“Anar mənim təklifimdən qətiyyətlə
imtina etdi”
“O TƏHLÜKƏNİN REAL
ÖLÇÜLƏRİNİ HİSS EDƏRƏK ADEKVAT TƏDBİR
GÖRMƏK QABİLİYYƏTİNƏ MALİKDİ”
Dünya şöhrətli yazıçı və kinodramaturq Rüstəm İbrahimbəyovla görüşə mən çoxdan hazır idim. Amma yazıçının gərgin iş qrafiki və Moskvaya mütəmadi səfərləri (həmin şəhərin kinematoqrafiyası onsuz keçinə bilmir) səbəbindən görüş üçün heç cür vaxt müəyyənləşdirə bilmirdik.
Nəhayət, Yeni il ərəfəsində yazıçıyla İçərişəhərdəki doğma ofisində görüşə bildim. Adlı-sanlı yazıçı özünü artıq kəndarından yaradıcılıq mühitinin hiss olunduğu bu məkansız təsəvvür edə bilmir. İbrahimbəyovla söhbəti mənim suallarım olmadan təqdim edirik. Bir də ki, həmsöhbətim istənilən sualı qabaqcadan duymaq və onu inandırıcı arqumentlərlə cavablandırmaq bacarığına malikdi.
Beləliklə, Vesti Az-ın müxbirinə verdiyi eksklüziv müsahibədə Rüstəm İbrahimbəyov Azərbaycan Yazıçılar Birliyi, qurumun sədri Anar, milli mədəniyyətin problemləri və rus dili barədə danışır.
“YAZIÇILAR İTTIFAQININ SAYƏSİNDƏ
AZƏRBAYCAN DİLİ QORUNUB QALDI”
Son vaxtlar mətbuatda Azərbaycan Yazıçılar Birliyinin və digər yaradıcı qurumların ünvanına kifayət qədər tənqidi fikirlər səslənir. Bəziləri hesab edir ki, bu qurumlar ümumiyyətlə heç kimə lazım deyil, digərlərinin fikrincə isə sənət adamlarının üzərində partiya nəzarəti yaratmaq məqsədilə Stalin belə bir şey fikirləşib. Amma budu, lap bu günlərdə gözəl tarixçi Cəmil Həsənli Azərbaycanda milli məsələlərlə bilavasitə əlaqəli olan bir neçə kitab dərc elətdirib.
O, aydınlaşdırıb ki, 1950-60-cı illərdə Azərbaycan dilinin qorunması və onun dövlət dili olması üçün məhz Azərbaycan Yazıçılar İttifaqı ondan tələb olunan hər şeyi edib. O dövrdə ki, əzəmətli Mərkəzi Komitə bizlərdən çoxunun bu gün də qurbanı olaraq qaldığımız kütləvi ruslaşdırma siyasəti yeridirdi. Yalnız Azərbaycan Yazıçılar İttifaqının o vaxtkı rəhbərliyinin – Mirzə İbrahimovun, Rəsul Rzanın və başqalarının əzmkarlığı nəticəsində Azərbaycan dili sağ qalaraq özünün təbii inkişaf yolunu davam etdirdi. Bu yaxınlarda qaldırılan arxiv sənədlər üzə çıxardı ki, demə, əsl müharibə gedirmiş, Moskvadan Bakıya müxtəlif komissiyalar təşrif buyururmuş. Çünki əhalinin azərbaycanlı olmayan hissəsi şikayət məktubları yazaraq, Azərbaycan dilinin hətta məişət səviyyəsində belə sıxışdırılmasını tələb edirmiş. Təkrar edirəm, həmin dövrlərdə Azərbaycan Yazıçılar İttifaqı bizim doğma dilimizin yeganə dayağı olub. Elə bircə bu fakta görə bizlər indiki yazıçılara, ümumilikdə bu təşkilata minnətdar olmalıyıq.
Mən özüm altmışıncı illərin ortalarında ədəbiyyata elm sahəsindən gəlmişəm. Artıq o vaxt əsərləri Azərbaycanın hüdudlarından kənarda da dərc olunan gənc yazıçı Anar barədə məlumatlıydım. Biz tanış olanda o, artıq kifayət qədər yazıçılıq təcrübəsinə malik idi və mənim ilk yazılarımı fəal şəkildə müdafiə edirdi. Elə onun xahişi ilə böyük şairimiz Rəsul Rza mənim Yazıçılar İttifaqına üzv olmağım üçün zəmanət verdi. Bu quruma üzv olandan sonra mən özümü daha inamlı hiss etməyə başladım. Əminəm ki, indinin özündə də bu güclü yaradıcı təşkilata üzv olmaq gənc yazıçılar üçün çox vacib amildi. Bu gün Yazıçılar Birliyinə rəhbərlik edən Anara gəlincə, onun bir çox məsələlər, o cümlədən əsərlərim barədə rəyi indiyəcən mənim üçün çox əhəmiyyətlidi. Yadımdadı, Sovetin o qəliz dövrlərində o, özünü necə də mərd aparırdı. Bir dəfə mən “Qobustan” jurnalı üçün kəskin tənqidi məqalə yazmışdım. Bu, məhz o vaxtlar idi ki, Anar rəhbərlik etdiyi jurnalın Sovet ideologiyasının tələblərinə cavab vermədiyi damğasıyla tənqid atəşinə tutulmuşdu. Ona zəng edib məqaləmi nömrədən çıxarmasını məsləhət gördüm, amma o, bu cür mürəkkəb vəziyyətdə olmasına baxmayaraq mənim təklifimdən qətiyyətlə imtina etdi. Mən Anarın bu keyfiyyəti barədə nə vaxtsa yazmışam. Bəli, insanların müəyyən hissəsi təhlükəni duymaq qabiliyyətindən məhrumdu, bəziləri həmişə təşviş içində olaraq, suyu da üfürə-üfürə içir, Anar isə təhlükənin real ölçülərini hiss edərək, hansısa bir təşviş keçirmədən adekvat tədbir görmək qabiliyyətinə malikdi. Elə məhz bu çox nadir insani keyfiyyət də ona belə uzun müddət Yazıçılar Birliyi kimi yaradıcı təşkilata rəhbərlik edə bilmək imkanı yaradıb. Bu da artıq on illərdən bəri ona gənc istedadlara dəstək olmaq imkanı verir. Bəzi cavan yazarların narazılığından xəbər verən müzakirələrin əks-sədası mənə də çatır. Onlara elə gəlir ki, əgər Yazıçılar Birliyinin rəhbərliyində olsalar hər şeyi kökündən dəyişə bilərlər. Bu, gəncliyə xas bir şeydi, vaxtilə bizlər də bəzən belə düşünmüşük. Amma o vaxtlar bizlər necə idiksə, indiki gənclər də bizim kimi rəhbərin nüfuzunun necə vacib faktor olduğunu dərk etmirlər. Anarın ölkənin hüdudlarını belə aşan nüfuzu yazıçılar cəmiyyətinin maraqlarını layiqincə qorumağa imkan verir. Mən bu gün bəzi gənc yazarlarla Anar arasında olan fikir ayrılığının məğzini sözün düzü anlaya bilmirəm. Axı, hələ indiyəcən Anara dəstək üçün müraciət edən bir nəfər də rədd cavabı almayıb, təbii ki, əgər məsələnin həlli ondan asılıdırsa.
“RUS DİLİ VACİB YOX, HƏYATI
VACİB MƏSƏLƏDİ”
Dil məsələsinə qayıdaraq diqqətə çatdırmaq istərdim ki, Anar rus dili və ana dilini mükəmməl bilən azsaylı Azərbaycan yazıçılarındandır ki, bu da dünya, rus və Azərbaycan ədəbiyyatlarını dərindən bilməsi müqabilində onu digər istedadlı yazıçılardan xüsusi fərqləndirir. Bu gün gözlərimiz qarşısında rus dilinin sıxışdırıldığı bir dönəmdə Anar bu mənada hamı üçün nümunə sayıla bilər. Bu, bilərəkdən baş vermir, demək olmaz ki, bu iş dövlət siyasəti səviyyəsində aparılır. Amma görünür, nəsə buna qarşı tədbirlər görülməlidi. Azərbaycan dilinin rus dilini sıxışdırması, keçmişdə rus dilinin Azərbaycan dilini sıxışdırması qədər təhlükəlidi. O vaxt biz öz keçmişimizlə, tariximizlə, kökümüzlə əlaqəni itirmişdik. Bu gün isə rus dili dünya ədəbiyyatına və elminə uzanan yeganə körpümüzdü. Rus dili olmadan elmimiz, incəsənətimiz və mədəniyyətimiz dünyanın bütün sahələrində qazanılan nailiyyətlərdən təcrid olunmuş vəziyyətdə qala bilər. (Belə ki, ingilis dili bizdə elə də geniş yayılmayıb). Azərbaycan kitabları çox azdı, keyfiyyətcə də yüksək səviyyədə deyil. Odur ki, bu kitablara elə də böyük maraq və tələbat hiss olunmur. Hələ xarici klassiklərin orijinaldan tərcümə məsələsini demirəm. Əgər onları çeviririksə də bu, rus dili vasitəsilə gerçəkləşir. Bir əsrdə əlifbamızın üç dəfə dəyişdirildiyini də üstünə gəlsək, aydın olur ki, rus dili bizim üçün vacib yox, həyati vacib məsələdi.
Yaradıcı birliklərin yaşaması da vacib məsələdi. Çünki orta “aparat” səviyyəsində iş başında kino, musiqi, teatr, təsviri sənət sahəsində siyasəti düzgün qura bilməyən kifayət qədər peşəkarlıq cəhətdən hazırlıqsız, təsadüfi məmurlar var. Və yalnız yaradıcı təşkilatlar mədəniyyətimizin və incəsənətimizin əsl maraqlarını qorumaq iqtidarındadırlar.
Kifayət qədər yüksək çinli məmurlardan biri belə bir bəyanatla çıxış etmişdi: “Milli kinematoqraf axı, bizim nəyimizə lazımdı? Məsələn, İsveçrədə milli kinematoqraf yoxdu, amma ölkə çox gözəl yaşayır”.
İnsanlar mütləq anlamalıdırlar ki, bizim kinematoqraf dünyada yaxşılardan olmasa belə, onun mövcudluğu millətin mədəniyyətinin bütövlüyü naminə zəruridi. Təəssüf ki, başqa problem də var. Əksər böyük yazıçıların hətta rus dilində olan kitabları da mağazaların rəflərində qalır. Bütün dünyada rolunun günbəgün artdığı bir dönəmdə ədəbiyyat bizim cəmiyyətdə artıq əhəmiyyətli yer tutmur. Yenə sual yaranır: dünya səviyyəli müasir müəlliflərin əsərləri Azərbaycan dilinə çevrilmədiyi və onlardan çoxunun rus dilini bilmədiyi təqdirdə gənc nəsil öz dünyagörüşünü necə genişləndirə bilər?
“BU
GÜN ƏHALİNİN TƏRKİBİ DƏ XEYLİ DƏYİŞİB...”
Artıq 10 ildir ki, Bakıda cəmi 100 nəfərlik zalı olan “İbrus” teatrı fəaliyyət göstərir. Teatr bir çox ölkələrdə, o cümlədən Rusiya, Fransa, Çexiya və başqalarında uğur qazanıb. Və bizim teatrda tamaşaların iki dildə də oynanılmasına baxmayaraq, zal heç də həmişə dolu olmur. Ən təəssüfləndirici hal isə odur ki, Azərbaycan tamaşalarına demək olar, gəlmirlər. Deməli, insanlarda teatra tələbat yoxdu. Heç bilirsizmi, əvvəllər necəydi? Teatrlar ağzınacan tamaşaçıyla doluydu, qastrola gəlmiş aktyorları isə şəhər sakinləri öz evlərində qonaq eləyirdilər.
Dünyanın məşhur truppalarını Bakıya dəvət etməklə “ÜNS” bu istiqamətdə böyük işlər görür. Amma etibarlı mənbələrdən mənə məlumdur ki, onlar da insanları zənglə tamaşalara dəvət edirlər. Səbəb nədi? Fikrimcə, teatr zallarında tamaşaçıların sayının az olmasının səbəbi şəhər əhalisinin tərkibinin dəyişməsiylə əlaqədardı. Əyalətdən gəlmiş insanların həyat tərzində teatrın təbii tələbata çevrilməsi üçün illər lazımdı.
Söhbətləşdi: Vüqar HƏSƏNOV
525-ci qəzet.- 2010.- 23 yanvar.- S.25.