Dilçi olmayanlar üçün dilçilik?

 

Nəşriyyat işçisi kimi oturduğum otaqda çap etdiyimiz kitabların nümunələri düzülmüş bir guşə var. Otağa gələnlər( dostlar, ədəbiyyat, elm adamları və sair) istər-istəməz o guşədəki kitabların üz qabıqlarını görməli olurlar. Məsələn, “Noam Xomski. Dil və təfəkkür”, “E. Koseriu. Ümumi dilçiliyə giriş”, “Müasir dilçiliyin problemləri”, “Neyrolinqvistika” və sair... Götürürlər, vərəqləyirlər və ən yaxşı halda “qəliz kitabdı”, “mənlik deyil” deyib də yerinə qoyurlar. Elə mən özüm də nəşriyyat işçisi kimi məcburən ünsiyyətdə olduğum dilçiliyə aid materialların rəngarəngliyi qarşısında həmişə qəribə bir xof keçirmişəm. Bu sahə mənə uzaq, heç vaxt anlaya bilməyəcəyim məchulluq kimi görünüb. Bu materiallarda gözümə dəyən Sössür imzasından tutmuş “assonans”, “fonem”, nə bilim daha nə kimi terminlərəcən – hamısı məndə bəzən hətta qıcıq da yaradıb.

Yəqin, əksəriyyətimizdə belədir. Həyatımızın ən ayrılmaz hissəsi olan DİLİN sirləriylə tanışlıq bir arzu kimi içimizdən keçsə də, dilçiliyin “qəlizliyi” səbəbindən bu, bizə həmişə əlçatmaz görünüb.

Və yəqin, belə bir düşüncədə olanlarımız da tapılıb ki, hər şey bu qədər aydındırsa, yəni, DİL hamı tərəfindən danışıla və yazıla bilirsə, bu qədər tədqiqata və akademizmə nə gərək var axı?..

Lakin problem nədəymiş? Sən demə, DİL və DİLÇİLİK haqqında bizim kimi sıravilərin belə anladığı bir “dildə” yazılmış bir kitaba ehtiyac varmış və məhz bu kitab göstərməliymiş ki, dilçilik bir elm kimi nə qədər zəruri, nə qədər faydalı və nə qədər MARAQLIYMIŞ. Təkcə dilçilər üçün yox, heç təkcə “oxumuş adamlar”çün də yox, elə hamı üçün – necə deyərlər alimindən çobanınadək.

Və bu kitab Kamal Abdullanın təzəcə çapdan çıxmış “DİLÇİLİYƏ SƏYAHƏT. Dilçi olmayanlar üçün dilçilik” kitabı oldu. Kitab, şübhəsiz ki, məhz bu məqsədlə də yazılıb – yəni daha çox kütləvi oxucuya hesablanıb.

Nədir bu kitabın özəllikləri?

Ən başlıcası, seçilmiş üslubdur. Kitab, sanki bir bədii mətn kimi oxunur və sən “bu əhvalatın” – bu səyahətin nəylə başa çatacağının marağıyla istər-istəməz kitabın sonuna qədər gedib çıxırsan. Dilçiliyin bizdə “qıcıq yaradan” terminləri, anlayışları isə sanki bu “bədii mətnin” personjlarıdır, onlar əsər boyu öz xarakterlərini aça-aça getməkdədirlər. Onlar bir-biriylə danışır, bir-biriylə intriqa aparır, bir-biriylə küsüb-barışır və sair. Kitabı başa vurandan sonra görürsən ki, əslində, heç bir əhvalat baş vermirmiş, sən isə nəticədə DİL və DİLÇİLİYƏ aid çox şeyi mənimsəmisən: dili necə, hansı üsul və metodların köməyilə öyrənirlər?! Dilin yaranması və inkişafı necə baş verir?! Dil və nitqin fərqi nədədir? Dil və təfəkkür... Dilin daxili təbiəti... Dillərin qohumluğu, bu qohumluğun dərəcələri, növləri. Dilçiliyin özünün bir elm kimi yaranması və inkişafı hansı mərhələlərdən keçir? Dilçiliyin başqa elmlərlə əlaqəsi...

Kitab iki gəncin – Əhmədlə Zalxanın “münasibətləri” üstündə qurulub. Elə maraqlısı da əsərdəki “nəsr təhkiyəsi” içində elmin əridilməsi, rahat həzm olunmaq üçün dadlı bir şəkildə bişirilməsidir: “Elə bu zaman Zalxa başılovlu özünü bu sətirlərin arasına saldı. Onun böyük bir təlaş içində gətirdiyi xəbər, məni əvvəl-əvvəl çox az, necə deyərlər, “etkilədi”. Xəbərdi də, bütün digər xəbərlər kimi...

Zalxanın isə rəngi ağarmışdı, həyəcanla yalnız bunu deyə bildi:

– Əhməd sabah Bakıya qatarla yola düşəcək.

Qızın üz-gözündə əməlli-başlı bir ümidsizlik var idi. Onu sakitləşdirmək üçün, normalda, istər-istəməz mən də nə isə deməliydim. Amma heç nə demədim. Susdum.”... Müəllif bunun dalınca və bu kontekstdə “– Əhməd sabah Bakıya qatarla yola düşəcək” cümləsi üstündə dilçiliyin bir ünsürü olan CÜMLƏnin elmi təfərrüatlarını açmağa başlayır. Asanca dərk edirsən ki, “ölü cümlə” nədir, “canlı cümlə” nə? Heyrətlənirsən ki, balaca bir “canlı cümlə”nin tərkibində dilçilik baxımından nə qədər maraqlı məqamlar varmış.

İndi bilirsinizmi, bu Əhməd kimdir? Bu, orta məktəbin “Azərbaycan dili” dərslərində misal gətirmək məqamında hər dəfə mübtəda kimi işlətdiyimiz (“Əhməd məktəbə getdi”, “Əhməd kitab oxuyur”, “Əhməd mənim dostumdur”) həmin Əhməddir.

Kitabda Əhmədin Zalxanı istəməsi fonunda, əslində, dilçilik nəql edilir:

Zalxanın doğumu... Dilin mənşəyi. Sən demə, “dil nə vaxt yaranıb?” sualı yoxmuş, “dil necə yaranıb?” sualı varmış. Burada Kamal Abdulla indiyədək mövcud olan fərziyyələrin qayəsini sadə bir şəkildə ifadə edərək (dil jest və işarələrdənmi, ibtidai insanın instinktiv qışqırtıları nəticəsindəmi, insanın təbiət hadisələrinin səsini yamsılama çabalarındanmı, Sovet dilçiliyinin iddia etdiyi kimi insanın əmək fəaliyyəti zamanımı yaranıb?) özü məhz “ilahi nəzəriyyə”nin üstündə dayanır: dil insana Allah tərəfindən əta edilmişdir.

Zalxa necə və hansı şəraitdə böyüyüb, böyüdükcə hansı həyat mərhələlərindən keçib?!... Dilin inkişaf tarixi, keçdiyi mərhələlər, dilin dəyişməsi... və s. necə baş verir?!”

Zalxanın xasiyyəti ... Dilin təbiəti və mahiyyəti

Zalxanın sağlamlığı... Dilin daxili orqanizmi, dil quruluşu... Sən demə, dil insan bədəninin müxtəlif orqanlarının vahid sistemini xatırladır. Burada da hüceyrələr, əsəb sistemi, qan dövranı, ürək, böyrəklər, beyin, ciyər, bronxlar, boğaz, ağız boşluğu, dişlər, dil və dodaqlar və sair varmış. Məsələn, ahəng qanunu dediyimiz elə qan dövranı kimi bir şeymiş.

Zalxanın ünsiyyətdə olduğu adamlar... Dil və onun təmasda olduğu digər dillər. Dillərin bir-birinə təsiri. Alınmalar. Dillərin müqayisəsi. Dillərin mübarizəsi.

Zalxanın ailəsi, qohumları, nəsli ... “Dil ailələri”, Dillərin qohumluğu, qonşu dillər. Sən demə, dillər də bir-biriylə bacı-qardaş, əmiuşağı, xalauşağı imişlər. Sən demə, Fars diliylə ingilis dili bir dil ailəsinə mənsubmuşlar. İngilisin father, farsın pedər sözləri qardaşmışlar və bunları bir-birindən fərqləndirən qardaşların birindəki xırdaca xal imiş. Müqayisə aparılan dillərin tarixinə, ilkinliyinə vardıqca, oxşarlıqlar artır və nəhayət hansısa nöqtədə fərqlər tamam itir, yerdə ümumi bir dil qalır ki, onun da adına “ulu dil” deyirlər. Müəllif bu dili “Ana dili” adlandırmağı da mümkün sayır.

“Zalxa Əhməd üçün nədir?”... “Söz dilçilik aləmində nədir?”.

Kitabda əvvəldən axıradək alim Kamal Abdulla, nasir və şair Kamal Abdullayla yanaşı addımlayır. Məsələn, elmi anlayışlara dərsliklərdən adət etdiyimiz şəkildə tərif verilməsi əvəzinə bu kitabda bəzən “şair təriflərindən” istifadə olunur. Fikir verək: Müəllif əvvəlcə misralar qeyd eləyir:

 

Üzür günümüzün

ünlü üzləri

Üzü gündoğana,

üzür ürkək-ürkək,

Üzüntülü görünüşlə.

 

Ardınca isə yazır: “Ü”-lərin durna qatarı kimi “üzüntülü” uçuşuna assonans deyilir”. Və gülümsünürsən: mənim yuxarıda yazdığım kimi, dərk olunması ilk baxışdan çətin görünən assonans elə buymuş?!

Etiraf edim ki, bu kitabda xeyli məqamlar, müəllifin çıxardığı xeyli nəticələr şəxsən mənimçün sensasion göründü. Məsələn, Füzulinin məşhur “Aldanma ki, şair sözü, əlbəttə, yalandır” misrasında onun elmi baxımdan da haqlı olmasının iddia edilməsi. Bu məqamı qısaca şərh etmək mümkün olmadığı üçün Kamal Abdullanın öz dilindən oxuculara təqdim etmək daha yaxşı olardı: “...Söz, əslində, real həyatda gedən prosesin ümumiləşdirilmiş adıdır (cümlə də bura “Söz” şəklində daxildir). Ümumiləşdirilmiş, yəni, detal və təfərrüatlardan təmizlənmiş. Yəni yalnız ən vacib məqamları nəzərə alınmış. Əslində, ümumiləşdirmək, məncə, Sözün rəngarəng həyat qarşısındakı gücsüzlüyündən xəbər verir. Həyat zəngindir, əlbəttə ki, Söz tam şəkildə o zənginliyi əks edə bilməz. Həyat sonsuzluq qədərincə rəngarəngdir, Söz isə sonsuz deyil və buna görə də onunla ayaqlaşmaqdan məhrumdur. Həyat rəngli televizordur, söz isə “ağ-qara”... Həyat mütləqdir, Söz təhrif edir... Həyatdakı gerçəkliyi olduğu kimi verə bilməmək təhrif deyil də, nədir?! ...

...Biz çox zaman hər hansı bir tanış, hətta belə deyək – sevdiyimiz melodiyanı öz-özümüz üçün, öz “içimizdə” əməlli-başlı səssiz-səmirsiz “səsləndirə” bilirik. Amma bizdən xahiş edəndə ki, həmin melodiyanı öz içimizdən “çölə buraxaq”, səs donuna geyindirib başqaları üçün də eşidiləcək hala salaq, bu o qədər də asan olmur. Harmoniyanı içindən buraxanda, o dağılır. Və biz o melodiyanı nə qədər bizə asan görünsə də, olduğu kimi səsləndirə bilmirik.

Real həyat – təfəkkürümüzdə onun əksi – Söz vasitəsilə təcəssümü! Söz bu iki nəhəng prosesi – bizdən kənardakı və bizim içimizdəki prosesi olduğu kimi, yüzdə-yüz” əks etdirmir və bu da onun mövcud imkanları baxımından təbiidir. Söz olduğu kimi əks etdirmirsə, deməli, Söz bir qədər əvvəl dediyimiz kimi təhrif edir. “Olmuş” təhrif olunursa, “olmuş” həqiqət deyilsə, o zaman “olmuş” Aristotelin “ya... ya da” məntiqindən çıxış etsək, bəlkə yalandır?! Nəhayət, əgər bu, belədirsə, Söz yalan deyil də, nədir?!”

Başqa bir məqamda müəllifin iddia etdiyinə görə, insan qavrayışında bəzi səslər öz-özlüyündə müəyyən hissləri oyada bilir. Məsələn, “f” səsi dinləyicidə nifrət, “L” səsi məhəbbət və sevgi, “İ” səsi mülayimlik, həlimlik duyğusu yaradır.

Kitabın adındakı “...Dilçi olmayanlar üçün dilçilik” qeydini, məncə, şərti hesab etmək də olar. Çünki, onu sona qədər oxuyandan sonra görürsən ki, orada hətta dilçilərin özünün belə faydalana biləcəyi nüanslar var – bu sahənin bəzi problemlərinə yeni baxış bucağı, müəllifin gəldiyi özünəməxsus qənaətlər, yeni müqayisə müstəviləri, yeni informasiyalar, yeni mənbələr...

Məsələn, dəfələrlə şahid olmuşuq ki, öz doğma dilini pis bilənlər özlərinə belə bəraət qazandırırlar: “Mən rus dilində düşünüb, Azərbaycan dilində danışıram”. Kamal Abdulla sübut edə bilir ki, rus dilində düşünüb Azərbaycan dilində danışmaq, ümumiyyətlə, mümkün olan bir iş deyil! Çünki, “...yer üzündəki bütün insanlar (millət və irqindən asılı olmayaraq) eyni məntiq “dilində” düşünürlər. Hər hansı bir dildə – ingilis, rus, türk, Azərbaycan, eskimos, həbəş... dillərində düşünmək, prinsip etibarilə, mümkün deyil. Bəs məsələnin, başqa sözlə, səhvin kökü harda gizlənib?

Əslində, başqa dildə “düşündüklərini” düşünənlər dil ilə daxili nitqi səhv salırlar. Onlar, əslində, ümumbəşər dilində düşünüb bu düşündüklərini əvvəlcə daxili nitqə sonra isə “xarici” nitqə, yəni ünsiyyətin özünə köçürürlər. Daxili və xarici nitq kimi “ayırdığımız” məqamlar isə, əslində, bir varağın iki üzü kimidirlər. Beləliklə: Biz, əslində, ümuminsan dilində, yəni məntiq dilində düşünüb, Azərbaycan dilində danışırıq”

Və yaxud: “Azərbaycan dilinin fonetikası” adı, əslində, dilinin yox, nitqinin olmalı idi: Azərbaycan nitqinin! Niyə? Çünki səslər nitqə aiddir, fonetika da məhz danışıq səslərini öyrənir. Dilin səslərini (fonemləri) öyrənən sahənin adı isə fonologiyadır”.

Bu kitabın hər hansı yerini ümumi mətndən seçib fərqləndirmək mümkün deyil. Əsər sözün bütün mənalarında bütövdür və yaddaşa da bütövlükdə daxil olur. Ancaq bir məqamı mən özüm qabartmaq istərdim. Bu da illərdir dartışılan bir problemə Kamal Abdullanın baxışıdır: dilimizin adının necə yazılmasıdır? Və müəllif tamamilə yeni, yeni olduğu qədər də maraqlı bir təkliflə çıxış edir: “Əgər dilimizin adı rəsmi olaraq indi yazacağım şəkildə qəbul olunsa idi, mənə elə gəlir ki, problemlər öz-özlüyündə həll edilmiş olardı. Təklif isə belə bir variantdan ibarətdir:

Azərbaycan (türk ) dili!

Bu söz birləşməsində – rəsmi “pasport” variantında diqqəti xüsusi olaraq mötərizəyə cəlb etmək istəyirəm. Mötərizə, sən demə, çox şeyi həll edə bilərmiş. Əgər sən rəsmi dilin adının “Azərbaycan dili” kimi qəbul edilməsinin tərəfdarısansa, o zaman sən dilinin adını Azərbaycan dili kimi işlət və tanı. Mötərizə elə ona görə mötərizədir ki, istəmədiyin halda onun içindəkini oxumaya bilirsən.

Bir başqası isə dilimizi “türk dili” deyə tanımaq istəyir. Buyursun, o da ancaq mötərizənin içindəkini oxusun! Onun üçün də dilimizin bir adı da qoy “türk dili” olsun.

“Azərbaycan türk dili” adının tərəfdarları isə bu adı mötərizədəki “türk” sözü ilə bir yerdə tam şəkildə oxumaqla öz mənəvi ehtiyaclarını ödəyə bilər. Mötərizənin içərisindəkini əgər istəsən, əlbəttə ki, oxuya bilərsən.

Rəsmi, dövlət variantı, əslində, invariantı (!), yəni variantların birincisi – Azərbaycan (türk) dili imkan verməlidir ki, cəmiyyətin istənilən zümrəsi qanuni şəkildə öz arzusunu həyata keçirsin. Rəsmiyyətin təqdim etdiyi şərait isə buna mötərizəli variantda imkan verərdi, bu daha yaxşı olmazdımı?! Niderland dili, flamand dili və afrikaans adları eyni millətə ayrı-ayrı dil adları olmaqdan nə itirdilər? Yaxud millət nə itirdi?!”

Məncə, bu, ictimai müzakirəyə layiq bir ideyadır, siz necə düşünürsünüz?

 

 

Salam SARVAN

 

525-ci qəzet.- 2010.- 23 yanvar.- S.14.