Göylərdən gələn gəlin

 

Bir vaxtlar, dünyanın düz vaxtlarında, bəxtəvər çağlarında uca dağlar başında, Laçında, Şamkənddə bir gözəl vardı. Adı Səma idi. Evi, ailəsi, həyat yoldaşı, oğlu, qızı...

Qarabağ müharibəsi yüzlərlə, minlərlə ailə kimi, bu ailənin də tifaqını dağıtdı, evindən-eşiyindən didərgin saldı. Səma yaşyarımlıq körpəsi ilə girov düşdü.

Ancaq Həcər qeyrətli bu dağlar gözəli düşmən qarşısında əyilmədi, sınmadı, təslim olmadı. Mərd və ləyaqətli ölümü üstün tutdu.

“Göylərdən gələn gəlin” sənədli povesti bu girov gəlinin həyatından, faciəli taleyindən, o illərdə cəbhə bölgəsində baş verən hadisələrdən bəhs edir. Kitab kimi çapa hazırlanan “Göylərdən gələn gəlin” povestindən bir parçanı “525-ci qəzet”in oxucularına təqdim edirəm.

 

Müəllif

 

BİR PAYIZ GÜNÜNDƏ SEVDA XANIMIN ŞAMKƏNDƏ SƏFƏRİ

 

Bu soyuq noyabr günlərində Sevda xanım necə gedib Şamkəndə çıxıb, bunu bir Allah bilir.

– Az müddətdə kənd necə dəyişilmişdi? Ətrafı kol-kos basmışdı. Cığırlar, ot basmış yollar vəhşiləşmişdi. Beş-altı ailə qalmışdı çalada. O həyət-bacamı, nazlı-qəmzəli həyətimi görəndə gözlərimə inanmadım. Pilləkənlə yuxarıya – ikinci mərtəbəyə qalxan yerdə, qənşərdə divara iri güzgü asmışdım. Mərmi bu yerə necə zərblə düşmüşdüsə – divar güzgü qarışıq darmadağın, çilik-çilik olmuşdu. Həyatımın, ailəmin ən xoş, firavan və xoşbəxt günlərini yaşadığım həyət-baca artıq mənim üçün yadlaşmışdı, xarabalığa çevrilmişdi. Həyətdəki meyvə ağacları, şüşəbənd, vaxtilə Səmanın öz əlləriylə becərdiyi dibçəklər – əcaib formalara düşmüş, kol-kos şeytan qiyafəsində üstümə yeriyirdilər. Pilləkənin divarındaca ustalar xırda və parıltılı çay daşlarından mozaik lövhə, “xalça” toxumuşdular. Top, mərmi zərbəsindən “xalça” tikə-tikə, ilmə-ilmə olub ətrafa səpələnmişdi. Vaxtilə üzümə gülən evim, eşiyim yalquzaq canavar qiyafəsində, dişlərini qıcaya-qıcaya elə bil məni parçalamaq istəyirdi. Gözlərimə duman çökdü, başım hərləndi. Elə bircə macal tapıb Əliyə deyə bildim ki, mümkünsə, bala, məni buradan tez çıxar.

...İlk dəqiqələrdən Şamkənddə gördükləri mənzərələr, xüsusilə öz evinin canavar görkəmi Sevda xanımı bərk sarsıtmışdı. Kənddə beş-altı kişi – qardaşları Yusif, Asif, yeznəsi Arif, qudaları – Qələndər kişi, Nazekə xanım, Qənirə, Həva və bir də Səma yaşyarımlıq körpəsiylə birgə yaşayardılar. O, hələ Bərdədəykən, yollardaykən Şamkənddə vəziyyətin belə ağır olduğunu təsəvvürünə gətirmirdi.

Bəlkə də, bu, onun qadınlığındanmı, yoxsa analıq hissindənmi irəli gəlirdi – Sevda xanım Şamkənddə olduğu elə ilk dəqiqələrdəncə anladı ki, bu beş-on nəfərin bu dərələrdə, dağlarda qalması havayı işdi – od ilə oynamaqdı. Amansız və qəddar quldurlardan təşkil edilmiş silahlı birləşmələrin hərbi uğurlarının genişləndiyi indiki mərhələdə, ətraf aləmdən tədric edilmiş yeddi, səkkiz ailənin burda məskunlaşması – erməni sallaqxanasına qurbanlıq qoyun becərmək kimi bir şeydi. O illərin hərbi əməliyyatlarının geniş mənzərəsini gözlərinin qabağına gətirə bilməyən dairələr üçün bəlkə də belə fikirlər sərt, qeyri-obyektiv görünə bilər. Sevda xanım isə hiss və duyğularında aldanmırdı. Əvvəla, Sevda xanımın ömür-gün yoldaşı Aydın müəllim Laçının Bülöylük bəylərinin törəmələrindəndi. Özü isə Xankəndi Pedaqoji İnstitutunda təhsil alanda, lap ondan əvvəllər də, dədə-babaların – Paşa bəyin uşaqları – Xosrov bəy, Sultan bəy haqda, onların erməni millətçilərinə qarşı necə mübariz, barışmaz mövqedə dayandıqlarını eşitmişdi. Sevda xanım istər Qarabağda, istərsə də Laçın rayonuna bitişik erməni kənd əhalisinin əsl simasını, sifətini də görmüşdü. Axı, 92-ci ilin payız və qış aylarında o qədər Azərbaycan torpaqlarını, yaşayış məskənlərini işğal etmiş erməni silahlı birləşmələri üçün müdafiəsi ibtidai halda təşkil edilən iki-üç evi, əhalisiylə birgə darmadağın etmək nə çətin işdi? Heç hərbi əməliyyatlardan, hərb elmindən xəbəri olmayan adamlar da bunu çox yaxşı dərk etməliydi.

Sevda xanım bir neçə saat gördüklərindən dəhşətə gəlmişdi. Qəti qərara gəlmişdi ki, necə olur-olsun, heç olmasa Səmanı, yaşyarımlıq nəvəsini bu qan çanağından qurtarsın, Bərdəyə aparsın. Amma, Səma, Qələndər kişi, Nazekə qərara gələ, hadisələrə soyuq, ağılın gözü ilə yanaşa bilmirdilər. Hələ Səma pəncərələrə örtük tuturdu.

Məsələnin ayrı, etik tərəfi də vardı. Səma Hümbətovlar ailəsinə gəlin gəlmişdi, ailə qurmuşdu, hamiləliyi bir tərəfə, hələ iki uşağı da vardı. Artıq o, Aydın müəllimin, Sevda xanımın yuvasından uçub başqa yuvaya qonmuşdu. Əslində elə Səmanı buraya, bu qorxulu yerlərə həyat yoldaşı, qayınatası, qayınanası gətirmişdilər. Onlar səhv etmişdilərmi, düz etmişdilərmi, bunlar sonranın işidi, bunlar Hümbətovlar ailəsinin öz işidi. Dəqiqi o idi ki, artıq Səma buradaydı.

Səma da müəmmalı, özünəxas dünyası olan qadındı. Onu bir dəfə görməklə, söhbət etməklə dərk etmək mümkün deyildi. Adam var bir tərəfdən baxırsan, dərhal o biri tərəfi, içi-içalatı görünür. Səma belələrindən deyildi. Nə isə, o, başdan-ayağa sirr, sehr, öz dünyası, öz mənəvi aləmi olan qadındı. Onun anlamında könül verdiyin kişinin razılığı, “hə”si olmadan, özbaşına addım atmaq, qərar vermək günahdı. O, gəlin getdiyi evi, ocağı özü üçün son məbəd hesab edirdi. Bu bir fakt.

Digər tərəfdən, isə Arif heç vaxt atasına söz qaytarmaz, onun bir sözünü iki etməzdi. Sözsüz, Səma da Arifin, qayınatasının icazəsi, xeyir-duası olmadan bu yerləri tərk etmək gücündə deyildi. Hətta, bir dəfə kənddən getmək söhbəti olanda Arif Səmaya demişdir ki, atam razı olmasa heç yana gedə bilmərəm. Bununla da söhbət bitib.

Sevda xanım dediyindən dönmürdü, inadkarlıq edirdi. O, Şamkənddə olduğu bu iyirmi dörd saat ərzində elə bil havalanmışdı, ətrafı havalı adamlar kimi gəzirdi. O, Azərbaycan xalqının, dağ camaatının min illərdən bəri keçib gələn bütün ailə-məişət əlaqələrini pozmaq, darmadağın etmək niyyətindəydi. Düşünürdü. “Məcburam pislik edəm. İndiyə qədər qohum olmuşuq, daha bundan o yana bəsdi. Dünya dağılmaz ki... Canavarın, çaqqalın ulaşdığı bu yerlərdə Nazekə mənim balamı öldürəcək, girov verəcək”.

Yenidən Şamkənddə olduğu müddətdə Qələndər kişi Sevda xanıma demişdi:

– Bir az da döz. Bu Quran haqqı qızını yazda gətirəcəm.

Sevda xanım “yox” demişdi. O, belə və buna oxşar vədləri, sözləri dəfələrlə Arifin, Nazekənin, lap Qələndər kişinin özünün, hətta həyat yoldaşı Aydının, oğlu Əlinin də dilindən eşitmişdi. Və bütün bunlar hələlik söz, vəd olaraq qalmışdı.

Ana meyarlarına, əsl həqiqətlərə qalsa bəlkə də Aydın müəllim, Əlinin özü də Sevda xanımla müqayisədə Səmadan bir köynək aralıydılar. Onların heç biri Səmanın dərd-sərini, başının üstündə dolaşan təhlükəni ana qədər hiss edə bilməzdilər. Pişik quş yuvasına başını soxanda ana sərçə necə hay-haray qaldırırsa, özünü daşa-kəsəyə, ağaca, budağa necə çırpırsa – Sevda xanım da o vəziyyətdəydi. Ağlı başından çıxmışdı, gözləri qaralırdı. Elə hey deyinirdi, elə hey qışqırırdı. “Siz mənim balamı öldürəcəksiniz, ermənilər balamı əsir götürəcək”.

Meşə odunu necə yanırsa – Sevda xanım da o cür yanırdı. İri-iri gözlər kimi sıçrayıb ətrafa dağılırdı. Və heç kəs də bu alışıb-yanan ocağı söndürmək istəmirdi.

Ana qızını mühasirə dairəsindən necə çıxartmaq barəsində yollar, fəndlər axtarırdı. Arada bir o, sözün yaxşı mənasında, Səmanı buradan götürüb qaçırmaq fikrinə də düşdü. Səma da anasının bu qeyri-adi təklifinə qəti etiraz etdi.

– Ana, sən nə danışırsan, heylə də iş olar?

Hətta, Sevda xanım düşündüklərini, niyyətini çoxdan tanıdığı, o zamanlar rayon polis şöbəsinin rəisi işləyən, mövqelərdə dayanan Akif Səlimova da söylədi. O, dərhal cavab verdi:

– Məsləhət görürəm, götür qaçırt. Vəziyyət çox ağırdır.

Sevda xanım, o noyabr axşamı, sonuncu dəfə Şamkənddə olan zaman gələcəkdə başına nələr gələcəyini hiss etmişdi. Və o bir ana, qadın kimi qızına necə təsir etməyin bütün “forma və üsullarından” da istifadə etdi. Sevda xanım gah ağlayır, gah da yalvarırdı.

– Ay qızım, ay gözlərimin işığı, tutaq ki, qaçhaqaç düşdü. Qucağında yaşyarımlıq uşaq, maşını da idarə edə bilmirsən. Bəs özünü necə xilas edəcəksən? Gəl, daşı ətəyindən tök, gəl, səni aparım. Qələndərgil qoy nə deyir, desinlər. Məni öldürəcək sənin dərdin.

– Yox, ana, Arif razı deyil! Qələndər əmi icazə vermir!

Hə, belə-belə işlər. Sevda xanımın əli hər yerdən üzülmüşdü. Payızın gecələri də çox uzundu, cansıxıcıdı. Zülmət qaranlıq idi. O, ətrafa zəif şölə salan neft lampasının işığında sonuncu dəfə Səmaya, Səmanın gözəl, işıqlı və günəşli çöhrəsinə, uzun saçlarına təkrar-təkrar baxırdı. O, düşündüklərini, hiss etdiklərini Səmanın yanında açıb-ağartmasa da, artıq ürəyində, beynində axırıncı dəfəydir ki, qızı ilə danışırdı. Zəif lampa işığında təkrar-təkrar qızına baxır, xatirələrə dalırdı. Onun uşaqlığını, tələbəlik illərini, toyunu, ilk nəvə sevincini – hamısını, hamısını yadına salırdı və sakit-sakit gözlərindən yaş axırdı.

Səhər açıldı. Sevda xanımın bu kobudlaşmış və vəhşiləşmiş, hər qayasından, daşından ölüm saçan dağlardan qızını Bərdəyə, Əyricə kəndinə aparmaq cəhdi boşa çıxdı. O, axırıncı dəfə qızını, yaşyarımlıq nəvəsini öpüb ağlaya-ağlaya, hıçqıra-hıçqıra yola düşdü. Sonralar bu yerlərdə nələr, nələr baş verəcəkdi – heç kəs bilmirdi.

 

YOL

 

31 mart, 1993-cü il. Şamkəndə həyəcanlı xəbər çatdı ki, bəs ermənilər Kəlbəcəri alıblar. Dəstə-dəstə, pərakəndə vəziyyətdə olan ordumuzun da mühasirəyə düşmək təhlükəsi var. Kim tərəfindənsə, hansı yollasa Bakıdan xəbər gəlib ki, əgər sağ və salamat qurtarmaq istəyirsinizsə, tələsin, sizin cəmi altı saat vaxtınız var. Hoçaz tərəfdə dayanan əsgər və polislərimiz də artıq mövqelərini tərk ediblər. “Həyat yolu” hesab edilən yeganə çıxış yolu – tunelin də bağlanmaq təhlükəsi gözlənilir. Aman Allah, bu nə pis xəbərdi? Həmişə təmkinliyiylə, soyuqqanlılığı ilə ətrafdakılara nümunə olmuş Yusif Əliyev də çaşmışdı, həyəcan içindəydi. Kənddə olanlara “hazırlaşın, çıxırıq” əmrini vermişdi. Kənddən, evdən nəyi, hansı əşyanı, malı-heyvanı götürmək mümkündü – ən vaciblərini, zərurilərini – hamısını götürmüşdü. Yusif Əliyev həm də son zamanlar Laçın rayon İcra Hakimiyyəti başçısının Şamkənd üzrə icra nümayəndəsiydi. Deməli, məntiqə, tutduğu vəzifəyə görə onda kəndə aid müəyyən sənədlər, möhür, pul və silah da olmalıydı. Yedəkli traktorlar, üç ədəd “UAZ”, “QAZ-51” markalı yük maşını hazır vəziyyətdəydi.

Həyəcan və qorxu hissi artıq Səmanın da canına hopmuşdu.

– Bəlkə, bir də görüşmədik. Bəlkə, heç anamgilnən də görüşə bilmədik.

Qəribədi, Səmanın qabaqcadan bu sözləri deməyə nə vadar edib? Ürəyinin səsimi? Gələcəkdə onları nələr gözlədiyini duymasımı? Ətrafdakı ab-havanın gərginliyimi? Bəs, nə? Neçə aydan bəri susan, buralardan uzaqlaşmaq üçün edilən bütün təkliflərin hamısını qətiyyətlə rədd edən adama, birdən-birə nə olmuşdu? O nə üçün belə danışırdı?

Hə, yedəkli traktorlar, yük maşını, “UAZ”lar səfərə hazırdı. Tərpənmək olardı. Aman Allah, Həva nənə yaddan çıxıb qalıb ki... Yusif Əliyev tərpənməkdə olan köç karvanına “dayanın” əmrini verir. “Həva nənə, yaddan çıxıb ki...”

– Ay Yusif dayı, burax Həva nənəni. Həva nənəyə görə bu qədər adamı, vallah güdaza verəcəyik?

Bu sözləri kim dedi, bilinmədi.

Yusif Əliyev ömrü boyu özünə, öz ürəyinə, vicdanına qulaq asmış adamdı. “Yox”, – dedi. “Bu kişiliyə, elə-obaya yaraşmayan hərəkətdi. Sonralar eşidib-bilənlər mənə nə deyərlər”.

Həyatın çətin məqamlarına, Qarabağ döyüşlərində iştirak edənlər bu həqiqətləri çox yaxşı dərk edirlər. Hər tərəfdən üstünə güllə, mərmi yağdığı məqamda, heç əl atıb yaralı, döyüşçü dostunu belə götürə bilmirsən. Çox yaxşı bilirsən ki, əgər sən beş saniyəliyə əl atıb yaralı döyüşçü dostunu, lap elə qardaşını götürsən, özün məhv olacaqsan. Və bütün bunları bilə-bilə döyüşçü dostunu dar ayaqda qoymursan. Bilirsən ki, sən bu addımı atmasan, sonralar içində həmin səhnələri təkrar-təkrar xatırladıqca diri-diri öləcəksən, yanacaqsan. Əsgərlər arasında buna döyüşçü həmrəyliyi deyirlər. Bu ifadə tarixən döyüşlərdə, müharibə səhnələrində formalaşıb.

Köçdən qalan Həva nənə bir neçə dəqiqədən sonra artıq yük maşınındaydı. Yəqin ki, Həva nənəni maşına mindirmək üçün sərf edilən dəqiqələr sonralar Yusif Əliyevə çox baha başa gələcəkdi.

Köç tərpəndi. Elə vəziyyət yaranmışdı ki, kəndin girinti-çıxıntıları təhlükəliydi, ermənilərin nəzarəti altındaydı. Yusif Əliyev bunu yaxşı bilirdi. Odur ki, hər ehtimala qarşı, köçü əvvəlcədən, az-az adamların bələd olduğu düsərlə qazılmış, darısqal, maşın-mexanizmin yalnız birtərəfli hərəkət etdiyi yola çıxartmaq niyyətindəydi. Başqa fikrə düşmək, açıq, görünən yola çıxmaq faciəylə nəticələnə bilərdi. Meşə içindən düsərlə qazılmış yola çıxdılar. Çıxdılar və yenidən maneəyə tuş gəldilər. Meşə yolundan çıxar-çıxmaz içi arvad-uşaq, şey-şüylə dolu yük maşını yenidən palçığa batmışdı. Bunu bilən kimi, “UAZ”da, köçün qabağında gedən Yusif Əliyev yenidən maşından yerə düşdü.

– Kişilər düşsün yerə. Kömək edin, maşını palçıqdan çıxarağın.

Təhlükəli səfərə çıxanlardan kimsə əsəbi halda qışqırdı:

– Yusif dayı, cəhənnəm olsun maşın adamlarıyla birgə. Hələ, gəl “UAZ”dakı arvad-uşağı çıxaraq. Bir azdan tunel də tutulacaq. O da tutulsa, hamımız məhv olacayıq.

O, deyilənlərə məhəl qoymadı, maşını çıxartmaq, köçə yaxınlaşdırmaq istədi.

 

 

(Ardı var)

 

Ziyəddin SULTANOV

 

525-ci qəzet.- 2010.- 27 yanvar.- S.6.