“Hara tələsirsən, ay ömür, belə...”
ZİRƏDDİN QAFARLININ
POEZİYASI HAQQINDA ÜRƏKDƏN GƏLƏN SÖZLƏR
Deyirlər, şairlər elə anadan şair doğulurlar. Şairlik Zirəddinin də alın yazısıdır, özü demiş, “Bu, tale payımdır, alın yazımdır..” Və bütün əsl şairlər kimi “özünü öz misrasından asıb yaşayan”, “sinəm tar, əlim mizrab”-deyən Zirəddin Qafarlı da acısı şirinindən, nisgili sevincindən çox olan bir şair taleyi yaşayır.
Nəyi var, yazılmayanı,
Yazıb yaşayan şairin?!
Özündən qabaq doğulub,
Yası yaşayan şairin.
Küməsi nə, binəsi nə,
Ürəyinə sinə-sinə,
Bu dünyanı sinəsinə,
Basıb yaşayan şairin,
Zirəddin Qafarlı, doğrudan da, bu dünyanın bütün dərdlərini sinəsinə basıb yaşayan bir şairdir. Onun şeirləri oxucunu düşündürür. Şairlik həm də şərəfli bir ömürdür və Zirəddin Tanrının həm də xoşbəxt bəndələrindəndir ki, Tanrı onun ürəyinə, qəlbinə işıq əta edib. Və bu işığı oxucularına öz səmimi misralarıyla səxavətlə bəxş edir Zirəddin Qafarlı.
Zirəddinin şeirləri oxucunun ürəyindən xəbər verir. Bu şeirlərdə insan, zaman, məkan anlayışı çox güclüdür. Xüsusən də, mürəkkəb məxluq olan insanin ziddiyyətli psixoloji aləmini ustalıqla aça bilir şair.
Bu dünyanın yollarını azmışam,
Mən yenə də pozduğumu yazmışam.
Öz qəbrimi öz əlimlə qazmışam,
Qan ağlayır, əlimdəki belə bax!
Zirəddin Qafarlının
poeziyada öz dəst-xətti, öz yolu var. Bu yol onun elə öz
yoludur. Bəlkə də Azərbaycanın gözəl guşələrindən
olan səfalı Tovuzun suyunu içdiyindəndir, ya da yaşıl bağ-bağatlarını hələ
uşaqkən seyr edib yaddaşına köçürdüyündəndir ki, onun hər
bir misrasında biz şairin ürəyinin səsini eşidirik, çırpıntılarını duyuruq. Çox az-az şair olur ki, onun
poetik, axıcı misraları ömürlük
olaraq insan yaddaşına həkk olunsun. Belə xoş tale isə hər şairə nəsib olmur. Z.Qafarlı məhz belə şairlərdəndir.
O kəndin
payızı düşüb
könlümə,
Deyəsən çağırır
bulaqlar məni.
Yolları ilantək
girər yuxuma,
Dağları dözməyib
soraqlar məni.
Şeirə, sənətə
hörmət edən elə bir insan
tapılmaz ki, bu misralardakı hərarət ona tanış, doğma gəlməsin. Könlümüzə-gözümüzə
yaxın olan şeirlərdir bu şeirlər.
Zirəddinin yaradıcılığında
ülvi məhəbbət,
sevgi əsas yer tutur. Onun
sevgi şeirləri hər birimizin ürəyindən xəbər
verən əsl sənət inciləridir.
Bu şeirlər elə-belə,
adi şablon sözlərdən ibarət
deyil. Onlarda gerçək, həqiqi bir aşiqin iztirablarını, çəkdiyi
xoş acılarını
görürük. Doğru
duydunuz: xoş acılarını. Əsl
sevgidən doğan ağrı-acılar da insana xoşdur.
Belə qonşuluqdan
utanır adam
Sizin ağ eviniz, bizim qara
dam.
Sən mənim
nəyimi sevirdin axı?!
Sən mənim
gözümdə bu qara damın,
Altını üstünə
çevirdin axı...
Belə şeirləri
dinləyəndə, oxuyanda
adamın ruhu dincəlir, qəlbimizin aşıb-daşan ilk şıltaqlıqları-ilk
məhəbbət yada
düşür. Belə
anlarda insan bu dünyanın əzablarından bir anlığa çıxıb
getmək, dibsiz göylərin ənginlikləriində
hey uçmaq, uçmaq
istəyir.. Belə xoş anları isə bizlərə Zirəddinin gözəl şeirləri bəxş
edir. Zirəddinin sevgisi pakdır, təmizdir, billur kimi safdır. Vaxtsız itirdiyi həyat yoldaşına yazdığı şeirlər,
səmimi misralar təkcə bir şair kimi deyil, həm də bir insan,
bir ər, bir şəxsiyyət kimi onu gözümüzdə
daha da ucaldır.
Vaxtilə “Qızlar, aranızda bir sevdiyim var..” – deyən gənc Zirəddini indi həmin o qız – həyatının
mənası saydığı,
balalarının anası
olan o gözəlqəlbli
xanım, ömrünün
bu yetkin çağında yetim qoydu, tənha qoydu, onunla birlikdə
qocalmaq istəmədi.
Günlərim yavan qaldı,
Başımda havan qaldı.
Sən ölüb
cavan getdin,
Mən qalıb
qocalıram..
İnsan qiymətli,
çox qiymətli bir dürrmü deyim, cəvahirmi deyim, onu salıb
itirəndə, o dürrün,
o gövhərin dəyərini,
qiymətini anlayır.
Və bu, həyatın qanuna uyğunsuzluqlarından biridir.
Zaman çox amansızdır.
Yolumuydun, bitib getdin,
Gözlərimdə bitib getdin.
İlim-ilim itib getdin,
Göyüm-göyüm göynəyirəm.
Şairin bu unudulmaz, nakam qalan eşqinə, ilk məhəbbətinə bu
qədər hörmətlə
yanaşmasını alqışlamaq
lazımdır. Amma torpağını, elini-obasını
sevən bir vətəndaş şair
kimi onun dərdi, qəlbinin göynərtisi, nisgili daha böyükdür: Qarabağ ağrısı,
itirilmiş torpaqlarımızın
dərdi, doğma ocaqlarından, yurd-yuvalarından
pərən-pərən düşən
soydaşlarımızın ağrı-acısı.. “Dərdim
Vətən dərdidi,
ağlaram için-için”-deyərək
el-oba təəssübü,
torpaq qeyrəti çəkən şairin
bu nisgili, bu ağrı-acısı
ürəyindən qələminə
süzülür misra-misra..
Hayıf o torpağa,
hayıf o yurda,
Neçə ki, necə ki qayıtmamışıq...
Dağlar, daşlar
belə şəhiddi
orda,
Dönək, oğuz
oğlu, dönək
o yurda!
Bax, budur şair qəlbinin dərdi, harayı! Neçə illərdi ki, hamımızın yuxusunu da ərşə
çəkən, qəlbimizi
göyüm-göyüm göynədən
bu dərd şairi də rahar buraxmır. “Bizim oğul əkən atalarımız,
əkdilər torpağa
oğullarını..” –deyə,
şair qəlbi fəryad edir. Hər zaman qürurunu dik tutan, vicdanının səsiylə hərəkət
edərək ömrü
boyu heç kəsə əyilməyən
şair təkcə doğma torpağın önündə əyilir.
Özgə yurda əyilmədim,
Orda-burda əyilmədim.
İtə-qurda əyilmədim.
Düşüb torpağa
əyildim.
Zirəddinin Qafarlının
doğulduğu məkan
həm də aşıqlar, ozanlar diyarıdır. Bəlkə
elə buna görə də yaradıcılığında zəngin aşıq şeirindən də bəhrələnib. Şairin
bir sıra qoşmaları, gəraylıları
və təcnisləri
onun yaradıcılığına
böyük uğur gətirib. Bu cür şeirlər bizə həm də ulu keçmişimizi, zəngin şifahi xalq ədəbiyyatımızı,
vaxtilə bütün
məclislərin yaraşığı
olan ustad aşıqlarımızı xatırladır.
Ayə, Kərəm,
nə baxhabax salmısan?-
Baxırsansa, elə
baxma, belə bax.
Sən fikir ver, əl çəkmirəm
fikirdən,
Əyilibdir qədd-qamət,
belə bax!
Zirəddinəm, dəsmalımdı
dərdi-sər,
Göz yaşımla
islatdığım dərdi
sər!
Dərdin elə tək Əslinin dərdisə,
Məndən olsun belə yığval, belə baxt!
Zirəddin burada şifahi xalq ədəbiyyatımızın bir qolu olan
dastanımızı şeirə
gətirməklə həm
gözəl bir təcnis yaratmış, həm də “Dərdin elə tək Əslinin dərdisə..”-deməklə əslində,
çox sözlər
deyir oxucuya... Zənnimcə, bu, Zirəddinin böyük uğurlarından biridir.
Ömür yaman vəfasızdır. Elə
tez sürətlə gəlib keçir ki, bir vaxt
baxırsan ki, bəli, ömrün ahıl çağına
doğru gedirsən, amma hələ istədiyin kimi yaşaya bilməmisən,
hələ görüləsi
nə qədər işlərin qalıb.. Zirəddin Qafarlı dünən qara, gursaçlı gənc bir oğlandı, bu günsə onun 55 yaşı tamam olur. Doğrudan
da, ömür çox vəfasızdır.
Şair “Hayıf cavanlığım!”-desə də,
şərəfli, ləyaqətli
bir ömür yaşayıb indiyə qədər. Amma dediyim kimi zaman
çox amansızdır,
o qaçır, biz isə
qovuruq. Sonra da illərin “yol yorğunu”na çevrilirik.
Bir az oxşarım var, bir az uyğunum
Arabir şütüyən
o ulduzlara.
Qoy bir az dincəlim, yol yorğunuyam.
Hara tələsirsən,
sağ olmuş belə,
Hara tələsirsən
ay ömür belə?!
Zaman keçdikcə,
yalnız həqiqi ədəbi meyarlar və ədəbi dəyərlər qalır.
Və heç şübhəsiz ki, illər ötüb nəsillər dəyişsə
də, qərinələr
ötsə də, Zirəddin Qafarlının
şeirləri və adı Azərbaycan poeziyasındakı öz yerində qalacaq.
Südabə SƏRVİ
525-ci qəzet.- 2010.- 19 yanvar.- S.7.