İstanbulda azərbaycanlı rəssam Sadıq Babayev tələbələrinin xeyriyyə sərgisi açılıb

 

İstanbuldakı Böyük klubda açılan xeyriyyə sərgisində azərbaycanlı rəssam Sadıq Babayev tələbələrinin əsərləri nümayiş etdirilir. Sərgidən əldə ediləcək gəlir Türk Əsgərinə Yardım FonduMehmetcik Vəqfinə bağışlanacaq. Sərginin açılış mərasimində nümayiş etdirilən yağlı boya tablolarının hamısı satılıb. Sadıq Babayev xeyriyyə sərgisinə 2 tablosunu hədiyyə verib. Türk ordusuna kömək məqsədi ilə hazırlanan sərginin açılış mərasimində APA-nın Türkiyə bürosuna açıqlama verən Sadıq Babayev deyib: “Türkiyədə bu cür sərgilərin keçirilməsi ənənəvi hal alıb. Bu tədbirlər cəmiyyətdəki həmrəylik hisslərini dərinləşdirir ölkənin təhlükəsizliyinə cavabdeh olan orduya yaxşı əhval-ruhiyyə aşılayır. Bundan sonra hər il bir neçə bu səpkili xeyriyyə sərgisi açmağı düşünürük”.

1952-ci ildə Tərtər rayonunda anadan olan Sadıq Babayev Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbini Sankt-Peterburq İncəsənət Akademiyasını bitirib. 1996-cı ildən bəri Türkiyədə yaşayan sənətkar 10 il əvvəl özünün sənət emalatxanasını yaradıb. Hazırda emalatxanada 50 tələbə dərs alır.

 

 

 525-ci qəzet.- 2010.- 22 yanvar.- S.7.