Əziz Şərif - görkəmli ədəbiyyatşünas və böyük ziyalı

 

(Əvvəli ötən sayımızda)

 

“Keçmiş günlər”dəki kitabının “Adamlar” adlanan ikinci cildi XX əsrin ədəbi-mədəni həyatının hərəkətverici qüvvəsi olan görkəmli şəxsiyyətlərdən bəhs edən ədəbi oçerklərdən ibarətdir. “Atam və mən”də sənədlərdə, gündəliklərdə, xatirələrdə ara-sıra təmsil olunan, bəzən sadəcə adı çəkilən adamlar “Keçmiş günlərdən”in bu cildində əhatəli və sistemli şəkildə təqdim olunur. Bu məqamda yenə də yeri gəldikcə xatirələrə, yaddaş materiallarına müraciət edilmişdir. Kitabda XX əsrin görkəmli simaları Mirzə Ələkbər Sabirdən, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Əbdürrəhimbəy Haqverdiyev, doktor Nərimanov, Firudinbəy Köçərlidən xalq şairi Səməd Vurğuna qədərki keşməkeşli epoxanın adamlarının və əhvalatlarının təqdimatındakı xatirə cizgiləri elmi araşdırmaları və təhlilləri daha da qüvvətləndirir. Bütövlükdə elmi araşdırmalarda yaddaş materiallarından istifadə professor Əziz Şərifin üslubunu müəyyən edir. Bu mənada “Keçmiş günlərdən” silsiləsi Azərbaycan ədəbiyyatşünaslıq elminin bənzərsiz və zəngin Əzizşərifnaməsidir.

Professor Əziz Şərif hələ sağlığında özünün nümunəvi şəxsi arxivini yaratmışdır. O, eyni zamanda, 1908-ci ildən etibarən şəxsən il ərzində, ömrünün son günlərinədək ardıcıl olaraq gündəlik yazmışdır. Akademik Məmməd Cəfər Cəfərov görkəmli həmkarının bu sahədəki qeyri-adi xidmətini nəzərə alaraq onu “son dərəcə səliqəli alim” kimi səciyyələndirmişdir. Həmin gündəlikdə öz əksini tapmış hadisələr və faktlar “Keçmiş günlərdən” ikicildliyinin əsas mənbəşünaslıq bazasını təşkil edir. Bununla belə, fikrimizcə, Əziz müəllimin məktubları və gündəliklərinin tam halda çap edilməsi XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, habelə, ictimai-tarixi gedişatının daha dərindən işıqlandırılmasına böyük töhfə ola bilər.

Məktublaşma mədəniyyəti baxımından professor Əziz Şərifi yalnız Firudinbəy Köçərli ilə müqayisə etmək olar. Əziz Şərifin məktublarının böyük əksəriyyəti ədəbi-ictimai proseslərə və hadisələrə həsr edilmiş sənədlərdir. Görkəmli alimin məktubları XX əsrin tanınmış Azərbaycan ziyalılarına ünvanlanmış zəruri informasiyaları, ədəbiyyat faktlarını, ziyalılararası münasibətləri güzgü kimi əks etdirir. Bir faktı da qeyd etmək lazımdır ki, Əziz Şərif aldığı məktubların hamısına ən qısa müddətdə cavab yazıb yola salmışdır.

Əziz Şərifin ziyalı mühitinin ən müxtəlif qütblərini əks etdirən məktublarının mühüm bir qismi professor Abbas Zamanova yazılmışdır. Eyni zamanda, Abbas Zamanovun da şəxsi arxivində Əziz Şərifin ünvanına göndərilmiş məktublar çoxluq təşkil edir. Vaxtaşırı Bakıda və Naxçıvanda görüşmək imkanlarına malik olan, tez-tez telefon əlaqəsi saxlayan XX əsrin bu iki görkəmli Azərbaycan ziyalısının yarım əsrə yaxın yazışmalarında danışıq çərçivəsinə sığmayan ən gərəkli düşüncələr, ciddi mətləblər öz əksini tapmışdır. Əziz Şərif-Abbas Zamanov yazışmaları böyük bir epoxanın yaşantılarını özündə etiva edən nadir sənədlərdir. Bu fakt həm də Əziz Şərif və Abbas Zamanov münasibətlərinin aynasıdır. Əziz Şərif Abbas Zamanov dostluğu XX əsr boyu müşahidə olunan Cəlil Məmmədquluzadə-Qurbanəli Şərifzadə, Mirzə Ələkbər Sabir-Abbas Səhhət, Hüseyn Cavid-Abdulla Şaiq dostluğu səviyyəsində dayanır. Bunlar adi dostluq olmayıb, məslək qardaşlığını təsdiq edən ömürnamələrdir. Əziz Şərif-Abbas Zamanov dostluğu məslək və əməl dostluğunun kamil nümunəsidir.

Qiymətli elmi əsərləri ilə yanaşı, Əziz Şərif tələbələri və yetirmələri etibarilə də fəxr edilə biləcək səviyyədə xidmət göstərmişdir. XX əsrin ikinci yarısından sonra Azərbaycanda ədəbiyyatşünaslıq üzrə doktorluq və namizədlik dissertasiyası müdafiə etmiş alimlər nəslinin elmi rəhbəri, rəsmi opponenti, rəyçisi, xeyirxah məsləhətçisi kimi professor Əziz Şərifin çoxillik xidmətləri ayrıca bir elmi-tədqiqat institutu alimlərinin fəaliyyəti ilə müqayisə oluna bilər. O, Moskvanın kitabxanalarına və arxivlərinə müraciət etmək zərurəti ilə üzləşən azərbaycanlı tədqiqatçıların ümid etdiyi yeganə fədakar alim-vətəndaş idi.

Və bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, bu sətirlərin müəllifi də hələ tələbə ikən, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında oxuyarkən professor Əziz Şərifdən dərs almışdır. Belə ki, Moskva Dövlət Universitetinin kafedra müdiri, professor Əziz Şərif Naxçıvanda ali məktəbin – APİ-nin filialının açıldığını eşidən kimi 1967-ci ilin oktyabr ayında bir aylıq məzuniyyət götürüb doğulduğu şəhərə gəlmiş, birinci kursda təhsil alarkən bizlərə Azərbaycan ədəbiyyatı tarixindən mühazirələr oxumuşdu. İkinci dəfə o, 7-8 may 1971-ci ildə də bizə dərs demiş, məsləhətlər vermişdi. Əziz müəllimin mühazirələri də kitablarında olduğu kimi elmi mülahizələrlə xatirələrin vəhdətindən ibarət idi. Onun danışığı da kitablarındakı qədər sadə idi. İnanmaq çətin idi ki, yarım əsrdən artıq vətəndən uzaqda yaşayan bir adam bu qədər çox sadə və çox xəlqi dildə danışa bilsin. O, sanki böyük ustadı Cəlil Məmmədquluzadənin əsərlərindən tanış olduğumuz təhkiyədə danışırdı. Əziz müəllim kitablardan, mənbələrdən sitat gətirmirdi. O, haqqında söz açdığı ədəbi şəxsiyyətlərdən müasiri, dostu, yaxın tanışları kimi bəhs edirdi.

Əziz Şərif dərs zamanı adını eşitmədiyimiz, yaxud haqqında cəmi bir-iki cümlə oxuduğumuz bəzi qələm əhli barədə də məlumatlar vermişdi. Rzaqulu Nəcəfov, Əli Babayev, Molla Mahmud Çakər, Mirzə Cəlil Şürbi və başqaları haqqında ilk dəfə müfəssəl məlumatları Əziz müəllimdən almışıq. Mən sonralar “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda namizədlik dissertasiyası üzərində çalışmaq haqqında düşünərkən material toplamaq məqsədilə ilk müraciət etdiyim şəxs professor Əziz Şərif oldu. Və bu münasibətlə möhtərəm müəllimimin Moskvadakı ünvanına məktub göndərib, ondan vaxtilə haqqında danışdığı Mirzə Cəlilin dayısı Əli (Əlişdan) Babayev və Molla Mahmud Çakərə dair material əldə etməkdə mənə köməklik göstərməsini xahiş etdim. Qısa müddətdən sonra professor Əziz Şərifdən aşağıdakı məzmunda cavab məktubu gəldi.

“Hörmətli İsa müəllim!

Mehriban mündəricəli məktubunuzu aldım. Çox sağ olun. Ancaq verdiyiniz suallara cavab verməkdə bir qədər çətinlik çəkirəm. Əvvəla, Əlişdan və Çakər yaradıcılığı ətrafında aparılacaq tədqiqat, zənnimcə, namizədlik dissertasiyası üçün kifayət olmamalıdır. İndi tələbat artıbdır. Siz bunu nəzərə almalısınız.

Əlişdanın məndə dəftərçəsi vardır. Onu Sizə göstərməyə hazıram. Necə edək? Moskvaya yolunuz düşsə məmnuniyyətlə o dəftəri Sizə göstərərəm.

Çakərə məxsus məndə heç bir material yoxdur. Yenə axtarın. Bəlkə bu iki nəfərdən başqa, elmi tədqiqata layiq olan başqa simalar da tapdınız.

Hörmətlə Əziz Şərif 19.XI.1979-cu il Moskva”.

Bu məktub bir neçə cəhətdən qiymətlidir. Birincisi, Əziz müəllimin həmişə ona müraciət edənlərə düzgün məsləhət verməsini, doğru yol göstərdiyini qeyd etmək lazım gəlir. Onun adları çəkilən şəxslərin yaradıcılığının namizədlik dissertasiyası üçün material verə bilməyəcəyinə dair tövsiyələri, “başqa simalar” da axtarmağın zəruriliyini xüsusi qeyd etməsi xarakterinin həmin cəhətinin konkret ifadəsidir. Halbuki mən o vaxt artıq namizədlik dissertasiyasını başa çatdırmış, doktorluq dissertasiyası üçün material toplamağa başlamışdım. Sadəcə, necə deyərlər, namizədlik dissertasiyasının hələ mürəkkəbi qurumamış doktorluq işi həvəsinə düşməyimi bir qədər örtülü saxlamaq üçün bu barədə heç nə yazmamışdım. İkincisi, Əziz müəllimin sadə, aydın danışığı ilə məktubu bir-birini tamamlayır. Məktubu oxuyanda özümü professor Əziz Şərifin mühazirələrini dinləyirmiş kimi hiss etmişdim. Üçüncüsü, professor Əziz Şərifin arxiv sənədlərinə, əlyazmalarına münasibətini bilmək baxımından da məktub hər şeyi diqtə edir. Göründüyü kimi, Əziz müəllim mənə Əlişdan Babayevin dəftərçəsini göndərməyi yox, göstərməyi vəd edirdi. Bu ifadə görkəmli tədqiqatçının sənədlərə münasibətindəki tələbkar, qayğılı münasibəti çox aydın şəkildə göstərir. Təxminən bir il sonra mən Moskvada ikən Əziz müəllimlə Lomonosov adına Moskva Dövlət Universitetindəki onun çalışdığı kafedrada görüşmüş, Frunzenski val döngəsindəki evində çay süfrəsi ətrafında unudulmaz söhbətlərini dinləmişdim. Əziz müəllimin danışıqları ilə yazdıqları, dərslərdə dedikləri arasında bərabərlik işarəsi qoymaq olardı. Professor Əziz Şərif XX əsrin əvvəllərində yaşayıb-yaratmış, onun müasiri olmuş klassiklərdən keçmiş zamanda yox, indiki zamanda danışırdı. Onu dinləyəndə adama elə gəlirdi ki, Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin, Mirzə Ələkbər Sabirin, xüsusən Əliqulu Qəmküsarın və Məhəmmədəli Sidqinin sanki özünə qulaq asıram. Nəhayət, professor Əziz Şərifin Moskvadakı evində yaratdığı səliqəli arxivi görmək mənə də qismət oldu. Bu, normal arxiv prinsiplərinə uyğun şəkildə tərtib edilmiş əlyazmaları fondu idi. Ən nəhayət, Əziz müəllim Əlişdan Babayevin dəftərçəsinin əlyazmasını arxivindən tapıb mənə göstərdi. Bəlli oldu ki, Mirzə Cəlilin dayısının tərcümeyi-halına dair məlumatlardan və onun şeirlərindən 30 sentyabr 1956-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “Yenə bir Mollanəsrəddinçi haqqında (Naxçıvanlı şair Əli Babayev)” adlı məqaləsində bəhs etmişdir. Ona görə də Əziz müəllim mənə dəftərçənin deyil, məqaləsinin surətini verdi.

Yeri gəlmişkən deyək ki, hazırda professor Əziz Şərifin əlyazmaları tam halda Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qayğı ilə mühafizə olunur. Əziz Şərif fondu Azərbaycandakı bütün şəxsi arxiv fondlarının ən möhtəşəmi və zənginidir. XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixini, ədəbi-mədəni əlaqələri dərinliklərinə və incəliklərinə qədər öyrənmək baxımından Əziz Şərif fondu qədər zəngin və əhəmiyyətli fond təsəvvür etmək çətindir. Ədəbiyyat və incəsənət arxivindəki Əziz Şərif fondu Azərbaycan ədəbiyyatı və mədəniyyətinin sanballı salnaməsidir. Müşahidələrimə əsasən deyə bilərəm ki, Əziz Şərif fondunda çoxluq təşkil edən əl dəyməmiş, qatı açılmamış qovluqlar yeni nəsil tədqiqatçıların yolunu gözləyir.

Bir məqamı da qeyd etmək istəyirəm. Vaxtilə Tiflis arxivlərində çalışarkən Əziz Şərifin mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın faciəli ölümü ilə əlaqədar dövri mətbuatda çap etdirdiyi iki məqaləyə rast gəlmişdim. “Al bayraq” və “Borğba” qəzetlərində çap olunmuş həmin məqalələr Əziz Şərifin külliyyatlarına daxil edilməmişdi. Bu məqalələrdə 24 yaşlı müəllif görkəmli mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın fəaliyyətinə və yaradıcılığına düzgün qiymət verilmiş, onun öldürülməsi ilə əlaqədar dövri mətbuatda məqsədli şəkildə yayılan şayiələr obyektiv mövqedən cavablandırılmış, hökumət dairələrindən qətlin əsl səbəbinin aydınlaşdırılmasını tələb etdirmişdi. Oxuculara və geniş ictimaiyyətə bəlli olmadığını, hətta professor Əziz Şərifin özü tərəfindən unudulduğunu nəzərə alaraq, “Qəmküsar” adlı həmin məqalələri 1981-ci ilin yanvar ayında Azərbaycan və rus dillərində çıxan “Sovet Naxçıvanı” qəzetində çap etdirməklə böyük müəllimimin haqqı-sayı qarşısında kiçik də olsa borcumu yerinə yetirməyə səy göstərmişdim. Əziz müəllimin indiyəqədərki külliyyatlarına daxil edilmədiyini nəzərə alaraq Əziz Şərifin “Qəmküsar” məqaləsini oxuculara təqdim edirəm.

“Bazar günü martın 16-da Tiflis şəhərinin müsəlmanları faciəli şəkildə həlak olmuş, hələ gənc olan bir şairi-Əliqulu Nəcəfovu dərin kədər hissi ilə torpağa tapşırdılar (O, Müsəlman Sosial-Demokrat “Hümmət” təşkilatının orqanı olan “Gələcək” qəzetinin əməkdaşı idi).

Mərhum son 10-15 il ərzində müsəlman poeziyasında yarın gözəlliyini, bülbülün cəh-cəhini və çiçəklərin ətrini tərənnüm etməkdən xalqın dərd-sərini, cəhalət və şərin meydanında inildəyən demokratiyanın ələmini təsvir etməyə keçidin əsasını qoyan yeni yönlü şairlər sırasında ilk yerlərdən birini tuturdu.

İlk dəfə mərhum şair Sabirin getdiyi yol 1911-ci ildə o, vəfat etdiyindən sonra dalana dirənə bilərdi. Lakin bu yolda artıq müsəlman demokratiyasının əsl fədaisi möhkəm dayanmışdı. O, özünün ahəngdar, xalq dilində yazılmış şeirlərində cəmiyyətimizin bütün xəstəliklərini əks etdirir, xalqın canını bürüyən bütün yaraları açıb göstərirdi.

Müsəlman həyatının elə bir sahəsi yoxdur ki, bu ilhamlı şairin diqqətindən kənarda qalmış olsun. Çoxüzlü almazda olduğu kimi, Qəmküsar poeziyasında da müsəlman ruhanilərinin ədəbsizliyi də, bəy və mülkədarların tüfeyliliyi və zülmü də, demokratiyanın zülmətdə qalması, gücsüzlüyü də, qadınların hüquqsuzluğu da və ümumiyyətlə, türkləri Avropa mədəniyyətindən uzaqda saxlayan hər şey öz əksini tapır.

Mərhum şair göz yaşları içərisində güldürən və hətta gülüşün özü idi. Bəzən cəmiyyəti və onun adət-ənənələrini amansız tənqid atəşinə tutur, başqa şair və jurnalistlərin toxunmağa belə cəsarət etmədiyi qüsurları açıb göstərirdi.

Qəmküsar məşhur “Molla Nəsrəddin” jurnalının nəşrində kifayət qədər fəal iştirak edirdi. Bu, o jurnal idi ki, xalqımızın oyanışında ilk qaranquş olmuşdu və Rusiya və İranın savadlı müsəlmanları həmin gənc şairin çox gözəl, ahəngdar şeirlərini onun hər bir nömrəsindən məmnuniyyətlə oxuyardılar.

Son zamanlar mərhum şair “Gələcək” qəzetin nəşrində yaxından iştirak edir, orada felyeton və şeirlərini çap etdirirdi.

Amansız tale ona öz gücünü bir daha göstərmək imkanı vermədi və onu müsəlman demokratiyasının əlindən vaxtsız alıb apardı.

Mərhum şair ən dəhşətli, ən faciəli bir şəraitdə dünyasını dəyişdi.

Gecə saat 11-də evə qayıdıb giriş qapısını döyərkən qonşularının şübhəsinə tuş gəlir və ...onu qətlə yetirirlər. İki gündən sonra-dəfn günü yerli qəzetlərdə kiçicik qeyd peyda olur: “Martın 15-nə keçən gecə Moskovskaya küçəsində milisionerlər tərəfindən bir qatı cinayətkar öldürülmüşdür. Ölənin familyası məlum deyil”.

Taleyin acı istehzasına bir bax! Ən yaxşı şairin həlakına dair məlumat xronikada “Cinayətkarın qətli” başlığında verilir.

Həyatımızın pərakəndəliyi ... müsəlman poeziyasının və ədəbiyyatının əlindən gözəl bir nəğməkarı, boğulan demokratiyaya ürəkdən yanan bir xalq dostunu alıb apardı.

Şairin olumu da, ölümü də faciədən uzaq ola bilmədi. O, maddi cəhətdən son dərəcə təmin olunmamış, tez-tez cırıq palto və yırtıq başmaqda ac-yalavac gəzib dolaşan, ürəyində intəhasız qəm-qüssə, baxışlarında insana sönməz sevgi daşıyan istedadlı şair idi. Və namərd bir insanın qaba gülləsi poeziyaya bu qədər dəyərli incilər bəxş etmiş qələmini onun əlindən aldı.

...Hökumət başsız qalmış müsəlmanların hiddətli səsini eşitməli, qətlin törədilmə halını təfsilatıyla aydınlaşdırmaq, cinayətkarı ədalətlə cəzalandırmaq üçün ən təsirli tədbirləri görməlidir.

Lakin şair həlak olub! Artıq heç bir qüvvə onu geri qaytara bilməz!

Rahat yat, əziz şair!

Qəbrin nurla dolsun, əvəzsiz yoldaş!”

Professor Əziz Şərif demək olar ki, hər il Bakıya, iki-üç ildən bir isə Naxçıvana gəlirdi. Naxçıvan səfərlərində onu bir qayda olaraq Abbas Zamanov müşayiət edirdi. Abbas müəllim qabaqcadan səfərin vaxtı barədə Naxçıvan Dövlət Universiteti “Ədəbiyyat” kafedrasının müdiri, professor Yavuz Axundluya məlumat verirdi. Yavuz müəllim də Naxçıvandakı həmkarları ilə birlikdə onlar gələnə qədər Qurbanəli Şərifzadənin şəhər qəbiristanlığındakı məzarının ətrafında səliqə-sahman işi aparırdı. Ədəbiyyat muzeyindəki fonduna baş çəkirdi. Naxçıvan Dövlət Universitetində əməkdaşlığa başladığım 1975-ci ildən Əziz müəllimin ömrünün sonuna qədər olan Naxçıvana etdiyi səfərlərin demək olar ki, hamısında mən də iştirak etmişəm. Həmin 13 ildə Naxçıvanda olan üç-dörd görüşdə mən də iştirak etmişəm. Səfərlərin hamısında Naxçıvan Dövlət Universitetində keçirilən görüşlərdə Əziz müəllimin çıxışları məlumatların təzəliyi, yurd həsrətinin və həyat eşqinin ifadəsi kimi yaddaşlarda dərin izlər buraxmışdır. Həmin xatirələrdən yalnız birini yazmaqla kifayətlənirəm. Çünki xatırladacağım aşağıdakı kiçik detal professor Əziz Şərifi tam xarakterizə edir. Naxçıvana səfərlərin birində kimsə Abbas Zamanovun kefini soruşdu. Abbas müəllim adəti üzrə-“Şikayətlənmək üçün əsas yoxdur”, dedi. Bunu eşidən Əziz Şərif acıqlanırmış kimi sərt ifadə ilə dedi:-Yox bir, əsas olacaqmış!? İlk baxışda adi görünən bu sözlər hər iki görkəmli alimin pak və aydın mənəviyyatını, bütöv və qürurlu şəxsiyyətini çox dolğun şəkildə ifadə edir.

Artıq neçə illərdir ki, Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil alan tələbələr müəllimləri ilə birlikdə tanınmış maarifçi Qurbanəli Şərifzadənin və görkəmli alim Əziz Şərifin Naxçıvandakı qoşa məzarlarını Novruz bayramı ərəfəsində ziyarət edirlər.

Görkəmli mollanəsrəddinçi ədəbiyyatşünas, professor Əziz Şərifin “Molla Nəsrəddin” necə yarandı” monoqrafiyası onun böyük demokrat ədib Cəlil Məmmədquluzadə haqqındakı çoxillik axtarışlarının uğurlu yekunudur.

“Molla Nəsrəddin” necə yarandı” monoqrafiyası onun müəllifinin elmi özünəməxsusluğunu bütün əsas yönləri və meylləri ilə dolğun şəkildə ifadə edir. Bu dəyərli monoqrafik tədqiqat dünən olduğu kimi bu gün də yeni nəsillər üçün Cəlil Məmmədquluzadə haqqında həqiqətləri əks etdirən əsər kimi faydalı və əhəmiyyətlidir. “Molla Nəsrəddin” necə yarandı” monoqrafiyasının yeni nəşri görkəmli alim və böyük ziyalı, professor Əziz Şərifin elmi irsinin həmişəyaşarlığını təsdiqləyən qiymətli elmi örnəkdir. Böyük ziyalı və görkəmli mollanəsrəddinçi ədəbiyyatşünas, professor Əziz Şərif əsərləri ilə yeni tarixi epoxada xalqına və ölkəsinə şərəflə xidmət edir.

 

 

İsa HƏBİBBƏYLİ

Naxçıvan Dövlət Universitetinin rektoru,

Akademik

 

525-ci qəzet.- 2010.- 27 yanvar.- S.7.