Xocalı faciəsinə gedən yol
Sadə, dinc əhalinin taleyi
üzərində hakimiyyət uğrunda gedən oyunlar
qurulmasaydı, o iyrənc, şərəfsiz oyundan da uduzan
prisipi olmasaydı, Xocalını xilas etmək mümkün
idi. Fevralın 26-sı gününü yaxşı
xatırlayıram. Soyuq, sazaqlı bir qış günü
idi. Şelli dağında ölümün, qəsdin, tələnin
pəncəsindən qurtulan uşaqları, qadınları,
qocaları qarşılayıb xəstəxanaya yola
salırdıq. Yaralarından qan şoralanan bu insanlar bir-birindən,
ana baladan, ata oğuldan, qardaş bacıdan ayrı
düşmüşdü. Onları ovundurmaq mümkün
deyildi. Həmin vaxt Ağdam özünümüdafiə dəstələri
ermənilərə qarşı döyüşərək
qan bahasına meyitləri düzlərdən, meşələrdən
toplayırdı. Xocalı sakinlərini
danışdırır, onların necə
qurtulduqlarını soruşurduq. Bu adamlar öz müsibətlərini,
faciələrini göz yaşları içərisində
danışsalar da söhbətlərinin sonunda deyirdilər:
bizim bu sözlərimizi bütün Azərbaycana
çatdırın. Respublika rəhbərlərini lənətləyirik.
Onlar satqın və namərddirlər. Bizi,
torpaqlarımızı qumara qoyublar. Ona görə də Heydər
Əliyev Azərbaycana gəlməlidir. Gəlsin, bu xalqı
qırğından, müsibətdən, zülmdən xilas
etsin. Nicatımız yalnız onadır! 1992-ci ilin
qarlı-çovğunlu fevral günündə
soyqırımın dəhşətini gözləri ilə
görmüş insanlar elə o vaxtdan Heydər Əliyevə
arxalanırdılar, ondan imdad, kömək gözləyirdilər.
Onu da qeyd edim ki, həmin vaxt Heydər Əliyevin adını
belə çəkmək çox qorxulu idi. Lakin bu çarəsiz,
aldadılmış, təhqir edilmiş insanlar tələb
edirdilər. Sadə adamlar böyük bir həqiqəti
başa düşürdülər. Çox təəssüf
ki, respublikanın o vaxtkı rəhbərləri, deputatlar,
ziyalıların böyük əksəriyyəti, Azərbaycan
Xalq Cəbhəsi bu aydın həqiqəti başa
düşmək istəmirdilər. Məhz elə buna görə
də Azərbaycan torpaqlarının 20 faizi itirildi, uduzan, məğlub
edilən tərəfə çevrildik. Yaxşı yadımdadır,
yevralın 27-də Ağdamın mərkəzi meydanında
mitinq keçirilirdi. Dövlət, hökumət rəhbərlərinə
etimadsızlıq göstərildi və həmin mitinqdə
Xocalıdan bir qadın çıxış edərək dedi
ki, biz Respublikanın vətəndaşlığından
imtina edirik. Əgər Heydər Əliyev Azərbaycana
qayıtsa biz bu fikrimizdən daşına bilərik. Mən
Heydər Əliyevi tələb edirəm! Bu vaxt bütün
mitinq iştirakçıları “Heydər Əliyev” deyərək
qışqırmağa başladılar. Bəli, bu insanlar
haray çəkirdilər, haqq-ədalət tələb
edirdilər. Mitinq təşkilatçıları belə
olacağını gözləmədikləri
üçün tez-tələsik aradan çıxdılar. Bəli,
1992-ci ilin adi bir həqiqəti idi...
1988-ci ilin fevral ayından
Stepanakertdə (Xankəndi) ermənilərin mitinqləri
başlandı. Sanki sehrli dirijor çubuğu ilə idarə
olunan mitinqlər sakit məcrada davam edir, ermənilər
müxtəlif tələblər irəli sürürdülər.
Bu tələblərin içərisində isə
Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi.
Buna baxmayaraq, Azərbaycanın o vaxtkı rəhbərliyi bu
mitinqlərin sosial-iqtisadi, mədəni tələblərlə
bağlı olduğunu bildirir, həqiqəti ört-basdır
edirdilər. Keçmiş sovet hökuməti isə
Dağlıq Qarabağın sosial-iqtisadi problemlərinin həll
edilməsi ilə bağlı qərar qəbul etməklə
kifayətlənirdi. Qərarın mürəkkəbi
qurumamış Azərbaycanın var-dövləti Stepanakertə
daşınmağa başlandı. Ermənilərə də
elə bu lazım idi...
1988-1991-ci illər ərzində
Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli,
mürəkkəb vəziyyət yranmışdı. Öz dədə-baba
yurdlarından – Ermənistandan zorla, vəhşiliklə qovulan
azərbaycanlıların harayını eşidən yox idi.
Ermənilər isə kütləvi şəkildə
silahlanır, vilayətdə yaşayan azərbaycanlılara
divan tutur, yurd-yuvalarından didərgin salırdılar.
Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə
yaşayıblar. Hadisələr başlayandan sonra məlum
oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb. Hələ
hadisələrə qədər erməni daşnaklar 230-a
yaxın azərbaycanlı evini yandırmış, 200-dən
artıq evi isə zəbt etmişdilər.
Unutqanlıq isə həmişə
yeni faciələrə yol açır. O vaxt Yerevanda nəşr
olunan “Kommunist” qəzeti belə bir informasiya dərc etmişdi
ki, erməni özünümüdafiə şurasının
sədri A.Arturyanın və həmin şuranın
üzvü A.Mkrtıçyan Şuşa rayonunu Verdazor kəndinə
səfərdən sonra Yerevana qayıdaraq bütün erməniləri
Dağlıq Qarabağa səfərbərliyə səsləyiblər.
Və təbii ki, bu çağırış cavabsız qalmadı.
Erməni daşnak-könüllülərin Qarabağa
axını başladı və Azərbaycanın bu regionu
qaynar qazana çevrildi.
Ermənilərin azərbaycanlılara
qarşı törətdikləri Xocalı
soyqırımının üstündən uzun illər
keçir. Hələ də bu qanlı faciənin üstü
açılmayan, gizli qalmış məqamları
çoxdur. Bir çox suallara hələ də cavab
tapılmayıb. Hələ yüzlərlə insanın
taleyindən heç bir soraq yoxdur.
Şəhidlər və şahidlər
Aydın görünən isə
budur ki, Azərbaycanın o vaxtkı rəhbərləri
insanların faciəsinin əsl günahkarlarıdır,
onların əlləri öz soydaşlarının qanına
batıb. Dəhşətli olanı budur ki, günahsız
insanların qanı üzərində hakimiyyət uğrunda
dava gedib.
O vaxt hakimiyyətdəkilər
Xocalı sakinlərini aldadır, onlara yalan vədlər
verirdilər. Düşmən isə qapının
ağzını kəsmişdi.
Xocalı ən mühüm
strateji bir yerdə yerləşmişdi. Çox təəssüf
ki, bu adi həqiqəti unudan naşı, səriştəsiz,
manqut rəhbərlər əhalinin mühasirədən
çıxmasına heç bir cəhd etmədilər.
Bu qanlı hadisələrin
şahidlərini dinlədikcə ürək
parçalanır, damarlarda qan donur.
Elşən Abışov
Xocalı sakinidir. On yeddi il bundan əvvəl törədilmiş
faciəni ən xırda detalına qədər
xatırlayır:
– Ərzaq, silah-sursat, dava-dərman
tükənmişdi. Kəndin bütün kişiləri
növbə ilə postlarda dayanırdıq.
İki-üç nəfərə bir avtomat
düşürdü.
Həmin gün evdəydim,
qardaşım Elşad isə postda. Gecə möhkəm
atışma başladı. Mən evdən çıxıb
posta tərəf getdim. Qardaşım Elşadla yolda
rastlaşdıq. Qan-tər içində dedi:
– Ermənilər aeroportu
tutblar, kəndə tərəf gəlirlər, ata-anamı
götür gəlin çökəyə.
Onları götürüb
geri qayıdanda artıq səhər açılırdı.
Çökək deyilən yerdə 80 nəfərə
yaxın adam vardı. Qərara gəldik ki, yeni
salınmış qəsəbədəki beşmərtəbəli
binaya gedək. Çünki artıq hava
işıqlaşmışdı. Binada gözlədik.
Qardaşım və kəndçimiz Natiq camaata keşik
çəkirdilər. Həmin vaxt ermənilər snayperlə
qardaşımı vurdular. Camaat pərən-pərən
düşdü. Atamı itirdim, anamı isə
götürüb bir neçə nəfərlə çaya
tərəf getməyə məcbur olduq. Artıq axşam
düşürdü. Bir neçə nəfərlə
çayı keçərək meşəyə girə
bildik. Dörd əmim uşağı, bibim və dörd nəfər
kənd sakinini beşmərtəbə tərəfdə girov
götürdülər. Meşədə bir neçə dəfə
pusquya düşdük. Yelmar kişini öldürdülər,
oğlu Zahid isə itkin düşdü. Yalnız səhəri
gün saat 11 radələrində Ağdama çatdıq.
Vəliyyəddin Quliyevin
yaşı 60-ı haqlayıb, 1989-cu ildə ermənilər
Daşbulaqdan onları qovduqdan sonra Xocalıda
yaşayıblar. Vəliyəddin kişinin dediklərindən:
– Bizi çox aldatdılar:
kömək gəlir, yol açılacaq. Amma nə kömək
gəldi, nə də yol açıldı. Oğlum Natiq
Bakıda Neft və Kimya İnstitutunda əyani oxuyurdu. O, institutu
doğma kəndin soyuq səngəri ilə dəyişdi.
Fevralın 25-də
eşitdim ki, Ağdam tərəfdən üç nəfər
Xocalıya gəlib. Gəldim poçtun qabağına.
Hamı ümidini yeganə əlaqə vasitəsi olan telefona
bağlamışdı. Gördüm ki, Ağdamdan gələnlər
öz kəndlilərimizdir. Məlum oldu ki, Xocalıya
heç bir kömək olmayacaq. Axşamdan bir az
keçmiş atışma başlandı. Oğlum Natiqin
arxasınca gedəndə Xankəndi tərəfdən
tankların gəldiyini gördüm. Oğlumu tapa bilmədim.
Atışma isə şiddətlənirdi, aeroport alova
bürünmüşdü. Geriyə qayıtmağa məcbur
oldum. 1988-ci ildə Xocalıya Ermənistandan pənah gətirmiş
bir ailəni ermənilər diri-diri yandırdılar. Əlimdə
çomaqdan başqa heç nəyim yox idi. Onlara kömək
edə bilmədim...
Kövrəlir, göz
yaşlarını əllərinin arxası ilə silib
köksünü ötürür:
– İstədim evimizə tərəf
gedim, mümkün olmadı. Kənd alova
bürünmüşdü. Mərmi, güllə səsindən
qulaq tutulurdu. Fevralın 26-da gecə saat 3-də kənddən
çıxdım.
Meşədə bir neçə
dəstə qadına rast gəldim. Əsgəranın
tuşunda yenə baş götürüb qaçan
xocalılarla rastlaşdıq. Onlardan çoxu
yaralanmışdı. Qar, şaxta irəli getməyə imkan
vermirdi. Qarşıma çıxan hər kəsdən
oğlumu soraqlayırdım. Gördüm deyən olmadı.
Yaralılar və qadınları çox böyük çətinliklə
Şelli kəndinə gətirə bildik. Yenidən geriyə
qayıtdım. Hər tərəf cəsədlərlə
dolu idi. Gördüm ki, meyidlərin arasında bir nəfər
tərpənir. Onu plaşımın arasına qoyub
sürüyə-sürüyə öz postumuza gətirə
bildim.
Xocalı faciəsi zamanı 10 yaşı olan Ədalət
hadisəni belə xatırlayır:
– Fevralın 25-i idi. Gecə
ermənilər Xocalıya hücum etdilər. Hərəmiz
bir tərəfə qaçdıq. Evimizdən heç nə
götürə bilmədik. Atam, anam, qardaşım və mən
meşəyə tərəf getdik. Bizdən başqa
çoxlu adam da var idi. Hamı qışqırır,
qadınlar, uşaqlar ağlaşırdı. Üç
gün meşədə qaldıq. Yeməyə heç nə
götürə bilməmişdik. Acından qar yeyirdik.
Yanımızda bir neçə nəfər soyuqdan donub
öldü. Meşədə ermənilərin mühasirəsində
qalmışdıq. Qəflətən ermənilər bizi
gülləbaran etdilər. Atam və anam öldü.
Onların ölümünə heç cür dözə
bilmirdim. Hər ikisinin meyidi qarın üstündə
qalmışdı. Qardaşımla birlikdə
ağlaşırdıq, gücümüz
çatmırdı ki, ata və anamın meyidini apara bilək.
Ağdamdan Milli Ordu gəlib bizi xilas etdi. Ağdama gəldik və
burada xalamı tapdıq. Az sonra isə ata-anamın meyidini gətirdilər
və Bərdə rayonunda dəfn etdilər... İndi yetim
qalmışıq.
Xocalı sakini Kamil Hüseynov o dəhşətli
günləri belə xatırlayır:
– Ermənilər Xocalıya
girəndən sonra hər tərəfi oda qalayır,
qarşılarına çıxan azərbaycanlıları
sorğu-sualsız güllələyirdilər. Fevralın
26-da gecə saat 10-11 radələrində meşə ilə
Abdal-Gülablı tərəfə yol aldıq. Qocalarda,
uşaqlarda, qadınlarda taqət qalmamışdı. Vahimə,
soyuq və aclıq bizi heydən salmışdı. Şərqiyyə
adlı qadın və bir yaralı əsgər gözlərimin
qarşısında keçindi. Ermənilər yaşayan Dəhraz
kəndi yaxınlığında mühasirəyə
düşdük. Və bu zaman 5-6 nəfər həlak oldu.
İki gün bizi Dəhrazda saxladılar. Girov
götürülən 12 nəfər cavanı bir qədər
aralıda güllələdilər. 35 gün erməni əsirliyində
ən dəhşətli, işgəncəli anlar
yaşadıqdan sonra Qırmızı Xaç tərəfindən
əsirlikdən azad olundum.
Həmin vaxt 15 yaşlı
Salman Qasımov anası, qardaşı və qohumları ilə
birlikdə 12 gün ac-susuz meşələrdə
qalmış, dəhşətli anlar yaşamışdır.
Erməni vəhşiliyinin iç üzü budur! Türk
qanına susayan erməni daşnaklarının törətdikləri
soyqırım, bu dəhşətli faciə Xocalının
salamat qalan sakinlərinin gözləri qarşısında
baş verib.
Şəfiqə Həsənova sağ
qaldığına möcüzə kimi baxır:
– Fevralın 25-də kşilərin
hamısı postda idi. Evimizdəki təklülə tüfəngə
patron qoyub elə pal-paltarlı yerimə uzandım. Gecə
saat 11 olardı. Atışma başladı. Tez qalxıb
qardaşım uşağı Rəcəbi də
götürüb posta tərəf qaçdım. Postdan bir qədər
aralıda çökək var idi. Camaat bura
yığışmışdı. Qərar gəldilər
ki, meşəyə tərəf gedək. Çayı
keçəndə ermənilər bizi atəşə
tutdular, hamı pərən-pərən düşdü. Anam
Növrəstə, qardaşımın həyat yoldaşı
Mehriban, onun uşaqları Rəcəb, Şəbnəm və
Məhzərdən aralı düşdüm, – deyir və
göz yaşlarını saxlaya bilmir...
... Doğmalarımı həmişəlik
itirdim. Soyuq bıçaq kimi kəsirdi. Ayaqlarımızı
şaxta vurmuşdu. Üst paltarlarımızı cıraraq
ayaqlarımıza sarısaq da xeyri olmadı.
Ermənilər gülləni
üstümüzə yağış kimi
yağdırırdılar. Ölənlərin,
yaralananların sayını itirmişdik. Bu müsibətə
dözmək mümkün deyildi...
Tahir Bəxtiyarov da öz gördüklərini
danışır:
– Postdan çıxanda
gördüm ki, Boz dağın yamacı tanklarla, BMP-lərlə
doludur. Ordan poçta gəldim. Ratsiyada ermənilər deyirdi
ki, axırınız çatıb, sizi qıracağıq.
Dayana bilməyib evə gəldim. Axşam Əsgəran tərəfdən
bir fişəng atıldı, heç yarım saat keçməmiş
kəndimiz bir neçə istiqamətdən güclü atəşə
tutuldu. Kəndin kənarına yığışdıq. Təxminən
350 nəfərə yaxın adam vardı. Qadınları,
qocaları, uşaqları dövrəyə alaraq
çayı keçdik. Bu vaxt ermənilər bizi atəşə
tutdular. Hərə bir tərəfə qaçmağa
başladı. Ara sakitləşən kimi yenə bir yerə
toplaşdıq. Ancaq adamların sayı xeyli
azalmışdı. Meyitləri götürməyə
heç bir imkan tapmadıq. Qadınların ayaqlarını
şaxta vurmuşdu, yeriyə bilmirdilər. Qar-çovğun
getdikcə güclənirdi. Səhərə yaxın bir kəndə
çatdıq. Gördük ki, bu kənddə ermənilərdir.
Azıb başqa istiqamətə gəlmişik. Yenidən
geriyə qayıtdıq. Ermənilər bizi
görmüşdülər. Atəş açıb bir
neçə nəfəri də burda öldürdülər.
Artıq fevralın 26-sı idi. Gündüz xeyli yol gedə
bildik. Yenidən pusquya düşdük və böyük bir
xəndəyə doluşduq. 350 adamdan 27-si
qalmışdı. İki gün meşə ilə gedəndən
sonra gecə bir qayanın üstünə çatdıq. Bura
Abdal-Gülablı kəndi idi. Bizi qarşılayıb kəndə
apardılar, çay-çörək verdilər. Bu tək
xocalıların yox, bütün Azərbaycanın ürəyinə
vurulmuş bir dağdır, onun intiqamını,
qisasını ermənilərdən almasaq, yaşamaq bizə
haram olar.
Həmin gün gecədən
xeyli keçmiş Xocalıda vəziyyətə dair rəsmi
məlumat televiziya və radio ilə oxundu. Belə məlumat
verildi ki, hadisələr zamanı guya iki nəfər azərbaycanlı
öldürülüb. Bax, bu zaman Xocalı
soyqırımını dünyaya çatdırmağa
çox ciddi maneçilik törədildi. Əhali arasında
çaşqınlıq yarandı. Bəlkə də
bütün bunlar qəsdən edilirdi. Çünki
qarşıda hələ Şuşa, Laçın, Kəlbəcər,
Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli
rayonlarının işğalı dayanmışdı!
Xocalı
soyqırımına siyasi qiymət verən və bu barədə
dünyanın ən yüksək tribunalarından
danışan ulu öndərimiz Heydər Əliyev Xocalı
sakinləri ilə görüşündə demişdir:
“...biz toplaşıb Xocalı faciəsinin cavabını verək,
şəhidlərin qanının yerdə qalmaması
gününü görək. Azərbaycanın ərazi
bütövlüyünü təmin edək. Müstəqil
Azərbaycanın hüdudlarını tamamilə bərpa edək.
İnanıram ki, Azərbaycan xalqı bu qüdrətə
malikdir”.
Bir daha yada salaq!
Xocalı faciəsi zamanı
böyük bir yaşayış məntəqəsi yer
üzündən silinib, azərbaycanlılara qarşı
amansız soyqırımı törədilib: 613 nəfər
qətlə yetirilib, 1275 nəfər əsir
götürülüb. 200 nəfərdən artıq insan
müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər
buna görə cavab verməlidirlər. Əgər bunu da edə
bilməsək, gələcək nəsillər bizi heç
vaxt bağışlamayacaq!
P.S. Yazı Mətbuat Şurası
və “Xocalı Soyqırımını Tanıtma” İctimai
Birliyinin elan etdiyi müsabiqəyə təqdim olunur.
Salman ALIOĞLU
525-ci qəzet.- 2010.- 28 yanvar.- S.6.