Zakir Məmmədov və Sührəvərdi fəlsəfəsi

 

Azərbaycan elminin içində düzünə yol gələn alimlərdən biri kimi Zakir Məmmədovun adını xatırlamamaq ədalətsizlik olardı. İctimai-siyasi həyatın qələbəlikləri içində görünməsə də alim adının ağırlığı altında vicdanla duruş gətirən, öz mövzusunu və üslubunu tapmış, titul və dərəcələrini söyləmədən hamının qəbul etdiyi bir filosof idi Zakir Məmmədov. Həyatı boyu üzülüşə bilmədiyi yoxsulluğu elmdə tapdığı zənginliklə tarazlaya bilmişdi. Eşitdiyimə görə, neçə illər bir qrupda təhsil aldığı Əbülfəz bəy prezident olanda bir dəfə qəbuluna getmiş və başqaları kimi fürsəti dəyərləndirərək özünə ev yox, illərdir tədqiq etdiyi Azərbaycan filosofu Bəhmənyara yubiley keçirməyi xahiş etmişdi. Özünə ev yox, Bəhmənyara yubiley keçirməyi xahiş edən və bir-birini əvəzləyən qış fəslinin acımasız soyuqlarını əvəzləyə bilmədiyi köhnəlmiş plaşı ilə qarşılayan Azərbaycan alimi prezidentdən bir qədər incimişdi. Yenə də özünə görə deyil, Bəhmənyarın yubileyini keçirməyi ləngitməyə görə. Təbii ki, o zaman siyasi hadisələrin gərginliyi içində Bəhmənyarın yada düşməsinin asan olmadığı gerçəyini də unutmamalıyıq.

Sonradan elmi işimin rəhbəri olması ilə tanımağa başladığım bu şəxsiyyətin öz işinin fədaisi olduğunu sezməmək mümkün deyildi. Elmi araşdırmalar mühitində kiminsə qolundan tutub azərbaycansayağı irəli çəkmə ənənəsi yayğındır və müxtəlif elmi titulların daşıyıcılarının cəmiyyət tərəfindən qiymətləndirilməsində bu gerçəklər dedi-qodu səviyyəsində də olsa dilə gətirilir. Ancaq və ancaq elmin adamı olan, məntiqi, bilgisi və elmi vicdanı kimsədə tərəddüd yaratmayan bir azlığın nümayəndəsiydi Zakir müəllim. Bu şəxsiyyətlər haqqı çatanı zamanında ala bilməyən, haqsızlarla əsəb savaşında, məişət qayğıları burulğanında zəif vücudu ilə müqavimət göstərməyə çalışan və sonunda Sührəverdinin də təsvir etdiyi işıq heykəllərinə çevrilənlər kimi yaddaşımızda yer alırlar. İndi Allahın rəhmətinə qovuşan Zakir Məmmədovun irsi Orta Əsrlər Azərbaycanında mövcud olan ictimai-fəlsəfi fikrin anlaşılmasında əvəzolunmaz bir xəzinə kimi qarşımıza çıxır. O ərəb dilinin, ədəbiyyatının, tarixinin ən qabiliyyətli tədqiqatçılarından sayılırdı. Orijinal mətnlər üzərində çalışma bacarığı ilə Orta Əsrlər Şərq fəlsəfəsinin dəyərli nümunələrinin təqdiminə və tədqiqinə böyük əmək sərf etmişdir.

Bu qiymətləndirməni “Şihabəddin Yəhya Sührəvərdi (Həyatı, yaradıcılığı və dünyagörüşü)” kitabı barədə söyləməyə ciddi əsasımız var. Zakir Məmmədovun irsini sətir-sətir qoruyan, toparlayan qızı, fəlsəfə doktoru Aytək Məmmədovanın hazırladığı bu kitab Azərbaycan fəlsəfə tarixi üçün görülən əhəmiyyətli çalışmalardan biridir. Zakir Məmmədov çoxşaxəli tədqiqatlarında iki nəhəng Azərbaycan filosofunun irsinə xüsusi diqqət yetirmişdir. 1983-cü ildə nəşr olunmuş “Bəhmənyarın fəlsəfəsi” əsəri üslub və mənbələrin yüksək səviyyədə təqdimatı və təhlili baxımından bu sahədə örnək göstəriləcək nümunələrdən biri sayıla bilər.

Tarixdən bəllidir ki, Azərbaycan coğrafiyasında İslam məzhəbləri ilə yanaşı Xristianlıq, Xürrəmilik, müxtəlif təsəvvüf cərəyanları, İşraqilik, Panteist cərəyanlar mövcud olmuş və orta əsr tarixi İslamla anti-İslam elementlər arasında mübarizə və mübahisə faktları ilə zəngindir.

Şərqdə fəlsəfənin inkişafının qarşısının alınmasında daha çox Qəzzalinin “Fəlsəfənin təkzibi” əsərinin rolu önə çəkilir. Orta əsrlər əslində İslam düşüncə sistemi ilə yaradılış ziddiyyətini önə çəkən, ehkamların dağılmasına qarşı sərt üslubda mübarizə aparan görüşlərin amansız toqquşması tarixi kimi də təqdim olunur. Çox vaxt bunu İslam ehkamlarının mürtəce mahiyyəti kimi təqdim etməyə çalışsalar da, əsl həqiqətdə İslamın varlıq haqqında dolğun sistemə sahib olması bu qarşıdurmanı qazanmağa daha əlverişli imkan yaradırdı. Burada nöqsan odur ki, bir sıra hallarda ehkamçılar mübahisəni sözlə deyil, dar ağacı ilə kəsirdilər. Dövrün kampaniyaçılıq aksiyalarının qurbanlarının çox zaman fərqli fikirlər, dünyagörüşlər ortaya qoyan filosofların olduğu faktları da vardır. Bəzi təhlillərə görə Zərdüşt fəlsəfəsini ölümsüzləşdirmək istəyən Fars filosofları İslamın sağlam məntiqinə qarşı dəlillər formalaşdıra bilmədiklərinə görə, İslamın içində öz keçmiş inanclarını, xüsusilə də ruhun emanasiyasını formaya salaraq fərqliliklərini qoruya bilirdilər. Xüsusi İslam məzhəbi yaratdılar, İslamdan qaynaqlanan, ancaq onun təməl mahiyyətinə zidd olan ağlasığmaz təlimlər ortaya qoydular.

 Ağlabatan iddialara görə, Sührəverdi də Allahın dərgahına yüksəldiyini, Nur əl-Ənvərdən işıq payı aldığını iddia edərək ehkamların xaricinə çıxmaq haqına sahib olduğunu düşünürdü. Ehkamçılar üçün isə bunlar Küfür kateqoriyasının içində yer alan fikirlər sayılırdı və bunun diskussiyalara açıq tərəfi tanınmırdı.

Sührəverdiyə görə, müşahidə və duyğular sahəsində insan aldana bilər. Həqiqəti bilmək üçün əsas fikirdir. Sührəverdi bunun kəşflə mümkünlüyünü görürdü.

Sührəverdi varlığın mənbəyi və mənşəyi məsələsinin peripatetik məzmununu, onun emanasiya nəzəriyyəsini gözdən keçirmiş, bu səhədə yeni işraqilik fəlsəfəsinə məxsus fikirlər irəli sürmüşdür. Filosofun varlıq təlimində bütün mövcud şeylər öz başlanğıcını vacib varlıqdan, yaxud da işıqlar işığından almışdır.

O Şərq peripatetiklərinin yolu ilə gedərək göstərir ki, Vacib varlıqdan, yəni ilk səbəbdən törənən mümkün varlıq, yəni ilk nəticə də vahiddir.

O “İşraq fəlsəfəsi” kitabında İşıqlar işığının sayəsində vücuda gələn ilk varlığın vahidliyi qaranlıq deyil, mücərrəd işıq olması haqqında müddəa irəli sürür. O. İşıqlar işığından vahid mücərrəd işığın çıxdığını sübut edən müddəa üzərində geniş dayanmışdır. Vacib varlıqdan çıxan ilk nəticə nə maddi ola bilər, nə də maddəni idarə edən substansiyadır. Bunu o, əql adlandırır.

İşraqilik fəlsəfəsi ilə tanışlıqdan sonra yəqin etmək olur ki, babəkilik hərəkatının ideologiyasında mühüm anlayışı ifadə edən “xürrə” termini də İşıqlar işığından çıxan mücərrəd işığa uyğun gələn bir məna daşıyır. Sührəverdi, məcusiliklə, xüsusən zərdüştiliklə bilavasitə bağlı “xürrə” sözünü “mənəvi işıq” mənasında işlətmişdir. Təsadüfi deyil ki, onun davamçısı Qütbəddin Şirazi yazır: “Zərdüştün dediyi kimi, “xürrə” Allah-təalanın mahiyyətindən çıxan işıqdır.”

“İşıq heykəlləri”, “Filosofların görüşləri” traktatı, “Eşqin həqiqəti yaxud aşiqlərin munisi”, “İşıqnamə”, “Ürəklər bağı”, “İşraq fəlsəfəsi” kimi əsərləri, onlarla hekayətləri ilə tanınan Sührəverdi həm peripatetik, həm sufi-fəlsəfi, həm də işraqi traktatlarının müəllifi olmuşdur. Maraqlı cəhət orasındadır ki, “Şeyx əl-İşraq” və ya “Qətlə yetirilmiş filosof” kimi tanınan Sührəvərdi öz fəlsəfi təlimini qalıcı bir hərəkata çevirə bilməmişdir.

Bu əsərdə Zakir Məmmədov Sührəvərdi irsinin olduğu kimi təqdimatını vermişdir. Sührəvərdinin fikirləri, görüşləri maraqlıdır, Yunan filosoflarının görüşlərinə yaxın olanları da, Zərdüşt təliminin bəzi məqamlarından qidalananları da var, orijinal sayılan baxışları da var. Zakir Məmmədovun əsas işi bu fikirlərə rəğbət ya inkar üzərində rəy yaratmaq olmamışdır. Özünün qeyd etdiyi kimi; “Xristian aləmində yalnız dini fəlsəfə (sxolastika və mistika) yayıldığı halda Azərbaycanda orta əsrlərdə elmi-fəlsəfi təlimlər olub, filosoflar olub, fəlsəfi məktəblər olub və onların içində Bəhmənyar və Sührəvərdinin xüsusi yeri var” demək üçün bu tədqiqata böyük əhəmiyyət verirdi.

Bilinən bir gerçəkdir ki, Sührəvərdini bəziləri, zindiq və dinsiz sayırdı, bəziləri onun mömünlüyünə inanırdı. Hətta onun şagirdlərinin içində öz müəlliminin peyğəmbər olduğunu iddia edənlər də vardı. Fikrimizcə, Sührəvərdinin fəlsəfəsi, xüsusilə də varlıq haqqında təlimi İslam qarşı formalaşan bir sıra cərəyanların mənbəyi kimi də dəyərləndirilə bilər.

Sührəvərdinin peripatetizmə, sufiliyə, işraqiliyə və başqa mövzulara aid əsərlərinın Azərbaycan Türkcəsinə çevrilməsi müsbət hadisə sayılmalıdır. Bu sahədə Zakir Məmmədovun xidməti xüsusi olaraq qeyd olunmalıdır.

2009-cu ilin nəşrləri içində fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü olmuş Zakir Məmmədovun “Şihabəddin Yəhya Sührəvərdi (Həyatı, yaradıcılığı və dünyagörüşü)” kitabının elmi mühitimiz üçün böyük qazanc olduğuna, habelə tədqiqatçılar üçün əvəzolunmaz mənbə rolunu oynayacağına inamımız böyükdür. Bu həm də mərhum filosof Zakir Məmmədovun zəngin irsinin yaşadılması baxımından bir qədirşünaslıq addımı sayıla bilər.

 

 

Fazil MUSTAFA,

Millət vəkili,

fəlsəfə doktoru

 

525-ci qəzet.- 2010.- 28 yanvar.- S.4.