Xocalı faciəsinə gedən yol
Malbəyli od-alov içərisində,
qan gölündə döyüşürdü. Düşmən
addım-addım irəliləyirdi. Kəndin müdafiəçiləri
qadınları, uşaqları, qocaları
yaxınlıqdakı Quşçular kəndinə tərəf
aparır, irəli cuman vəhşi ermənilərlə əlbəyaxa
döyüşür, tələfat verərək geri çəkilirdilər.
Qanlı döyüşlərdən, ölümün
caynağından xilas olmuş kənd sakini,
döyüşçü Yaşar Kərimov:
– Ermənilərin hücuma
keçəcəyini hər an gözləyirdik. Bu barədə
bütün orqanlara, Bakıya məlumat vermişdik. Lakin bizim
köməyimizə çatan olmadı.
Özünümüdafiə qüvvələrinin hesabına
kənddən əhalini Quşçulara gətirə bildik.
15 nəfərdən artıq adam həlak oldu. Xeyli yaralı
varıydı. Kəndimiz artıq alova
bürünmüşdü. Atların kişnərtisi,
qadınların harayı Malıbəyli zülmünün
necə amansız olduğunu Ulu Tanrıya bir daha bəyan
edirdi.
Quşçular kənd sakini Surxay Quliyev:
– Ermənilər Malıbəyli
ilə bərabər bizim kəndə də hücuma
keçmişdilər. Gülləmiz tükənirdi. Əhalinin
bir qismi meşələrə, qayalıqlara, yarğanlara
qaça bilmişdi. Yerdə qalanları mühasirədən
çıxarmaq üçün kürək-kürəyə
verərək atışa-atışa adamlarımızı
meşəyə tərəf aparırdıq. O qədər
güllə atmışdım avtomat silahım əlimi
yandırırdı. Meşə yolu ilə irəliləyirdik.
Ermənilər yaşayan Harov kənli
yaxınlığında yenidən mühasirəyə
düşdük. Düşmən hər tərəfdən
bizi atəşə tutmuşdu. Çox çətinliklə
mühasirəni yara bildik. Qaş qaralanda Ağdam rayonunun
Abdal-Gülablı kəndinə çatdıq.
Surxay danışa bilmədi.
Dəhşəti və ölümü gözləri ilə
görmüş bu yeniyetmə qəhərini boğa bilmədi.
Ermənilər qaça bilməyən kənd sakinlərini əsir
tutmuş, kənddə salınmış yeni qəsəbəni
tarmar etmiş, 10 min başdan çox qaramalı və
qoyun-quzunu sürüb aparmışdılar. Hər iki kənddən
4 min nəfərdən çox adam öz dədə-baba
yurdlarından didərgin düşdü.
Neçə gündür
ki, Malıbəyli və Quşçular kəndlərinin sakinləri
bir-birini axtarır, ana baladan, oğul atadan, qardaş
bacıdan xəbərsiz Ağdamın küçə və
meydanlarını dolaşırlar. 5 ildir çox
haqsızlıqların şahidi olan, kimini ata mindirib, kimini
atdan düşürən bu meydanda öz doğma
yurd-yuvalarından qovulmuş didərgin
bacı-qardaşlarımızın acı göz
yaşları axır. Xocavənd, Kərkicahan, Cəmilli,
Meşəli,İmarət-Qərvənd
qaçqınlarının göz yaşları axır,
meydan isə Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli,
İmarət-Qərvənd qaçqınlarının göz
yaşları ilə suvarılıb cadar-cadar oldu. Elə
bildik axan bu göz yaşları qaçqın
harayının son damlası olacaq. Sən demə görəcəkli
günlərimiz hələ qabaqda imiş. Faciələrmiz hələ
qabaqda imiş. Faciəmizə səbrlə, təmkinlə
başsağlığı verənlər Malıbəyli,
Quşçular adlı kəndlərin başı üzərində
hərlənən qara buludların sıxlaşmasına şərait
yaradırmışlar.
Ağdam şəhər
meydanı yeni qaçqınların tapdağına
çevrildi. Ev-eşiyi dağılmış,
yandırılmış, oğul-uşağı erməni
güllələri ilə qan-bağır olmuş, dərddən,
faciədən dırnaqlarıyla üz-gözünü
şırımlamış bir qadın halsız halda bu
meydanı dolaşa-dolaşa haray çəkirdi.
– Ay camaat, eşidin! Bizi kənddən
qovanda ermənilər dedilər ki, yaxın günlərdə
donuzumuz Kürdən su içəcək. Bilin, biz bədbəxtlərə
artıq heç nə gərək deyil. Nə yardım, nə
ev-eşik, nə pal-paltar. Haqqımızı-hüququmuzu
qoruya bilməyən Azərbaycan Respublikasının vətəndaşı
da olmaq istəmirik. Bizə olan oldu. Qeyrətiniz varsa, birləşin,
qoruyun, namus, qeyrət dediyiniz torpağınızı.
Qadının ürəyi
sıxılır, danışmağa heyi qalmır. Başqa
bir qadın qışqırır:
– Kərkicahan, Cəmilli,
Xocavənd, İmarət-Qərvənd. Malıbəyli,
Quşçular yandırıldı. Respublikamızın rəhbərləri
Qarabağ camaatına təsəlli verə-verə satdılar
torpağımızı yağılara. Hay-haray çəkəndə
adı bizim, dadı özgənin olan yardımlarla yumdular
ağızları. Kəndimiz oda-alova qalandı,
naxırımızı düşmənlər apardı.
Qocalar, körpələr evlərdə yandırıldı.
Yaralılara kömək əli uzada bilmədik. Bu ağır
günümüzdə güvəndiyimiz Azərbaycan
Respublikası harayımıza, köməyimizə
çatmadı.
Ay camaat, ermənilərin rəhbərləri
gecə-gündüz səngərlərdə Stepanakertdədirlər.
Bizim rəhbərlər isə kabinetlərində özlərinə
sığal verirlər. Belə rəhbərlərin torpaq qeyrəti
çəkəcəyinə inanmıram!
Bəli, o gün qayaların
sinəsi al qana boyandı. Torpaq qeyrəti “çəkənlərin”
öz əliylə düşmənlərin güdazına
verilmiş Malıbəyli, Quşçular kəndlərinin
tüstüsü göylərə bülənd oldu. Namərd
düşmənin nə qocaya yazığı gəldi, nə
da uşağa. Yer-göy ağladı o gün. Kimsəsiz,
köməksiz kənd camaatı düşmən pəncəsində
pərən-pərən düşdü...
Qarlı-çovğunlu
gündə aşırımları, gədikləri iməkləyə-iməkləyə,
sürünə-sürünə körpələr,
qadınlar Abdal-Gülablıya sarı qaçırdılar.
Amma namərd gülləsi qadın-uşağı Harov kəndinin
yaxınlığında yenidən qarşıladı. Ata
oğuldan, ana körpəsindən ayrı düşdü o
gün! Həyəcandan, mərmilərin gurultusundan
başını itirmiş bir ana 3 aylıq körpəsini
beşiyindən götürə bilmədi. Namusunu
düşmən əlindən xilas etmək üçün
qaçırdı. Amma görəsən
özü-özündən necə qaça biləcəkdi?!
Bu dəhşətə dözə biləcəkmi?! Görəsən
bu günahı kimin boynuna yazacaq, Allah? Ermənilərinmi,
namusunu övladından üstün tutan ananınmı? Yoxsa hər
şeyə biganə qalmış rəhbərlərinmi?
Yaralanmış
qadınları uzaq, sərt dağ aşırımlarıyla
qaçhaqaçla, qovhaqovla gətirmək mümkün
olmadığından düşmən pəncəsinə diri
keçməmələri üçün abrının, ismətinin
ölüm ayağında da düşmən əlinə keçməsini
istəməyən qadınlar ərlərinin,
oğullarının gülləsiylə öldürülməyi
hər şeydən üstün tuturdular.
Bir ata isə tarixdə misli
görünməmiş bir dəhşətə əl
atdı. Düşmən gülləsindən
ölümcül yaralanmış 17 yaşlı oğlunu ailənin
digər üzvləri ilə birgə qaçırmaq
mümkün olmadığından oğlunun son vəsiyyətinə
əməl etdi. Onu üzüqoylu uzadıb gözlərini
yumaraq öz tüfənginin tətiyini çəkdi. Kim bilir
gözlərini yumarkən hansı hiss keçirdi bu ata? Amma
tüfəng açılmadı. İkinci gülləni xəzinəyə
verəndə əlləri əsdi. Amma yağı
düşmən yaxınlaşırdı. Dəhşətə
bax, İlahi! Bu güllə də açılmadı.
Atanı oğul qatili etməyə Ulu Tanrı
qıymamışdı. Amma biz qıydıq! Beş ildə səbrlə,
təmkinlə, biganəliyimizlə millətimizin qatilinə
çevirdik. Və özümüz qatil ola-ola onların
ruhuna başsağlığı verdik. Boşalıb
dağılmış kəndlərimizin “hayıfını”
yağı düşməndən çıxmaq
üçün siyasi yollar arayıb-axtardıq. 5 ildə bu
yolun nə qibləsini tapa bildik, nə də ki,
yönünü. Qeyrətimiz düşmən
tapdağına çevrildiyi bir gündə
özümüz-özümüzə qənim kəsildik. Bu
da nəticəsi? Görəsən ananı öz oğlunun
qatilinə çevirən, dişi-dırnağıyla tikdiyi
evlərdən bir çöp belə götürə bilməyən
didərginlərin bu faciəsi önündə cavabdeh rəhbərlərin
“bu xalqın oğluyam” deməyə mənəvi haqları
varmı?!
Qaradağlı. Fevralın
17-dən 18-nə keçən gecə (1992-ci il) erməni-rus
qoşunu Xocavənd rayonunun Qaradağlı kəndini
işğal etdi. Qaradağlıda 70 nəfər qətlə
yetirilmiş, 84 nəfər isə əsir
götürülmüşdür.İllərdən bəri
ermənilərin yaratdığı dəmir mühasirədə
qalıb, yalnız sakinlərinin qeyrət və iradəsi
gücünə düşmənə təslim olmayan
Qaradağlıda sonuncu faciə gününə, yəni
fevralın 15-nə kimi Milli Ordunun 11 nəfər əsgəri
də daxil olmaqla 114 nəfər adam neçə gün idi
döyüşürdü. Kəndin sakini, elektrik mantyoru
Vidadi Hüseynovun sağ qalıb ayın 18-də
özünü Ağdama çatdırması isə lap
möcüzəyə bənzəyirdi. O, ağır
yaralı olsa da ermənilərin girov götürdükləri
həmkəndlilərinin taleyindən sonsuz
nigarançılıqla dəhşətli faciəni belə
xatırlayır:
– Fevralın 15-də səhər
saat 5.30-da ən müasir silahlarla təchiz edilmiş
düşmənlər hər tərəfdən kəndi
dövrəyə alıb atəşə tutdular. Həmin
gün ermənilər kəndin kənarındakı evlərdə
kəndimizin 3 nəfər dinc sakinini qəddarlıqla qətlə
yetirdilər. İki nəfəri də ölümcül
yaraladılar. Bir neçə evi isə tamamilə
dağıtdılar. Ayın 16-da kəndin parkı və
kolxoz idarəsi tərəfindən açılan atəşlər
nəticəsində 6 nəfər yaralandı, 2 nəfər
öldürüldü. Onlardan biri də kənddəki 11 nəfərlik
Milli Ordunun əsgəri idi. Sonuncu gün – fevralın 17-də
artıq bizim heç birimizdə bir dənə də olsun
patron və başqa döyüş sursatı
qalmamışdı. Neçə gündən bəri
gözlədiyimiz köməkdən bir səs-soraq
çıxmadı... Quduzlaşmış qaniçənlər
sağ qalanların hamısını tərksilah edib
maşınlara yığdılar. Onlar uşaqlara,
qadınlara, qocalara rəhm etmirdilər. Onları xüsusi qəddarlıqla
öldürürdülər. Şəxsən mən 30-dan
artıq adamın qətlə yetirildiyinin şahidi oldum. Kənd
büsbütün yandırılıb məhv edildi. O ki
qaldı mənim bura gəlib çıxmağıma, yəqin
ki, bu, Allahın işidir. Ayın 17-də gündüz saat 3
olardı. Düşmənlər əsir götürdükləri
adamlardan 10 nəfərini Qağarza və Barabutun kəndlərinin
ərazisində güllələnmək üçün
maşından düşürüb sıraya düzdülər.
Mən də onların arasında idim.
Döyüşçülərimizdən biri bizi
ölümün pəncəsindən qurtarmaq ümidi ilə
özündəki yeganə qumbaranı ermənilərin
toplaşdığı istiqamətə atdı. Bir neçə
erməni məhv oldu və özü də daxil olmaqla 9 nəfər
azərbaycanlı həlak oldu. Mən ağır qəlpə
yarası aldım. Düşmənlər mənim də
öldüyümü zənn etdilər. Kolluğun
arasında axşam saat 7-dək havanın qaralmasını
gözlədim. Qaranlıq düşəndən sonra çox
çətinliklə ermənilər yaşayan bir neçə
kəndin ərazisindən keçərək gecə saat 2 radələrində
özümü Abdal-Gülablı kəndinə yetirdim. Kənd
sakinləri məni bura – xəstəxanaya gətirdilər. Erməni
işğalçıları kəndi tar-mar edib
yandırdılar. 30 nəfərdən artıq günahsız
adamı – uşaqları, qadınları və qocaları
öldürdülər. 84 nəfərin arasında
yaralılar, qadınlar, uşaqlar və qocalar var idi.
Onların aqibətini gözlərim önünə gətirdikcə
özümə də ölüm diləyirəm.
Yuxarı Veysəlli.
Fevralın 21-dən 22-nə keçən gecə (1992) ermənilər
rusların zirehli texnikası və piyada dəstələrinin
köməyi ilə Füzuli rayonunun Yuxarı Veysəlli kəndini
gecə saat 3-də mühasirəyə aldılar. Kəndin
100-dən artıq evi yandırılmışdı. 1000 nəfərdən
artıq adam evsiz-eşiksiz qalaraq kəndi tərk etmişdi.
Döyüş zamanı kənd sakinlərindən və onun
müdafiəçilərindən 5 nəfər həlak
olmuş, 20 nəfər yaralanmış, 16 yaşlı
oğlan uşağı itkin düşmüşdür.
Sırxavənd, Baş
Güney, Manik. Erməni silahlı birləşmələri qəsbkarlıq,
işğalçılıq hücumlarını demək
olar ki, hər gün davam etdirirdilər. Martın 14-də
(1992) Ağdərə rayonunun Sırxavənd, Baş
Güney, Orta Güney, Manik kəndləri işğal
edilmiş, kəndlər yandırılmış, əhali
ata-baba yurdlarını tərk etmişdir. Kəndlərin
müdafiəçiləri qeyri-bərabər
döyüşdə davam gətirə bilməmiş, tələfat
verərək kəndləri tərk etmişlər.
Döyüş vaxtı 100 nəfər azərbaycanlı həlak
olmuş, yüzlərlə yaralı olmuşdur. Əsir və
girov düşənlər də vardır.
Xocalı sakinləri nicat
gözləyirdilər
Qarabağ hadisələrinin
ilk günlərindən qeydlər apardığım dəftərin
solmuş vərəqlərini çevirdikcə xəyanət
yüklü o yol gözlərim qarşısında bir daha
canlanır. Yol dünyanın hər yerindən uzanıb gəlirdi.
Bu yolun qarşısını kəsmək üçün
bir yol vardı: yumruqtək birləşmək lazım idi.
Çox təəssüf ki, erməni boğazından
yapışası əllərimiz öz
hülqumlarımızdan yapışdı, yumruq kimi birləşməli
olan əllərimiz şilləyə çevrilib öz
üzümüzə dəydi...
1988-1991-ci illər ərzində
Qarabağ çox ziddiyyətli, mürəkkəb
dövrünü yaşayırdı. Ermənilər silaha
sarılır, terrora qurşanır, yurd yerlərimizi
yandırır, dinc əhalini qırır, güllələyir,
didərgin salırdı. Azərbaycanlılar isə şivən
qopararaq Moskvadan kömək istəyir, qayda-qanun tələb
edirdilər. Daha soruşan yox idi ki, hansı qayda-qanunu istəyirsiniz?
Aydın həqiqət başa düşülmürdü ki,
düşmənə yalnız öz silahı ilə cavab vermək
lazımdır. Orada isə hər şey tərsinə idi.
1990-cı ilin iyul ayında Azərbaycanın o vaxtkı
prezidenti A.Mütəllibov daha “uzaqgörən” bir göstəriş
vermişdi: “Azərbaycanlı və erməni kəndləri
arasında barışıq müqaviləsi bağlansın”.
Boş və mənasız göstərişi əldə dəstəvuz
edən ziyalıların çoxu, əmək
qabaqcılları televiziya ekranlarından, qəzet səhifələrindən,
radio dalğalarından ermənilərə deyirdilər: “Əgər
bir gün də azərbaycanlılar ermənilər kimi
qoşun düzəltsələr, onda nə baş verə bilər?”
Bizcə, əlavə şərhə ehtiyac yoxdur. Xankəndində
nəşr olunan “Sovetski Karabax” qəzeti isə 10 iyul
1990-cı il tarixli sayında yazırdı: “Artsaq iqtisadi
suverenlik qazandı” və bu münasibətlə ermənilər
Moskvanın Dağlıq Qarabağdakı hakimi-mütləqi,
Azərbaycandan SSRİ Ali Sovetinə deputat seçilmiş
A.Volskinin xidmətlərini xüsusi qeyd etdilər. Məgər
Azərbaycanın o vaxtkı rəhbərləri, xüsusilə
A.Mütəllibov bu iqtisadi suverenliyi görmürdü? Əksinə,
onlar ermənilərin iqtisadi suverenlik əldə etmələri
üçün lazım olan bütün sənədlərə
qol da çəkmişdilər. Əvəzində isə
respublikada əsassız dedi-qodular, qarayaxmalar baş alıb
gedirdi.
Bundan başqa, 1991-ci ilin
sentyabr ayında Rusiya prezidenti B.Yeltsin, Qazaxıstan prezidenti
N.Nazarbayev və A.Mütəllibov Xankəndinə gəlmişdilər.
Həmin vaxt bu sətirlərin müəllifi də Xocalı
aeroportunda idi. Aeroport bayramsayağı bəzədilmiş, hər
tərəfdə Rusiyanın, Qazaxıstanın, Ermənistanın
bayraqları asılmışdı. Azərbaycanın
bayrağı gözə dəymirdi. Yüzlərlə erməni
aeroportu mühasirəyə almışdı. Erməni
qızları duz-çörək, şərbətlə
B.Yeltsini, N.Nazarbayevi yüksək səviyyədə
qarşıladılar. Azərbaycan prezidenti A.Mütəllibov
isə bir kənarda büzüşüb qalmışdı.
Ermənilər Xankəndindəki danışıqlara da onu
buraxmadılar. Və azərbaycanlı jurnalistlər
döyülərək təhqirə məruz qaldılar. Bir türk
jurnalistini isə ermənilər girov götürdü. Həmin
vaxt Xankəndində fəaliyyət göstərən
respublika Təşkilat Komitəsi, şəxsən
V.Polyaniçko belə bir rüsvayçı maskarad düzəltmişdi.
Məqsəd isə tamamilə aydın idi. Bu səfərdən
sonra, yəni 1991-ci ilin sentyabrından 1992-ci il fevralın 25-nə
qədər ermənilər Dağlıq Qarabağdakı
bütün Azərbaycan kəndlərini oda qalayaraq
boşaltdılar. Fikir verin, cəmi beş aya Qarabağın
dağlıq hissəsindəki dədə-baba yurdlarından
İmarət Qərvənddən, Kərkicahandan, Cəmillidən,
Meşəlidən, Malıbəylidən, Quşçulardan,
Kosalardan, Nəbilərdən, Xocalıdan və başqa kəndlərdən
qovulan dinc əhalinin harayını respublikanın o vaxtkı
rəhbərləri eşitmədilər. Daha doğrusu,
heç bu həvəsdə olmadılar da.
Qarqar çayının
sağ və sol sahilləri boyunca yerləşmiş Xocalı
elə bir strateji əhəmiyyətə malik idi ki, ermənilərin
hava və quru yolları buradan keçirdi. Xocalı erməni
kəndlərinin əhatəsində qalsa da Əsgəranla
Xankəndi arasında məğrur dayanmışdı.
Xocalıya görə ermənilər çox əl-qol
aça bilmirdilər. Dinc əhali isə bütün məhrumiyyətlərə
dözürdü. Həmin vaxt “Qarabağ” qəzeti
redaksiyasının əməkdaşları müharibə
şəraitində yaşayıb-işləsələr də,
yaxınlaşmaqda olan təhlükəni dəqiq, obyektiv, qərəzsiz
şəkildə respublikaya çatdırırdılar. Lakin
onları nə eşidən var idi, nə də ki sözlərinə
məhəl qoyan. Belə bir vaxtda respublikanın bütün
var-dövləti Xocalıya daşınmışdı.
Tikinti materiallarından tutmuş qiymətli avadanlıqlara qədər.
Dəfələrlə müşahidə etmişdik ki, ermənilər
Xocalıya üz tutmuş bu maşın karvanlarına,
yük qatarlarına dəyib toxunmurdular. Onların məqsədi
aydın idi. Daşınan bütün var-dövlət 1992-ci
ildə onların özünə qaldı.
Və yaxud respublika Təşkilat
Komitəsi Xankəndində erməni və Azərbaycan
rayonları rəhbərlərinin tez-tez iclaslarını
keçirirdi. Rus jurnalistlərinin müsəlmanlar içərisində
bir xaçpərəst adlandırdıqları
V.Polyaniçko həmişə ilk sözü azərbaycanlılara
verirdi. Ayrı-ayrı kəndlərin, rayonların nümayəndələri
çıxış edirdilər. Viktor Petroviç isə
çox dəqiqliklə soruşurdu ki, nə iş görə
bilirsiniz? Həmin adamlar da başlayırdı ki, filan kənddə,
filan yerdə səngərlər qazmışıq,
üç avtomat əldə etmişik, filan yerdə post
qurmuşuq, filan yerdə bir top quraşdırmışıq
və s. və i.a. Bəli, müsəlmanların xaçpərəst
dostu adamları qəsdən danışdırırdı ki,
həmin məlumatlar aşkarlansın. Bəs, ermənilər
öz çıxışlarında nə deyirdi: biz
mühasirədəyik, ərzaq çatmır, azərbaycanlılar
bizi qırıb çatır, silah-sursatımız yoxdur. Azərbaycan
dövləti bizi müdafiə edə bilmir.
Həmin iclasların birindən
sonra olmuş hadisəni olduğu kimi sizə çatdırıram:
“Aprelin 1-dən 2-sinə keçən gecə saat 3 radələrində
Əsgəran rayonunun Daşbulaq kəndindən 10 nəfər
erməni Xocalı şəhərinə basqın etmişdir.
Basqın zamanı ermənilər raketlərdən,
qumbaraatanlardan istifadə etmişdir. Nəticədə xeyli ev
dağıdılmış, bir neçə evə isə od
vurulmuşdur. İnsan tələfatı var” (1991-ci il). Bəli,
bu da həmin iclasların azərbaycanlılara dəyən
xeyri.
Xocalı 1991-ci ilin əvvəllərindən
hər tərəfdən mühasirəyə
alınmışdı. Yollar tamam kəsilmişdi, ümid
qalmışdı hava yoluna. Onu da ermənilər hər vaxt
atəşə tuta bilərdilər. Bir neçə vertolyot
və “AN-2” təyyarəsi ermənilər tərəfindən
vurularaq məhv edilmişdi. Həmin illər ərzində Azərbaycan
hökuməti tərəfindən Xocalının müdafiəsi
üçün heç bir iş görülməmişdi.
Və bütün rəhbərlər də bilirdi ki,
Xocalı mühasirədə qalıb. Fevralın 25-də isə
Xocalının ölüm hökmü oxundu. Keçmiş
SSRİ-nin 366-cı motoatıcı alayı və erməni hərbi
birləşmələri Xocalıya divan tutdu. Əsl
soyqırım törədildi: 613 nəfər həlak oldu,
1275 nəfər əsir düşdü, 8 ailə
büsbütün məhv edildi, 200 nəfərdən
artıq insan müxtəlif dərəcəli əlil oldu.
Faciənin miqyası böyük və dəhşətli idi.
Ağdam istiqamətində düzlər, dərələr,
dağlar günahsız insanların meyitləri ilə dolu
idi. Körpədən tutmuş qocaya qədər
hamısı süngülərdən keçirilmişdi. Və
həmin dəhşətli mənzərə mərhum jurnalist
Çingiz Mustafayevin çəkdiyi lentlərdə öz əksini
tapa bilib. O vaxt hamını bir sual
düşündürürdü: Xocalını xilas etmək
mümkün idimi? Bu sualın üstündə isə baş
sındırmaq lazım deyil. Sadə bir cavabı var, bəli,
mümkün idi.
(Ardı var)
Salman ALIOĞLU
525-ci qəzet.- 2010.- 27 yanvar.- S.4.