Mübarizə bu gün də var
Prezident İlham Əliyev Rəsul
Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam
imzalamışdır.Sərəncamda deyilir:
“Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır”
Mayın 19-da doğum gününün yüzilliyi ərəfəsində şairin mürəkkəb, çətin və şərəfli həyat, yaradıcılıq yoluna, “çinar kimi əzəmətli və əyilməz kişi ömrünə” nəzər salarkən Rəsul Rza sənətini və şəxsiyyətini Azərbaycanda da, onun hüdudlarından uzaqlarda da yüksək qiymətləndirən dəyərli insanların fikirləriylə yanaşı şairin ömru boyu məruz qaldığı cahil, nadan hücumları da yada salmaq yerinə düşür. Çünki ədəbi qaragüruhun insafsız, mənəviyyatsız atmacaları bu gün də bəzi qəzetlərin səhifələrində yer alır. Şairin həqiqi simasıyla keçmiş və indiki bədxahlarının qərəzlə uydurduqları obraz arasında nə qədər fərq olduğunu görmək üçün təqdim edilən örnəklərlə tanışlıq yetər.
Şair haqqında söylənənlərdən – həm dəyərli insanların obyektiv rəylərindən, həm də adları belə çəkilməyə layiq olmayan, sovet dövründə də, müstəqillik illərində də, ortabab şairlərin, kəmfürsət yazarların hədyanlarından parçalar verməklə Rəsul Rzanın mübarizələrdə keçən ömrü haqqında müəyyən dürüst təsəvvür yaratmaq olar.
Rəsul Rzanın mübarizəsi bu gün də, vəfatından iyirmi səkkiz il sonra da davam edir – avamlıqla, yalanla, paxıllıqla, satın alınmış uğursuzların şərəfsiz iddialarıyla barışmaz mübarizəsi.
KİM NƏ DEMİŞ:
Biz Hüseyn Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli şəxslərin repressiya qurbanları olması haqqında on illərdir ki, böyük ürək ağrısı ilə danışırıq... İndi kimsə hesab edir ki, o vaxtlar gərək Səməd Vurğunu da həbs edəydilər, Rəsul Rzanı, Süleyman Rüstəmi də öldürəydilər, onda deyərdilər ki, bunlar qəhrəman idi və biz oturub onlara da on illərlə ağlayacaqdıq. Biz Allaha şükür etməliyik ki, belə insanlar o ağır dövrlərdə o xatalardan qurtara bildilər. Əgər 30-ci illərdə o itkilərimizlə yanaşı Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və bizim o nəsildən olan başqa görkəmli şairlərimiz olmasaydı və onlar yazıb-yaratmasaydılar, o əsərlər olmasaydı, indi bizim o dövr tariximizin ədəbiyyatı, mənəviyyatı, mədəniyyəti nədən ibarət olardı? Mən bizim ədəbiyyatımızı Səməd Vurğunsuz, Rəsul Rzasız, Süleyman Rüstəmsiz təsəvvür edə bilmərəm.
Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul
Rza kimi böyük şairlərə,onların
yaradıcılığında bugünkü günə
uyğun olmayan hansısa nüanslar tapıb irad tutmaq, hesab
edirəm ki, mənəviyyatsızlıqdır.Belə
adamların özləri xalq, millət, ölkə
üçün heç bir şey etməyiblər.Əgər
bizim xalq dili ilə desək, onlar nə Səməd
Vurğunun, nə Rəsul Rzanın, nə Süleyman Rüstəmin
dırnağı qədər də ola bilməzlər.
HEYDƏR ƏLİYEV
1998-ci il martın 26-dakı
çıxışından.
Rəsul Rza xalq və klassik ədəbiyyata böyük pərəstiş edən bənzərsiz şair, Azərbaycan poeziyasının novatorlarından biridir... Rəsul Rza Azərbaycan poeziyasına şəhərin danışıq dilini, bu dilin ahəngini gətirib... O, qafiyəni, ölçünü rədd etmir, ancaq nəzm aləmindəki qayda-qanunları da qəbul etmir...
Rəsul Rza elə şairlərdəndir ki, tək Azərbaycan deyil, bütün sovet poeziyası ənənəsinə novatorluq gətirib. Rəsul Rza filosofdur, “İki buruğun söhbəti” şeiri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq şeirdə həyat, nəsillər, gələcək haqqında, onların qarşılıqlı cavabdehliyi haqqında nə qədər gözəl deyilmişdir.
“Rəngələr” silsiləsiylə Rəsul Rza şeirimizdə yeni səhifə açdı, özü-özünü belə ötüb keçdi...
Klassik və
çağdaş Azərbaycan ədəbiyyatı – xalqın
əvəzsiz nəğməsidir, Rəsulun səsi bu nəğmənin
ən yaxşı keyfiyyətlərini özündə cəmləşdirir.
NAZİM HİKMƏT
Rəsul Rza haqqında
yazdığı üç məqaləsindən
Rəsul Rzanın “Aydındır şerin dili” şeiri necə ağıllı və incədir. Şərq müdrikliyni özündə toplamış siması bu şeirin prizmasından necə də aydın hiss olunur. Belə şein altından Nizami, yaxud Sədi imza qoya bilərdi. Hər hansı ölkənin hər bir müasir şairi də öz lirikasında belə bi inciyə malik olmaq şərəfindən imtina etməzdi...
“Rənglər”
silsiləsindəki zənginlik boyaları hərflərdə
görən Artyur Rembonun rəng gözəlini kölgədə
qoyur.Bu şeirləri rəsmdən fəlsəfəyə
doğru hərəkət səciyyələndirir.
İLYA SELVİNSKİ.
Rəsul Rza haqqında iki
məqaləsindən
Əziz Rəsul
İbrahimoviç! Sizin yaradacılığınızı mən
çox sevirəm və “Davamlı əks-səda”
kitabınızı heyranlıq hissi ilə oxuyuram. Sizə ən
yaxşı arzularımı çatdırıram.
DMİTRİ
ŞOSTAKOVİÇ
Rəsul Rzaya məktubundan.
29 fevral 1972
Mən Rəsulun şeirlərini
dönə-dönə oxuyuram və hər dəfə onlar mənə
yeni görünür.Ona görə ki, şair yenilik xatirinə
yenilik eləmir, formal axtarışlar aparmır,hər
sözü,hər ifadəni ölçüb
biçir,onları həyatın öz rəngi,öz səsi,öz
nəfəsi ilə cilalayır.Rəsul Rza yorulmadan və
inadla daim yeniləşən poetik məzmunun yeni
formalarını axtarır.Rəsul Rza elə sənətkarlardandır
ki,onların yaradıcılığının qocalmaq və
ya kasıblaşmaq qorxusu yoxdur.
Mənim
fikrimcə, Rəsul Rza Azərbaycan poeziyasının, Azərbaycan
mədəniyyətinin fəxridir.
QARA QARAYEV
Rəsulla mən
1937-ci ildə tanış oldum. Elə ilk görüşdən
Rəsul Rza səmimiyyəti, sözü açıq deməsi,
ağlı ilə məni cəlb elədi...
NİYAZİ
Səni sevdiyim bu ya digər məziyyətlərinə
görə deyil,ona görədir ki, sən yeni həyat,yeni
insan,yeni sənət uğrunda mübarizələrdə
çox zaman bizə bir nümunə, arxa,köməksən.Mən
xoşbəxtəm ki,dostum Rəsul Rzanın şair qəlbi,məğrur
təbiəti məhz belə cazibəli və təsirlidir.
TOFİQ QULİYEV
Rəsul Rza şeirinin ən
gözəl məziyyəti,onun dərin
insani mündərəcəsindədir. Rəsul
Rzanın lirik qəhrəmanı heç vaxt özünü
böyük dünyadan ayırmır. O, torpaqla,insanla vəhdətdədir.
Buna görə onun özü haqqında “Mən torpağam, mən
küləyəm,buludam,işığam,baharam” deməsi
tamamilə təbii və poetikdir.
SƏTTAR BƏHLULZADƏ
Əziz Rəsul müəllim!
Zəmanəmizdə ən çox hörmət bəslədiyimi
şairlərdən biri də sizsiniz.İlhamlı təfəkkürünüz,
obrazlarınız üçün sizə təşəkkür
edirəm,
ÇİNGİZ AYTMATOV
Müasir
şeir, müasir poeziya dedikdə ilk növbədə
yadıma düşən şairlərdən biri Rəsul
Rzadır. Mən Rəsul Rza şeirlərini
oxuduqdan sonra özümdə qəribə rahatlıq duyuram.Bu
şeirlər adamı düşündürür,mənəvi
cəhətdən təmizləyir, yüksəldir.Onun
yaradıcılığındakı intellektual səviyyə,günün
problemlərinə verilən aydın cavablar,elmlərin
inkişafı ilə şeri əlaqələndirmək
bacarığı sübut edir ki, Rəsul Rza gündən
günə inkişaf edən,planetimizin nəbzini
tutmağı bacaran şairdir.
Akademik MURTUZA NAĞIYEV
Azərbaycan
poeziyasında Rəsul müəllimin yaratdığı cərəyan
şerin gələcək inkişafında əsas istiqamətdir.
Bu axının qarşısını almaq olmaz,
çünki məhz bu cərəyanda poetik sözün və
poetik fikrin ifadəsi üçün hüdudsuz imkanlar
yaranır. Bu gün çox adam bununla razılaşmaya bilər,
ama bunun heç bir əhəmiyyəti yoxdur.Əminəm
ki,Zaman özü qiymətini verəcək Rəsul müəllimin.
Elmlər Akademiyasının
müxbir üzvü HƏBİB MƏMMƏDƏLİYEV
Azərbaycanın çağdaş yazarları
arasında müqayisə edilməyəcək şairlik
qüdrəti və həssas daxili aləmiylə çoxdan bəri
oxucuların diqqətini çəkməkdə olan Rəsul
Rzanın son aylarda nəşr olunan şeirlərinin bu cəhətdən
önəmlə üzərində durmağa dəyər.
1959-cu il fevral ayında çap olunan bu şeirlər Azərbaycanda
böyük bir hadisəyə çevrildi. Haqqında
danışdığımız şeirlər qızıl tənqidçilərdən
başqa bir çox partiya çevrələrini də
çox narahat etmişdir ki, bu hadisələrin əks-sədası
hələ də davam etməkdədir. Təqribən
40 illik həyatdan bəri sözdə “ən bəxtiyar
insanların yaşadıqları bir cəmiyyətdə” –Azərbaycan
Sovet kommunist cəmiyyətində – daxildə və xaricdə
yapılan propoqandadan sonra, eyni cəmiyyətə mənsub bir
yazarın günlərin birində ortaya çıxaraq “burada
insanların ölümü cana minnət bildiklərini”
göstərmək surətiylə bu cəmiyyətin həqiqi
mənzərəsini təsvirə təşəbbüs
etmiş olması, qızıl idarəçiləri özlərindən
çıxarmağa kafi gəlmişdir. Dərhal qələmə
sarılaraq qızıl münəqqidlər “İnsan”
şeirini yaylım atəşinə tutdular. Həssas bir
şairin “çürük bir fəlsəfə ifadəçisi”
və ya “sovet insanlarına qarşı iftiraçılıq”
kimi töhmətlər altında qalması hər şeydən
öncə Sovet kommunist cəmiyyətinin üzərində
qurulduğu şikəst bir zehniyyatın məhsuludur.
“Kommunist” qəzetinin şair Rəsul Rzanın son şeirlərini
şiddətli tənqid edən məqaləsində şairin
“Sığorta” başlıqlı şeri üzərində də
xüsusi durulmaqdadır.
SÜLEYMAN TƏKİNƏR
Azərbaycanlı mühacir Süleyman
Təkinərin bu məqaləsi 1959-cu ildə Münxendə
türkcə nəşr olunan “Dərgi” jurnalında
çıxmışdır.
Rəsul
Rzanın üç şerini göndərirəm. Nəşriyyatımız
onları təqribən bir il bundan qabaq çap etmişdi. Bizim üçün təəccüblü olsa da,
bu şeirləri ikinci dəfə,indi isə
üçüncü dəfə təkrar nəşr etməli
olduq.Ola bilər ki,bu Sizi təəccübləndirməsin,
lakin Kanadada poeziyanı az oxuyurlar və şeir
kitablarını çox nadir hallarda təkrar nəşr
edirlər.Ancaq Rəsul Rzanın şeirləri
özünün yüksək humanizmi ilə o dərəcədə
fərqlənir ki, Kanadada və ABŞ-da minlərlə oxucu
onları cəmi bir neçə ay ərzində alıb
oxudu. Rica edirəm lütfkarlıq göstərin, Rəsul
Rzaya bizim jurnalımız və nəşriyyatımız
haqqında yazın və yer kürəsinin başqa bir
nöqtəsində onun şeirlərinin necə də
geniş yayıldığını deyin.
“Şimal qonşuları” jurnalının baş
redaktoru, Kanada yazıçısı
DİZON KARTERİN “Sovetskaya literatura” jurnalının
redaktoruna göndərdiyi 21 iyun 1965-ci il tarixli
məktubundan.
Boğazdan
yuxarı “beynəlmiləlçik” çiçəkləndiyi
dövrlərdə Rəsul Rzanın uzaqgörənliyinə
heyran qalmaya bilmirəm. Şeirlərinin birində Babəki satan
haqqında “Sumbatlar bu gün də var” deyə yazarkən ermənilər
həngamə qaldırdılar. Şair hədəfi
gözündən vurmuşdu. Yadımdadır
“Bakinski raboçi” qəzetində dərc olunmuş bu
şeir Ermənistanda hiddət fırtınası
qaldırdı.
Ermənistan
Yazıçılar Birliyinin o vaxtkı sədri Vardges
Petrosyan təcili olaraq təşkilatın Rəyasət heyətini
topladı və orada qəbul olunmuş təhqiramiz bəyanat
Azərbaycan KP MK-ya göndərildi. Bizim rəhbərlik isə
fitnəkarlığa layiqli cavab vermək əvəzinə
şairi sıxışdırmağa başladı.
SÜLEYMAN ƏLƏSGƏROV
“Ədəbiyyat qəzeti” 22 fevral
1985. “Bakinski raboçi” qəzeti 28 iyul
1992
Özünü
xalqının zərrəsi sayan, həyatını xalq
işinə həsr edən,xalqın kədəri
ilə kədərlənib,sevinci ilə sevinən adamlar
öz həyatını deyil,xalqın həyatını
yaşayır. Belə adamlar fərdilikdən
çıxıb, şəxsiyyət səviyyəsinə
yüksəlir. Rəsul Rza
xalqımızın yetişdirdiyi belə böyük şəxsiyyətlərdən
biri idi. O, həm sənətində, həm də həyatda
həmişə öz yolunu getdi, həmişə öz qəlbinin
sözünü dedi. Biz onda heç bir
yarımçıqlıq görmədik. Sözündə
də bütöv idi, əməlində də. Nifrətində də, sevgisində də.
BƏXTİYAR VAHABZADƏ
Respublikada gəncləri
çox əzirdilər. Rəsul Rza birdən çıxdı,
20-30 nəfəri himayə elədi. Camaat
baxırdı ki, yuxarıda Rəsul da var. Rəsulun
hesabına aşağıdan da bəziləri cəsarətlənirdilər.
Rəsul Fikrət Qocanı, Vaqif Səmədoğlunu və
başqalarını himayə edirdi... Sonra
hamı düşdü onun üstünə, başladılar
Rəsul Rzanın əleyhinə yazmağa, Anarın əleyhinə
yazmağa. Qrup ilə bir yerdə
vurmağa başladılar.
ƏBÜLFƏZ ELÇİBƏY
Deyə bilmərəm ki, Rəsul
Rza ilə tez-tez görüşürdüm.O,müəllimlər
nəslinə mənsub idi. Gənc ədəbiyyat
adamları heç də hər bir şairi bu hörmətli
mənsəbə layiq bilmir.Buna yalnız əsl sənətkarları
layiq bilirlər. Rəsul Rza ən hörmətli
və sevilən ağsaqqallar sırasında idi. O, ənənələri
dərindən bilməklə yanaşı, ənənələri
novatorluq ruhu ilə birləşdirə bilən nadir adamlardan
biri idi. O, başa düşürdü ki, yeni reallıq ifadə
vasitələrinin yeniləşməsini tələb edir.O,
tarixi varisliyin qorunması ilə yanaşı, palitranın zənginləşməsini
vacib sayırdı, milli və dünya poeziyasında çox
düzgün orientirlər seçmişdi – Sabir, Mayakovski,
Uitmen... Danışıq intonasiyası poetik nitqi daha təbii
edir,şeri muzey dəbdə-bəsindən
uzaqlaşdırır. Rəsul Rza
poeziyasının bu nəzərə çarpan xüsusiyyəti
haqqında sovet ədəbiyyatşünaslığında və
bugünkü ədəbiyyatşünaslıqda çox
danışılıb. Amma mənim fikrimcə şairin
şeir texnikası məsələsini dil tarixi ilə əlaqələndirən
nəzəri baxışlarından daha az
söz açıblar.
OLJAS SÜLEYMENOV
Rəsul Rza
yaradıcılığının biz gənc ədəbi nəslə
təsiri böyükdür. Onun
yaradıcılığı gözəl təcrübə məktəbidir.
Söz üstündə əsmək, obrazlı
fikirlər demək, vəzni fikrə tabe etdirmək, hissi
ölçü çərçivəsində
sıxılmağa qoymamaq kimi məsələləri biz məhz
Rəsul Rzadan öyrənməliyik.
ƏLİ KƏRİM
Rəsul Rza xalq
poeziyasının gözəl ənənələrini
folklorşünas kimi ustalıqla, incəliklə təhlil
edib,ən xırda düyünlərini belə
açıb göstərməyi bacarır. O, xalq dilinin incəliyindən,kəsərindən, tutarından zövqlə
istifadə edir: bəzən adamın yadına babaların, nənələrin
işlətdiyi indi “arxaikləşib” atılan sözlərin
danışıq və deyiliş formalarını salır. Hətta bizə məlum olan sözlərə şəkilçi
və ya ön söz artırmaqla peyvənd ifadələr
düzəldir. Bunlar dilin imkanına xələl
deyil, təzəlik gətirir.
Rəsul Rza fikrində,əqidəsində möhkəm, səbatlı,
bitgin xarakterli gəncləri alqışlayır,
“ikiüzlü sac əppəyi” olanlara eyham və
vurğularında sərt nəzərlə baxır. Ənənə və novatorluq barəsində onun
hökmü qəti və inamlıdır.Bu inam həqiqətə
doğru gedən, onu yanlış müddəalardan qoruyan sənətkar
fkirindən, sənətkar dünyagörüşündən
öz mənbəyini götürür.
MƏMMƏD ARAZ
Rəsul Rza həm
parlaq şəxsiyyəti, həm də böyük
poeziyası ilə Azərbaycan sovet mədəniyyəti
tarixində tamamilə orijinal bir hadisədir. Əslində
onun bənzərsiz yaradıcılığı, son dərəcə
zəngin poeziyası da böyük şəxsiyyətinin
davamıdır. Rəsul Rza poeziyası
ölməzdir, azı min illik Azərbaycan şeri tarixində
ən nadir hadisələrdən biridir. Rəsul
Rza yaradıcılığının hər yeni mərhələsində
özündə nəyisə qoruyub saxlayan, nəyisə rədd
edən, dialektik sıçrayışlar yolu ilə irəliləyən
sənətkar olmuşdur. Rəsul Rza
yalnız başqaları ilə deyil, həm də
özünü ötüb keçmək uğrunda
çarpışmalarda kamilləşən
yaradıcıdır.
XƏLİL RZA ULUTÜRK
Meydan cahil əlinə
keçəndə ilk zərbələr gözə
çarpan istedada, sifətini və rəngini dəyişməyən
şəxslərə, yəni Rəsul Rzalara dəyir.Əlbəttə
ki,dünya xali deyildi. Qara daş kimi
ağır zamanda cahillərlə yanaşı,gözəl
ziyalılar da,gözəl dönməz insanlar da vardı. Rəsul
Rza dəfələrlə bezəndə, “yox!” deyib dünyadan
getmək istəyəndə tanıdığı,sevdiyi gözəl insanları dünyada cahillər
əlində tək qoymaq istəməyib, “lənət
şeytana” deyib.Şeytan da qulağının dibində.
Öz adını eşidən kimi yeni bir danos yazıb,yaxşı halda Rəsulun yeni şeirlərinə
yeni bir hədyan yazıb. Əlbət ki, Rəsul
Rza o zülmət yoldan tək keçməyib. Rəsul Rzanın evində dünyanın
bütün tufanlarının söndürə bilməyəcəyi
bir şam yanırdı. Rəsul Rza bilirdi ki,yer üzündə işıq tükənsə
də, onun evində işıq yanır. O işıq Nigar Rəfibəyli
idi. Nigar xanım sevginin, etibarın, sədaqətin,
insanlığın, səmimiliyin,ziyalılığın
simvolu idi. Ona görə Rəsul Rza adamların
üzünə şax baxırdı. Heç
kəsdən çəkinmədən sözünü mərd-mərdanə
adamların üzünə deyirdi.
FİKRƏT QOCA
1962-ci ildən
şeir yazıram. Şeirlərimin ilk hakimi,onlara ilk
qiymət verən Rəsul Rza olmuşdur. Əgər onlar gərəklidirsə,
qorxunc yalan torundan uzaqdırsa,mən bunun
üçün Rəsul Rzaya borcluyam. Çünki
məsuliyyət hissiylə şeir yazmağı mənə Rəsul
Rza öz şeirləri və söhbətləri ilə
öyrətdi. Onun estetik zövqünün yüksəkliyi,
sadəliyi, poetik söz üçün
daşıdığı böyük məsuliyyət məndən
ötrü həqiqi məktəbdir....
Rəsul
Rzanın 90 yaşı tamam olur. Minillik Azərbaycan
poeziyasının ən Anlanmamış Şairinin!.Xalqına,torpağına
uzatdığı əli hələ də havada
qalmış,bu yurdun ən mütəfəkkir Şairinin 90
yaşı.Bu əl gödək deyil,o uzalı ələ
çatmayan bizim əllərimizdir. Bunu etiraf etməsəm
qələmimi yerə qoyasıyam.Ancaq mən o günü
görürəm, o əllərin qovuşacaq günü.
Rəsul Rza marafonu sona yetəndə orda bu
böyük Şairi və əsrimizin ən maraqlı, parlaq
insanlarından birini onun özü arzuladığı və
aydın gördüyü bir Azərbaycan gözləyir.
Azad düşüncəli, güclü,
dözümlü və həzin bir vətən.
VAQİF SƏMƏDOĞLU
Türk xalqlarının
poeziyasında sərbəst şeir – Nazim Hikmət,Fazil
Hüsnü Dağlarca, Rəsul Rza – hələlik yalnız sərbəst
şerin gözəl nümunələrini yaratmış bu
üç adı çəkəcəm. Nəyə
görə hələ də sübut etməyə
çalışırlar ki, bu şeir sistemi türk dilləri
üçün münasib deyil?
LİY SEPPEL.
Rəsul Rzanın şeirlərinin tərcüməsinə
görə Estoniyanın Dövlət mükafatına layiq
görülmüş eston şairəsi.
Rəsul Rza 50-ci,xüsusən də 60-cı illər Azərbaycan
poeziyasının keyfiyyətcə dəyişməsində
müstəsna xidməti olmuş şairdir. O, təkcə ənənəvi
şeir təsəv-vürünü deyil, həm də
ümumiyyətlə,şair haqqında təsəvvürü
dəyişib. Yadımdadır, o vaxt Rəsul
Rza haqqında çox adamlar “ətiacıdır” deyirdilər.
Bunu deyənlər həmin dırnaqarası sənət
adamları idilər ki, belə demək mümkünsə, Rəsul
Rzanı diri-diri yeməyə hazır idilər. Amma əslində
Rəsul Rza Azərbaycan poeziyasının,xüsusən
gənc poeziyanın ən böyük xeyirxahı idi. Rəsul
Rzanın oxucuları bü gün də var,sabah
daha çox olacaq. Mən əminəm ki,Rəsul
Rza heç vaxt oxucusuz qalmayacaq.
RAMİZ RÖVŞƏN
Bütün bu dəyərli
sözlər və qiymətli fikirlərlə yanaşı
yaradıcı həyatının bütün mərhələlərində
Rəsul Rzaya qarşı təqiblərdən,təzyiqlərdən,tənqidlərdən
və təhqirlərdən də örnəklərlə
tanış olmasaq şairin əzablı yolu və
bütün maneələrə qarşı sarsılmaz,mətin
,mübariz ruhu haqqında tam təsəvvür əldə etmək
mümkün deyil:
“Bu günlərdə
Azərbaycan Sovet Yazıçılar İttifaqının
geniş plenum iclası olmuşdur. Plenum Azərbaycan
Yazıçılar İttifaqında işin öhdəsindən
gələ bilmədiklərinə görə və sovet
yazıçılarının etimadını
doğrultmadığına görə İttifaqın məsul
katibi Rəsul Rzayevi və onun müavini Cəfər Cəfərovu
vəzifədən götürmüş və Prezidium heyətindən
çıxarmışdır”.
“Ədəbiyyat qəzeti” 21 dekabr 1939
“Hələ bu
günə qədər Mayakovskinin ən qüvvətli əsərləri
Azərbaycan dilində yoxdur. Mayakovskiyə
qarşı bu səhlənkar münasibət nədən irəli
gəlir? Azərbaycan Sovet
Yazıçılar İttifaqının bu yaxınlarda
işdən götürülən “rəhbərləri” bu
sahədə heç bir təşəbbüs göstərməmişlər,
Mayakovski haqqnınla bir tutarlı məqalə belə
yazdırmamışlar”.
“Ədəbiyyat qəzeti” 11 fevral 1940
Rəsul
Rzanın Mayakovskiyə səhlənkar münasibətdə
günahlandırmaq gülüncdür. Sovet sistemi cəza
tədbirlərini heç bir vaxt öz adıyla və səbəbiylə
elan etmirdi, ayrı bəhanələr gətirirdi. Buna uyğun olaraq, Rəsul Rza da guya ki, tamam başqa
məsələ üstündə işdən götürülmüşdü.
Rəsul Rzanın Yazıçılar
İttifaqının rəhbərliyindən
uzaqlaşdırılmasının əsas, daha doğrusu yeganə
səbəbi latın əlifbasından rus əlifbasına
keçidlə bağlı idi.
ANAR. “Mübarizə
bu gün də var” kitabından.
səh.115
Əlifba
haqqında ilk söhbətin mən ilk şahidiyəm. 1939-cu ilin fevral ayında Səməd
Vurğunu,Məmməd Arifi, məni ordenlərlə
təltif etdilər. O günün sabahı bizi Universitetin
filologiya fakültəsinə çağırdılar. Bizi
orada bir rus alimi ehtiramla qarşıladı,xeyli
söhbətdən sonra dedi: Məsləhət belədir
ki,siz gərək kiril əlifbasına keçəsiniz. Səməd Vurğunla Məmməd Arif əvvəlcə
ölü rəngi aldılar, sonra üzlərinə boğuq
bir qızartı çökdü. İlk sözə Səməd
Vurğun başlayıb dedi: “Bu mümkün deyil, Kiril əlifbasındakı
bir çox səslər dilimizə uyğun deyil, biz gərək
onların əvəzinə başqa dillərdən sözlər
götürək”. Məmməd Arif də xeyli tutarlı
danışdı,ciddi səbəblər
göstərib bu dəyişikliklərin xalqımıza, mədəniyyətimizə
böyük zərbə olacağını sübuta yetirdi.
Deyilənlər qarşısında söz tapmayan rus alimi
dedi: “Mən sizi başa düşürəm,ancaq
nə etmək olar, artıq qərar verilib. Bu
Stalinin göstərişidir”.
(Bakıda) Stalinin
adını eşidib qorxuya düşənlər bu əlifbanı
tərifləməyə söz tapdılar,əleyhinə
olanlar isə öz cəzalarına çatdılar. Bu etirazın ilk qurbanı çox istedadlı
şair Abdulla Faruq oldu. Onu yazıçılar
İttifaqından xaric etdilər, heç yerdə iş vermədilər,
müharibə başlananda, ön sıraya, döyüşə
göndərdilər,orada məhv oldu. Abdulla Faruq Rəsul Rzanın qohumu olduğu
üçün dərhal Rəsul Rzanı da
Yazıçılar İttifaqının sədrliyindən
çıxardılar.
MİRVARİD DİLBAZİ,
“Kiril əlifbasını necə qəbul
etdik”. “Ədəbiyyat qəzeti” 7
dekabr 1990
Rəsul Rza Mir
Cəfər Bağırovun kəskin iradlarına qarşı
çıxırdı, suallarına iti cavablar verirdi. Bir dəfə
yığıncaqlardan birində Bağırovun Məmmədxanlılar
nəslinə qarşı işlətdiyi ifadəyə
görə Rəsul: “Sən get, öz
bacının cilovunu yığ” – dedi. Ancaq əksər
şair və yazıçılar tənqid olunanda sakit
dururdular.
MİRZƏ İBRAHİMOV “7
gün” qəzeti 18 iyun 1992.
Tarix elmləri doktoru,
professor ELDAR İSMAYILOV “Mərkəz” qəzetində (16-23
fevral 2000) dərc etdirdiyi “Tariximizin “şanlı”
dövrü” yazısında o vaxtın bəzi sənədlərini
misal gətirir:
“Həmin sənəd 1950-ci il oktyabrın 6-da tərtib olunub... M.C.Bağırova ünvanlanıb. Sənədin
müəllifləri respublika Nazirlər Sovetinin sədri Teymur
Quliyev, Kommunist Partiyası MK-nin katibi T.Yaqubov, Dövlət Təhlükəsizlik
Komitəsinin sədri S.Yemelyanov, Daxili İşlər naziri
A.Atakişiyevdir. Türkiyəyə rəğbət bəsləyən
şəxslər və Türkiyədə qohumları
yaşayan məsuli şçilər və ziyalılar barəsinlə
təkliflər: Rəsul Rza, Yazıçılar
İttifaqının üzvü. Çekist nəzarətinə
alınsın..
Çekist nəzarətinə
alınıan Rəsul Rza həmin siyahada adları olan və
şübhəli sayılan 18 ziyalı və məsul
işçilərdən biridir. Sənədin sonunda
tövsiyyə edilir ki, yerli təşkilatlar yuxarıda
adları çəkilənləri partiyadan xaric edərkən
onun əsl səbəbini göstərməməlidirlər.
Başqa bir bəhanəylə bu göstərişi yerinə
yetirsinlər .
Daxili
İşlər Xalq Komissarının müavini Xoren
Qriqoryanın M.C. Bağırova ünvanladığı təqdimatında
Nigar Rəfibəylinin və onun anasının sürgün
edilməsi təklif olunur.
Cəfər Cəfərov
irsinin araşdırıcısı Xatirə Quliyeva yazır:
“C.Cəfərov sənətini qiymətləndirən,onu kəskin tənqidlərdən, iftira və
təhqirlərdən müdafiə edənlər də
vardı.. Rəsul Rza bu yığıncaqda
(Yazıçılar İttifaqında Cəfərov ittiham
olunan yığıncaq nəzərdə tutulur —
A.).çoxsaylı çıxışçılar
arasında yeganə adam idi ki, tənqidçinin
nöqsanları ilə bərabər onun ədəbiyyatımız,
sənət tariximiz üçün gördüyü əhəmiyyətli
işləri göstərir, onu düşmən hesab etmir, Cəfər
Cəfərovun hal-hazırda məşğul olduğu
mövzular və gələcək planlarından
danışırdı. Rəsul Rzanın
çıxışından: “Biz indi çox mürəkkəb
bir məsələ müzakirə edirik – bir
yazıçının taleyini. Ona görə
də münasibət aydın və qəti olmalıdır.
Cəfər Cəfərovu düşmən
hesab etmirəm (Stenoqrammada Cəfərova məhz belə
münasibət də əks olunub-A.) Elə
hesab edirəm ki, onun düzəlməsinə şərait
yaratmalıyıq. İndi o M.F.Axundov
haqqında böyük bir kitab üzərində işləyir.
Onun Azərbaycan teatrı haqqında kitabı
rus oxucularını Azərbaycanın bir sıra teatr xadimləriylə
tanış etmişdir. Qoy Cəfərov
öz qüvvəsini səfərbər etsin, kitab və
müasir mövzularda məqalələr yazsın”.
Dərhal
yıcıncağın başqa bir
iştirakçısı: –Mən Cəfərova çox
yumşaq munasibət göstərən
yazıçıların çıxışlarından
narazıyam – deyir,- bu xüsusilə Rəsula
aiddir. Dostluq münasibətlərini bir
qırağa qoyub bunu partiya məsələsiylə
qarışdırmaq olmaz, təklif edirəm onu
sıralarımızdan çıxaraq, qoy bizim ailəmizdən
kənarda düzəlsin.
ANAR. “Mübarizə
bu gün də var” kitabından
1955-ci ildə Yazıçılar
İttifaqının plenumunda X. (İttifaqın sədri – A.)
yenidən Cəfər Cəfərov məsələsini
qaldıranda Rəsul Rzadan sərt cavab aldı: “Bilmirəm niyə
görə və nə məqsədlə X. yenidən bu məsələni
qaldırır. Əgər məqsədi təzyiq və hədə-qorxu
yoluyla məni boyun əyməyə,onun
dediyiylə razılaşmağa yönəlibsə, bu əbəs
zəhmətdir”.
Amma X. nail oldu ki, Rəsul
Rzanın, Ənvər Məmmədxanlının,Sabit Rəhmanın
adları Plenumun qərarına düşsün: “Plenum Rəsul
Rzanı,Ənvər Məmmədxanlını,Sabit Rəhmanı
xəbərdar edir ki, onların prinsipsiz qrup mübarizəsini
öz şəxsi maraqlarına görə müdafiə etmələri
ədəbiyyatımızın düzgün
inkişafına,bütün yaradıcı qüvvələrin
birləşməsinə mane olur və bu
yazıçıların ümumi yazıçı kütləsindən
ayrı düşməsinə gətirib çıxara bilər.
Plenum Rəsul Rzadan Cəfər Cəfərova
münasibətini dəyişməyi tələb edir”.
DJAMİLĞ QASANLI.
Xruşevskaə “ottopelğ”
i naüionalğnıy vopros v Azerbaydjane (1954-1959)
1956-cı il martın 21-də
Azərbaycan KP MK- nın Plenumunda Mir Bəşir rayonunun
partiya katibi çıxışında deyir: “Deməliyəm
ki,dil haqqında hay- küy salan bəzi
yazıçılar xırda burjua millətçilik meyillərinə
yol verir. Rəsul Rza keçən sessiyada təklif
etdi ki, qanunda azərbaycanlıların yalnız Azərbaycan
dilində oxuması yazılsın. Mənə
elə gəlir ki, bundan xırda burjua millətçiliyi qoxusu
gəlir.
DJAMİLĞ QASANLI.
Ukazannaə kniqa
1956-cı il martın 21-də
Azərbaycan bəstəkarlarının I qurultayı
açıldı.Adət üzrə bütün
çıxışlar rus dilində idi.Ənənəni Rəsul
Rza pozdu.O,bəstəkarları
yazıçılar adından Azərbaycan dilində
salamladı. Bu çıxışın böyük əks
–sədası oldu.Konservatoriyanın 2-ci kurs tələbəsi
R.Baqdasarov adlı birisi N.Xruşşova
ünvanladığı böyük məktubda Azərbaycan
ziyalılarını Azərbaycanda millətçilik baş
qaldırdığına görə ittiham edirdi..O, Rəsul Rzanın Bəstəkarlar
qurultayında çıxışını misal göstərirdi.
“O, Rəyasət heyətində Moskvadan rus dilini bilməyən
D.Şostakoviçin, Gürcüstandan O. Taktakişvilinin
oturduğunu nəzərə almadan Azərbaycan dilində
geniş çıxış etdi,halbuki rus dilində də
gözəl danışa bilərdi”.
DJAMİLĞ QASANLI.
Ukazannaə kniqa
“Azərbaycan”
jurnalının bu ilki 9-cu nömrəsində R.Rzanın “Yaz
gəlir” kimi başdan-başa mücərrədlikdən,söz
oyunundan ibarət olan əsərindən başqa “İnsaf da
yaxşı şeydir”, “Toy nəğməsi” və “Süfrə
nəğməsi” adlı üç lirik şeri dərc
olunmuşdur. Xalqımız öz təbiəti
etibarilə səxavətlidir. Xalqın bu ənənəsiylə
böyümüş azərbaycanlı evinə qonaq
çağırıb süfrə açarkən, heç kəsə
qaşqabaq sallamaz,xəsisilik edib öz nemətlərini
qonaqlardan əsirgəməz. R.Rza isə bütün bunlara
qarşı laqeyd qalaraq yazır ki:
Ev sahibi bu gün bizdən
küsməsin
Oğrun-oğrun adamları
süzməsin
Süfrələrə
xırda qədəh düzməsin
Məscid deyil
ibadətdən danışaq.
Gəlin,
dostlar, səxavətdən danışaq.
Belə bir şeirə
“Süfrə nəğməsi” adı vermək bizim milli adətimizə,xalqımızın səxavətinə,adamlarımızın
səmimiyyətinə böhtan atmaq deməkdir. R.Rza “İnsaf da yaxşı şeydir” şerində
isə bugünkü adamlarımızın mənəviyyatı
ilə bağlı olan heç bir real əhval-ruhiyyəni
ifadə edə bilməmişdir.
“Məcnun olub min fəryad
qopararaq” vurulduğu dəymədüşər qızın
“gözlərinin rəngini dağlarda axtarmaq” arzusuna
düşmüş bu lirik qəhrəmanın həyata dərindən
bağlı olan,yüksək bir məhəbbətlə
sevən bugünkü sovet gənci arasında nə kimi əlaqə
ola bilər?”Müəllif şeirə “İnsaf da
yaxşı şeydir” adı verməklə görəsən
hansı dövrün adamının insafından danışır,
“insaf” və “yaxşılıq” dedikdə, görəsən
nəyi nəzərdə tutur? Bütün bu təhlil
etdiyimiz şeirlər bizim lirikamızın sağlam
atmosferasına bir bayağılıq gətirir.Belə
şeirlərin qarşısı alınmalıdır.Bu ruhda
“lirik” şeir yazmaq meyli sənətkarlarımızın diqqətini
indi qarşımızda duran çox ciddi
yaradıcılıq məsələlərindən müəyyən
dərəcədə yayındırır.Partiyamızın
MK-sı kənd təsərrüfatı məhsuldarlığını
artırmaq,kolxoz və sovxozlarımızı yeni inkişaf mərhələsinə
qaldırmaq,beləliklə də kütlələrin maddi
rifahını durmadan yaxşılaşdırmaq
üçün tarixi qərarlar qəbul
etmiş,böyük tədbirlər
görmüşdür.Poeziyamız da bu tədbirlərin həyata
keçirilməsi işinə, adamlarımızı daha da
ruhlandırmağa borcludur. Buna görə də bir sıra
şairlərimizin poeziyaya bayağılıq gətirən
lirikaya uyması dözülməzdir”
“Ədəbiyyat qəzeti” 6 noyabr 1954
Rəsul Rzanın “İnsan”
adlı bədbinlik təlqin edən zərərli şeri,eləcə
də “Anket əhvalatı”, “Sadə səbəb”, “Təcrübəsizlik”,”Ceyran
dedi”, “Sığorta” və başqa şeirləri müasir həyatımızdan,onların
dünyagörüşündən uzaq əsərlərdir.
Belə əsərlərin dərc edilməsi təkcə
öz yaradıcılığına qarşı az tələbkar
olan müəllifin qüsuru deyil,həm də
onların çapına icazə verən redaksiya heyətinin
də nöqsanıdır.
“Ədəbiyyat qəzeti” 11 aprel 1959
Ədəbi qəzetdə
bir rəy kimi söylənmiş fikirlər Kommunist
Partiyasının rəsmi mətbu orqanı olan “Kommunist” qəzetində
artıq rəy kimi yox, hökm kimi səslənirdi. 1959-cu il aprelin 18-də
“Kommunist” qəzeti iki podval yazı – Rəsul Rzanın son
şeirlərinin kəskin tənqidinə həsr olunmuş
“Günün tələbləri səviyyəsinə” adlı
məqalə verdi.Məqalə imzasız idi və sovet ideoloji
sisteminin qaydalarına bələd olanlar bilirlər ki,bu daha da
təhlükəli idi. Çünki imzayla hətta rəsmi mətbuatda
dərc olunmuş yazı müəyyən bir adamın şəxsi
fikri qəbul edilə bilərdi,rəsmi
partiya orqanında imzasız verilən yazı isə ümumən
Kommunist partiyasının,onun Mərkəzi Komitəsinin,yəni
ən ali hakimiyyətin rəyi,daha doğrusu hökmü və
qərarı kimi anlaşılırdı.
Bu məqalədə
də Rəsul Rzanın şeirləri sovet ədəbiyyatının
ümumi ruhuna xas olmayan xarici təsirlər kimi səciyyələndirilir,
onların sovet lideri Xruş-şovun ədəbiyyat
qarşısında qoyduğu vəzifələrə zidd
olması vurğulanırdı. Uzun-uzadı məqalənin sonunda
yenə də yalnız konkret şairi Rəsul Rzanı tənqid
etməklə kifayətlənməyən anonim müəllif
bu şeirləri çap etdiyi üçün
Yazıçılar İttifaqının “Azərbaycan”
jurnalını, onun redaktoru Əli Vəliyevi və hətta
Yazıçılar İttifaqının özünü belə
təqsirləndirir,onları məsuliyyət hissini itirməkdə
günahlandırırdı. Məqalənin axırında
sovet siyasi təbliğat sisteminin ənənəvi metodundan
istifadə olunur:
“Şübhəsiz Rəsul
Rza bir kommunist şair kimi,bir vətəndaş
kimi öz nöqsanını boynuna almaqdan çəkinməyəcəkdir.
Lakin təkcə bu azdır. Oxucu ondan günün tələbləri ilə səsləşən
yeni-yeni əsərlər gözləyir”.
Anonim məqalə
müəllifi də, adından danışdığı
“oxucu” da çox gözləməli oldular. Gözləri
yolda qaldı. Rəsul Rza nə bu
“nöqsanlarını”, nə də bundan əvvəl və
bundan sonra ona irad tutulan və tutulacaq başqa
“nöqsanlarının” heç birini heç bir vaxt boynuna
almadı və ondan “gözlənilən əsərləri” də
yazmadı. Daha doğrusu, gerçəkdən də
günün tələblərini qələmə aldı,amma şair bu tələbləri məqalə
müəllifinin düşündükləriylə
daban-dabana zidd olan problemlər kimi dərk
edir,duyduqlarını,gördüklərini anladığı
kimi çatdırmağa davam edirdi.
ANAR. “Mübarizə
bu gün də var” kitabından.
səh 281-282
“Pravda” qəzetinin SovİKP
MK-nın tapşırığı ilə Bakıya gəlmiş
Baş redaktoru P.A.Satyukov 1959-cu ilin aprelində İdeoloji məsələlər
üzrə respublika müşavirəsində
çıxış edərkən Rəsul Rzanın “Azərbaycan”
jurnalında dərc olunmuş şeirlərinii kəsgin tənqid
etdi:
Biz gərək şeirlərlə,əsərlərlə insanların səviyyəsini
qaldıraq, biz bilmirik ki,Rəsul Rza bu fəlsəfəylə
nə demək istəyir. Bəs siz niyə
çap edirsiniz? Bunu etmək olmaz. Mətbuat kommunizm uğrunda mübarizədə kəsərli
silahdır. Hər boş şeyi çap
etmək olmaz.
Sonra Satyukov
qeyd etdi ki, bu müşavirədə Rəsul Rza kəsgin tənqid
olundusa da, o, susur. “Biz gözləyirdik ki, şair Rəsul Rza
çıxış edəcək,ancaq o
axıracan sakitcə oturmuşdu və bir kəlmə söz
demədi. Bu etinasızlıqdır. Madam
ki,kommunistlər sizin ünvanınıza tənqidi
fikirlər söyləyir, siz məcbursunuz ki,
çıxış edib bu tənqidin haqlı,ədalətli
olduğunu etiraf edəsiniz. Belə çıxır ki, nə
deyirsiz deyin, mənim vecimə deyil”
DJAMİLĞ QASANLI.
“Xruşevskaə
“ottopelğ” i naüionalğnıy vopros v Azerbaydjane” (1954-1959)”
kitabından.
Satyukovun son
sözləri düz idi. Nə ondan əvvəl, nə ondan sonra bu
sayaq tənqidlər Rəsul Rzanın vecinə deyildi. Xruşov devriləndən sonra elə həmin
gün onun kürəkəni “İzvestiya” qəzetinin Baş redaktoru
A.Adcubey və Adcubeyin dostu “Pravda”ın baş redaktoru Satyukov
işdən götürüldülər. “Pravda” qəzetində isə (artıq yeni redaktoru
dövründə) Rəsul Rzanın vaxtilə tənqid edilən
şeirləri haqqında “Həyatımızın rəngləri”
adlı tərifli məqalə dərc olundu.
1963-cü ildə Rəsul
Rzanın “Qəlbimdə bahar” kitabı Lenin mükafatına təqdim
olunmuşdu.Elə həmin günlərdə “Ədəbiyyat
qəzeti” yazırdı:
“Pəncərəmə
düşən işıq”, “İki tarix” şeirlərinin
sonluğu zəifdir, “Quzu”. “Mahnı dərsi”,
“Qaz” şeirlərində yürüdülən fikir müəyyən
dərəcədə dumanlıdır. “Ağ
fil” şeirinin ideyası orijinal deyildir. “Bakı”, “Ana,dərdin nədir?”şeirləri
lakonizmdən uzaqdır,ritorik xarakterdədir və s. Şair bəzən
prozaik ifadələrdən həddindən çox istifadə
edir ki, bu da sətri tərcümə təsiri
bağışlayır”
“Qəlbimdə
bahar” kitabına çəkilmiş rəsmlərdə gənc
rəssam Toğrul Nərimanbəyov formalist
axtarışlarının faydasız bəhrəsini
nümayiş etdirmişdir. Həyat ilə, insan təfəkkürü
ilə heç bir əlaqəsi olmayan bu mücərrəd,ifrat rəsmlərin meydana çıxması
hazırda sovet incəsənətində mücərrədçi,
formalist hoqqabazlıqlarla gedən ciddi mübarizə şəraitində
xoşagəlməz hadisədir”
“Ədəbiyyat qəzeti” 19 yanvar 1963
Ölkənin ən yüksək
mükafatına təqdim olunmuş kitaba bu sayaq,bu
dillə xeyir-dua verilir, “uğur” dilənirdi.
– Biz mücərrəd insanpərvərliyi
poeziyamıza və ümumiyyətlə ədəbiyyata və
incəsənətimizə yaxın qoymamalıyıq.
Çox təəssüf ki,bizim
poeziyamızda mücərrəd insanpərvərlik,
ümumiyyətlə insandan danışmaq kimi hallara təsadüf
olunur. Xalq şairi Rəsul Rzanın ədəbiyyatımızdakı
xidmətləri geniş ictimaiyyətə məlumdur...Bütün
bunlarla yanaşı şairin bir sıra son şeirlərində
və xüsusilə “Rənglər” adlı silsilə
şeirlərində gözə çarpan ciddi qüsurlar da ədəbi
ictimaiyyətimizi narahat etməyə bilməz. Şairin həmin şeirlərində məhz
mücərrəd insanpərvərlik, müasir həyatımızın
aktual məsələlərindən uzaqlaşmaq halı
aydın hiss olunur. Bu şeirlərdə
hansı insandan danışılır? Şairin
insana demək istədiyi nədir? Tamamilə
aydındır ki,bu şeirlərdə
konkret insan yoxdur. Rənglərin dili ilə insana söylənən
fikirlər çox mücərrəddir, dumanlıdır və
oxucu bu fikirləri duymaq, başa düşmək bir yana
qalsın, yozub məna çıxarmağa da çətinlik
çəkir.Belə tapmacaçılığa müasir
şeirimzdə nə ehtiyac var?Bizim həm
fikir,həm ifadə cəhətdən aydın,axıcı və
ahəngdar sovet poeziyamızın ənənələri harda
qalmışdır ki, belə “tapmacalar” və mücərrədlik
şerimizə yol tapır”.
“Ədəbiyyat qəzeti” 9 fevral 1963
Anar bala, nə
üçün bu qədər nigaranlıq keçirirsən? Məgər sən
atanın həyata ilk qədəm qoyduğu gündən
mübarizələrdən,həyatın sınaqlarından,
illərin, günlərin imtahanlarından keçdiyini bilmirsən?
Nə üçün mənim gücüm, davamım,
dözüm və iqtidarım haqqında sən şübhə
edirsən?Nə üçün nigaransan?
Məgər mən inandığım,sevdiyim
həyat və sənət yolunda azmı ədəbi və
qeyri-ədəbi mığmığaların sancmaqlarını
görmüş, dızıltısını eşitmişəm?
Paxıllar zümrəsinin,nadanlar dəstəsinin,talantsızlar
guruhunun tənə daşları hansı sənətkarı
yolundan qaytara bilmişdir?
...İnsanın
ən böyük ləyaqəti ondadır ki, bütün bu
istilər, soyuqlar, işıqlar, qaranlıqlar içində
yolunu insan kimi keçsin. Bəlkə də ədəbi
mığmığalar,bu sözləri
oxuyub ağız büzərlər, “yenə də mücərrəd
insan” – deyə dızıldayarlar. Olsun.Konkret heyvan olmaqdan,mücərrəd insan olmağın nəyi
pisdir?
RƏSUL RZANIN Moskvaya ANARA yazdığı məktubundan
16 fevral 1963
Yenilik pərdəsi
altında düşmən ideologiyasının mədəniyyətimizə
nüfuz etməsinə,kommunist tərbiyəsində
qüdrətli vasitə olan ədəbiyyat və incəsənət
silahımızın pas atmasına, kəsərdən
düşməsinə laqeyd qalmaq olarmı? Əlbəttə,
yox.Belə qüsurlar varsa,onları
“axtarıb tapmaq, yəni göstərmək qəbahətdirmi?
Onlar “tapılmışdır”,daha
doğrusu,onları hamımız oxumuşuq. Rəsul
Rzanın “Rənglər” başlığı altında 27
yazısı verilmişdir. Mən bu parçaları
diqqətlə oxudum,bunlarda həyatımız
üçün, cəmiyyətimiz üçün xeyirli bir
məna, faydalı bir məzmun axtarmağa
çalışdım,çox təəssüf ki, tapa bilmədim.
R.Rza “Rənglər”i çap etdirməklə
indi çıxılması çətin olan bir vəziyyətə
düşmüşdür. Əlbəttə,müəllif deyə bilər ki,burada bir
çətinlik yoxdur. Bu nədir ki,mən
bundan çətin vəziyyətlərə düşüb
çıxmışam. Hələ neçə il bundan qabaq formalizmə meyl etməyim
üstündə məni möhkəm tənqid etdilər. Nə oldu? Nə itirdim?
Bu müddət
ərzində formalizmin, mücərrədçiliyin tənqidinə
bir çox məqalələr həsr olunmuşdur. Hərgah Rəsul Rza
yoldaş “Rənglər” haqqında olan tənqidlərə kəmetina
olmasaydı, indiyə kimi “Rənglər”i özü
üçün aydınlaşdırar, müəyyənləşdirər,
əslində qatığın ağ,
qurumun qara olduğu haqqında qəti fikir söyləyə
bilərdi. Məlumdur ki,həyat həqiqətlərindən
uzaq,bədii keyfiyyətlərdən məhrum olan bu “rənglərin”,
“çalarların” bizim üçün heç bir
ictimai-siyasi, tərbiyəvi əhəmiyyəti yoxdur. Əksinə,
forsmalizm, abstraktsionizm kimi zərərli meyllər və
onların müxtəlif “çalarları”lazımınca tənqid
olunmasa, döyulüb ədəbi mühitdən qovulmasa
oxucularımızda şeirə, sənətə ikrah hissi
doğurar, sənət aləminə hərc-mərclik gətirər”.
“Məqsəd aydınlığı
və sənətkarlıq” məqaləsindən.
“Ədəbiyyat qəzeti”, 30 mart 1963
Sital sovet tənqidçiləri
nəyi başa düşməsələr də,hər halda “ideoloji sapıntıların” iyini
çox yaxşı ala bilirdilər. “Rənglər”in şifrə
edilməsinin bir səbəbi də Rəsul Rzanın senzura
duzaxlarından qurtarmaq cəhdi idi.Biçarə tənqidçi
haradan biləydi və necə duyaydı ki, “Rənglər”
yazılan gündən 25-30 il keçəcək və sovet
dövrü,repressiya qurbanlarının “milyonlarla qəbir
daşı”, Sibirə sürülmüşlərin “şaxta
qorxusu”, “buz nəfəsli qaraltısı”, əzizlərini
itirmişlərin “dəryalarla göz yaşları”, “titrək
dodaqları”, “hicran qorxusu”, “yanmış ürəklər”,
“soyuq tənhalıq”, insanların bu rejimdə
“ömürlük dustaq olmaları” artıq hamının
işlətdiyi ifadələrə çevriləcək.
Bütün bunlar haqqında, qüssə və soyuqluq gətirən
əhval-ruhiyyə barəsində dönə-dönə
yazılacaq,bu hətta bir dəbə,modaya
çevriləcək, imkan verilən zaman hər kəs
keçmişdəki cəsarətini bol-bol reklam edəcək.
1963-cü ildə sovet mətbuatında “Rənglər” silsiləsindən
məhz bu faciəvi, bədbin, qüssəli və ümidsiz
ifadələri seçib yan-yana düzmək isə müəllifin
qəsdən ya da başa düşmədən etməsindən
asılı olmayaraq siyasi xəbərçilik,danos
idi.
ANAR “Mübarizə bu gün də
var” kitabından.
səh 327
Rəsul Rza
respublika mətbuatında və mərkəzi mətbuat səhifələrində
gənclərimizin yaradıcılığına həsr
edilmiş məqalələrlə çıxış
etmişdir.
Bu çox yaxşı təşəbbüsdür.Lakin,zənnimizcə,
gənc istedadlara qayğı birtərəfli
olmamalıdır.Elə bu nöqteyi-nəzərdən biz Rəsul
Rza yoldaşın məqalələrindəki ifrat təriflə
razılaşa bilməyir və həmin məqalələrdə
yaradıcılığından birtərəfli söhbət
gedən bəzi gənc şairlərin lap bu son vaxtlarda
çap olunmuş şeirlərindən danışmaq istəyirik.
“Qayğı və tələbkarlıq” məqaləsindən
“Ədəbiyyat qəzeti” 31 oktyabr 1964
(Məqalədə Əli Kərimin,İsa
İsmayılzadənin,Ələkbər Salahzadənin
şeirləri kəskin tənqid olunur.Elə həmin günlərdə
“Azərbaycan gəncləri” qəzetində Fikrət
Qocanı kəskin tənqid edən “Şeir-rebus” , “Kommunist” qəzetində
Vaqif Vəkilovu(Səmədoğlunu) “ifşa” edən
yazılar çıxdı.Rəsul Rza gənclərə
bütün bu hücumlara qarşı “Qayğı
sözü və qayğı özü” adlı məqaləylə
çıxış etdi. Dərhal başqa bir Xalq şairinin
Rəsul Rzanın əleyhinə “Şerimizlə əlaqədar
bəzi mülahizələrim” başlıqlı cavabı “Ədəbiyyat
qəzeti”ndə çap olundu).
Rəsul Rza
yaradıcılıq məsələlərinə məhz belə
əsəbilik mövqeyindən və şəxsi nöqteyi-nəzərindən
münasibət göstərir. Əslində bu təəccüblü
deyil.Rəsul Rzanın yaradıcılıq arsenalında bu,
“mötəbər” silahlardandır.Rəsul Rzanın bu məqaləsinin
ruhundan belə çıxır ki,gənclər barəsində,ədəbiyyatımızın
inkişafı barədə ondan başqa düşünən,narahat
olan yoxdur.Özünə gəlincə gəncləri
Ümumittifaq oxucusuna tanıtdığından söhbət
açır və deyir ki, başqa şairlər də belə
etsələr yaxşıdır. Yox,onun qələm
yoldaşları belə etsəydilər,narazılıq
törədən məqalələrlə mətbuat aləmində
çıxış etsəydilər heç də
yaxşı olmazdı.
“Şerimizlə əlaqədar bəzi
mülahizələrim”.
“Ədəbiyyat qəzeti”.
Bu xalq şairini əsəbiləşdirən
o idi ki,bütün tənqidlərə rəğmən
“Rənglər”ə yenə də yüksək qiymət
verilir: “Rənglərə belə dəyər vermək,siyasi
korluq deyildirmi?”
Xalq şairini
qıcıqlandıran ikinci məqam “Rəsul Rza ədəbi
məktəbi”ndən söz edilməsidir: “Azərbaycan ədəbiyyatında
ayrı-ayrı şair və yazıçıların ədəbi
məktəbi yoxdur. Bizim bir yolumuz,bir ədəbi
məktəbimiz var, o da sosialist realizmi yoludur”.
Bəlkə də bu
şairin yolu sosialist realizmi yoluydu,amma Rəsul
Rza üçün eyni şeyi söyləmək əsla
mümkün deyil. O nəsldən başqa şairlər də
“Rəsul Rza məktəbi” anlayışını
qısqanclıqla qarşıladılar. O vaxtın mentalitetinə
görə hər hansı bir şairin öz məktəbi
olması, orden və ya fəxri ad almaq kimi bir şeydi:
“Neçin Filankəsin ədəbi məktəbi (ordeni,fəxri adı) olsun, mənimki olmasın”.
Tənqidçilərimizin
çoxu da qorxduqları üçün daha “Rəsul Rza məktəbi”
ifadəsini işlətmirlər.Rəsul Rza özü isə
deyirdi ki, “mən yalnız mənim məktəbimə daxil
olduqlarını söyləyənləri bu məktəbə
mənsub sayıram”.
ANAR. “Mübarizə
bu gün də var” kitabından
Əgər səmimi
desək, o illər yazıçıların özlərinin
danoslarına əsasən biz Rəsul Rzanı dissident elan etməliydik.Xəbərdarlıq
edirdilər ki, o Türkiyəyə bağlıdır,
şeirlərində türk sözlərindən istifadə
edir. Yeri gəlmişkən, danos verənlərin
arasında elələri də vardı ki, indi özlərini
alovlu Türkiyə heyranı kimi qələmə verir.
DTK generalı İlhüseyn
Hüseynovun jurnalist Əsildar Hüseynovla söhbətindən.
“Kəşfiyyat generalıyla söhbət”
kitabından.
Azərbaycanlılara,türklərə zooloji nifrət bəsləyən
erməni yazıçısı Sero Xanzadyan Babəkin şəxsiyyəti
və Rəsul Rzanın “Babək” şeriylə əlaqədar
olaraq föhş və böhtan dolu məktubunu Azərbaycan
KP MK və SovİKP MK- ya göndərərək Rəsul
Rzaya Heydər Əliyevin təşəbbüsüylə
Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə
kəsgin etirazını bildirirdi. Babəki “quldur”, “cani”,
“qaniçən”, “uşaq əti yeyən qatil” adlandıraraq
onun haqqında Azərbaycanda film çəkilməsi,
adına rayon verilməsi münasibətilə qəzəblənir,
Rəsul Rzanın Səhl ibn Sumbat haqqında dediklərini
“xunveybin ifadəsi” sayır və iddia edirdi ki, şair “Babək”
kimi şeirləriylə Lenin milli siyasətinin ruhunu ləkələyir.
ANAR. “Mübarizə
bu gün də var” kitabından
Rəsul Rza bizim ədəbiyyat
tariximizin və bəlkə,ziyalılıq tarixi deyilən bir
anlayış varsa,ziyalılıq tariximizin açar
adlarından biridir.Bu gün biz Rəsul Rzanı ittiham edə
bilmərik,o, öz dövrünün adamı idi,öz
dövrünün eybəcərlikləri ilə
yaşamağa məhkum edilmiş minlərlə Azərbaycan
ziyalısından biri idi.
Onunla birlikdə dərhal
zamanın nəbzini tutaraq Leninə və Stalinə poemalar həsr
etmiş Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd
Rahim kimi şairlər repressiya yanğınından salamat
qurtara bilmişdilər.Bundan sonra onların yalnız bir yolu
var idi: Sovet hakimiyyətinin tələbləri çərçivəsində
yazmaq və yaratmaq,ədəbiyyatı hakimiyyətin təkərciyi
və vintçiyi rolunu yerinə yetirmək.
“Azadlıq” qəzeti 10 yanvar 2010 BU MATERİAL ƏSASƏN
ANARIN “MÜBARİZƏ BU GÜN DƏ VAR” KİTABI ƏSASINDA
HAZIRLANIB
525-ci qəzet.- 2010.- 23 yanvar.-
S.19-21.