Bir ayrı dünyanın adamı
Əslində həmişə belə olub. Əsl ziyalı (istər yaradıcı adam olsun, istər alim, istərsə də sadə bir əmək adamı – bütün hallarda əsl ziyalı olan kəs) həmişə öz zəmanəsindən bir az kənarda – ayrı bir dünyada yaşayıb; yaşayıb və zəmanəsinin asıb kəsməkliklərinə, tozanaq qoparmalarına, yalançı patetikalarına qarşı gücü və imkanları daxilində müqavimət göstərib, cəmiyyətin durulaşmasına, paklaşmasına xidmət edib, gücü və imkanları daxilində – ən azı öz mikrodünyasında ədalətli olmağa çalışıb. Gün kimi aydın bir məsələdir ki, hər bir cəmiyyətin həmişə belə insanlara ehtiyacı olub, var və olacaq. Cəmiyyət həmişə belə insanların çiynində irəli gedib. Tarix dahiləri öz yaddaşında saxlayır. Amma yüzlərlə, minlərlə, yüz minlərlə könüllü fikirdaşları, cığırdaşları, məsləkdaşları, yoldaşları isə tarix insafsızcasına unudur. Nə etməli, tarix hamını yadında saxlamağa borclu deyil! Sözümün mustafası ondadır ki, bu “unudulanlar” palaza bürünüb də yaşaya bilərdilər. Bilərdilərmi? Zənnimcə, yox. Çünki bu insanlar haqdan əsl ziyalı doğulublar. Taledən onların alnına bir ziyalı ömrü yaşamaq yazılıb, həyatda bir ziyalı missiyasını daşımaq hökmü verilib. Bunlar milyonların içərisindən tanrının seçdikləridir. Bu sadə və təmannasız,, “aciz” insanlar hər cür hörmətə, ehtirama layiqdirlər və ən azından onları anlayan, daxilən duyan kəslər tərəfindən bu hörmət və ehtiramı görürlər də – az da olsa...
Əsl ziyalı haqqında bəlkə də hamının bildiyi, bəlkə də yazılmasına heç ehtiyacı olmayan və yersiz görünən bu fəlsəfəbazlıqdan sonra öz anlamımın ölçüləri daxilində birbaşa və qısaca deyirəm ki, mənim dostum, qonşum, ciddi alim, dəyərli düşüncə və söz adamı Oqtay Abbasov əsl ziyalıdır.
60-cı illərin axırları, 70-ci illərin əvvəllərində əyalətlərdən paytaxta təhsil almağa gələn, elə gələn gündən də alatavalarda, çermetlərdə, şanxaylarda məskunlaşan oxumuşlardan indilərəcən həmin yerlərdə tək-tükləri “batıb” qalıb ki, bunlardan da biri Oqtaydır, biri mən. Bizə nə dövlət ev verdi (istər Sovetlər dönəmində, istərsə də indi), nə də elə maddi imkanlarımız oldu ki, özümüzə ev alaq. Ağrılıdır. Əlbəttə, ağrılıdır. 60 yaşına çatmış dəyərli bir alimin, dəyərli bir ziyalının hələ də dar-darısqal gecəqonduda yaşaması hansı üzağlığıdır ki,?!.. Ömrü boyu ali məktəbdə dərs deyən bir insan bir balaca ziyalılığından sapsaydı, gör neçə ev ala bilərdi! Bunu anlamaq məgər çətindir? Əlbəttə ki, çoxları üçün çox-çox çətindir. Bəzən qonşularımız yarızarafat, yarıgerçək bu acı reallığı şarp-gurp üzümüzə deyirlər: “Ay doxtur, ay müəllim, sizin tay-tuşlarınızın hamısı buralardan çəkilib getdilər, sizin əlinizdən bir iş gəlmir, deyəsən...” Düz sözə nə deyəsən? Əlindən “iş gəlmək” (çalıb-çapmaq) hər adamın işi deyil ki... ziyalının isə ümumiyyətlə heç “işi” deyil. Bunu Oqtay bilir, elə mən də bilirəm. Hərdən belə çıxılmazlıqları fikirləşəndə Oqtay müəllim mənim təsəlli yerim olur.
Lap elə tez-tez görüşürük desəm, düz olmaz, amma elə də gec-gec görüşmürük. Yay axşamlarında Tbilisi prospekti boyunca (ətrafımızda ən abad yer buradır) gəzməyimiz də olur, bir-birimizin evində bir stekan çay içməyimiz də. Bu zaman bizə bəlli çağlardan ta indiyəcən olan ədəbiyyatımızdan da danışırıq, kəndlərimizin toponomikasından da danışırıq, hər cür təbabətdən də danışırıq, nə yazdıqlarımızdan da danışırıq, dostlarımızdan da danışırıq – hər şeydən danışırıq, bircə ev şəraitimizdən, məişətimizdən danışmırıq. Çünki burda danışılası bir şeyimiz yox. Düzünü deyim ki, bu söhbətlərdə mən Oqtaydan çox şeyləri öyrənmişəm və elə indi də öyrənirəm; dostluğa, qonşuluğa sədaqətdən tutmuş öz işinə-sənətinə vurğunluğacan, insanı heyrətləndirəcək dərəcədə diqqətcilliyinə və həssaslığınacan. Fikir verin: “Doktor, üstünə sağlıq, axşam yaman ağrıyırdım, səni incitmək istəmədim, elə birtəhər yola verdik” – deyir. İkicə addımlıqda, ev telefonu, mobil telefon əlinin altda, amma... Bax, onda mən inciyirəm, Oqtay müəllim!
Oqtay müəllim tələbələrindən elə şövqlə, elə məhəbbətlə danışır ki, inanın, mən özümü hərdən o tələbələrin arasında hiss edirəm. Ürək ağrıdan əhvalatlar da danışır hərdən tələbələrindən.
Oqtay müəllim çox müdrik insandır. Və üzündən nur yağan bu insanı yaşından yaşlı göstərən də bu müdrikliyidir. Hər halda mən bu fikirdəyəm. Bu fikrin özündə də özümü aldatmaq, özümə təsəlli vermək elementləri də az deyil. Axı Oqtay müəllimlə mən bir yerdə qocalırıq.
Hərdən doktorluq işini niyə tamamlamadığını soruşuram. Deyir ki, doktorluq işim çoxdan tamamlanıb e..., özüm-özümü tamamlaya bilmirəm. Oldum elmlər doktoru, nə dəyişəcək ki, elə həmin Oqtayam da...
Bəlkə də düz deyir. Nə bilim. Onsuz da mənimçün o çoxdanın elmlər doktorudur, çoxdanın böyük alimidir – sadə, təvazökar, işgüzar... Bir sözlə bu zəmanənin içində, bu zəmanədən kənarda yaşayan..., Nizami, Nəsimi, Füzuli, Seyid Əzim, Sabir dönəmlərini yaşaya-yaşaya bu günümüzə dəyişməz ab-havasıyla gəlib çıxan ecazkar, müdrik bir insan, əsl ziyalı. Heç vaxt şairlik iddiası olmayan Oqtayın ara-sıra yazdığı şeirlərdə də bu ağırtaxtalıq, bu müdriklik, bu “uzunömürlülük” müasir donda, çağdaş deyim tərzində elə ifadə olunur ki, qədimliklə müasirliyin, Şərqlə-Qərbin qovşağını aydın görürsən və özünü muğamla rokun arasında çox rahat bir yerdə hiss edirsən.
Oqtay hərdən rəhmətlik atası və müəllimi Allahverən müəllim haqqında elə heyranlıqla, elə məhəbbətlə danışır, mən tam əminliklə deyirəm ki, o anlarda o dünyada o kişinin yeri ilahi bir nura qərq olur.
Bu da taleyin işidir: mənsub olduğum nəslin ən barlı-bəhrəli illəri ictimai-siyasi kataklizmlər dövrünə düşdü. Bu nəslin bir çox dəyərli insanları müstəqilliyimizin ancaq mənəvi şirinliyini daddı, başqa heç nə.
Və bu “heç nə” insanlarımızın iç üzünü açdı. Bütün həyatımızı bürümüş şouların içində birdən-birə aydın oldu ki, abırlı adamların sayı azalıb – yaman azalıb. Elə buradaca deyirəm ki, o tələbələrin bir xoşbəxtliyi də ondadır ki, nə yaxşı onlara bundan sonra ömürləri boyunca tək-tük rastlaşacaqları Oqtay müəllim kimi abırlı bir insan mühazirə oxuyur...
O, 60 il əvvəl qədim-qayım bir yerdə – Çıraqqaladan bir az da yuxarıdakı Çarax kəndində doğuldu. İlahidən onun qəlbinə bir parça Çıraqqala ruhu da hopdu; əzəmətli və sadə, vicdanlı və sədaqətli, savadlı və təvazökar, duyğulu və abırlı.
Əziz dostum Oqtay! Mən bu yazını öz adımdan və Səni qəlbən duyan, sevən, qiymətləndirən bütün dostların adından yazdım. Yazdım ki, qoy bilməyənlər də bilsin ki, bizim aramızda bizimlə çiyin-çiyinə çalışan, millətini, torpağını, dövlətini, sənətini qəlbən sevən belə böyük bir ziyalımız var. Bir də, ona görə yazdım ki, eşidilə biləcək bir səslə deyim: 60 yaşın mübarək olsun; Allah Sənin kölgəni ailənin, tək balanın, son vaxtlar ən böyük sevinc yerin olan nəvələrinin, dostlarının, tələbələrinin, Səni sevənlərin hamısının və Çarax kəndinin üstündən əskik eləməsin. Yüz yaşa, əziz Dost!
Tofiq NURƏLİ,
Prezident mükafatçısı
525-ci qəzet.-
2010.- 29 yanvar.- S.7.