Əziz Şərif - görkəmli ədəbiyyatşünas və böyük ziyalı

 

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Şərifin XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında böyük xidmətləri vardır. Professor Əziz Şərif (1895-1988) ölkəmizdə və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas, fədakar tərcüməçi və publisist kimi şöhrət qazanmışdır. Onun adı son yüz ilin adlı-sanlı Azərbaycan ziyalıları arasında xüsusi iftixarla çəkilir. Azərbaycandan ədəbiyyatşünas alim kimi keçmiş Sovet İttifaqı miqyasında ən çox tanınan və əsərləri geniş miqyasda oxunan professor Əziz Şərif idi. Əsərləri Azərbaycan dilindən başqa rus dilində də nəşr olunan, özü də Azərbaycan ədəbiyyatından və ittifaqda təmsil olunan digər xalqların ədəbiyyatlarından ardıcıl olaraq tərcümələr edən Əziz Şərifin irsini rus dili vasitəsilə keçmiş sovet ölkəsində oxuyurdular. Moskva Dövlət Universitetinin kafedra müdiri olan professor Əziz Şərif Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində də dərs deməklə bu beynəlxalq statusa malik universitetdə təhsil alan əlliyə yaxın ölkənin nümayəndələri arasında da ədəbiyyatımızın təbliği işinə xidmət edirdi. Beləliklə, professor Əziz Şərif Rusiyada Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin fədakar səfiri olmaq vəzifəsini yarım əsrdən çox yerinə yetirmişdir. Ədəbiyyatımızın və elmimizin dünyada təbliği və tanıdılmasında ustad alimin müstəsna xidmətləri yüksək qiymətə layiqdir.

Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində dünyaya gələn Əziz Şərif burada məşhur maarifçi Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi “Tərbiyə” məktəbində təhsil almışdır. Ölməz ədibimiz Cəlil Məmmədquluzadənin “böyüklər üçün də darülürfan” adlandırdığı xalq içərisində ad çıxarmış bu təhsil ocağında o, elm və maarifə yiyələnmək baxımından sözün həqiqi mənasında ciddi və əhəmiyyətli dərs ala bilmişdir. Gənc Əziz Şərifin 1905-ci ildə Tiflisə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu və məsləkdaşı Cəlil Məmmədquluzadənin ailə mühitində övlad səviyyəsində təmsil edilməsi onun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cəlil Məmmədquluzadənin evində təşkil olunmuş pansionda dərs oxuyub maariflənməsi, mollanəsrəddinçilərlə tanışlığı Əziz Şərifin sonrakı elmi fəaliyyətinin müəyyən edilməsində mühüm amilə çevrilmişdir.

Qurbanəli Şərifzadə (1854-1917) dövrünün görkəmli ziyalılarından biri olmuş, ədəbi-ictimai mühitdə bilikli və məlumatlı, geniş dünyagörüşə malik işıqlı şəxsiyyət, etibarlı məsləkdaş və mollanəsrəddinçilərin sıralarında özünəməxsus yer tutan publisist kimi tanınmışdır. Hüseyn Cavidin aşağıdakı fikirləri Qurbanəli Şərifzadəni dolğun şəkildə xarakterizə edir: “O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat müəllimi idi. Həm də müəllimlərdən artıq məlumata malik idi... Onda son dərəcə böyük bir istedad və məziyyət var idi... Eyni zamanda həm əmələ, həm də mühəndis, həm də mütəfəkkir həyatını yaşardı”.

Cəlil Məmmədquluzadə ilə məslək qardaşı olması həm Qurbanəli Şərifzadənin həyatında mühüm rol oynamış, həm də Əziz Şərifin ideya-mənəvi təkamülündə müstəsna əhəmiyyət kəsb etmişdir. Əziz Şərif XX əsrin əvvəllərində bir müddət Cəlil Məmmədquluzadənin ailə və sənət mühitində ən doğma adam kimi qəbul edilmiş, yetişib formalaşmışdır. Tərəddüdsüz demək mümkündür ki, Əziz Şərif Cəlil Məmmədquluzadə, yaxud “Molla Nəsrəddin” məktəbinin görkəmli yetirməsidir. Böyük ədib Cəlil Məmmədquluzadə Əziz Qurbanəli Şərifzadənin ən böyük müəllimidir. Təhsil aldığı ali və orta məktəblərdən heç biri taleyində xüsusi yeri olan Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” məktəbini əvəz edə bilməz. Bu qeyri-adi məktəbdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhimbəy Haqverdiyev, Əliqulu Qəmküsar və başqalarından aldığı dərslər onun üçün əvəzedilməz və unudulmaz həyat və bilik mənbəyinə çevrilmişdir. Tərəddüdsüz demək olar ki, Əziz Şərifin “Molla Nəsrəddin” məktəbində əldə etdiyi bilik və məlumatlar hər hansı bir ali təhsil ocağının verə biləcəyi dünyagörüşdən qat-qat çox olmuşdur. Əziz Şərif bütün həyatını “Molla Nəsrəddin” məktəbindən aldığı ideyaların ədəbiyyatda, elmdə və ictimai mühitdə gerçəkləşdirilməsinə həsr etmişdir. O, Azərbaycan ədəbiyyatşünaslığının “Molla Nəsrəddin” məktəbinin möhkəm bünövrəsini yaratmışdır.

Anlaşılmaz münasibətin nəticəsində Qurbanəli Şərifzadə qısamüddətli həbs cəzası aldığı günlərdə Cəlil Məmmədquluzadənin 22 fevral 1905-ci ildə Tiflisdən Naxçıvana göndərdiyi məktub həm məslək qardaşlarının səmimi və etibarlı münasibətlərini, həm də kiçik yaşlı Əziz Şərifin taleyində Mirzə Cəlil faktorunun rolunu aydın təsəvvür etməyə imkan verir:

“Bərabərim Qurbanəli!

Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə, tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir.

Əzizdən heç nigaran qalma. Onu yəqin bil ki, xudanəkərdə sən dünyada yox olsan da, Əziz burada dərs oxuyub, axıra kimi elm təhsil edəcək. Hər halda indi Əzizin sənə heç bir ehtiyacı yoxdur və onun barəsində heç fikir eləmə. Bu günlərdə onun metrik şəhadətnaməsini şeyxülislam idarəsindən çıxaracağam ki, may ayında imtahana aparam”.

Qeyd olunduğu kimi, Əziz Şərif təkcə Tiflisdəki pansionda yox, ömrünün axırına qədər Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” məktəbindən oxuyub öyrənmiş, böyük mollanəsrəddinçi ədib və görkəmli elm xadimi səviyyəsinə çatmışdır. “Molla Nəsrəddin” jurnalında 1906-cı ildə, cəmi on bir yaşında ikən çap edilən ilk məqaləsi Əziz Şərifin istedadı, qabiliyyəti ilə eyni səviyyədə, bir qədər də artıq Cəlil Məmmədquluzadənin ona münasibətini, onun timsalında gələcək bir mollanəsrəddinçi qələm sahibini yetişdirib formalaşdırmaq qayğılarını ifadə edir. Digər tərəfdən də həmin kiçik publisist yazı balaca Əziz Şərifin “Molla Nəsrəddin” üslubuna aşina ola bildiyini diqqət mərkəzinə çəkir. Məqalədə deyilirdi:

“Molla Nəsrəddin baba!

“Qızdırmalı”ya cənab “Hərdəmxəyal” etdiyi nəsihət artıqdır. Əgər Qızdırmalının naxoşluğu məhz qızdırmadı, gəlsin Naxçıvana və buranın hamamlarında bir neçə gün çimsin və usta Cəfəri hamama gətirdib gündə bir dəfə qan aldırsın. Əgər yaxşı olmasa, eybi yoxdu, bizim şəhərdə müsəlman həkimi də var, ona müalicə etdirə bilər. Qərəz, nə başını ağrıdım, şəfa tapmaqdan ötrü Qızdırmalıya Naxçıvana gəlmək lazımdır. Əgər gələ bilməsə, mən bunu da deyə bilərəm ki, Naxçıvan hamamlarının suyundan üç butulka göndərəm, bu şərt ilə ki, hər gün sübh yuxudan ayılan kimi hamam suyundan üç-dörd stəkan nahar qarına içə. Suyun rənginin sarı olmağına baxmasın, nə eybi var, zəfəran da sarıdı, amma ətrinə bax. Allah şahiddir ki, Naxçıvan hamamlarının suyunun ətri zəfəran ətrindən güclüdür.

Hər kəs mənim bu məsləhətimi qəbul eləsə eləsin, eləməsə özü bilsin. Vəssalam”.

Adətən jurnalda gedən yazıları gizli imzalarla çap edən Cəlil Məmmədquluzadə bu dəfə tam əksinə olaraq “Molla Nəsrəddin baba” məqaləsini açıq imza ilə təqdim etmişdi: Əziz Qurbanəli oğlu Şərifzadə. Fikrimizcə, bu tip təqdimat, hər şeydən əvvəl, “Molla Nəsrəddin” jurnalı ailəsinin ən gənc üzvünü, on bir yaşlı Əziz Şərifin kimliyini geniş oxucu mühitinə bəyan etmək məqsədi daşıyırdı. İkincisi, baş redaktor hələ məktəb şagirdi olan gənc müəllifi həvəsləndirmək məqsədini izləmişdi. Nəhayət, üçüncüsü, bu kiçik yazı ilə gələcəyin böyük qələm sahibini ilk dəfə olaraq mətbuat aləminə çıxarmışdı. Bir çox başqa yazıçı və şairlər kimi Əziz Şərifi də böyük Mirzə Cəlil Məmmədquluzadə kəşf etmişdi. Əziz Şərif unudulmaz müəllimi və xeyirxahı Cəlil Məmmədquluzadənin ümidlərini doğrultmuş, mötəbər mollanəsrəddinşünas alim mərtəbəsinə qədər yüksəltmişdir.

Əziz Şərif hələ məktəbli ikən hazırlıqlı olması, dövrü mətbuatda gedən maarifçi proseslərə həvəs və maraq göstərməsi ilə də diqqəti cəlb etmişdir. “Dəbistan” jurnalında məktəb şagirdləri üçün dəqiq elmlər üçün çap etdiyi tapşırıqları həll edib cavablarını redaksiyaya göndərməsi onun hazırlıqlı şagird olması ilə bərabər, həm də mətbuatı izlədiyini nəzərə çarpdırır.

“Atam və mən” adlı xatirələrindən aydın olur ki, Əziz Şərif XX əsrin əvvəllərində İrəvanda (1906-1909-cu illərdə) və Tiflis gimnaziyasında (1908-1914) təhsil almışdır. Sonra o, Moskva Kommersiya İnstitutunu (1915-1917) və Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsini (1942-1943) bitirmişdir. XX əsrin əvvəllərində Tiflisdə nəşriyyat və mətbuat sahələrində çalışan Əziz Şərif 1922-ci ildən etibarən iyirmi ilə yaxın “Yeni fikir”, “Zarya Vostoka”, “Yeni kənd” və “Sovet Gürcüstanı” qəzetlərində, “Dan ulduzu” jurnalında rəsmi əməkdaş kimi fəaliyyət göstərmişdir. Keçmiş mollanəsrəddinçilərin də təmsil olunduğu bu mətbuat orqanlarındakı fəaliyyəti Əziz Şərif üçün “Molla Nəsrəddin” jurnalı redaksiyasında aldığı dərsləri, keçdiyi məşqləri tamamlamış, ona əldə etdiyi təcrübəni publisist kimi gerçəkləşdirmək baxımından münasib imkan yaratmışdır. Cavan publisist özü də bütün bunları etiraf edərək yazmışdır: “Yeni fikir” qəzeti mənim həyatımda və qəzetçilik fəaliyyətimdə çox böyük rol oynamışdır. Burada mən görkəmli Azərbaycan yazıçı və mühərrirlərindən Faiq Əfəndi (Ömər Faiq Nemanzadə – İ.H.), Böyükağa Talıblı, Rzaqulu Nəcəfov, Ələkbər Qərib və sairləri ilə birlikdə işləmiş, redaksiyanın cari işlərində iştirak etmiş və qəzet üçün müxtəlif mövzularda irili-xırdalı məqalə yazmaqla qələmimi itiləşdirmiş, mühərrirlik təcrübəsini zənginləşdirmiş, özümü sonrakı iş və mübarizələr üçün hazırlamış, silahlandırmışdım.

İndi mən iftixar hissi ilə deyə bilərəm ki, əvvəlcə “Yeni fikir”, ondan sonra da “Yeni kənd” və ən nəhayət, “Sovet Gürcüstanı” adı ilə çıxan bu qəzetlər silsiləsi öz səhifələrini səxavətlə mənim üzümə açmaqla mətbuat aləminə də geniş yol açmış, məni həvəsləndirmiş, mənə ilham vermiş və fəal işləməyə alışdırmışdır”.

Qəzetçilik fəaliyyəti ilə yanaşı, Əziz Şərif həm də həyatının Tiflis dövründə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi vəzifəsində çalışmaqla dövlət qulluğu sahəsində də müəyyən təcrübə toplamışdır.

Əziz Şərifin Moskva dövrü həyatı (1942-1988) geniş miqyaslı elmi-pedaqoji fəaliyyətlə və tərcüməçilik işi ilə bağlı olmuşdur. O, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi vəzifəsində çalışdığı illərdə XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı ilə bir sırada rus ədəbiyyatını, Azərbaycan-Rusiya ədəbi əlaqələrini də böyük səylə tədqiq edib öyrənmişdir. Əziz Şərif Lomonosov adına Moskva Dövlət Universitetində sıravi müəllimlikdən professorluğa qədər şərəfli yol keçmiş, dünyada tanınan bu ali təhsil ocağında kafedra müdiri vəzifəsinədək yüksəlmişdir (1961-1988). “SSRİ xalqları ədəbiyyatı” və “Zaqafqaziya xalqlarının ədəbiyyatı” fənlərindən oxuduğu dərin məzmunlu mühazirələr ona keçmiş Sovetlər İttifaqı məkanında nüfuzlu bir alim-pedaqoq kimi böyük şöhrət qazandırmışdır.

Professor Əziz Şərifin çoxcəhətli fəaliyyətində elmi-tədqiqat işi ilə məşğul olmaq əsas yer tutur. O, “Əbdürrəhimbəy Haqverdiyevin dramaturgiyası” mövzusunda namizədlik, “Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının birinci dövrü” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Arxivlərdə axtarışlar aparmaq, mənbələrlə işləmək, dövri mətbuat materiallarını araşdırmaq, yeni sənədlər üzə çıxarmaq, nadir tapıntılar əldə etmək Əziz Şərifi bir alim kimi səciyyələndirən əsas keyfiyyətlərdir. Mirzə Fətəli Axundovun görkəmli rus şairi A.S.Puşkinin xatirəsinə həsr olunmuş məşhur “Şərq poeması”nı ilk dəfə Əziz Şərif tapıb aşkara çıxarmışdır. Keçən əsrin əvvəllərində Tiflisdə nəşr olunan “Kavkazskiy raboçiy listok” (“Qafqaz fəhlə vərəqəsi”) qəzetindən Cəlil Məmmədquluzadənin uzun müddət naməlum qalan “Binəsiblər” və “Xeyir-dua” adlı iki məqaləsini üzə çıxararaq elmi-ədəbi mühitə Əziz Şərif təqdim etmişdir. Cəlil Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasına təqdim etdiyi şəxsi işindəki nadir tərcümeyi-hal sənədlərinin aşkar edilib elmi dövriyyəyə daxil edilməsi də Əziz Şərifin xidmətlərindəndir. XIX-XX əsrlərə dair çoxsaylı naməlum məktublara, sənədlərə və fotoşəkillərə, qiymətli əlyazma materiallarına Əziz Şərif həyat vəsiqəsi vermişdir.

Tərcüməçi kimi də Əziz Şərif səmərəli xidmətlər göstərmişdir. O, hər iki dildən – Azərbaycan və rus dillərindən, hər iki istiqamətdə: elmi və bədii xarakterli uğurlu tərcümələr etmiş azsaylı mütərcimlərdəndir. Azərbaycan və rus dillərini mükəmməl bilməsi ilə yanaşı, həm də bu xalqların həyatı və məişətinə, ədəbiyyatına və mədəniyyətinə dərindən bələd olması Əziz Şərifin tərcümələrinin müvəffəqiyyətli olmasını təmin edən amillərdəndir. O, lazım gəldikdə ədəbi dildə işlədilən sözlərlə eyni səviyyədə canlı danışıq dilində, hətta dialektlərdə yaşayan, az istifadə edilən münasib sözlərdən də faydalanmışdır. Beləliklə, Əziz Şərifin tərcümələri Azərbaycan tərcümə tarixinin əhəmiyyətli hadisəsidir. Görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin əsərlərini iki cilddə rus dilinə çevirərək Moskvada kitab halında nəşr etdirməsi təkcə Əziz Şərifin deyil, Azərbaycan tərcümə sənətinin nailiyyətidir. Bu tərcümələr orijinalın ruhuna, yazıçının üslubuna, yazı tərzinə çox uyğundur. Əziz Şərif böyük müəllimi Cəlil Məmmədquluzadənin əsərlərini rus dilinə tərcümə edərkən hər sözün üzərində düşünüb daşınmış, zərgər incəliyi ilə yaradıcılıq işi aparmışdır. Qeydlərindən öyrənirik ki, “zırrama” sözünün rus dilində münasib qarşılığını tapmaq üçün o, bir il axtarış aparmış, müxtəlif söz vahidləri tapmış, nəhayət, “pustoxlst” kəlməsini kəşf etmişdir. Onun Mirzə Fətəli Axundov, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal və başqalarının əsərlərindən etdiyi tərcümələr Azərbaycan ədəbiyyatının Rusiyada və digər rusdilli ölkələrdə tanıdılmasına imkan yaratmışdır. Eyni zamanda, rus və gürcü ədəbiyyatlarından Əziz Şərif tərəfindən Azərbaycan dilinə edilmiş tərcümələr, Maksim Qorkinin “Ana” və Aleksandr Fadeyevin “Tarmar” romanları da Azərbaycan oxucusunun mütaliəsində möhkəm yer tutur.

Keçən əsrin 50-80-ci illərində professor Əziz Şərif fəaliyyətini daha çox böyük demokrat ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqinə həsr etmişdir. Qeyd olunduğu kimi, o, Cəlil Məmmədquluzadənin yeni tərcümeyi-hal sənədlərini və bəzi naməlum əsərlərini tapıb aşkara çıxarmış, həm də ədibin mühitini və yaxın müasirləri ilə əlaqələrini öyrənməyə müvəffəq olmuşdur. Görkəmli yazıçının müasirlərindən əksəriyyətini şəxsən tanıdığından və onların bəziləri tədqiqat aparıldığı illərdə həyatda olduqlarından Əziz müəllim onlardan əldə etdikləri əsasında mirzəcəlilşünaslığı bir çox yeni materiallarla zənginləşdirmişdir. Əziz Şərifin 1958-ci ildə “Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının birinci dövrü” mövzusunda etdiyi doktorluq dissertasiyası mollanəsrəddinçi ədəbiyyatın tədqiqi tarixində yeni hadisədir. Bundan əvvəl Əli Nazim və Mirzə İbrahimovun da Cəlil Məmmədquluzadə haqqında əhəmiyyətli əsərlərinin meydana çıxmasına baxmayaraq, professor Əziz Şərifin mollanəsrəddinçilərin ağsaqqalına həsr olunmuş əsəri ilə Azərbaycanda mirzəcəlilşünaslıq ciddi elm səviyyəsinə qaldırılmışdır. Beləliklə, Əziz Şərifin Azərbaycanda mollanəsrəddinşünaslığın elmi əsaslarını yaradanların sırasında özünəməxsus xidmətləri var idi. Görkəmli alimin 1968-ci ildə rus dilində, 1986-cı ildə Azərbaycan dilində çap olunmuş “Molla Nəsrəddin” necə yarandı” monoqrafiyaları Azərbaycan mollanəsrəddinşünaslığını formalaşdıran və bu ədəbi hərəkatın elmi sütununa çevrilə bilən dəyərli tədqiqatdır. Yarım əsr bundan əvvəl yazılmasına və bu dövr ərzində dünya-aləmin neçə dəfə dəyişməsinə baxmayaraq, həmin qiymətli əsər özünün əsas ruhunu qoruyub saxlamış, dövrün sınaqlarından çıxa bilən zamanadavamlı tədqiqat əsəri kimi yaşamaq haqqını təmin edə bilmişdir. Bu gün də “Molla Nəsrəddin” necə yarandı” monoqrafiyası ciddi elmi əhəmiyyətə malik olan, həm faktların və sənədlərin zənginliyi, həm də Azərbaycançılıq ruhu ilə yaşayan əsərlərdən biri kimi qəbul olunur.

Görkəmli elm xadimi kimi, professor Əziz Şərifin əsərləri XIX –XX əsrlər Azərbaycan ədəbiyyatşünaslığının ən gərəkli, əhəmiyyətli problemlərinə, az tədqiq olunan, haqqında geniş məlumat olmayan ədəbi şəxsiyyətlərinə həsr edilmişdir. Müxtəlif illərdə çap olunmuş “Keçmiş günlərdən” adlı iki kitab əslində bütöv bir yüzilliyin sanballı ədəbi-tarixi salnaməsidir. “Keçmiş günlərdən” salnaməsinin “Atam və mən” adlanan birinci kitabı atası, Firudinbəy Köçərli tərəfindən “millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı ... Şərif vücudunda müşahidə olunan” görkəmli ziyalı adlandırılan Qurbanəli Şərifzadənin fonunda XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək olan dövrün sənədli xatirələrindən yoğrulmuşdur. Əziz Şərifin “sənədli xatirələri” əslində ədəbiyyatşünaslıq elmində sənədlərin və xatirələrin vəhdətindən, üzvi sintezindən yaranmış müfəssəl bir janrdır. “Atam və mən” sənədli xatirələri sənədli romandan çox bədii-publisist elementləri də olan elmi salnamədir. Bu qiymətli əsəri Azərbaycan ədəbiyyatşünaslığının ciddi və qiymətli “JZL”i kimi də dəyərləndirmək mümkündür. Burada hadisələr və təfərrüatlar təqdim olunan çoxsaylı sənədlərə və məlumatlara aydınlıq gətirir, yaxud da əksinə, sənədlər yaddaşlarda yaşayan əhvalatları təsdiqləyir, elmi cəhətdən əsaslandırmağa xidmət edir. Böyük ictimai-siyasi hadisələrin, ədəbi-tarixi proseslərin canlı şahidi, yaxın iştirakçısı olan Əziz Şərifin müşahidələri və xatirələri rəsmi arxiv sənədləri, çap olunmuş dövri mətbuat materialları qədər dəqiq və əhəmiyyətli mənbələrdir. Yalnız qiymətli kitabları ilə deyil, çətin, şərəfli və zəngin ömür yolu ilə də Əziz Şərif bütöv bir əsrin salnaməsidir. “Atam və mən” əsərində professor Əziz Şərifin timsalında salnaməçi ilə salnamə biri digərini tamamlayır. Salnaməçinin özünüifadəsindən yaranmış “Atam və mən” həm də Əziz Şərifin keşməkeşli ömür yolunun salnaməsidir. Əziz Şərifin ömürnaməsi bütöv bir əsrin əsəridir. “Atam və mən” əsəri təkcə Qurbanəli və Şərifzadə haqqında yox, həm də Əziz Şərifin özü haqqında da salnamədir.

 

 

(Ardı var)

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin rektoru,

Akademik

 

525-ci qəzet.- 2010.- 26 yanvar.- S.7.