Saray həyatının dəbdəbəsinin
xiffəti və ya hələ uçmamış yeni “hava qəsrləri”
(Fərəh Pəhləvinin kitabı haqqında qeydlər)
İstənilən memuarı panegirik ədəbiyyatın bir növü saymaq olar. Məddahlıq edənlər öz qəhrəmanını göylərə qaldırdığı kimi, ötən ömrün xatirəsini qələmə alanlar da adamlara xas olan zəifliyin nişanəsi kimi özlərinə vurğunluğu açıb ağardaraq, az qala keçmişini idealizə etməyə girişir, həqiqətin ən güclü atası sayılan Zamanın etdiyi düzəlişlərə məhəl qoymadan yaşadığı xoşbəxtlik dövrünü cazibədar naxışlarla bəzəməklə öz nostalji hisslərini başqalarına da təlqin etməyə səy göstərir. Ədalətlə demək lazımdır ki, kənardan bir qədər əlçatmaz görünən bu adamlar əslində qarşılarına qoyduğu məqsədə müəyyən ölçülərdə çatmağı da bacarırlar. Onların prizmasından öz həyatları, günəşin şüaları havadakı yağış damcılarını qövsi-qüzeh rənginə boyayan kimi al-əlvanlıq qazanır, ətrafdakı bədbəxtliklər və səfalət dənizi büsbütün unudularaq Yer üzərindəki mövcudluq az qala cənnət haləsinə bürünür, qələminin şişirtmə gücü və hadisələri birtərəfli təsvir etmək üslubu hesabına bu adamlar özlərini bir qədər “göy sakinləri” kimi təqdim etməkdə rahatlıq tapırlar.
Axırıncı İran şahının axırıncı xanımı Fərəh Pəhləvinin “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” kitabı bir qədər mütaliə təcrübəsi olan oxucuda da məhz belə hisslər yaradır. Rejimin mövcudluğu dövründəki tituluna görə “Şahbanu” adlanan bu xanım İran şah rejiminin süqutuna qədər olan son iyirmi ili görünməmiş inkişaf, firavanlıq dövrü kimi qələmə verməyə cəhd etsə də, bəzən qeyri-iradi olaraq onun “anadangəlmə ləkələrini”, qüsurlarını da bütünlüklə danmağı, inkar etməyi bacarmır.
Gənc qızın saray mühitinə düşməsi, şahın üçüncü arvadı olması səadətinə qovuşması elə qeyri-adi cizgilərlə təsvir edilir ki, elə bil ki, “Min bir gecə” nağılının səhnələri ilə yenidən tanışlıq başlayır və ya fransız imperessionist rəssamların fırçasından çıxmış gözəl təbiət mənzərəsini seyr edirsən.
Müəllifin bu sahədəki cəhdlərinin həddi aşdığı da diqqətdən yayınmır. Bəlkə adi keçi dərisini də “qızıl yun” kimi və ya istənilən iplik kələfini Ariadna sapı kimi təqdim etmək olar, lakin bundan azacıq baş çıxardanlar mifik hadisələrin yenidən təkrarlanması cəhdlərinə inanmayacaqlar. Mərhum şahın evlənmə tarixçələrini yaxşı bilən adamları şahın son xanımının qələmindən çıxan əhvalatlara inandırmaq o qədər də asan məsələ deyildir. Şah qvardiyasının rəhbəri və müəllifin, xəyanət edərək dini rejimə xidmətə keçməkdə ittiham etdiyi general Hüseyn Fərdostun ötən əsrin sonlarında ingiliscə çapdan çıxmış kitabında Fərəh xanımın şaha hansısa varlı adam tərəfindən nikah üçün real namizəd kimi irəli sürüldüyü bütün təfərrüatı ilə açılıb göstərilir. Məhz belə təqdimat gələcək Şahbanunun əvvəllər mütləq xoşbəxtlik rəngində olan, son iyirmi ildə isə bədbəxtlik dumanına bürünmüş həyata ilk dəfə qədəm qoymasından xəbər verir. Ona görə də “bitməyən eşq hekayəti” bir o qədər də inandırıcı görünmür, burada gələcək ərə vurğunluqdan daha çox uşaqlıqdan qulağında səslənən “Şahın arvadı” olmaq ifadəsinin yaratdığı arzuya ürəkdən bağlılıq, sarayda əslində ikinci adam olmaq istəyi daha çox gözə çarpır. Axı o, əslində qiyamla meydana gələn yeni sülalənin hələ yüzillər, minillər davam edəcəyinə ümid bəsləyirdi, şah kimi o da bu sülalənin ömrünün vur-tut yarım əsrdən bir qədər artıq davam edəcəyini ağlına belə gətirə bilməzdi.
Kazak ruhunda tərbiyə almış general Rza xan 1921-ci ildə olcuqda zəif və səriştəsiz hökmdar olan Əhməd şahın dövründə dövlət çevrilişi etmiş, bu vaxt yeni hökumətə jurnalist Seyid Ziyəddin Tabatabai başçılıq etmiş, general Rza xan isə müdafiə naziri təyin edilmişdi. İki ildən sonra jurnalist də hökumət başçılığından uzaqlaşdırıldı, bu vəzifəni tutduqdan az sonra 1925-ci ildə Persiya parlamenti olan Məclis ölkədə olmayan Əhməd şahı devirdikdən sonra şahlıq rejimini qoruyub saxlamaq üçün, Rza şah adı altında onu taxt-taca qaldırdı və o, öz sülaləsini Persiya xanədanı dövründə dili və yazını ifadə edən simvolik “Pəhləvi” sözünü özünün sülalə adı elan etdi. Rza xan respublika elan etməyi nəzərdə tuturdu. Lakin xalqın böyük çoxluğunun bu ideyaya güclü əks çıxması onu öz fikrindən dönməyə məcbur etdi.
İlk şah 1941-ci ilin sentyabrında İran əraziləri cənubdan ingilis orduları, şimaldan isə sovet qoşunları tərəfindən işğal edildikdə öz oğlu Məhəmməd Rzanın naminə taxt-tacdan uzaqlaşdı, bir müddət qürbətdə yaşadıqdan sonra, vətənindən uzaqlarda da həyatla vidalaşdı.
Şahbanu Fərəh
Pəhləvi gənc və təcrübəsiz qız
olmasına baxmayaraq saray həyatına qədəm qoyduqdan
sonra buranın boğucu, intriqalarla dolu olan mühitindən
baş çıxarmağı bacardı, qısa müddətdə
ərinin məhəbbətini qazanmaqla mühüm nüfuz
sahibinə çevrildi. Onun bir sıra sosial problemlərin həllində
fəal iştirakı təqdirə layiqdir. O, cüzam xəstəliyindən
dəhşətli əzab çəkən xəstələrə
yardım əlini uzatmış, onlar üçün
ayrıca yaşayış məntəqəsi
saldırmışdı. Onun təhsil müəssisələrinə
qayğısı da xüsusi qeyd olunmalıdır.
Fərəh xanım ərinin
həyata keçirdiyi “Ağ inqilab” islahatlarının bəzilərinin
həyata keçirilməsində təşkilatçılıq
işi aparır, əsas diqqətini qadınların cəmiyyətdə,
xüsusilə ailədə fəal rol oynaması problemlərinə
yönəldirdi.
Qadınlar seçmək, seçilmək hüququna yiyələnmişdilər, universitetlə daxil olur və qazandıqları ixtisaslara müvafiq işləyə bilirdilər. Kəndlərdə isə cəhalət hökm sürməkdə davam edirdi. Onu maraqlandıran məsələlərdən biri yetimlərin üzləşdiyi acınacaqlı vəziyyət idi. Bu şəraiti aradan qaldırmaq vacibliyi onu həmin uşaqlarla məşğul olan təşkilata başçılıq etməyə həvəsləndirmişdi. Ölkədə olan on minə yaxın yetim və kimsəsiz uşağı məskunlaşdırmaq üçün ölkənin ayrı-ayrı yerlərində yetimlər üçün olan evlərdən ötəri yeni binalar inşa edildi. Onların tərbiyəsi ilə təhsil almış qadınlar məşğul olurdu. Bu qayğı hesabına uşaqların qarnı doyuzduruldu, onlar müvafiq paltarlarla təmin edildilər, kimsəsizliyin acı xofundan uzaqlaşa bildilər. Fiziki cəhətdən qüsurlu olan uşaqlar, korlar üçün məktəblər açılmışdı, xüsusi istedada sahib olan uşaqların öz qabiliyyətlərini inkişaf etdirməsi üçün şərait yaradılmışdı.
Bu Şahbanunun çoxtərəfli fəaliyyətinin bir sıra sahələridir. İctimai, siyasi fəaliyyəti ilə yanaşı o, öz ailə borcunu da uğurla ödəməyi yaddan çıxarmırdı. Şah uzun müddət idi ki, vəliəhd arzusunda idi, lakin ikinci arvadı Sürəyya da bu ümidləri doğrultmadığından nikaha xitam verilmişdi. Şahbanu Fərəh isə şahı ilk oğlunu doğması ilə sevindirdi, sonra onun ardıcıl olaraq qızı, ikinci oğlu və ikinci qızı dünyaya gəldi. Ərinin vəfatından iyirmi il sonra o, ailənin sonbeşiyi olan qızı Leylanı itirmək faciəsi ilə də üzləşməli oldu.
Kitabda şah ailəsinin islam inqilabından sonra sığınacaq tapmaq üçün dünyanın çox yerlərinə müraciət etməsi, beynəlxalq münasibətlərdə problemlərin yaranacağını nəzərə alaraq vaxtilə dost sayılan bəzi ölkə başçılarının onları öz torpağında qəbul etməkdən imtina etməsi, bu vaxt ağır “ağ qan” xərçənginə tutulmuş ərinin nəinki müalicəsinə, hətta öz ömrünü sakitcə başa vurmasına imkan verilməməsi dəhşətli səhnələrlə qələmə alınır. Müəllif bütün inqilabların qanla qidalandığı həqiqətini yaddan çıxardaraq, şah rejimi iflasa uğradıqdan sonra İranda baş verən edamlara, ailələrinin təqib olunmasına böyük yer ayırır. Lakin bu məsələlərdə ölçü hissinə riayət olunmur. Ən eybəcər siyasi polis kimi sayılan SAVAK-ın rəisi general Həsən Pakravanın vaxtilə ayətüllah Xomeynini mühakimədən azad olunması təklifi ilə çıxış etdiyi halda, inqilabdan sonra onun edam edildiyini böyük faciə kimi qələmə verməklə, müəllif əvvəllər SAVAK-ın zindanlarında həyatla vidalaşan minlərlə insanların xatirəsini əslində təhqir etmiş olur. SAVAK ölkədə əsl inkvizisiya qaydaları yaratmışdı, İranda elə bil ki, ikinci Torkvemada meydana gəlmişdi. Qərb jurnalistləri 1970-ci illərdə yazırdılar ki, azacıq narazılıq işartıları bildirənlər aradan götürülür, onların diri ya ölü olmasından bir daha xəbər tutmaq mümkün olmurdu. Bir jurnalist qeyd edirdi ki, isti, bürkülü havada saatlarla avtobus gözləyən fəhlə hətta qızmar istidən şikayətləndikdə, onu sakitcə oradan aparırdılar və ittihamı bu olurdu ki, sən havadan yox, şahdan şikayət edirsən. Beləliklə, ehtiyatsızlıq edib, iqlimdən gileylənən bir adam zindana atılır və onun gələcəyi qatı naməlumluq dumanında itib batırdı. Bəlkə də şahın heç də hər bir qəddarlıq hadisəsindən xəbəri yox idi, lakin bu sistemin belə quduzlaşmasına məhz o, rəvac vermişdi. Tehranın özünün daha mənfur şöhrət qazanmış Bastiliyası, hər cür vəhşiliklər səhnəsi olan zindanı var idi. Şah bunlardan yaxşı agah idi.
Fərəh xanım isə SAVAK-ın törətdiyi faciələrdən deyil, yalnız onun “agentlərinin qanqaraçılığa səbəb olduğunu” qeyd edir, adamların bu agentlərin kobud sərtlikləri ilə üz-üzə gəldiklərini vurğulayır. Əgər Şahbanunun diqqətini yalnız xırda xətalar cəlb edirdisə, əhalinin başına açılan fəlakətlər onu düşündürmürdümü? Onu yalnız şahın mənəvi nüfuzuna, həm də rejimə bu agentlərin ziyan vurmaları həyəcanlandırsa da, bu hərəkətlərə əslində haqq qazandıraraq onların bunu istəmədən etdiklərini qeyd edir. Və bir qədər qeyri-ciddi nəticəyə gəlir: “Amma SAVAK-çıların çoxu ölkədə təhlükəsizliyin təmini üçün əməlli-başlı çalışdılar”. Şahbanunun bu sözləri rejimi qoruyub saxlamaq xatirinə hər cür vəhşiliyə əl atan siyasi xəfiyyənin fəaliyyətinə haqq qazandırır və müəllifliyi Fransa kralı XVI Luiyə aid edilən “Məndən sonra qoy lap hər şey daşqına qərq olsun” sözlərinin, yaxud Kaliqulanın “Qoy nifrət etsinlər, ancaq qorxsunlar” prinsipini yada salır. Şah rejiminin zülmü özündən sonra dünyaya mələklər gətirə bilməzdi və SAVAK-ın mənfi təcrübəsinin nəhəng bünövrəsi üzərində sonrakı haqsızlıqların da heykəli qoyuldu.
Kitabda kommunistyönlü Tudə partiyasının, ifrat solçuların, dini təməlçilərin adı xüsusi ikrahla çəkilir. Ölkədəki başqa cür düşüncələrin hamısı az qala düşmən qismində təsvir edilir və qədim Romanın eybəcər imperatorlarından birinin “xalqın bircə boynu olmamasına” görə heyfislənməsi fikiri yada düşür. Guya ki, ölkədə doğulan hər bir körpə öz ilk qışqırtısı ilə şaha sədaqət andı içməli idi. Rejimə etiraz edənlərlə məşhur yazıçının SSRİ-dəki repressiyalara haqq qazandıran “Əgər düşmən təslim olmursa, onu məhv edirlər” prinsipinə uyğun qaydada davranmaq lazım imiş. Böyük fransız mütəfəkkiri Şarl Montesiyə qədim Çində imperatora məhəbbət bəsləməyənlərin edam edilməsi barədə qanunun mövcud olduğunu xəbər verir. Bu edamlar xüsusi qəddarlıqla həyata keçirilirdi. İttiham da asan başa gəlirdi, çünki məhəbbət hissinin dəqiq meyarı yoxdur.
Şahbanu üçün isə insan azadlıqları uğrunda mübarizə aparan hər bir kəs çoxbaşlı gidradır və onların başını nəinki kəsmək, hətta kəsilmiş yeri Heraklın təcrübəsindən istifadə edərək kösövlə yandırmaq lazımdır. Onlar “idealist gəncləri ya da boşboğazları yanlarına çəkən və yalnız rejimi devirməyi düşünən adamlar” kimi təsvir edilir. Ona görə də Azərbaycan Demokratik Respublikasının lideri Seyid Cəfər Pişəvəri Stalinin siyasətini həyata keçirən şəxs kimi qələmə verilir. Cənubi Azərbaycanda yaradılmış milli dövlətin 1946-cı ilin dekabrında ordu gücünə, qan axıtmaqla boğulmasını xüsusi pafosla ifadə edir. Şah bu vaxt Təbrizdə çoxlu qan axıtdırmışdı, Kürdüstanın paytaxtı Mehrabadda da eyni ssenari həyata keçirilmişdi. Bu hadisələrdən azacıq sonra Mehrabada gələn şahı heç kəs, heç öz təyin etdiyi qubernator da qarşılamamışdı. Təbrizdə isə adamlar bir az əvvəl qanla sulanmış küçələrdə şahı alqışlarla qarşılamışdılar. Əlbəttə ki, şah belə qəbuldan çox razı qalmışdı.
Şah
1946-cı ilin 12 dekabr gününü “Azərbaycanın xilas
günü” kimi elan etməklə özünə xilaskar qiyafəsi
geyindirməyə cəhd etsə də, bütövlükdə
azərbaycanlılar onun törətdiyi bu qətliamı
heç vaxt yaddan çıxarmayacaqlar. Əslində, şah
xarici qüvvəyə arxalanmasa belə qan tökülməsinə
cəsarət edə bilməzdi. Bu yalnız sovet ordusu hissələri
İran ərazisini tərk etdikdən sonra mümkün
olmuşdu. Hələ 1943-cü ilin noyabr-dekabrında
keçirilən Tehran konfransında qərara
alınmışdı ki, müharibə başa
çatdıqdan sonra İranın ərazi
bütövlüyü təmin edilsin və altı ay ərzində
xarici dövlətlərin qoşunları İran
torpaqlarından çıxarılsın. Stalin heç də
Şimali İranı tərk etmək istəmirdi, axı
burada mili Azərbaycan Demrokratik Respublikası
yaranmışdı. Lakin 1946-cı ilin
başlanğıcından ABŞ hökuməti öz
narazılığını bildirməyə başladı və
Sovet qoşunlarının dərhal
çıxarılmasını tələb etdi. Hətta
Trumen atom bombası ilə hədələməyə
başladıqda, Stalin ölkəsinin ağır vəziyyətdə
olduğunu nəzərə alaraq, yeni dünya müharibəsinin
hansı fəlakətlər gətirəcəyini
anladığından qoşunları çıxarmaq məcburiyyətində
qaldı. Bəziləri o dövrün reallığına əhəmiyyət
verməyərək, bunu Stalinin Azərbaycanın birləşməsi
işinə göstərdiyi xəyanət kimi qələmə
verirlər. Bu mülahizə hər cür məntiqi və
tarixi səbəblərdən və köklərdən məhrumdur
və Stalin öz imperiyasını genişləndirmək
üçün hər cür risqə getməyə hazır
idi. Lakin Stalin vəziyyəti düzgün qiymətləndirməyi
bacarırdı və daim avantüradan uzaq qaçmağa
çalışırdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2010.- 23 yanvar.- S.24.