Xocalı faciəsinə gedən yol

 

Erməni-Azərbaycan müharibələri bir əsrdə bir neçə dəfə təkrarlanıb. Və həmişə də erməni hiyləsi, erməni bicliyi, özünü göstərib, özgə boşqabı yalayan, ikiüzlü, yaltıq, mənfur ermənilər ah-nalə qopardaraq haqqı nahaqqa boğdura biliblər. Erməni terrorçuları 1986-1993-cü illərdə Azərbaycan vətəndaşlarına qarşı çoxlu terror əməli törətmişlər.

1986-cı ilin ortalarında Bakıda 106 nömrəli marşrutda işləyən şəhər avtobusu partladılmış, 1 adam ölmüş, bir neçə nəfər yaralanmışdı. 1989-cu il avqustun 10-da Tbilisi-Ağdam, həmin il sentyabrın 16-da Tbilisi-Bakı, 1990-cı il fevralın 18-də Şuşa-Bakı reydləri ilə işləyən avtobuslar partladıldı. Üç avtobusun partladılması nəticəsində 40 nəfər həlak olmuş, 74 nəfər yaranlanmışdır.

1990-cı ildən 1992-ci ilə qədər Moskva-Bakı marşrutunda hərəkət edən 6 qatar partladılmış, 64 adam ölmüş, 220 nəfər yaralanmışdır.

1992-ci il yanvarın 8-də Krasnovodskdan Bakıya gələn bərədə törədilmiş partlayış nəticəsində 23 nəfər həlak olmuş, 86 nəfər yaralanmışdır.

1994-cü il martın 19-da Bakı metrosunda törədilən partlayış nəticəsində onlarla adam həlak olmuş, 80 nəfərə yaxın yaralanmışdır.

 

Bundan başqa ayrı-ayrı illərdə törədidlmiş terror hadisələrinin qısa xronologiyasına nəzər salaq

 

1988-ci il

 

10 mart. Yerevan ətrafında 10 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Elə həmin gün Zəngibasarın Mehmandar kəndində ermənilər 5 nəfər azərbaycanlını öldürdü.

25 mart. Vedibasarda el ağsaqqalı, Allah adamı Seyid Ağabala ermənilər tərəfindən vəhşicəsinə öldürüldü.

11 dekabr. Ermənistan zəlzələsinə köməyə göndərilən (?!) 78 nəfər Azərbaycan oğlu ermənilər tərəfindən vurularaq partladılan təyyarədə həlak oldu. Yalnız bir nəfər möcüzə nəticəsində sağ qalmışdır.

Dekabrda Quqarkdakı 70 nəfər azərbaycanlı ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildi.

Təkcə 1988-ci ildə Ermənistanda 186 nəfər azərbaycanlı ermənilər tərəfindən görünməmiş vəhşilik, qəddarlıq və amansızlıqla öldürüldü. Və həmin qədim Azərbaycan torpaqları aəzrbaycanlılardan zorla alındı... Yüz minlərlə adam yurdsuz-yuvasız qaldı...

 

1989-cu il

 

Avqustun 6-da Əsgəran rayonunun Meşəli kəndində bir nəfər azərbaycanlı qətlə yetirildi.

Noyabrın 17-də Hadrut rayonunun Tuğ kəndində ermənilər kənd sakini Teyyub Süleymanovu vəhşiliklə öldürdü.

Noyabrın 28-də Qubadlı ərazisində 2 nəfər azərbaycanlı öldürüldü.

Noyabrda Ermənistanda qalmış 30 nəfər azərbaycanlı kütləvi şəkildə məhv edildi.

1990-cı il

Yanvarın 12-də ermənilər Todana hücum etdilər və 4 nəfər azərbaycanlı öldürüldü.

Həmin gün Xanlar rayonunun Quşçu kəndinə basqın edən ermənilər onlarla azərbaycanlını öldürdü.

Yanvarın 14-də 5 nəfər qətlə yetirildi.

Yanvarın 15-də Todan kəndinə 2 nəfər, Kərkicahanda üç nəfər öldürüldü.

Yanvarın 16-da Xanlar rayonunun Şəfəq kəndində bir nəfər, Laçın rayonunun Hacılar kəndində bir nəfər azərbaycanlı öldürüldü.

Yanvarın 19-20-si. Naxçıvanın Sədərək rayonunda bir faciə törədildi. 10 nəfər azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü. Həlak olanlar arasında 4 və 6 yaşlı körpələr var idi.

Mart ayında Qazax rayonunda 1 nəfər, Bağanis Ayrım kəndində isə Dadaş Əliyevin 5 nəfər ailə üzvü vəhşicəsinə öldürüldü. Martın 29-da Babək rayonunun Gərməçatax kəndində 1 nəfər öldürüldü.

Aprel ayında ermənilər Gürcüstanda yaşayan azərbaycanlılardan 2 nəfəri, iyulda 1 nəfəri, avqust ayında isə 1 nəfəri öldürdülər.

Mayın 19-da Naxçıvanın Yayçı kəndində 1 nəfər azərbaycanlı vəhşiliklə öldürüldü.

İyunun 11-də Xankəndində bir nəfər azərbaycanlı öldürüldü.

Həmin gün Kəlbəcərdə də bir nəfər qətlə yetirildi.

İyunun 21-də Laçın rayonunun Köhnəkənd kəndində 2 qardaş xüsusi qəddarlıqla öldürüldü.

İyulun 21-də Mardakert-Kəlbəcər yolunda sərnişin avtobusu gülləbaran edildi. 3 nəfər həlak oldu, onlarla azərbaycandı yaralandı.

Avqustun 17-21-də Qazax rayonunda üç nəfər vəhşilikdə qətlə yetirildi.

Sentyabrın 8-də Laçın rayoununda 2 nəfər yurddaşımız vəhşicəsinə öldürüldü.

Ağdam rayonuna pənah gətirmiş qaçqın Mehbalı Əliyev sentyabrın 13-də öldürüldü.

Oktyabrın 21-də Laçın rayonunda 1 nəfər azərbaycanlı qətlə yetirildi.

Noyabrın 3-də Laçın rayonunun Zabux kəndində 3 nəfər azərbaycanlı öldürüldü.

Həmin gün Laçın rayonunun Zabux kəndində iki soydaşımız vəhşiliklə qətlə yetirildi.

Noyabrın 24-də Martuni rayonunun Qaradağlı kəndində 3 nəfər azərbaycanlı öldürüldü.

Noyabrın 30-da Xanlar rayonunun Matunaşen kəndində 5 nəfər azərbaycanlı polis işçisi qətlə yetirildi.

Dekabrın 14-də Ağdərə rayonunda bir nəfər azərbaycanlı öldürüldü.

Dekabrın 15-də Əsgəran rayonunun Cəmilli kəndində üç nəfər qəddarlıqla qətlə yetirildi.

Dekabrın 17-də Şərur rayonunda 2 nəfər öldürüldü.

Erməni terrorunun qurbanı olmuş yurddaşlarımızın tam siyahısını vermək mümkün deyil. Ona görə ki, onlarla azərbaycanlı oğurlanmış, itkin düşmüşdür. Bu adamların taleyi haqqında heç nə bəlli deyil.

 

20 noyabr 1991-ci il

 

Erməni əsgərləri və rus muzdluları keçmiş Martuni rayonunun Qarakənd kəndi üzərində hərbi vertolyotu raket qurğusu ilə vurmuş və sonra onu partladaraq yandırmışlar. Azərbaycanın dövlət və hökumət rəhbərlərinin, jurnalistlərin və DQMV hərbçilərinin uçduğu vertolyot erməni terrorunun qurbanı olmuşdur. Qanlı faciə və beynəlxalq miqyaslı sui-qəsd törədən ermənilərin vəhşiliyi Azərbaycanın o vaxtkı rəhbərləri, Azərinform və respublika televiziyası tərəfindən ilk günlər ört-basdır edilərək bütün dünyaya bildirmişdir ki, “vertolyot dumana düşmüş və dağa dəyərək partlamışdır”.

Bundan da böyük nankorluq, qul psixologiyası, manqurtluq olardımı?!

Axı xalqın say-seçmə oğullarını qanına qəltan edən erməni-rus terrorunu gizlətməklə o rəhbərlər Azərbaycan xalqını daha böyük fəlakətlərə və qırğınlara ürcah etdilər.

Beynəlxalq miqyaslı erməni terrorunun qurbanları:

1. Tofiq İsmayılov – dövlət katibi.

2. Məhəmməb Əsədov – dövlət müşaviri.

3. Zülfü Hacıyev – baş nazirin müavini.

4. Qurban Namazəliyev – nazir müavini.

5. Vaqif Cəfərov – nazir müavini.

6. Vəli Məmmədov – xalq deputatı.

7. Osman Mirzəyev – prezident aparatının şöbə müdiri.

8. Alı Mustafayev – jurnalist

9. Fəxrəddin Şahbazov – operator.

10. Arif Hüseynzadə – operator.

Ermənilər tərəfindən xalqın sinəsinə çəkilmiş bu övlad dağının qisası, intiqamı yerdə qaldı. Qeyrət çatmadı ki, bu qisas ermənilərdən alınsın... Nə qədər ki, qeyrət sözü qəzetlərdə, jurnallarda, televiziyada bol-bol işlənir, söznən təsəlli tapılır, onda bu xalqın öz torpağının yiyəsi olacağına da şübhəm yaranır...

1991-ci il oktyabrın 29-da saat 15 radələrində Xocalıdan Yevlağa uçan “AN-2” təyyarəçi Əsgəran rayonu ərazisində ermənilər tərəfindən vurulmuşdur. Bütün heyət həlak olmuşdur. Təyyarəni və meyidləri yandırmışlar. Erməni terrorunun qurbanları:

1. Hamlet Rəcəbov

2. Ceyhun Bəşirov

3. Yuris Misirov

4. Əhmədağa Baxşiyev

5. Azad Sadıqov

6. Hikmət Muradov

7. Əsəd Əsədov

Yanvarın 28-də (1992-ci il) Ağdamdan Şuşaya uçan sərnişin vertolyotu Xankəndi ərazisində ermənilər tərəfindən vurulmuşdur. Vertolyotu yerə endirmək mümkün olmamış, bütün sərnişinlər və heyət həlak olmuşdur.

Erməni terroru nəticəsində 47 nəfər (qadınlar, uşaqlar, qocalar), o cümlədən bütöv bir ailə qətlə yetirilmişdir.

Ermənistan və bütün dünya erməni lobbisinin, eləcə də xristian tərəfkeşliyinin Azərbaycana qarşı apardığı müharibədə daim uduzuruq. Uduzsaq da yandırılan, dağıdılan, tarmar edilən yurd yerlərinin harayını, öldürülən, ömürlük şikəst edilən soydaşlarımızınah-naləsini eşidə bilmirik. Və elə bu səbəbdən də erməni işğalı Qarabağı Azərbaycandan qopardı...

İmarət-Qərvənd. Erməni silahlı birləşmələri Yerevandakı, Moskvadakı və okeanın o tayındakı ideoloqların mənfur planlarını Dağlıq Qarabağda mütəşəkkil surətdə həyata keçirməyə başladılar. 1991-ci il oktyabrın ortalarında Mardakert rayonunun İmarət-Qərvən (Kərəmli) kəndi erməni silahlı dəstələri tərəfindən tamamilə yandırılmış, onlarla dinc sakin həlak olmuşdur. Əhali öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışdır. Həmin vaxt “Qarabağ” qəzetində bütün Azərbaycan xalqını müraciət etmişdik:

“İmarət-Qərvənd kəndində 20 nəfər sakin gecə-gündüz keşik çəkir, dədə-baba yurdlarının düşmən ayaqları altında tarmar olmasına yol vermirlər. Təpədən dırnağadək silahlanmış erməni dəstələri qarşısında 20 nəfər əliyalın adam dayana bilməz.

Damarlarında türk qanı axan Azərbaycan oğullarını köməyə səsləyirik. İmarət-Qərvənd harayını bütün Azərbaycan eşitməlidir... Köməyə gəlin, yurd oğulları”.

Kömək isə gəlmədi və Dağlıq Qarabağda ilk azərbaycanlı kəndi İmarət-Qərvənd işğal olundu...

Tuğ. 1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə erməni silahlı birləşmələri Tuğ kəndini işğal etdilər. 230-dan artıq evi və ictimai binanı yandıran ermənilər azərbaycanlı əhalini öz dədə-baba torpaqlarından qovdular. Yandırılan təkcə evlər deyildi, yanan həm də şəhidlərin qanı hopmuş torpaq idi...

Tuğ azərbaycanlıları düz dörd il ermənilərin hücum və basqınlarına dözdülər, onlarla şəhid, qurban verdilər, “ölsək də, qırılsaq da bu torpaqda öləcəyik” söylədilər... Fəqət köməksizlik ucbatından didərgin düşdülər.

Tuğ işğal edildi. Qarabağda erməni işğalı belə başlandı.

Xocavənd. Erməni hərbi birləşmələri 1991-ci il noyabrın 18-də keçmiş Martuni rayonunun Xocavənd kəndini işğal etdilər. Kəndi dörd tərəfdən mühasirəyə alan ermənilər 4 BTR-lə hücuma keçərək Xocavəndə divan tutmuşlar. Evlər və ictimai binalar yandırılmış, dinc əhali qətlə yetirilmişdir. Onlarla kənd sakini həlak olmuş, əsir aparılmış, xeyli adam itgin düşmüşdür. Sağ qalanlar isə köçkünə çevirilmişdir. Xocavənd adlı kənd artıq yoxdur! Əhalinin dörd ildən bəri çəkdiyi əzab-əziyyət bircə gündə havaya sovruldu.

Kərkicahan. 1991-ci il dekabrın 2-nə keçən gecə ermənilər rus hərbçiləri ilə birlikdə Kərkicahan qəsəbəsinə soxulmuşlar. Kənd sakinləri və yerli milis işçiləri müqavimət göstərsələr də nəticəsi olmamışdır. Basqınçılar evləri yandırıb, talan-qarət edib, əhalini güllədən keçirmişlər. Ermənilər qarşıya çıxan hər bir şeyə – adama, ağaca, mal-qaraya, binaya belə fərq qoymamış, xüsusi amansızlıqla məhv etmişlər. Kənd sakinlərinin bir çox həlak olmuş, əsir və itkin düşənlərin taleyi bilinməyir. Sağ qalanlar isə dağ yolları ilə Şuşaya üz tutublar.

Kərkicahan yandırıldı... Kərkicahan od-alvundan çıxmış kən sakini Elmira Tanrıverdiyeva ağlaya-ağlaya deyir: – Qoy Azərbaycan xalqı eşitsin ki, az vaxtda Qarabağ torpağı düşmən tapdağına çevriləcək!

Çox təəssüf ki, adi kənd qadınının bu sözləri həqiqətə çevrildi. Milyardlarla pul xərcləndi, abad və yaraşıqlı Kərkicahan müdafiə olunmadı, ermənilərə “bağışlandı”. Həmin günlərdə kərkicahanlılar həlak olumş həmyerlilərini dəfn etməyə belə yer tapmırdılar.

Ermənilərin rus hərbçiləri ilə birlikdə Kərkicahan qəsəbəsini işğal etmələri, yaşayış evlərini yandırmaları, əhaliyə divan tutmaları, salamat qalanların Şuşaya və Ağdama qaçmaları nə respublika rəhbərlərinin, nə də ki, Azərbaycan xalqının heç tükünü də tərpətmədi. İmarət-Qərvəndin, Tuğun, Xocavəndin, Axullunun, Yenikəndin ermənilər tərəfindən işğal edilməsi xəbərini yenə də “siyasi dialoqa getmək lazımdır” kəlamları ilə xalqı mütiliyə, biganəliyə, laqeydliyə vərdişkar edən rəhbərlərin ikiüzlü mövqeyi nəticəsində Kərkicahan qəsəbəsinin yandırılması, dağıdılması, əhalinin qırılması faciəsi sükutla qarşılandı.

Kərkicahandan canlarını götürüb qaçmış qocaların, qadınların, qız-gəlinlərin Ağdamdakı mərkəzi meydanda köməksiz, ağlar qalmaları heç kəsi narahat etmədi. Çəkdikləri əzab-əziyyət, qorxu, həyəcan, yurdsuzluq iki qoca kişinin və onların yanındakı bir neçə uşağın göz yaşlarına çevrilmişdi. Qocalar əsəbi-əsəbi danışır, ömür-gün keçirdikləri, əcdadlarını tapşırdıqları torpaqdan qovulmalarına inanmaq istəmir, uşaqlar isə lal-dinməz, boynubükük halda dayanıblar. Bu adamlara heç bir təsəlli belə məlhəm ola bilmir.

8 yaşında bir uşaq qocalardan birinin pencəyinin ətəyini çəkərək yalvarır: – Baba, acından ölürəm!

Hönkürməkdən özümü güclə saxlayıram. Qocaları və uşaqları yeməkxanaya aparırıq. Utana-utana çörək yeyən uşaqlara baxıram və içimdən didilirəm.

– Bir məmləkətin ki, uşaqları düşmən əliylə bu kökə salınır, onlar qəsdən, bilərəkdən sındırılır, yurdsuzluğa öyrədilir, onda vay halına bu xalqın... Və “baba, acından ölürəm” deyən minlərlə uşağı var bu məmləkətin. Düşmən gülləsindən də betərdi bu sözlər...

Fəqət 1991-ci ildə səslənən bu sözlər sonralar daha da çoxaldı, artdı... Qibləmizə üz tutub ölə biləcəyəmmi? Heç kəs bu suala cavab tapa bilmir...

Yuxarı Divanalılar. Füzuli rayonunun Yuxarı Divanalılar kəndi dekabrın 7-də (1991-ci il) erməni-rus ordusu tərəfindən işğal edildi. Hərbi texnika ilə hücuma keçən basqınçılar kəndin bütün evlərini yandırmışlar. 12 nəfər kənd sakini isə əsir götürülmüşdür. Daha bir Azərbaycan kəndi də belə yandırıldı..

Todan. Dekabrın 10-da (1991-ci il) səhər saat 6 radələrində erməni silahlı dəstələri 3 ədəd zirehli maşınla Goranboy rayonunun Todan kəndinə hücum etmişlər. Bir neçə saat ərzində kənd tamamilə yandırılmışdı. Dinc əhali arasında ölənlər və yaralananlar var. Erməni silahlı dəstələrinin komandirinin Yerevanla ratsiya danışığı tutulmuşdur. Yerevan rəhbərləri belə bir göstəriş vermişlər: “Əgər heç bir maneəyə rast gəlmirsinizsə, irəliləməyə icazə veririk”.

Haşiyə: Göründüyü kimi Dağlıq Qarabağda müharibəni yerli ermənilərlə birlikdə Ermənistan Respublikasının rəhbərləri başlayıblar. Ermənistan isə o vaxtdan (1991-ci il) indiyədək bütün dünyaya bildirir ki, Qarabağ erməniləri yalnız özləri öz təhlükəsizliklərini təmin edirlər. Azərbaycan tərəfi isə danılmaz faktları, aramsız işğalları Moskvanın göstərişi ilə ört-basdır edirdi. Belə bir şəraitdə ermənilər dünyanı inandıra bildilər ki, onlar yalnız və yalnız öz “hüquqlarını” qoruyurlar. Dünya da ermənilərin işğalına göz yumdu...

Cəmilli. Dekabrın 17-də (1991-ci il) erməni-rus qoşunu Əsgəran rayonunun Cəmilli kəndinə güclü hücum etmişdir. Basqınçılar əvvəlcə kənddəki binaların bütün əşyalarını maşınlarla daşımış, mal-qaranı, qoyun-quzunu sürüb aparmış, sonra isə kəndə od vuraraq yandırmışlar. Döyüş vaxtı bir neçə nəfər azərbaycanlı həlak olmuş, onlarla adam yaralanmışdır. Əhali doğma kənddən zorla qovulmuşdur.

Haşiyə: Dağlıq Qarabağdakı kəndələri Azərbaycan milisi demək olar ki, yalın əllə “qoruyur”du. Hətta Moskvanın göstərişi ilə milisə heç tapança da verilmirdi. Ermənilər isə ağır döyüş texnikasından tutmuş müasir silahlarla silahlandırılmışdı. Cüzi qüvvə ilə heç bir Azərbaycan kəndi qorunub saxlana bilməzdi. Bu qəsdən belə edilmişdi ki, ermənilər hücum vaxtı az tələfat versinlər.

Erməni nizami ordusu Qarabağda müharibəyə başlamışdı. Azərbaycanın o vaxtkı rəhbərləri isə bunu münaqişə adlandırır, xalqı aldadır, torpaqların işğalını ictimaiyyətdən gizli saxlayırdılar...

Meşəli. Öz füsunkar təbiəti, buz bulaqları, yaşıl ormanları, azman meşələri ilə dağlar qoynunda binə tutmuş Meşəli kəndi yer üzündən silindi. Dekabrın 23-də (1991-ci il) səhər saat 7 radələrində erməni qüvvələri kəndi mühasirəyə almış və son evədək yandırmışlar. Çox böyük insan tələfatı olmuşdur. İlkin məlumata görə ermənilər 30 nəfərdən artıq azərbaycanlını (qocaları, qadınları, uşaqları) qətlə yetirmiş, bir çoxunu isə vəhşicəsinə yandırmışdır. İtkin düşənlər olmuşdur. Kənd sakinlərindən 3 nəfərin evindən heç kəs çıxa bilməmiş, 12 nəfər qadın, uşaq, qoca diri-diri yandırılmışdır.

Meşəli faciəsi bir daha göstərdi ki, ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan tam təmizləmək üçün Moskvadan və Yerevandan xüsusi göstəriş alıblar.

Meşəlidə genosid törədildi. İki gün ərzində vertolyotlar vasitəsilə günahsız adamların meyidləri daşınmışdır.

Nəbilər. Yanvarın 18-də (1992-ci il) erməni silahlı dəstələri Şuşa rayonunun Nəbilər kəndinə hücum edərək kəndi oda qaladılar. Qeyri-bərabər döyüşdə ermənilər üstünlük qazanaraq kəndi tar-mar etmiş, qədim yaşayış məskənini xarabazarlığa çevrilmişlər.

Kənd əhalisi Şuşaya pənah aparmışdır.

Günəşli. Fevralın 5-də (1992-ci il) Xocavənd rayonunun Günəşli kəndi ermənilər tərəfindən işğal edildi.

Malıbəyli. Fevralın 11-də (1992-ci il) erməni-rus qoşunu tərəfindən Malıbəyli və Quşçular kəndləri tamamilə yandırılmış, hər iki kənddən 13 nəfər girov götürülmüşdür. 15 nəfərdən artıq adam həlak olmuşdur.

Son üç gün idi ki, Malıbəyli kəndi erməni silahlı qüvvələri və rus muzdlu dəstələri tərəfindən aramsız olaraq güclü şəkildə atəşə tutulurdu. Kəndin özünümüdafiə qüvvələri düşmənin amansız hücumlarının qarşını kəsə bilsələr də döyüş sursatı tükənirdi...

Malıbəyli beş aydan artıq vaxtda mühasirədə qalmışdı. Kənd əhalisinin təhlükəsizliyi və Qarabağın ən qədim yaşayış məskəninin müdafiəsini 5-6 avtomat silahla qoruya bilirdilər. Qarabağda ermənilər daha bir faciə törədib, vəhşiliklərini, qaniçən olduqlarını göstərdilər. Fevralın 11-də səhər tezdən hərbi texnika və döyüş maşınları kəndi dörd tərəfdən mühasirəyə alaraq hücuma keçdi. Kənddə qadınların, uşaqların, qocaların harayından qulaq tutulurdu. Mərmilərin gurultusu, güllə yağışı, vahiməli texnika kəndin müdafiəçilərini geri çəkilməyə məcbur etdi. Ermənilər kəndə soxulub evlərə od vurmağa başladılar. Qarşılarına çıxan əlsiz-ayaqsız qocaları qəddarlıqla qətlə yetirdilər...

 

 

(Ardı var)

 

Salman ALIOĞLU

 

525-ci qəzet.- 2010.- 26 yanvar.- S.6.