Göylərdən gələn gəlin
Bir vaxtlar, dünyanın düz vaxtlarında, bəxtəvər çağlarında uca dağlar başında, Laçında, Şamkənddə bir gözəl vardı. Adı Səma idi. Evi, ailəsi, həyat yoldaşı, oğlu, qızı...
Qarabağ müharibəsi yüzlərlə, minlərlə ailə kimi, bu ailənin də tifaqını dağıtdı, evindən-eşiyindən didərgin saldı. Səma yaşyarımlıq körpəsi ilə girov düşdü.
Ancaq Həcər qeyrətli bu dağlar gözəli düşmən qarşısında əyilmədi, sınmadı, təslim olmadı. Mərd və ləyaqətli ölümü üstün tutdu.
“Göylərdən
gələn gəlin” sənədli povesti bu girov gəlinin həyatından,
faciəli taleyindən, o illərdə cəbhə bölgəsində
baş verən hadisələrdən bəhs edir. Kitab kimi
çapa hazırlanan “Göylərdən gələn gəlin”
povestindən bir parçanı “525-ci qəzet”in oxucularına
təqdim edirəm.
Müəllif
(Əvvəli 27 yanvar
sayımızda)
Elə bil Allah da bu adamlardan üz döndərmişdi. Buludlu göylərdə nə qədər yağış ehtiyatı vardı – hamısı tökülürdü torpağa. Dərələri, yolları su basmışdı. Güclü yağışlar nəticəsində yollarda yaranmış palçığın qatılığı qat-qat artmışdı. Palçığın qatılığı təkərləri görünməz etmişdi. İçi dolu maşını belə qatı palçıqlı çalalarda, göllərdə idarə etmək, nisbətən rahat yerlərə çıxarmaq – beş-üç kişinin gücündən, qüvvəsindən kənardı. Qatı palçıqlı yollardan maşını neçə vaxta çıxartdılar, necə çıxartdılar, bu üzüntülü əməliyyata nə qədər vaxt sərf edildi – on beş dəqiqəmi, yarım saatmı? Şükür Allaha, axır ki, çıxartdılar və yenidən yola düzəldilər. Köç – adamlarla dolu traktorlar, “UAZ”lar, “QAZ-51” tunelə yaxınlaşarkən kimsə Yusif Əliyevin maşınına yaxınlaşdı və həyəcanla qışqırdı.
– Tunelə girməyin, tuneli
ermənilər tutub. Qayıdın geri, Qamışlı yolu
ilə gedin.
Yol kənarında təsadüfən
peyda olan bu xeyirxah adamın sözlərindən sonra adamlarla
dolu traktor, yük maşınları Yusif Əliyevin idarə
etdiyi köçdən ayrılır və Qamışlı
yolu ilə hərəkət edirlər.
Şiddətli
yağış ətrafı görünməz etdiyinə
görəmi, yoxsa səs-küyün
çoxluğundanmı, həyəcandanmı Yusif Əliyev
deyilənlərə əhəmiyyət vermir. Sakit-sakit:
– Biz mülki adamlarıq. Ermənilərin
bizimlə nə işləri var, – deyib yoluna davam edir.
Dağlar, dərələr
də min illərdən bəri bu yerlərdə yaşayan, məskunlaşan
sakinlərinə qarşı etinasız və biganəydi. Tərtər
öz işindəydi... Min illərdən bəri
axdığı kimi, yenə də – yuxarıdan
aşağı, ətrafda baş verənlərə məhəl
qoymadan axırdı. Tərtər öz işindəydi.
“SİZ ALLAH, MƏNƏ YAXIN GƏLMƏYİN,
YANARSINIZ...”
Düz dörd ay idi ki, Sevda
xanım Şamkənddən çıxmışdı.
Düzdür, hələ kənddə olan zaman qudaları və
yeznəsiylə indiyə kimi müşahidə edilməyən
əsəbilik, çılğınlıqla
danışmışdı, dava-dalaş salmışdı.
İyirmi dörd saat müddətində Səma ilə
uzun-uzadı söhbətlər aparmışdı. Təkrar
edirəm, o kənddən çıxanda, Bərdəyə
yollananda artıq Səmadan əlini üzmüş,
ümidini kəsmişdi. O, sövq-təbii olaraq, analıq
hissiylə dərk etmişdir ki, bir daha o, qızını
sağ və salamat görməyəcək, bu onun qızı
ilə sonuncu görüşü, vidalaşmasıdı.
Lakin bu dumana, çənə
bürünmüş təsəvvürlərin içində
gerçəklik, reallıq da vardı. Çünki o,
Şamkənddə Səmanı sağ və salamaq qoyub gəlmişdi.
Çünki o, qoyub gəldiyi qarmaqarışıq, təhlükəli
dünyanın içində ümid, yaşıl işıq
deyilən bir şey də qoyub gəlmişdi. Şamkənddə,
qızından ayrılarkən ondan əlini
üzmüşdü, bütün bunlarla yanaşı, Bərdədə
də elə hey deyinirdi:
– Yox, balamı girov
aparacaqlar.
Bərdədəki qohum-əqrəba
daha Sevdanın həddindən artıq təlaşına
dözə bilmirdilər.
– Sevda müəllimə,
çörəyimizi zəhərə döndərmə. Ay
qız, sənin uşağın elə bizim də
övladımızdır, – deyirdilər.
Yox, Allah eləməsin,
qohumlar Sevda xanımdan bezməmişdilər. Sadəcə
olaraq, qohumlar Sevda xanımın dərdinə şərik
olmaq, onu sakitləşdirmək istəyirdilər. Necə deyərlər,
dərdin özgəsi, doğması yoxdur. Bərdədə,
indiki məqamda Sevda xanımın ipə-sapa yatmayan
çılğınlığı, bu
çılğınlıqdan, oddan-alovdan yaranan dərd əslində
hamıya, bütün bərdəlilərə də aiddi.
Sevda xanım Səmanı, onun yaşyarımlıq
uşağının təhlükəli bölgələrdən
sağ və salamat gəlib çıxması
üçün Seyid Məmmədin ocağına qurban da
demişdi. Qurbanlıq qoç aylarla məftillər
arasında yeyib şişdi, kökəldi, quyruğu yerlə
bir oldu. Amma, övladlarından xəbər-ətər gəlib
çıxmadı. Səmanın bacısı Səbinə
saçlarından bir neçə tel kəsdi, tellə
pulları sarıdı, nəzir-niyaz dedi. Günlər, aylar
ötdü – dağların o üzündən, uzun
saçlı gözəldən yenə də xəbər gəlmədi.
Ana bütün günü yaşlı gözlərini
darvazaya sarı dikmişdi. Bütün günü üzü
o tərəfə – Ağdama, Şuşaya, Laçın tərəfə,
o uca, dustaq, eli-obası pərən-pərən olmuş
dağlara tərəf boylanırdı. O tərəfdən
uçub gələn leylərə, çalağanlara, qara
qarğalara tamaşa edirdi. Boynu göylərdə, ənginliklərdə
qaldığına görə əyilmişdi. Anada belə
bir ümid vardır ki, əgər o gecə-gündüz
Laçın dağlarına tərəf boylanırsa, bu hikkəsindən,
vərdişindən əl çəkmirsə – deməli
dağların günlərin bir günü ona
yazığı gələcək, yerindən tərpənəcək,
ona tərəf gələcək, Səmanın taleyindən xəbər
verəcək.
TUNELDƏ TARİXİ FACİƏ
“UAZ”lar, yük
maşını tunelə girərkən güllə səsi
eşidildi, atəş başladı. Atəş səngiyəndə
Yusif Əliyev maşından yerə düşdü,
qabağa getdi. Təzədən geri qayıtdı,
maşına əyləşdi və qardaşı Asifə
“sür” dedi.
Sən demə, erməni
yaraqlıları qara paltarlı, qara maskalılar tuneldən
bir az aralıda, yüksəklikdəymişlər –
maşın karvanını gözləyirmişlər.
Maşınlar tuneldən çıxar-çıxmaz snayperlər,
avtomatlar işə düşür. Hə, “UAZ”da kimlər
vardı? Yusif Əliyev, qardaşı Asif, həyat
yoldaşı – Qənirə, bacısı qızı Səma,
yaşyarımlıq Nurlanə. Arxada da kuzası adamla dolu
yük maşını. Səma ayağından, daha dəqiq
desək topuğundan yaralanır. Snayper və avtomat güllələri
Qənirə xanımı, Asifi deşik-deşik edir.
31 mart, 1993-cü il. Statistik
məlumatlara görə, uzunluğu 150-200 metr, hərəkəti
birtərəfli olan bu tunel Mircəfər Bağırovun
dövründə, gediş-gəlişləri, relyefi çətin
olan 15-20 kəndin əhalisinin vəziyyətini
asanlaşdırmaq üçün çəkilib.
İntensiv avtomat atəşlərindən
sonra Yusifi qan aparmışdı. Qənirə xanımla Asifin
vəziyyəti lap ağırdı. Səma isə ətrafda
baş verənləri aydınlaşdıra bilmirdi.
Qırıq-qırıq eşitdikləri, gördükləri
yuxu idimi, həqiqətdimi? Onu qan apardığını da
aydınlaşdıra bilmirdi: gözləri qaralırdı,
tunel, dağlar, çaylar gözlərində tərsinə,
baş-ayaq idi. O yadındaydı ki, yaşyarımlıq Nurlanə
nə isə əcaib-əcaib səslər
çıxarırdı. İnildəyirdimi,
ağlayırdımı, bilinmirdi. Səma onu da bilmirdi ki, erməni
yaraqlıları onun yaşyarımlıq qızını –
Nurlanəni avtomatın qundağı ilə başından
vurmuşdular, gözləri tutulmuşdu. Bu zərbə
sonralar Nurlanəni həmişəlik dünya
işığına həsrət qoyacaqdı. Hələlik
ana bunları bilmirdi. “UAZ”ın şinləri, qabaq pəncərələri
qan içindəydi. Pəncərələrə o qədər
qan sıçramışdı ki, ətrafı – heç
yeri görmək mümkün deyildi. Laxta-laxta insan qanı
yağış sularına qarışaraq üstdən
aşağı axıb gedirdi. Şüşənin
üstündə xırda-xırda, sap nazikliyində qan
cığırları yaranmışdı. “UAZ”ın
oturacaqları, döşəmələri də qana
batmışdı. Səmanın, Qənirə xanımın
huşu başından çıxmış, Asifin
ayaqqabıları boğazına qədər qan içindəydi.
Maşın qapılarının kandarından, ayaq qoyulan yerlərindən
qan yağış kimi, şırhaşırla yerə
tökülürdü. Kəlbəcər yolunda, tuneldə azərbaycanlıların
qanı qəltan edilmişdi. Səhər-səhər erməni
yaraqlıları, dinc, qovhaqovdan, təhlükəli yerlərdən
uzaqlaşmaq istəyən adamları soyuqqanlılıqla
güllələdilər. Asif Əliyev deyəsən elə
yerindəcə keçinmişdi. Onun böyük
qardaşı – Yusif Əliyev ölümlə, həyatla
çarpışırdı. Belə vəziyyətdə, qan
içində dağlara tərəf üz tutmuşdu.
Bir azdan erməni
yaraqlıları güllələdikləri “UAZ”a
yaxınlaşdılar. Onlar al qana batmış mülki
adamlara, can verən qadın və uşaqlara tamaşa edirdilər.
Özlərini bu dünyanın sahibi, qalibi kimi
aparırdılar. Hələ üstəlik, avtomatın
arxası ilə nəfəsi zorla gedib-gələn Qənirə
xanımın başına, bədəninə vururdular.
Yaralıları tuneldən
bir az aralıda dayanmış “təcili yardım”a mindirdilər.
Erməni yaraqlıları cəzasızlıqlarını, nə
vaxtsa onlar üçün qisas gününün gələcəyini
unutmuşdular. Azərbaycan torpağında azərbaycanlıları
güllələyir, təhqir edir və əsir
götürürdlər. Dünyanın nizam-tərəzəsi
pozulmuşdu.
Vaxtın, məqamın insan
həyatında nə qədər əhəmiyyətli
olduğunu çox yazıblar, çox deyiblər. Yusif Əliyev
səhər-səhər Şamkənddən bir az tez
çıxsaydı, yollarda az əhəmiyyətli maneələrə
vaxt sərf etməsəydi, çox yox, tunelə cəmi on
beş dəqiqə qabaq çatsaydı – bəlkə də,
başına belə faciələr gəlməzdi. Bax, ermənilər
də on beş dəqiqə bundan qabaq gəlib tunelin
üstündə pusqu qurublar və şakərlərini
gözləyiblər. Ermənilər həmin gün – 31 mart,
1993-cü ildə təkcə bir köçdən otuza
yaxın azərbaycanlını girov götürdülər.
GİROV GƏLİN
Səma qan
çanağına dönmüş tuneldə
yaşyarımlıq övladını axtarırdı. Əslində
heç onun qızının hansı vəziyyətdə
olduğunu, ölüsünümü, dirisinimi
aydınlaşdırmağa halı da yoxdu. Qan
aparmışdı, başı gicəllənirdi.
Yaddaşının dumanında, çənində hadisələri,
ətrafında baş verənləri aydınlaşdıra
bilmirdi. Bircə yadında o qalıb ki, erməni
yaraqlıları artıq kor edilmiş qızı ilə onu
“təcili yardım” maşınına mindirdilər və
harasa apardılar.
Sevda xanım Səma ilə
bağlı nədən
danışırsa-danışsın – onun bütün dediklərinin
tən ortasından bir qırmızı xətt gəlib
keçir. Ana deyir ki, qızım yaman tələsirdi. Haraya,
niyə tələsirdi, bilmirəm. Boya-başa
çatmağa, ali məktəbə qəbul olmağa, nəhayət,
ailə qurmağa. Yox, yox, Səma demirdi “ailə qurmaq,
oğul-uşaq sahibi olmaq istəyir”. Belə sözləri
dilinə gətirmirdi. Amma, işlərin gedişi, hadisələr
bunu göstərirdi. Niyə, nə üçün?
Zamanı, hadisələri qabaqlamaq istəyirdi. Səma hələ,
31 mart, 1993-cü ildə tuneldə erməni
yaraqlılarına girov düşməzdən
çox-çox qabaq balaca bacısı – Səbinəyə
deyirmiş ki, işdir, əgər ermənilər bizim kəndimizi
işğal etsələr, yadında saxla, zirzəmidə uzun
bir mismar gizlətmişəm, onu elektrik cərəyanına
qoşarıq, əl-ələ verib ölərik, amma
gavurların əlinə əsir düşmərik.
Belə çıxır ki,
Səmanın gec-tez əsir düşəcəyi ona qabaqcadan
agahmış. Uşaqlığı, yeniyetməliyi, lap elə
ömrünün sonrakı məqamları ilə
bağlı söhbət etdiyim adamların bəziləri onu
mənə bir növ sadəlövh, xəyalpərvər
qadın kimi təqdim etmişlər. Fikrimə,
düşüncəmə görə dəfələrlə
üzr istəyirəm, hətta bəzi adamlar onu mənə
mövcud adət-ənənələrə kor-koranə əməl
edən bir insan kimi təqdim etməyə
çalışmışdı. Hə, əzizlərim, əgər
siz deyəndirsə, bəs nə üçün əsirlik
onu əyməyib, sındırmayıb? Əsirlik insan
üçün ən ağır sınaqdı.
Səmanı şikəst
edilmiş yaşyarımlıq qızı ilə birgə Vəngə,
oradan isə Beynəlxalq Qırmızı Xaç Komitəsi
əməkdaşlarının təkidiylə Xankəndinə
aparırlar. İki saylı şəhər uşaq xəstəxanasında
ayaqlarında əməliyyat aparandan sonra qadın girovları
üçün ayrılmış kameraya salırlar.
Hə, həyatın qəribə-qərib
işləri var. Kamerada, Səma ilə birgə yatanların,
kəlbəcərli Nəsibənin, Yeganənin, Arzunun, bir
sözlə, hər kəsin öz dərdi, taleyi vardı. Ermənilər
Nəsibənin üç qardaşını elə
gözünün qabağındaca güllələmişdilər.
Heç Arzunun da taleyi həsəd aparılası deyildi.
Həftələr, aylar
keçəcək və mən Səma ilə birlikdə
girov düşmüş, həmin kamerada olmazın müsibətlərini
görmüş insanların bəziləri ilə
görüşüb söhbət edəcək, ağır,
dözülməz, məşəqqətli olsa da o dəhşətli
günləri birgə xatırlayacağıq.
Nəsibənin dedikləri:
– Girov düşdüyüm
ilk gündən son günə kimi Səma ilə bir yerdə
olmuşuq. Özüm ağır vəziyyətdə,
yaralı olsam da Səmanın halı ürəyimə
dağ çəkirdi. Elə hey öz-özünə
deyirdi: “Ermənilər balamın birini qucağımda, birini də
bətnimdə güllələdi”. Günlərlə ac
qalırdı, verilən sudan, çörəkdən imtina
edirdi. Çoxlu qan itirmişdi. Bir dəfə Beynəlxalq
Qırmızı Xaç Komitəsinin həkimləri ona qan
köçürmək istədilər. “Mənə erməni
qanı vurmayın” deyə üsyan elədi. Qənirsiz
gözəl idi, yerlə sürünən gur saçları
vardı. Ancaq, gündən-günə solurdu. Axırda da belə.
O dəhşətli günlərdən 16 il keçir. Ancaq Səmanın
gözəl-göyçək şəkli hələ də
gözlərimin önündən çəkilmir.
Yeganənin dedikləri:
– Atam, anam, 2 qardaşım,
mən və digər qohumlarımız bir “KamAZ”a mindik. Təxminən
30 nəfər idik. Yolboyu ermənilərin güllələdiyi,
yandırdığı çoxlu maşın gördük.
İçərisi qadın, uşaq, qoca olan maşınlara
atəş açıb hamısını
öldürmüşdülər. Kənddən
çıxıb tunel deyilən yerdən keçəndə
ermənilər bizim maşını da hər iki tərəfdən
atəşə tutdular. Anam, atam, qohumlarımın çoxu
gözlərim qarşısında can verdi. Mən və
qardaşlarım isə ağır yaralandıq. Mənə 8
güllə dəymişdi. Ermənilər (aralarında bir
qadın da vardı) mənim və o biri yaralıların
saçından tutub “KamAZ”dan yerə atdılar. Sonra da
maşını yandırdılar. Bizimlə birlikdə Səma
adlı bir hamilə qadın və onun balaca qızı da
yaralı idi. Bir “KamAZ” adamdan cəmi 5 nəfər sağ
qalmışdı. Bizi sıraya düzdülər. Əvvəlcə
tankla üstümüzdən keçmək istədilər,
ancaq sonra fikirlərini dəyişərək bizi bir
maşına yığıb Ağdərəyə
apardılar. Ermənilər Səmanın balaca körpəsini
zibil vedrəsinə atdılar. Bizi ac-susuz, yaralı halda bir
neçə gün saxladılar. Erməni əsgərləri
bizi döyür, təhqir edirdilər. Səmanın
yaraları çirk etdiyindən ayaqlarının və bədəninin
əti çürüyürdü. Sonra məni meşəlikdəki
hərbi hissəyə apardılar. Orda çoxlu rus vardı.
Tibb bacılarının demək olar ki, hamısı rus idi.
Əsirlər və
girovların çoxu ağır işgəncələrə
dözməyərək dünyasını dəyişdi. Ermənilər
onların damarlarına iynə ilə benzin yeridir, bədənlərinə
qızdırılmış alətlərlə dağ
basırdılar. Dəhşətli günlər idi. Bir dəfə
2 əsiri ayağından asıb, altında tonqal qaladılar
və onlar diri-diri yandı. Belə dəhşətli işgəncələri
seyr etmək üçün mülki ermənilər də gəlib
tamaşa edirdilər. Əsirləri erməni evlərində
boğazlarına ip bağlayıb it yerinə
saxlayırdılar. İp dərilərini yara edirdi.
İşləmək üçün harasa aparanda da
boğazlarındakı ipdən tuturdular.
Uzun gecələr, kəskin
ağrılar, yuxusuzluq. O, gecələr Nağdalını,
Çormanı, Şamkəndi yadına salırdı. Oralarda
keçirdiyi xoş anları xatırlayırdı. İlahi,
o yazın gəlməsini necə səbirsizliklə gözləyirdi.
Ancaq ona xidmət edən, uzunluğu iki metr stolu vardı.
Stolun üstü həmişə, dağlardan, meşələrdən
dərilmiş bənövşə, nərgizlə dolu
olardı. Əziz və sevimli şagirdləri onu heç vaxt
gülsüz-çiçəksiz qoymazdılar. Başqa
çiçəklərlə müqayisədə ətirşahı
daha çox xoşlayırdı.
Yatanda da elə bil dəniz
yatırdı. Kiprikləri nəmli, gözləri solğun
olardı.
Yaxşı dəmlənmiş
çayı, şirniyyatı xoşlayırdı. Hətta,
Moskvada evdarlığa, xörəkləri necə hazırlamağa
aid bir jurnal dərc edilirdi – o jurnalı uzaq-uzaq dağların
qoynunda yerləşən, cəmi 200 evi olan kəndə gətirtdirirdi.
Yaz gələndə, Novruz
bayramı ərəfəsində xonça düzəldərdi.
Xonçanın, yumurtaların üstünə adlar
yazardı. Süfrə açmaqdan xüsusi zövq alardı.
O gözəllikdə – iri gözlü, qaraqaşlı, uzun
saçlı qadın süfrə qırağında
görünəndə, hərlənəndə, fırlananda
– ətraf da gözəlləşirdi, ətrafda xoş ovqat
yaranırdı. Səmanın iştirak etdiyi, düzəltdiyi
süfrə, süfrə deyildi ha, toy-büsat, şənlikdi.
Hər dəfə o, süfrəyə gedib-gəldikcə, hər
şeyi vaxtlı-vaxtında, səliqə ilə düzəndə
adamlara elə gəlirdi ki, onun pərdə arxasında, mətbəxdə
köməkçisi də var. Məsələ burasında
idi ki, o, bu işləri təkcə, həvəslə və
şövqlə görürdü.
Hərdən də dolmuş
buluda bənzəyirdi: bir gözündə yaş, bir
gözündə gülüş. Anası deyəndə ki,
ay Səma, qızım, necəsən, niyə belə
tutulmusan? Cavab verərdi ki, heç, keçib gedəcək.
Evdə tək olanda, ürəyi
riqqətə gələndə mızıldanardı: “Girdim
yarın bağçasına”, “Apardı sellər Saranı”,
“Mən bir quşdum” kimi mahnılar dilindən düşməzdi.
Muğamat həvəskarıydı. Arif Babayevin ifasını
yaman xoşlayırdı. Xüsusilə də onun
“Segah”ını, “Qəməri”ni.
(Ardı var)
Ziyəddin SULTANOV
525-ci qəzet.- 2010.- 29 yanvar.- S.6.