“Hər bir qəzet, kitab nəşriyyatın övladı kimi dünyaya gəlir”

 

Bu gün “Azərbaycan” nəşriyyatının Baş direktorunun müavini Allahverdi Məmmədovun 50 yaşı tamam olur. 50 illik ömrünün təxminən 30 ilini nəşriyyat – poliqrafiya işinə həsr edən A.Məmmədov bu sahəyə təsadüfən gəlib. Amma poliqrafiya sahəsinə olan marağı, işgüzarlığı nəticəsində çapçı işindən bugünkü vəzifəsinə kimi yüksəlib. Allahverdi müəllimi tanıyanlar onu xeyirxah, səmimi, həm də gözəl ailə başçısı kimi xarakterizə edirlər. Həyatda uğur qazanması da yəqin ki, bu amillərin sintezi ilə bağlıdır. Yubileyi ərəfəsində A.Məmmədovla görüşdük.

– Deyirlər ki, insan 50 yaşında olanda daha da müdrikləşir, həyata baxışları dəyişir. Bu yaş Sizin üçün hansı anlam kəsb edir?

– Bir filosof deyib ki, iyirmi yaşında yaraşıqlı, otuz yaşında güclü, qırx yaşında varlı, əlli yaşında ağıllı olmayacaqsansa, sən heç vaxt yaraşıqlı, güclü, varlı və ağıllı ola bilməzsən. İnsan həyatda nə qazanırsa 50 yaşına qədər qazanır. Mənə elə gəlir ki, bu ömrün elə pilləsidir ki, artıq hər şeyi daha dərindən dərk edirsən. Son vaxtlar mən keçmiş günlərə daha çox qayıdıram. Ümumiyyətlə, özümə hesabat verən adamam. Hər dəfə sual edirəm ki, görəsən ötən illəri necə yaşamışam? Bu ömür kiməsə ziyan vurmayıb ki?! İnsanlara, cəmiyyətə xeyrim dəyibmi?! Bunlar mənim səmimi fikirlərimdir. Məncə əsas odur ki, həyatını şərəflə yaşayasan. İşindən zövq alasan, ailənin birliyini, möhkəmliyini hər zaman qoruyub saxlayasan. Ailədə dünyaya övlad gələn andan onu cəmiyyətə layiqli insan kimi yetişdirmək barədə düşünəsən. Həmişə çalışmışam ki, etdiyim hər bir hərəkətimdən övladlarım daim qürur hissi keçirsinlər. Həyatın yükünü axıra qədər çəkmək üçün gərək insanın gözəl ailəsi, saf övladları olsun. Yüksək vəzifələrdə çalışmaq olar. Ailənin möhkəmliyi isə insana həmişə ruh verib, işində əlavə dəstək olur. Bir sözlə, düzgün yaşamalı, bacardığın qədər insanlara kömək etməlisən. Mənim həyat prinsiplərim bundan ibarətdir.

– Ömrünüzün yarıdan çoxunu poliqrafiya işinə həsr etmisiniz. Bu sahəyə maraq sizdə necə yarandı?

– Doğrudur, gələn il bu sahədə çalışmağımın 30 ili tamam olur. Ömrümün çox hissəsini hal-hazırda işlədiyim “Azərbaycan” nəşriyyatında keçirmişəm. Təsadüf nəticəsində bu sahəyə gəlməyimə baxmayaraq, bu işə ürəkdən bağlanmışam. Mən ulu Şirvan torpağının dağ kəndində böyüyüb boya-başa çatmışam. Hələ uşaqlıqdan ədəbiyyata, mütaliəyə çox maraq göstərmişəm. Əlimə nə düşürdüsə, hamısını oxuyurdum. Dünya ədəbiyyatından tərcümələri, “Azərbaycan”, “Ulduz” jurnallarını, eləcə də dövrü mətbuatı 4-cü sinifdən başlayaraq mütaliə etmişəm. Məktəb və kənd kitabxanalarında olan bütün kitabları oxumuşdum. Sualınıza gəlincə, hərbi xidmətdən sonra təhsilimi Bakı Dövlət Universitetinin axşam şöbəsində davam etdirməyi qərara aldım. Orada oxumaq üçün isə mütləq işləməli idim. Həm də özüm işləmək istəyirdim ki, ata-anama əlavə əziyyət verməyim. Tələbə yoldaşlarım bildirirdilər ki, universitetin yaxınlığında yerləşən nəşriyyatda gündüzlər iş olur. 1981-ci ildə işə düzəlmək üçün müraciət etdim və yığım sexinə çapçı götürüldüm. 1985-ci ildə universiteti qurtarandan sonra məni təchizat və satış şöbəsinə işə keçirdilər. Burada adi işçidən şöbə müdiri vəzifəsinə kimi yüksəldim. İşlədiyim müddətdə istehsalatdan ayrılmadan Moskva Dövlət Poliqrafiya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil oldum. 1992-ci ildə həmin institutu bitirərək Poliqrafiya və nəşriyyat işlərinin iqtisadiyyatı və idarə olunması ixtisasına yiyələndim. Sonra bu sahədə təcrübəm daha da artdı.

2004-cü ildən isə nəşriyyatın baş direktorunun müaviniyəm.

Biz əsas poliqrafiya materiallarını Rusiya Federasiyasından və Ukrayna Respublikasından alırıq. Sovetlər birliyi dağılandan sonra bizim qurduğumuz əlaqələr kəsildi. Buna görə də böyük problemlərlə uzləşdik. Xatırlayıram ki, 1992-ci ildə Moskvada institutun sonuncu kursunda oxuyurdum. Mənə Bakıdan zəng edib dedilər ki, aliminium çap təbəqələri qurtarıb, təcili tapıb yollamaq lazımdır. Mən Moskva ətrafında yerləşən Dimitriyev şəhərindən 4 bağlama, yəni 1000 ədəd təbəqə alıb Domadedovo hava limanına gətirdim ki, Bakıya yola salım. Onda Bakıya yük təyyarələri uçmurdu. Hava limanında bir tanışım bilirdi ki, sərnişin təyyarəsinə yük yerləşdirmək üçün aeroportun arxasına keçirmək və yükü bir nəfərin adına rəsmiləşdirmək lazımdır. Çox çətinliklə təbəqələri təyyarənin yük yerinə qoyub Bakıya yola saldım. Qayıdanda isə məni sərxoş rus əsgəri saxladı və soruşdu ki, bura necə və niyə keçmisən?! Mənim nə uçuş biletim, nə də icazəm var idi. Risk etmişdim... Birtəhər onu yola gətirib vəziyyətdən çıxdım. Həmin gecə respublikada qəzetlərin çap olunaraq işıq üzü görməsi çətin, riskli işin məntiqi nəticəsi idi. Yaxud Çeçenistan hadisələri zamanı dəmir yollarını bağlayırdılar, partladırdılar. Ölkəyə qəzet kağızı, poliqrafiya materialları gətirmək mümkün deyildi. Vaqonlar müsadirə olunurdu. Moskvadan aldığımız materialları gətirmək üçün başqa millətdən olan sürücülər tapırdıq və materialları onların vasitəsi ilə Bakıya gətirirdik.

– Başqa yol yox idi ki, siz riskli vasitələrə əl atırdınız?

– Xeyr. Çünki təyyarə ilə gətirmək mümkün deyildi. Əlində iyirmi kiloqramdan artıq yük gətirə bilmirdin. Bir vaqon malı daşımaq üçün yeganə ümid maşına qalırdı. Bir neçə il biz “Azərbaycan” nəşriyyatını poliqrafiya materialları ilə belə təmin etdik. Onda Türkiyə ilə əlaqələr bu qədər yaxından qurulmamışdı, İranda belə material yox dərəcəsində idi. Əsas çap maşınlarımız da Rusiyada istehsal olunan kağız, təbəqə və boyalara nizamlanmışdı.

– İndi o çətinliklər arxada qalıb. Bu mənada Siz Azərbaycanda poliqrafiya sahəsinin inkişafını necə qiymətləndirirsiniz?

– Çox yüksək qiymətləndirirəm. O vaxt bizim mətbəə kimi mətbəə yox idi. Sonralar yeniləri yarandı. Hazırda gözəl mətbəələr qurulub, avadanlıqlar gətirilib və poliqrafiya materiallarının daşınmasında heç bir problem yoxdur. Bakıda bir neçə poliqrafiya materiallarının və avadanlıqlarının satış firmaları yaranıb. Avropa ölkələrindən, Türkiyədən, Rusiyadan poliqrafiya materialları gətirmək son dərəcə asanlaşıb. O vaxtın çətinlikləri arxada qalıb.

– Yəqin xarici ölkələrdə ezamiyyətlərdə olursunuz. Onlarla müqayisədə bizdəki vəziyyəti necə dəyərləndirmək olar?

– Almaniya, İngiltərə, Sloveniya, Türkiyə və Rusiya Federasiyasının bir neçə mətbəələrində və nəşriyyat evlərində kitab, poliqrafiya avadanlıqlarının sərgi və seminarlarında dəfələrlə iştirak etmişəm. Mübəliğəsiz deyə bilərəm ki “Azərbaycan” nəşriyyatında yeni qəzet sexində qurulan “KBA Comet” rəngli çap avadanlığı, çap mərkəzində qurulan “KBA Rapida-105” markalı ofset maşını, cild sexində dəftər, kitab və jurnal vərəqlərini avtomatik yığıb-bükərək hazır məhsula çevirən poliqrafiya avadanlıqları, eləcə də yeni forma köçürmə qurğuları quraşdırılıb ki, bunlar da, dünyanın ən böyük modern mətbəələrində istifadə olunan poliqrafiya avadanlıqlarındandır. Bu avadanlıqlarda çap olunan kitablar, jurnallar və qəzetlər dünya standartlarına cavab verir. Bu da möhtərəm Prezidentimiz İ.Əliyev cənablarının diqqət və qayğısı nəticəsində mümkün olub.

– Yeri gəlmişkən, rəsmi dövlət qəzetlərindən və bir neçə qəzetlərdən başqa digərləri rəngli çap olunmur. Bu, xərclərin çoxluğu ilə əlaqədardır?

– Maliyyə məsələsində müəyyən fərq var, amma istənilən rəsmi bir qəzet özünün xərclərini ödəməyə qadirdirsə, çap oluna bilər. Azad mətbuat və azad seçimdir. Hazırda ondan artıq qəzet rəngli çap olunur. Onların gündəliyi də, həftəliyi də var. Hər halda seçim qəzet rəhbərliyinin özündən asılıdır.

– İndicə ədəbiyyata marağınızdan danışdınız. Bu maraq ancaq mütaliə ilə məhdudlaşır, yoxsa özünüz də yaradıcılıqla məşğul olursunuz?

– Məndə ədəbiyyata maraq uşaqlıq illərindən başlayıb və bu maraq indiyədək qalmaqdadır. Maraqlı bir əsər çap olunanda mən onu mütləq tapıb oxuyuram. Bu artıq məndə daxili tələbata çevrilib. 2005-ci ildə digər müəlliflərlə birlikdə “Jurnalist bunları bilməlidir...” kitabını ərsəyə gətirmişik. Həmin kitabdan hal-hazırda universitetlərin jurnalistika fakültələrində istifadə olunur, ondan eləcə də qəzet və kitab nəşri ilə məşğul olan hər kəs faydalanır. Bu kitaba görə mən “Qızıl qələm” mükafatına layiq görülmüşəm.

– Nəşriyyatın işində hansı yeniliklər gözlənilir?

– İki ilə yaxındır ki, yeni rəngli çap sexi fəaliyyət göstərir. Orada çap olunan qəzetlərin sayı getdikcə artır. Bayaq qeyd etdiyim kimi yeni avadanlıqlar quraşdırılıb. Sifarişçinin istəyinin yüksək səviyyədə alınmasına bizim kollektivimiz həmişə önəm verir. Çünki uzun illərdir bu sahədə püxtələşmişik. İşimizin adı budur. Yuxudan oyananda da, yatanda da, iş prosesində də bu haqda fikirləşirik. Nəşriyyatın əməksevər, həssas, işinə çox ciddi yanaşan kollektivi var. İstəyimiz budur ki, sifarişçilər bizdən razı qalsınlar.

– Allahverdi müəllim, özəl nəşriyyatların fəaliyyəti barədə də fikirlərinizi bilmək maraqlı olardı.

– KİV haqqında qanunda qeyd olunub ki, hər bir nəşrin üzərində onun harada çap olunması, neçə tirajla, hansı formatda, kağızda, hansı həcmdə və nə zaman çap olunması öz əksini tapmalıdır. Bizim nəşriyyatda çox nümunəvi kitablar, qəzetlər çap olunur və orada bütün bu göstəricilər yerində olur. Kənarda çap olunan kitab və qəzetlərin çoxunda müşahidə etmişəm ki, bunlara tam əməl olunmur. Səhifələrindən birinin rəngi digərindən fərqli olur, yaxud kitabın cildlənməsi düzgün aparılmır, səhifələr bərbad, korrektura səhvləri ilə dolu olur, harada və kim tərəfindən hazırlanması qeyd olunmur. Bu da poliqrafiya sahəsində zövqsüzlük yaradır. Hər bir, qəzet, kitab nəşriyyatın övladı kimi dünyaya gəlir. Onları sevə-sevə ərsəyə gətirmək lazımdır, çünki onlardan cəmiyyət qidalanır.

– Müsahibəmiz yubileyinizlə əlaqədar olduğundan bir suala da cavab verməyinizi xahiş edirəm. Yubileyinizi necə qeyd edəcəksiniz və doğum gününüzdə hansı hədiyyəni almağı xoşlayırsınız?

– Əlbəttə ki, ailəmlə, dostlarımla və məni sevən insanların əhatəsində qeyd edəcəyəm. Siz deyən, hədiyyəyə yox, yalnız diqqətə ehtiyacım var. Yəni bir zənglə təbrik olunmağım da mənim üçün böyük hədiyyədir. Önəm verdiyim və xoşladıqlarım isə ürəkdən gələn xoş sözlər eşitməkdir.

– Müsahibə üçün çox sağ olun. Biz də Sizi qəzetimiz adından yubileyiniz münasibəti ilə təbrik edir, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2010.- 23 yanvar.- S.26.