Yerlibaz həmyerlim

 

“Duyğular” silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən, siyasi sistem üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlik, əsəb gərginliyi, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəfn edə, özümlə qara torpağın altına apara bilməzdim, xalqım üçün qoruyub saxlamalı, yazılı halda ona təhvil verməliydim. Və bunun üçün səni seçdim, əziz oxucum. Olsun ki, gələcəkdə bu silsiləm ucbatından qınağına, tənqidinə də məruz qalam. Axı milli mentalitetimizin bir üzü də var ki, gərək düşünüb – daşındığın duyğuların böyük bir qismini dilinə gətirməyəsən. Əlbəttə, bəzi məqamları mən də nəzərə alacam. Amma ümumilikdə götürəndə yox. Silsiləmin baş məqsədi belədir; düzü-düz, əyrini-əyri. Yəni səmimi.

Qılıqlı, xoşrəftar, dostcanlı, ailəcanlı, bir də ki, yerlibaz idi. “Yerlibaz” sözündən səksənib də bəzi skeptiklər biri-birinə göz basmasınlar. Yerlibaz idi, yəni o mənada ki, öz ismayıllısını bacarıqlı, işgüzar, istedadlı, öndə gedən görmək istəyirdi. İstəyirdi hər yerdə ismayıllılığı ilə fəxr etsin. İsmayıllı nə olan şeydi məyər- bir quru torpaq, uzağı gözəlliklər məskəni adlana biləcək səfalı bir məkan, bir coğrafi ərazi. Anamız Yer səthində ondan gözəlləri də var, ondan geri qalanları da. Amma dünya nemətlərinin ən alisi insandır və təbiət gözəlliklərini də duyan, dərk eləyən, dilə gətirən odur. İnsansız bu dünyanın nə dadı, nə duzu? Bax, o, ismayıllıları hər şeydən öncə belə görmək istəyirdi – yəni İNSAN kimi. Burda nə pis iş var ki? Bir də bu elə hamının, lap elə bəşər məxluqunu dünyaya gətirən o UCA varlığın da arzusu deyilmi? Arzu bir yana. Çoxları çox şey arzulaya bilər. Bir də var, arzusu yolunda özünü oda-közə vuran, onun reallaşması üçün faktiki iş görən, təmənnasız, kimsədən “sağ ol” gözləmədən addım atanlar. Aydın Hümbət oğlu Səlimzadə İsmayıllının belə oğullarından idi. Yurduna (İsmayıllıya), Vətəninə gərək olan, onların adını doğrultmağa qadir fərasətli, istedadlı həmyerlilərini uzaqdan, özü də bir baxışdan tanımaq qabiliyyəti vardı. Belələrini, hətta özündən qat-qat qabiliyyətli olanları görərdisə bundan qeyzlənməz, içində qurdları oynaşmaz, əksinə sevinər, fəxr duyar, orda-burda öyünər, özünü bir yana qoyub onları təbliğ edərdi.

Ömür boyu qabiliyyətli olmağın yollarını aradı Aydın. Buna nail olmağın əlacınısa yalnız və yalnız gecəli-gündüzlü çalışmaqda, dünya biliklərinə yiyələnməkdə gördü. Mən onu konkret bir sahəyə, bir peşəyə aid etməkdə çətinlik çəkirdim. Hər sahədən xəbərdar, hər sahə üzrə mütəxəssis qismində görürdüm onu. Çünki savadlıydı, məlumatlıydı. Elə çalışqanlığı sayəsində də 42 illik ömrünün son baharına – 1995-ci ilin martınacan çox şeyə nail olmuşdu. Ev-eşiyə, gözəl ailəyə, gül parçası kimi balalarına. Jurnalistlər və Yazarlar Birliyinin üzvü idi. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru seçilmişdi. “Elm və tarix” qəzetinin baş redaktorluğunu ləyaqətlə aparırdı. Qələmini həm publisistikada, həm də ədəbiyyat sahəsində sınayırdı. Qısa yaradıcılıq ömrü ərzində “Palıd vüqarı”, “Su səmtinə axar” kimi iki kitab da nəşr etdirə bildi. Daha çox elmi təfəkkürə malik olsa da həyata şair gözüylə baxmağı da bacarırdı və yan-yörəsində gördüklərini qafiyəli biçimdə bəyan edə bilirdi. Həyatdan vaxtsız getmiş istedadlı şairimiz Əli Kərimə ithaf etdiyi şeirində

 

“On üç yaşındaydım, Əli Kərimin

Dəfninə gəlmişdim bir dağ kəndindən

Lənət bu yaşıma... Nələri gördüm

Gözlər sığışmırdı hədəqəsinə”.

 

 

“Oğlu cəbhəyə getdi

Gözləri qara idi.

 

Ana qocalmamışdı

Saçları qara idi.

Saçlarına baxardı

Oğlu yada düşərdi.

Düşmənlə döyüşərdi”.

 

“Nə yaxşı çalınır bu kənd toyları

Sümüyü oynadır çılğın “Qaytağı”

Kəndin şəhərlərdə itən oğlunu

 

Bir günlük olsa da geri qaytarır” və s. kimi onlarla, yüzlərlə bəndlərin, misraların, şeirlərin müəllifi idi Aydın.

Heç bilmədim həyatıma haradan, nə zaman daxil oldu. Bir onu bildim ki, sanki Nuh əyyamından bəri mənimlədi, içimdə, varlığımdadır. Nə zamansa elədiyim bir hərəkəti, yazdığım bir yazını, unutduğum bir hadisəni mənə xatırladar, başlıcası isə yaşda məndən xeyli kiçik olsa da cürət eləyib özünün alim ağlı ilə məni ruhlandırar, dayanıb-durmadan yazmağa səsləyər, hətta öyüd-nəsihət verərdi. Yuxarıda demişdim ki, qılıqlı, dostcanlıydı. Neçə müşkülümün yoluna düşməsinə yardımçı olmuşdu. Ara-sıra görüşsək də qəribədir ki, həyat yolumdan, yaradıcılığımdan, uğur və itgilərimdən hamıdan artıq xəbərdar idi.

Uzun illər redaktoru olduğum Azərbaycan radiosunun “Bulaq” proqramının daimi dinləyicilərindən idi. İsmayıllının yer-yurd adlarının mənşəyi, tarixi abidələri, qalaları, dağları, çayları barədə tutarlı dəlillərlə dolu çıxışlarını “Bulaq” da çox səsləndirmişəm. Ümumiyyətlə qədim Şirvan torpağının tarixi keçmişi, burada köç salan əhalinin etnogenezi, xalq sənətlərinin çeşidləri barədə zəngin biliyə malik idi. Deyərdi ki, Azərbaycan ərazisindən, xüsusən də Şirvandan qədim ipək yolu keçib. Bu səbəbdən də zaman-zaman Azərbaycana çox gözlər dikilib, buraya həm xoş, həm də bəd niyyətlərlə   yürüşlər, basqınlar olub. Buradan ərəb də keçib, yunan da, fars da, zənci də, mulat da, monqol da, rus da. Bizlərlə qaynayıb-qarışanlar da olub, eləcə çapıb-talayıb ötüşənlər də. Bir də deyərdi ki, çağdaş zəmanəmizdə elmi tərəqqi o dərəcəyə gəlib yetişib ki, insanın bircə tükünün dibini araşdırmaqla onun hansı qövmə, tayfaya, millətə mənsub olmasını sübuta yetirmək mümkündür. Məsələn tutaq ki, özünə “mən türkəm” deyənin saçındakı piqmenti müasir tibbi avadanlığın vasitəsi ilə yoxlayıb ona deyə bilərlər ki, sən türk yox, kürdsən, yaxud farsa, ərəbə, ispana, ukraynalıya söyləyərlər ki, sən türksən...

Gərək ki, 1993-cü ilin yayı idi. Ailəliklə istirahətə çıxmağa hazırlaşırdıq. Bir-iki günə İsmayıllıya yola düşəcəkdik. Haradan bilmişdi, kimdən eşitmişdi, bilmirəm. Bir də gördük qapımızın zəngi çalındı, budur, Aydın dayanıb kəndarda. Bəs, hazırlaşın, maşın aşağıda gözləyir, bir də niyə artıq xərcə düşəsiz, pulu yerdən tapmırsız ki. Bilmirəm ayın-oyunu yığışdırmağımız nə qədər çəkdi, mərtəbələri enib maşina yaxınlaşanda gördük ailəsi, uşaqları da oradadır. Maşında darısqallıq olsa da ailəliklə, özü də bizimlə yola çıxmağı lazım bilmişdi Aydın. Əlbəttə mən onu çoxdan tanıyırdım, o çağacan da çox oturub-durmuş, yeyib-içmiş, dünya işlərindən gap eləmişdik. Amma o maşınla, o darısqallıqda İsmayıllıya səfərimizdə Aydını bir daha kəşf elədim, onun saf, geniş, təmənnasız qəlbinin, gül ləçəyi qədər təmiz əxlaqının şahidi oldum. Və bir də zəngin erudisiyasının, elmi biliyinin, heyrətamiz məlumatlılığının. Oxuduqlarım, bildiklərim bir yana, yolboyu genetika, antropologiya, irqlərin, millətlərin mənşəyi barədə ondan eşidib öyrəndiklərim ömrüm boyu yadımdan çıxmaz. Hətta o məni deyiləsi, danışılası yasaq sayıla biləcək bir sıra məqamlardan da agah elədi.

Nə bilim, bəlkə də çoxuna elə gəlir ki, Aydın dünyasını dəyişib. Amma qəribədir, mənim hələ də ölümünə inanmadığım bir neçə şəxsiyyətdən birisi də odur. Və hər dəfə (bu tez-tez baş verir) anadan olduğum İsmayıllıya yollananda yolboyu yanımda onu görür, hətta təmasını hiss edirəm. Hiss edir və ürək ağrısıyla təəssüflənirəm ki, Aydın cismən bir də bu yerlərdə görünməyəcək.

Bir də (Əziz oxucum, xahiş edirəm bu yazının son cümlələrini oxuyarkən məni eqoistlikdə suçlamayasan), bir də ona açıyıram, gözlərim doluncaya qədər acıyıram ki, məni özüm kimi, kəm-kəsirimlə, nöqsanım, xasiyyətimlə birgə candan, ürəkdən sevən, əzizləyən insanların sayı gündən-günə azalır. O siyahının başındasa mənim həmyerlim, gözəl, ucaboy, xoşqılıq, dostcanlı, ailəcanlı, yerlibaz birisi də var – Aydın Hümbət oğlu Səlimzadə.

Paradoksal səslənsə də bu da bir təsəllidir. Bizim axı, bizim ayrı dünyamız da mövcuddur ki, insana sevgi dolu qəlbləri ilə bu dünyadan köçənlər orada cəmləşirlər. Bu dünyadan apardıqları sevgilərlə süslənmiş əbədiyyət diyarında.

 

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2010.- 22 yanvar.- S.6.