20 Yanvar qurbanları “Şəhidlər
unudulmur” adlı tədbirlə anılıb
Dünən Məmməd Səid Ordubadinin xatirə muzeyində “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin elmi işçisi İradə Vəliyeva bildirib ki, 20 yanvar şəhidlərini təkcə bir günlə əlaqədar yox, həyatımızın hər bir anında yad etməliyik: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlığımızı qorumaq istəyən günahsız insanların qanı axıdıldı. Bugünkü müstəqilliyimizi də elə həmin günahsız insanlara borcluyuq. Qan yaddaşımıza əbədi yazılmış 20 yanvar gecəsi illər keçsə də unudulmayacaq”.
Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktor müavini Səlimə Allahverdiyeva qurumun məktəblilərdə vətənə, torpağa, xalqa və milli dəyərlərimizə hörmət və məhəbbət hissini gücləndirmək, onları vətənpərvərliyə səsləmək, azərbaycançılıq ruhunda böyümələrinə çalışmaq yönündə fəaliyyət göstərdiyini önə çəkib.
“20 yanvar bizim hüzn günü yox, mübarizlik günümüzdür. Həmin gecə qəsbkarlar xalqımızın mübarizə, əzmkarlıq ruhunu qırmaq istəsələr də, buna nail ola
bilmədilər. Elə həmin anlardan biz xalq kimi özümüzü daha dərindən tanımağa başladıq. Şəhidlərimizə 40 gün yas tutduq, onların qanının yerdə qalmayacağına and içdik və bütün dünya buna şahid oldu”. Bu sözləri mərasimdə şairə Zərəngiz Dəmirçi səsləndirib.
Tədbirdə Diyarşünaslıq dərnəyinin üzvləri olan Xətai rayonu 27 və 269 saylı məktəblərin şagirdləri 20 yanvar haqqında şeirlər səsləndiriblər.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.-
2010.- 20 yanvar.- S.7.