlik intensiv seminarlarda iştirak etmişdir. 20 kaskad təlim sessiyası keçirilmişdir. 19 təlimçi müəllim kaskad təlim seminarlarını aparmışdır. 240 nəfər ingilis dili müəllimi kaskad təlimlərindən keçmişdir. Layihə çərçivəsində 5 000 nəfər şagird yeni metodologiya və təlim materiallarının istifadəsi ilə keçilən dərslərdən faydalanmışdır.

Müəllimləri Təkmilləşdirmə Layihəsi (NTT) III mərhələ. Bu mərhələ 2007-2008-ci illəri əhatə etmişdir. Layihə çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunun 11 filialından 25 müəllim və metodist 5 birhəftəlik intensiv seminarda iştirak etmişdir. 100 kaskad təlim sessiyası keçirilmişdir. 20 nəfər təlimçi müəllim kaskad təlim seminarlarını aparmışdır. 425 nəfər ingilis dili müəllimi kaskad təlimlərindən keçmişdir. 35 000 nəfər şagird yeni metodologiya və təlim materiallarının istifadəsi ilə keçilən dərslərdən faydalanmışdır. AMİ və onun filiallarından 22 təlimçi müəllim təlimlərdən keçmişdir.

Layihə Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu və British Council əməkdaşlarından ibarət xüsusi yaradılmış idarə heyəti tərəfindən idarə olunur. Müəllimləri təkmilləşdirmə layihələri aşağıdakı nəticələrin əldə edilməsinə zəmin yaratmışdır:

–İNSETT komandası uzunmüddətli ingilis dili təlimi proqramını hazırlamış və AzETA, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Dillər Universiteti kimi yerli təşkilatlar tərəfindən həyata keçirilməsi üçün təqdim etmişdir.

–təlim proqramı üçün yeni materiallar toplanmışdır.

–ayrı-ayrı müəllimlər tərəfindən 2 illik proqram zamanı bütün müəllimlər tərəfindən istifadə oluna biləcək layihələr tərtib edilmişdir.

–gələcək trenerlərin hazırlanması üçün təlimlər apara biləcək İNSETT sertifikatı olan 42 nəfərdən ibarət peşəkar və təcrübəli trenerlər komandası yaradılmışdır.

–Azərbaycanda müasir ingilis dili tədrisinin hərtərəfli hesabatını özündə əks etdirən tədqiqat aparılmışdır.

–layihə çərçivəsində işlənib hazırlanmış materiallar İnternetdə yerləşdirməklə bütün müəllimlərin istifadəsinə verilmişdir.

Gənc ingilis dili müəllimləri layihəsi (NQT). Bu regional layihə gənc ingilis dili müəllimləri üçün təlimləri nəzərdə tutur. AzETA bu layihənin həyata keçirilməsində əsas tərəfdaşdır.

Layihə 50 nəfər Gəncə, 40 nəfər Sumqayıt, həmçinin 60 nəfər Bakı məktəb və liseylərindən olan gənc ingilis dili müəllimlərini əhatə edir. Təlimlər Rumıniya və Bolqarıstanda təlim keçmiş 6 yerli mütəxəssis tərəfindən uğurla həyata keçirilmişdir. İlk seminar Gəncə, Sumqayıt və Bakıda 2007-ci ilin yanvarında, növbəti seminar həmin ilin aprel ayında olmuşdur.

İngilis dilinin tədrisi sahəsində İNSETT heyətinin işləyib sınaqdan keçirdiyi uzunmüddətli ixtisasartırma proqramı milli səviyyədə yayılaraq AMİ tərəfindən mənimsənilib. AMİ bu təcrübədən yararlanaraq yalnız ingilis dili müəllimlərinin deyil, digər fənn müəllimlərinin ixtisasının artırılması sahəsində də yeni sistemi tətbiq etmişdir.

British Council-in Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi müəllimlərin təkmilləşdirilməsi layihələri uğurlu olmuşdur. Həmin layihələrin məqsədi Azərbaycanda təhsil islahatlarına uyğun olaraq ingilis dili müəllimləri üçün ingilis dilinin tədrisi sahəsində ən son nailiyyətləri əks etdirən müasir və effektiv ixtisasartırma/təkmilləşdirmə sisteminin yaradılması, ingilis dilinin tədrisində fəal/interaktiv təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqidir. Həmin layihələrdən ümumilikdə 2000-dək müəllim, 54 000 şagird faydalanmış, layihələr çərçivəsində 250 kaskad təlimləri keçirilmiş, 77 nəfər təlimçi hazırlanmış, 23 nəfər “öyrədənlərin öyrədəni” təcrübə mübadiləsi məqsədilə xarici ölkələrdə, o cümlədən Böyük Britaniyada səfərdə olmuş, layihələrə cəlb olunmuş müəllimlər tərəfindən təlim materialları və tədris vəsaitləri hazırlanmışdır. İngilis dilinin tədrisi sahəsində layihələr üzrə nailiyyətlərin əldə edilməsində, ingilis dili müəllimlərinin ixtisasının artırılması üzrə səmərəli sistemin yaradılmasında British Council-in proqramlar üzrə rəhbəri Gülşən Hüseynovanın xüsusi xidmətləri olmuşdur.

Müəllimlərin təkmilləşdirilməsi üzrə British Counci tərəfindən həyata keçirilən layihələr Azərbaycanda öz peşəkarlığı və səriştəliliyi ilə fərqlənən, müasir təlim texnologiyalarına, fəal–interaktiv təlim metodlarına yiyələnmiş ingilis dili müəllimlərinin formalaşmasına zəmin yaratmışdır. Təhlil göstərir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2008-ci ildən keçirilməyə başlayan “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edənlər arasında ingilis dili müəllimləri daha üstünlük təşkil edir. Belə ki, 2008-ci ildə keçirilən müsabiqədə 45 ingilis dili müəllimi iştirak etmiş, onlardan 18 nəfəri ən yaxşı 100 müəllim sırasına daxil olmuşdur. 2009-cu ildə də 69 ingilis dili müəllimi müsabiqə iştirakçısı olmuş, onlardan 21 nəfəri qalib adını qazanmışdır.

İngilis dilinin intensiv tədrisi layihəsi. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya birliyinə inteqrasiya meyillərinin artması, beynəlxalq əməkdaşlığın genişlənməsi xarici dillər sahəsində müvafiq kompetensiyalara malik gənc nəslin formalaşdırılmasını daha zəruri etmişdir. Bu amil isə xarici dillərin tədrisinin təkmilləşdirilməsini, beynəlxalq təcrübədə uğurla istifadə olunan metodikaların ölkəmizdə də tətbiqini xeyli aktuallaşdırmışdır. İndiki zamanda bir və ya bir neçə xarici dil bilmək artıq həyati tələbat hesab olunur.

Təəssüflə qeyd etmək istərdim ki, sovet dövründəki təlim ənənəsinə uyğun olaraq müstəqillik illərində də xarici dillərin tədrisi şagirdlərdə nitq bacarıqlarının formalaşdırılmasından çox qrammatik qaydaların mənimsədilməsinə xidmət etmişdir. Bu səbəbdən, sirr deyil ki, əksər hallarda şagirdlər xarici dili məktəbdə yox, daha çox həmin dilin daşıyıcıları olan insanlarla ünsiyyətdə öyrənirlər.

Təhlil göstərdi ki, ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi sahəsində mövcud olan problemlər, əsasən, proqram və dərsliklərin, tədris metodikasının müasir tələbləri ödəməməsi və sagirdyönümlü olmaması, bir çox müəllimlərin peşəkarlıq səviyyəsinin, mövcud ixtisasartırma sisteminin müasir tələblərə cavab verməməsi ilə bağlıdır.

Mövcud problemlərin aradan qaldırılması üçün xarici dillər intensiv tədris edilməli, bunun üçün ünsiyyət əsaslı (kommunikativ) yanaşma metodikasına üstünlük verilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində müasir və effektiv ixtisasartırma/təkmilləşdirmə sistemi tətbiq edilməlidir.

Bununla əlaqədar British Council-ə müraciət etdik və birgə layihənin reallaşdırılması barədə razılığa gəldik. 2008-2009-cu dərs ilindən layihənin həyata keçirilməsi üçün ilkin olaraq Bakı şəhərində 7 pilot məktəbi müəyyənləşdirdik: Bakı şəhərindəki 7, 23, 27 nömrəli məktəblər, 6 nömrəli “İntellekt” liseyi, Ankara məktəb-liseyi, “İstedad” Beynəlxalq Təhsil Kompleksi (134 nömrəli məktəb) və S.Pişəvəri adına Humanitar fənlər gimnaziyası. Bu məktəblər təsadüfən seçilməmişdir, çünki həmin məktəblərdə uzun müddət xarici dillər, o cümlədən ingilis dili dərindən öyrədilmişdi və lazımi kadr potensialı var idi.

Layihə ilkin mərhələdə 7 məktəb üzrə 41 sinifdə 1085 birinci sinif, 37 sinifdə 1077 beşinci sinif şagirdi olmaqla ümumilikdə 78 sinfi, 2162 şagirdi əhatə etmişdi.

British Council ilə birlikdə müəyyənləşdirilmiş məktəblərin direktorları, ingilis dili müəllimləri ilə çoxsaylı görüşlər keçirildi. Məktəblərin I və V siniflərində ingilis dilinin intensiv tədrisinə başlanılması üçün yeni tədris planları tərtib edildi, proqramları hazırlandı və təsdiq edildi, dərsliklər müəyyənləşdirildi.

Qabaqcıl ingilis dili müəllimləri və British Council ilə müzakirələrdən sonra həmin siniflərdə tədris prosesində istifadə ediləcək milli dərsliklərlə yanaşı, Kembric Universitetinin nəşr etdiyi və Böyük Britaniyada uğurla tətbiq edilən, Azərbaycan üçün məqbul olan dərslik komplektləri müəyyənləşdirildi. Hazırda müəllimlər və şagirdlər həmin dərslik komplektləri ilə təmin olunmuşdur. Bu mərhələdə ən əhəmiyyətli məsələlərdən biri də pilot siniflərində dərs deyəcək müəllimlərin seçilməsi idi. Məktəb rəhbərləri ilə birlikdə ingilis dilini intensiv tədris edəcək 55 müəllim seçildi. British Council-in təcrübəli və səriştəli təlimçiləri tərəfindən təlim seminarlarının proqramı hazırlandı. Böyük Britaniyadan mütəxəssis dəvət edilməklə həmin müəllimlər üçün üç təlim seminarı keçirildi və onlara British Council və Təhsil Nazirliyinin müvafiq sertifikatları təqdim olundu.

Onu da qeyd etmək lazımdır ki, ingilis dilinin intensiv tədrisi layihəsi British Council-in mütəxəssisləri tərəfindən daim müşahidə olunur. Daha geniş monitorinq isə 2009-cu ilin noyabrında aparılmışdır. Monitorinq prosesində pilot məktəblərin ingilis dilini tədris edən bütün müəllimlərinin dərsləri dinlənilmiş və geniş təhlil edilmişdir. Monitorinqin nəticələrinə əsasən hər bir müəllimin fəaliyyətinin təhlilini və müvafiq tövsiyələri özündə əks etdirən geniş hesabat hazırlanıb Təhsil Nazirliyinə təqdim edilmişdir. Bu hesabatlar pilot məktəblərin rəhbərləri və müəllimlərlə birlikdə müzakirə edilmiş və fəaliyyətdə nəzərə alınması üçün müvafiq məktəblərə təqdim edilmişdir. Eyni zamanda monitorinqin nəticələri ingilis dilini intensiv tədris edən müəllimlər üçün daha bir təlim seminarının keçirilməsi üçün də əsas olmuşdur.

2009-2010-cu dərs ilindən layihənin əhatə dairəsi daha da genişləndirilmiş, 7 pilot məktəbin həm I, V, həm də II, VI siniflərində ingilis dili intensiv tədris edilməyə başlanmışdır. Hazırda pilot məktəblərin 35 I sinfində 1063 şagird, 39 II sinfində 1056 şagird, 31 V sinfində 817 şagird, 34 VI sinfində 924 şagird ingilis dilini intensiv öyrənməkdədir. Həmin siniflərdə 100 müəllim ingilis dilini tədris edir.

British Council ingilis dili tədrisi ilə bağlı Azərbaycanda digər xidmətləri də həyata keçirir: Təşkilatın Tədris Mərkəzində bütün bilik səviyyələri üçün ingilis dili üzrə təlim kursları; İngilis dilini Böyük Britaniada öyrənməyi arzulayanlar üçün yerləşdirmə xidmətləri; İngilis dilinin öyrənilməsi və tədrisini dəstəkləməklə Böyük Britaniyada təhsil almaq imkanları haqqında məlumatın verilməsi və bu yönümdə imtahanların təşkil edilməsi.

Təbiət fənləri üzrə müəllimlərin təlimləri layihəsi. Məhz ingilis dili müəllimlərinin ixtisasının artırılması üzrə yaradılmış səmərəli sistem və toplanmış təcrübə BP və British Council tərəfindən Azərbaycanda yeni bir əhəmiyyətli layihənin – təbiət fənləri üzrə müəllimlərin təlimləri sahəsində layihənin başlanması üçün əsas olmuşdur. Layihə 2007 – 2010-cu illəri əhatə edir. Layihənin əsas məqsədi fizika, kimya, biologiya fənləri üzrə interaktiv təlim metodlarının tətbiqini inkişaf etdirərək Azərbaycan məktəblərində tədris və öyrənmə təcrübəsində müsbət dəyişikliklərə dəstək verməkdir. Perspektivdə bu layihənin məqsədi hər bir müəllimi interaktiv təlim metodları ilə tanış edərək bütün ölkə üzrə orta məktəblərdə təbiət fənlərinin tədrisi səviyyəsini yüksəltməkdir. Layihə British Council Azərbaycan və onun tərəfdaşları–Təhsil Nazirliyi, AMİ, Böyük Britaniyanın Təbiət Elmlərinin Öyrənilməsi üzrə Milli Mərkəzi (National Science Learning Centre) və BP Azərbaycan tərəfindən icra olunur. Layihənin üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci mərhələnin məqsədi əsas təlimçi qrupunu müəyyən edərək peşəkar bacarıqları inkişaf etdirməkdir. Bu mərhələdə AMİ və onun filiallarından 30 müəllim, 5 pedaqoji profilli ali təhsil müəssisəsindən 10 müəllim, 5 rayondan seçilmiş pilot məktəblərindən 15 müəllim, universitet rəhbərləri, rayon təhsil şöbələrinin nümayəndələrindən, məktəb direktorlarından ibarət 15 nəfərlik heyət təlimlərə cəlb edilmişdir.

İkinci mərhələdə 5 rayonun hər birində daha 5 məktəb layihəyə cəlb olunmuş və onların hər birində 6 müəllim təlimdən keçmişdir. Əsas təlimçi qrupu təbiət fənləri üzrə 250 müəllimə təlim kursları keçmişdir.

Üçüncü mərhələdə təbiət fənləri üzrə yeni kurrikulumun tətbiqinə dəstək üçün tədris materialları işlənib hazırlanacaq. Layihənin sonuna 3000-dən artıq müəllim interaktiv təlim metodları üzrə treninqlərdən keçəcək və əldə edilən təcrübəni bütün ölkə üzrə təbiət fənn müəllimləri arasında yayacaq.

Britaniya Çivninq Təqaüdü Proqramı. Bu təqaüdlər xarici tələbələrə Birləşmiş Krallıqda təhsil alma imkanı vermək üçün təsis olunmuşdur. Təqaüdlər Britaniya Xarici və Krallıq işləri İdarəsi tərəfindən maliyyələşdirilir. Onlar, Azərbaycan da daxil olmaqla, 150-dən çox ölkədə təqdim olunur və bütün dünyada gələcək liderlər, idarəetmə sahəsində çalışan və digər mütəxəssislərə Birləşmiş Krallıqla yaxından tanış olmaq və təmsil etdikləri ölkələrə fayda verə biləcək peşə səviyyəsinə yiyələnmək imkanı verir. Təqaüdlərin əksəriyyətində bir illik magistr kursu və ya ona ekvivalent bir kurs nəzərdə tutulur. Proqram çərçivəsində 3 aydan 6 aya qədər davam edən qısa məzuniyyət kursları üçün də maliyyə yardımı verilə bilir. Proqramda iştirak üçün 25-35 yaşları arasında ali təhsili və ən azı üç il ixtisas təcrübəsi olan, ingilis dilini lazımi səviyyədə bilən və beynəlxalq münasibətlər, beynəlxalq təhlükəsizlik, beynəlxalq hüquq, insan hüquqları, kənd təsərrüfatının inkişafı və aqrobiznes, iqtisadiyyatın inkişafı, ətraf mühit və iqlim təhlükəsizliyi siyasəti, avropaşünaslıq, idarəetmə elmləri, ictimai idarəetmə, QHT-lərin idarə olunması sahələri üzrə ixtisaslaşmış səxslər müraciət edə bilərlər. 1993-cü ildən Britaniya Çivninq Təqaüdləri proqramı çərçivəsində Birləşmiş Krallıqda Azərbaycandan 62 təqaüdçü təhsil almışdır.

BP təqaüdü Proqramı. Azərbaycanın iqtisadi-sosial inkişafı və əhalinin rifahının yaxşılaşdırılması məqsədilə müxtəlif sahələrdə yerli gənc mütəxəssislər üçün Böyük Britaniyada magistr və qısamüddətli kurslar proqramıdır. 2007-2008-ci illərdə həyata keçirilən proqram gənc azərbaycanlı mütəxəssislərə respublikanın dayanıqlı inkişafı üçün töhfə vermək məqsədilə peşəkarlıq səviyyəsini artırmağa imkan vemişdrir. İştirak şərtləri Çivninq proqramında olduğu kimidir və bu Proqram ictimai idarəetmə, iqtisadiyyat, bank işi, maliyyə və mühasibat sahələrini əhatə edir. Həyata keçirildiyi müddətdə Proqram üzrə Azərbaycan üçün 8 təqaüd ayrılmışdır.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat  elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 16 yanvar.- S.10-11.