Dağlar oğlu – dağlar şairi
“Dağlar Allaha yaxındır” deyənlər yanılmayıblar. Görünür, qadir Yaradana yaxın olduğuna görə dağlar belə əzəmətli, cazibədar, sehrlidirlər. Dağları görən şeir yazsa da, yazmasa da, heyrətdən şair olub gedir. Bir var gələsən, görəsən, vurulasan dağlara... Bir də var ki, ilk dəfə dünyaya göz açanda dağları görəsən, onların havasından, səfasından qidalanasan – Nəsib Nəbioğlu kimi. Belə məqamda şair olmamaq günahdır.
İnanıram ki, Nəsibə şeir yazdıran qoynunda doğulub boya-başa çatdığı Kəlbəcər dağları olub. Və dəqiq bilməsəm də, buna da inanıram ki, o, ilk şeirini dağlara həsr edib. Sonradan “Uşaq” şeirində yazdığı kimi:
Sıldırım qayanı oyuncaq sayan,
Buluda bələnib dincələn uşaq...
Bir kaha dibinə çır-çırpı yığıb
Özünə bir ocaq qalayan uşaq...
Daha sonralar isə:
“Özündən özünə boylanan uşaq” – dağlar oğlu Nəsib Verdiyev dağlar şairi oldu. Bu, ona uca dağlara yaxın olan Uca Tanrıdan göndərilən tale payı imiş.
Mən burada Nəsib Nəbioğlunu nahaqdan dağlar şairi adlandırmadım. Başdan ayağa kimi şeirlərinə nəzər salanda görürük ki, dağlar mövzusu onun yaradıcılığının leytmotivi kimi səslənir. Mübaliğəsiz deyərdim ki, dağlar mövzusunda Nəsibdən çox şeir yazan şair yoxdur. O hətta başqa mövzularda yazanda da özündən asılı olmayaraq tez-tez “dağlar” kəlməsini işlədir. Xaricdə səfərdə olanda oradakı dağlarda Kəlbəcər dağlarına oxşarlıq axtarır. “Eriçe” (İtaliyada şəhər) şeirində yazır:
Bir qaya bənzədi Laçın qayaya,
Dərin xəyaldayam. Dərdim dərində.
Ürək gəzdirmirəm, daş gəzdirirəm
Qədim Eriçenin küçələrində.
Dağlar onun şeirlərində vətən, doğmalıq, sevgi, qeyrət, dəyanət, inam rəmzidir.
Nəsib Nəbioğlunun dağlar mövzusunda yazdığı şeirlərini xronoloji və məzmun baxımından üç dövrə bölmək yerinə düşür: birincisi – Qarabağ müharibəsinə qədər yazılanlar, ikincisi – Qarabağ müharibəsinin gedişində yazılanlar, üçüncüsü – müharibədən sonra, atəşkəs müddətində yazılanlar.
Birinci bölgüyə aid etdiyimiz şeirlərdə şair vüqarlı dağları, onun səfalı yaylaqlarını tərənnüm edir, təbiətin əsrarəngiz gözəlliyindən zövq alır:
Bu dağlarda çaşıb qalsan qəm yemə,
Dərədən düş, gədiyi aş, düzə çıx.
Gül-çiçəyin dalğasından adlayıb
El yolunu, gül
yolunu kəsə çıx.
(“Güldən toxu sətrini”)
Qayalar diş-dişdi, haça-haçadır,
Burda qartalların qıyı yüksələr.
Kəlbəcər dağları elə ucadır –
Buluda baş qoyub yatar zirvələr.
(“Buluda baş qoyub yatar zirvələr”)
Belə tərənnüm şeirlərində şair oxucu qəlbini titrədən bədii lövhələr – peyzajlar yaradır:
Göy kişnədi, nur ələndi astaca,
Tərtər çayı silələndi astaca,
Dağ döşündən gilələndi astaca –
Göy çəməni büllur şehlə bəzədi.
(“Lövhə”)
Yaxud:
Bu ulu dağlara keşik çəkərlər,
Göylərin nurunu əmər qayalar.
Axar şəlalələr sinəsi üstdən,
Bahar yağışında
çimər qayalar.
(“Bahar yağışında çimər qayalar”)
Bu dövrə aid bəzi şeirlərində (“Bu gözəlliyə dəymə”, “Dağların dərdi”, “Bu kəndin yiyəsi olmadı” və s.) şair sanki vəsf etdiyi dağların, yaylaqların pasibanı kimi görünür. Bu gözəlliyə nadanlıq və ya harınlıq üzündən qəsd edənlər, dağ meşələrini odun edib doğrayanlar onu qəzəbləndirir:
Meşəsiz bitərmi meşəkişnişi?
Bitməz belə yerdə çaşır, qulançar.
Meşəsiz qəribə bənzəyər dağlar,
Meşəsiz dağların
nə qiyməti var!
(“Dağların dərdi”)
Bayaqdan dağların bir ağacına, bir daşına qıyılmasına dözmürdü şair ürəyi! Qarabağ müharibəsi başlayanda – mənfur erməni işğalçıları öz havadarlarına arxalanaraq ata-baba dağlarımızın qəsdinə duranda təhlükəni duyan bu ürək haqsızlığa nifrin yağdırır. N.Nəbioğlunun bu zaman kəsiyində yazdığı şeirlər vətəndaşları mübarizəyə, qələbəyə çağırır:
Qartalıyla ötüşməsəm,
Çeşməsiylə öpüşməsəm,
Harayına yetişməsəm,
Bağışlamaz dağlar məni!
(“Bağışlamaz dağlar məni”)
Yaxud:
Hoydu, dəlilərim, hoydu!
Deyənlərin harda qalıb?
Əlvan güllü yaylaqların
Xeyli vaxtdır darda qalıb.
(“Qalıb”)
“Hara qaçırsan” şeirində şair vətənin daxili düşmənlərinin təxribatı nəticəsində öz doğma yurdunu-yuvasını qoyub qaçanlara üz tutub onları hiylələrə uymamağa çağırır, sanki yalvarır:
Deyirsən ki, qurd oğlusan,
El oğlu, hara qaçırsan?!
Bu dağların mərd oğlusan,
El oğlu, hara qaçırsan?!
Keçən keçib,
olan olub,
Namus, qeyrət yalan olub.
Qaçma, qəlbim
talan olub,
El oğlu, hara qaçırsan?!
(“Hara qaçırsan”)
Üçüncü bölgüyə aid etdiyimiz
şeirlərində mənəvi,
cismani və kosmik mənada bağlı olduğu dağlarını itirən
şairin dərin nisgilinin şahidi oluruq. Bu nisgil özünü
xatirələrdə, arzularda
büruzə verir:
Yada düşdü,
gözlərimdə yandı
yaş,
Həsrətinən yenə
qaldım başa-baş,
Deyirəm ki, söykənəydim yenə
kaş
Bulud-bulud çətirinə dağların.
(“Dağların”)
Yaxud:
Fikrim azır
duman, çəndə,
Sevinirəm çəkiləndə.
Murov, gözüm
qalıb səndə,
O tərəfdən
gələn olmaz.
(“Olmaz”)
Müqəddəs
gorgahların yağı
tapdağında qalmasına
dözməyən şair
ürəyinin fəryadı
oxucu qəlbinin göynərtisinə çevrilir:
Yağı düşmən
gədikləri kəsibdi,
Başım üstən
qara yellər əsibdi,
Ata qəbri
inciyibdi, küsübdü,
Uluların oymaqları dardadır.
(“Dardadır”)
“Orda bir kənd
vardı” şeiri bu dövr şeirləri
arasında xüsusi yer tutur. Doğma
kəndi Çaykəndi
itirən Nəsib bu şeirində nisgilli xatirələr fonunda o səfalı dağ kəndinin bədii obrazını yaradıb:
...Orda bir kənd vardı
dağlar qoynunda,
Bilmirdik nə idi dərdi-sərimiz...
...Yığılıb
bir yerə qonum-qonşular
Bir süfrə
açardıq güllü
çəməndə...
...Hanı
ağsaqqallar əli təsbehli,
Nə vaxt çıxacaqlar kəndin
içinə?...
Ümumiyyətlə, bu şeir mütəxəssislər
üçün gözəl
etnoqrafik materialdır.
Dağlara bağladığı
şeirlərini
“Dağlara
yazdığım şeirlər
duam,
Mənim fəryadımdı,
mənim ahımdı”
- misraları ilə səciyyələndirən şair
Vətənin bu məğrur ucalıqlarını
unutmamağa, dardan qurtarmağa səsləyir:
Yaxşı oğul
olub dadına yetsək,
Unutmaz bilirəm o dağlar bizi.
Mehriban, istəkli
balası kimi
Nə vaxtsa, nə vaxtsa qucaqlar bizi!
(“Dağlar
nə vaxtsa qucaqlar bizi”)
Şair dağların
həsrətindən nə
qədər çox kədərlənsə də,
inanır ki, bu itki müvəqqətidir,
haqq-ədalət öz
yerini tapacaq:
Dağlar, dərdin
yalan deyil,
Dünya belə
qalan deyil,
Gözlərinin yaşını
sil,
Qurban olum, sən ağlama!
(“Ağlama”)
Nəsib Nəbioğlu
bir şeirində deyir: “Şeirimdən dağların ətri gəlir”. Doğrudan da belədir,
onun dağlar mövzusunda yazdığı
şeirlərdə şiş
qayalı, qırçın
çınqıllı, zümrüd
meşəli, kövsər
bulaqlı dağlarımızın
əzəməti görünür,
kəkotulu, qantəpərli,
zirəli, bənövşəli...
yaylaqlarımızın ətri
duyulur. Çox təəssüf ki, bu gün
bu qüdrətin, bu məğrurluğun başında qara buludlar gəzir, bu cənnət rayihəsinə həsrət,
dərd qoxusu qarışıb. Bu qoxu, bu nisgil,
təbii ki, o dağların oğlu və şairi olan Nəsib Nəbioğlunun şeirlərinə
hopub qalıb. O gün olsun ki, onun gələcəkdə
yazacağı şeirlərdən
bu yad qoxu
silinib getsin – gözəl Qarabağımızı,
həsrəti ürəyimizdə
daşa dönmüş
Kəlbəcərimizi... qaytardığımız
günü görək!
Bu bir arzu olsa da, kim nə deyir, desin, mən
sözün sakral və magik qüvvəsinə
inanıram!
Əliş ƏVƏZ,
Moskva,
Azərbaycan Yazıçılar Birliyinin
və Rusiya
Jurnalistlər Birliyinin
üzvü
525-ci qəzet.- 2010.- 20 yanvar.- S.7.