Allah şəhidlərimizə
rəhmət eləsin!
Zeynəb arvad həmişəki kimi yuxudan erkən
oyanmışdı. Toyuq-cücələrə dən verib, həyət-bacanı silib-süpürmüşdü.
Bir az narahat
görünürdü. Bu
gün o, şəhərə gedəcəkdi,
oğlunu görməyə.
Böyük oğlu Səlim xeyli vaxt idi ki,
xəstəxanada yatırdı.
Müharibədə aldığı
kontuziyadan əziyyət
çəkirdi, əsəbləri isə son vaxtlar heç
sözünə baxmırdı.
Zeynəb arvad
dodağının altında nəsə
pıçıldaya-pıçıldaya
boğçasını əlinə alıb, həyət-bacaya
göz gəzdirdi. Darvazaya yaxınlaşanda balaca köpək
Toplan artıq onu qapının ağzında gözləyirdi.
O, küçəyə çıxıb qapını
yarıaçıq örtdü. Çünki Toplan onu yola
salandan sonra geri qayıdacaqdı.
Zeynəb əsasını
yerə möhkəm dirəyərək, yavaş-yavaş, kənd
arası ilə avtobus dayanacağına sarı yollandı.
Yırğalana-yırğalana, dayana-dayana bir müddətdən
sonra dayanacağa çatdı. Toplan küçənin
başında durub onun avtobusa minməsini gözləyirdi,
sonra adəti üzrə geri-evə dönəcəkdi.
Dayanacaqda xeyli adam
vardı. Şəhərə gedəcəkdilər. Avtobusu
gözləyənlər danışırdılar ki, bu gecə
də oğrular Qulu kişinin toyuqlarını aparıblar. Son
vaxtlar yaman dəb düşmüşdü, gecə
oğurluğu. Kənddə daha o qapı qalmamışdı
ki, kiminsə toyuqlarını ya da mal-qarasını
aparmasınlar. Təkcə Zeynəbin toyuq-cücələri
sayılı qoz kimi yerindəydi.
Dayanacaqda bir müddət
gözlədikdən sonra avtobus da gəldi. Yenə basabas idi.
Deyəsən, Zeynəb arvad bu dəfə də avtobusa minə
bilməyəcəkdi. Avtobusun qapısından sallanan Qulu
kişinin oğlu Vəli Zeynəb arvada baxıb, dilləndi:
– Sən
hara, ay arvad? Bircə sən çatmırdın.
Dayanacaqdakılar bir-birlərini itələyə-itələyə,
birtəhər avtobusa
minməyə çalışırdılar. Zeynəb bir
qədər kənarda
dayanıb, bu hadisəni özünəməxsus
şəkildə seyr
edirdi. Bu dəmdə qara rəngli bir maşın avtobusu sürətlə ötüb
keçdi. Bir qədər
getdikdən sonra dayandı. Maşın sonra arxaya hərəkət edərək
düz Zeynəb arvadın ayağının
dibində dayandı.
“Cip”-dən düşən
qara eynəkli oğlan Zeynəb
Bayaqdan avtobusun
qapısı ağzında basabas salanlar qeyri-ixtiyari dayanıb
qara maşına sarı boylandılar...
Kənddən
çıxandan sonra qara eynəkli oğlan Zeynəbə
sarı dönüb soruşdu:
– Yenə xəstəxanaya
gedirsən, ana?
Zeynəb arvad dillənmədi.
“Cip”-in sürücüsü kənddə böyük
hörmət sahibi olan Nəsib idi. O, şəhərə
çatanda maşını xəstəxananın
qarşısına sürüb, dayandı. Maşından
düşüb Zeynəbə yerə enməyə kömək
etdi.
– Aptekdən nəsə
alacammı, ana? – deyə soruşdu.
– Zeynəb arvad gödəkcəsinin
cibindən bir parça kağız çıxarıb, ona
uzatdı. Bu dərmanların resepti idi. Nəsib resepti alıb
yaxınlıqdakı aptekə getdi. Tezliklə dava-dərmanla
geri qayıtdı. O, Zeynəb arvadı xəstəxananın
qapısından içəri ötürdü. Sonra isə
maşına oturub yüksək sürətlə gözdən
itdi. Çox bərk sürürdü maşını Nəsib.
Həmişə də bunun üstündə Zeynəb arvaddan
danlaq yeyərdi. Xəstəxanada bir müddət qalan Zeynəb
oğlunun vəziyyəti ilə maraqlandı. Özü ilə
gətirdiyi boğçanı açıb onunla birlikdə
nahar etdi. Bir qədər oğlu ilə dərdləşdikdən
sonra Nəsibin aldığı dərmanları bayaqdan
onları müşahidə edən tibb bacısına verib,
ağır-ağır addımlarla oranı tərk etdi.
Kəndə qayıdanda
artıq axşama doğru idi. Bu gün nəsə heç
özünü yaxşı hiss etmirdi Zeynəb. Elə hey
dodağının altında nəsə deyinirdi. Bir azdan
qızı gəlib baş çəkəcəkdi ona. Buna
görə özünü ələ alıb, bir qədər
sakitləşməyə cəhd edirdi...
Bütün günü
keçirdiyi narahatlıq gecə də özünü
göstərdi. Tez-tez yuxudan oyanırdı Zeynəb arvad. Yatağın
içində dağı arana, aranı da dağa
aparırdı. Gecə çox sakitlik idi. Həmişəki
kimi evin zirzəmisində gecələyən Toplanın da səsi
çıxmırdı. Səhərə yaxın bir hənirti
duydu Zeynəb arvad. Elə bil, həyətdə kimsə var
idi. Toplan bir-iki ağız hürdükdən sonra sakitləşdi.
İsti olduğuna görə yatdığı otağın
pəncərəsini açıq qoymuşdu Zeynəb. Tərslikdən,
bu gecə kəndin işıqları da
sönmüşdü. Ayın qabağını isə
buludlar tutmuşdu. Lap cəhənnəm qaranlığı
idi. Birdən bu qaranlıqdan süzülüb gələn
vahiməli səs eşidildi:
– Sən məni hara gətiribsən,
ay evin yıxılsın?
– Əşi, qorxma,
burada qoca bir arvad yaşayır, iti də adam tutan deyil,
görmürsən heç səsi də çıxmır. Toyuqları
götürüb, sakitcə çıxıb gedərik.
– Dayan görüm ayə,
yoxsa bu Nazimin anasının həyətidir?
– Sənin
üçün fərqi nədir? Toyuqları satarıq, bir
azını yeyib içərik, bir azını da xərclik
edərik. Damdan təzə çıxıbsan.
– Sənin başına
at təpib? O dünyada bizi şişə çəkərlər.
Mən bu işə qol qoya bilmərəm, gəl gedək. Zeynəb
arvad getmək istəyəni səsindən tanıdı. Bu,
Xalidənin həbsdəki oğlu Malikin səsi idi. Görünür
azadlığa çıxıb. Bir qədər keçdikdən
sonra tam sakitlik yarandı.
Səhər
açıldı, o, həmişəki kimi yatağından
qalxıb, həyət-bacanı dolandı. Hər şey yerində
idi. Ancaq adəti üzrə toyuq-cücəni çölə
buraxmadı. Zəng edib, küçənin o biri
başında yaşayan qızını
çağırdı. Hindən ən yekə xoruzu tutub, onu
Xalidəgilə verməyi tapşırdı. Yalnız bundan
sonra bir qədər sakitləşdi.
Günortaya yaxın
darvaza döyüldü. Gələn bacısı oğlu
Sahib idi. O, hər saat bu qapıya gəlməzdi. Açığı
Zeynəb arvadın ondan heç xoşu da gəlmirdi. Niyəsini
heç özü də bilmirdi. Bir qədər söhbətdən
sonra Sahib gəlişinin məqsədini bildirdi:
– Ay xala, uşaqlar
böyüyür, böyüdükcə problemləri də
artır. Odur, indi oğlum Kərimin əsgərlik
vaxtıdır. İnstituta da girə bilmədi. Deyirəm
hökumət Nazimə görə sənin pensiyanı
artırıb, varındısa mənə bir az pul verəydin.
Bayaqdan sakitcə ona
qulaq asan Zeynəb ayağa qalxdı. O arxa evdən pul gətirməyə
hazırlaşırdı. Ancaq birdən dayanıb, pulun nəyə
lazım olduğunu soruşdu. Sahib dedi:
– Neynəyim axı,
xala, gözüm görə-görə uşağı əsgərliyə
göndərim? Odur, sən Nazimi göndərdin nə oldu? Heç
meyidini də qaytarmadılar. Göndərəcəm Rusiyaya,
qoy gedib bir müddət orda qalsın, sonrasına baxarıq.
Hər şey ani baş verdi. Zeynəb arvad özünə
gələndə əsasının
ortadan parçalandığını,
bacıoğlunun başından
isə qan axdığını gördü.
Sahib: – Ay arvad,
sən neynirsən? Lap ağlını itirmisən, deyərək,
əli ilə başını tutub, ufuldaya-ufuldaya qapıdan çıxdı.
Zeynəb bir xeyli
oturduğu stuldan qalxa bilmədi. Boğazı qurumuşdu. Su
içmək istəyirdi. Ancaq bütün bədəni titrədiyindən
ayaqları sözünə qulaq asmırdı. O,
qırılmış əsasına baxır, öz-özünə
düşünürdü: gərək təzə əsa
alım, onsuz keçinə bilmərəm.
Bir müddətdən
sonra özünə gələn Zeynəb bu günü birtəhər
başa vurmağa çalışırdı. Axşamüstü
qapı yenə döyüldü. Bu dəfə gələn
qonşu Mahmud kişi idi. Mahmud kişi kənddə söz
sahibi olan ağsaqqallardan idi. Bayram günlərində Zeynəb
arvadın payını həmişə gəlinindən
göndərirdi. Bu qapıya özü nadir hallarda gələrdi.
Görünür nəsə vacib bir iş üçün gəlmişdi.
Hal-əhval tutub, gəlişinin məqsədini bildirdi. O, Zeynəbi
kiçik oğlunun toyuna dəvət edirdi. Mahmudun kiçik oğlu Nazimlə həmyaşıd idi. Toy sabah idi...
Bir qədər söhbətdən
sonra Zeynəb Mahmud kişini yola salıb, evə qalxdı. Sabahkı
toya hazırlaşmaq lazım idi. Zeynəb çox ciddi
görünürdü. Axı sabah o, cavanlara xeyir-dua verəcəkdi.
Bütün kənd ağsaqqalları, ağbirçəklər,
cavanlar orda olacaqdı, təkcə...Zeynəb səhərin
açılmasını səbirsizliklə gözləyəcəkdi.
Sabah özü ilə yeni bir gün gətirəcəkdi. Bu
gün Nazimsiz bir gün olsa da inam və ümid dolu bir gün
olacaqdı!
Mehman QAİB
525-ci qəzet.- 2010.- 20 yanvar.- S.4.