Fikrət Sadıq poeziyası üzərində
yeni tədqiqat işığı
“POETİK İLHAMIN ÖZÜNƏMƏXSUSLUĞU”
KİTABININ MÜƏLLİFİ İFRAT ƏLİYEVA
ŞAİRİN YARADICILIĞININ FƏRDİ-ÜSLUBİ
KEYFİYYƏTLƏRİNİ ARAŞDIRIB
Tanınmış ədəbiyyatşünas alim İfrat Əliyevanın “Poetik ilhamın özünəməxsusluğu” adlı kitabı çapdan çıxıb. Kitabda Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan şair Fikrət Sadığın yaradıcılığı araşdırılıb. Kitabın girişində F.Sadığın həyat və yaradıcılğının mühüm illəri, şairin ədəbiyyat sahəsində göstərdiyi xidmətlərə görə aldığı fəxri ad, medal və dövlət mükafatları qeyd olunub. Monoqrafiyada şairin yaradıcılığına xas fərdi poetik üslubu şərtləndirən əlamət və xüsusiyyətlər üzə çıxarılıb və F.Sadığın poetik dünyagörüş cizgilərinə diqqət yetirilib. Monoqrafiya funksional yanaşma və analitik prinsiplər əsasında yazılıb. Tədqiqatın özülünü dünya ədəbi-estetik fikrinin, eləcə də Azərbaycan alimlərinin ədəbiyyat və sənət haqqında üslub və metodun mahiyyəti barədə dəyərli mülahizələri təşkil edir. Kitabda təkcə bir ədəbi simanın fərdi üslubu araşdırılmayıb, eyni zamanda XX əsrin sonlarında poeziyamızın mərhələlərinin müəyyənləşdirilməsi, bu inkişafda mühüm rol oynayan dil-üslub təmayüllərinin aşkarlanması və bir sıra məsələlər də öz əksini tapıb.
“Axtarışlar və tapıntılar” bölümündə fərdi üslubun, hər bir sənətkarın əsərlərini digərlərindən fərqləndirən özünəməxsusluğun fərdi ədəbi simanın göstəricisi olduğu nəzərə çatdırılıb. Bu hissədə nüfuzlu ədəbiyyat nəzəriyyəçilərinin fərdi üslub haqqında yazdıqları elmi əsərlərdən sitatlar verilib. F.Sadıq şeirinin Azərbaycan poeziyasını zamanın ruhuna uyğun, vətəndaşlıq keyfiyyətləri ilə zənginləşdirdiyi vurğulanıb. Şairin “A rus”, “Azərbaycan əsgəri”, “Taxtabənd”, “Gözlədiyim ömür”, “Vətənin əl boyda daşı” şeirlərindən nümunələr təqdim olunub, bu və digər şeirlərinin mövzu, forma, qafiyə, vəzn, obrazlar və məcazlar sisteminin qeyri-adiliyindən bəhs edilib.
“Poeziyada milli özünüdərk amalının güclənməsi” başlıqlı hissədə poeziyada insan və zaman, şəxsiyyət və cəmiyyət, tarix və təbiət münasibətlərinin başlıca mövzu olduğu və bu mövzuların fonunda insan və onun cəmiyyətdə mövqeyi, mahiyyəti açıqlanır. 50-ci illərin ikinci yarısı Azərbaycan poeziyasında tərəqqi dövrü, 60-cı illər isə poeziyamızın inkişafında yeni bir mərhələ kimi xarakterizə olunur. Həmin poetik nəslin Ə.Kərim, C.Novruz, M.Araz, N.Həsənzadə, Ə.Kürçaylı, S.Tahir, X.Rza, Qabil, F.Mehdi, F.Qoca kimi nümayəndələrinin özünütəsdiq mərhələsinin məhz 60-cı illərə təsadüf edildiyi vurğulanıb. Bu nəsildən sonra poeziyada F.Sadıq, M.Yaqub, Ə.Salahzadə, İ.İsmayılzadə, M.Aslan, V.İbrahim, S.Rüstəmxanlı, N.Kəsəmənli kimi şairlərin imzalarının görünməyə başladığı qeyd olunub. Kitabda F.Sadıq yaradıcılığı bütövlükdə hər cür ehkama, eybəcərliyə, milli xarakteri eroziyaya düçar edən, mənəvi havasızlığa qarşı çevrilən vətəndaş mövqeyinin mübariz pafosa malik olduğu da göstərilib.
Kitaba daxil edilən “Şairin lirikasının ideya yetkinliyi və poetik “Mən”inin səciyyəsi”, “Lirik qəhrəmanın vətəndaşlıq mövqeyi”, “Müasirlik problemi”, “Sənətkarlıq məsələləri”, “Janr xüsusiyyətləri” başlıqlı yazılarda 70-ci illərin F.Sadıq yaradıcılığında dönüş mərhələsi olduğu yazılıb. Elçinin “Sənət və istedad”, R.Əliyevin “Yaddaş hasarı”, G.Pənahın “Fikrət Sadığın poetikası” başlıqlı məqalələrindən şairin yaradıcılığına, onun fərdi üslubuna dair dəyərli fikirlər də burada işıqlandırılıb. Kitabda F. Sadığın “Sevgi yağışı”, “Taleyin acığına”, “İşığın yaşı”, “Yerdən göyə ümid”, “Ağ cığır”, “Dünya öz işindədir” adlı kitablarından nümunələr də öz yerini tutub.
Şairin vətəndaşlıq ruhunun böyüklüyünü özündə əks etdirən “İstiqlal bayrağı”, “Sağ əlin başımıza”, “Almaniya”, “Bircə bu gün”, “ Şəhidlər xiyabanında” kimi şeirlərində F.Sadıq ürəyinin daima Azərbaycan dərdlərinə kökləndiyi qeyd edilib. Nəşrin sonunda F.Sadığın xalqın “qan yaddaşını” vərəqləyib, onun “ömür kitabını” qələmə aldığı, yaşadığı dövrü qarışıq zamanda “özündən” keçirdiyi fikri şərh olunub. Şairin üslub fərdiliyinin onun yaradıcılığının mövzu və janr özünəməxsusluğu, poetikanın rəngarəng vasitələri ilə müəyyən olunduğu bildirilib. F.Sadıq üslubunun ən mühüm göstəricilərindən biri kimi onun dilə münasibəti göstərilib. Şairin nəinki öz şəxsiyyəti, xalqının keçdiyi keşməkeşli yolları haqqında söhbət açarkən poetik imkanlarından məharətlə istifadə etməsi, onun zəngin yaradıcılığında bir daha öz əksini tapdığı fikri aşılanıb.
Günel MUSAYEVA
525-ci qəzet.-
2010.- 29 yanvar.- S.7.