Təcrübəli müəllim,
ləyaqətli vətəndaş
Bütün dövrlərdə cəmiyyətdə müəllim adına, müəllim sənətinə böyük hörmətlə yanaşılması həyatımızın gerçəkliklərindən biridir. Müəllim həm də uca, ülvi və müqəddəs bir varlıq kimi qiymətləndirilir. Bunun da səbəbi aydındır: axı, müəllim insanı həyata hazırlayan, onun daxili mənəvi dünyasını, elmi dünyagörüşünü və ictimai-siyasi baxışlarını formalaşdıran bir varlıqdır. Bir sözlə, müəllim insanı bütöv bir şəxsiyyət kimi formalaşdıran əsas sima, başlıca fiqurdur. Ulu öndərimiz Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Mən müəllim qarşısında baş əyirəm”.
Respublikamızda bu müqəddəs sənətin sahiblərindən biri də Müzəffər Abdulla oğlu Əzizovdur. Müzəffər Əzizov 1935-ci il oktyabr ayının 20-də respublikamızın dilbər güşələrindən biri sayılan Astara rayonunun Ərçivan kəndində anadan olub. 1942-1952-ci illərdə doğulub boya-başa çatdığı Ərçivan kəndində orta təhsil alıb. 2 il istehsalatda çalışıb.1954-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) tarix-filologiya fakültəsində ali təhsil alıb. Öz istedad və zəhməti hesabına ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1959-1962-ci illərdə Astara dəmiryol stansiyasındakı orta məktəbdə dərs hissə müdiri, 1962-1968-ci illərdə Ərçivan kəndindəki orta məktəbdə müəllim və dərs hissə müdiri işləyib. Bir müddət həmin kənddəki “Kommunist” sovxozunda partiya komitə katibi, 1970-1972-ci illərdə isə Astara Rayon Partiya Komitəsində təlimatçı işləyib. 1972-1974-cü illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub, 1974-1980-ci illərdə yenə də Ərçivan kəndindəki “Kommunist” sovxozunda partiya komitə katibi vəzifəsində çalışıb. O, 1980-ci ilin dekabr ayından Ərçivan kəndindəki 3 saylı orta məktəbdə müəllim işləyir. Harada çalışmasından asılı olmayaraq, M.Əzizov xalqına və dövlətinə vicdanla, sədaqətlə xidmət edib. 5 övladını cəmiyyət üçün dəyərli vətəndaşlar kimi tərbiyə edən M.Əzizov onların hamısına ali təhsil verib. Onun neçə-neçə yetirməsi isə hazırda müəxtəlif məsul dövlət vəzifələrində çalışır. M.Əzizov bu gün də gənc nəslin yüksək səviyyədə təhsil alması və vətənpərvər ruhda tərbiyə olunması üçün öz səylərini əsirgəmir. Elə buna görə də tam əminliklə deyə bilərik ki, təcrübəli müəllim, xeyirxah insan, ləyaqətli vətəndaş M.Əzizovun həyat və fəaliyyəti gənclər üçün layiqli bir nümunə, dəyərli bir örnəkdir. Yeri gəlmişkən, bacarıqlı təhsil işçisi M.Əzizovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.
Oktyabrın 20-də Müzəffər müəllim 75 yaşına qədəm qoydu. Biz də ömrün müdrik çağını yaşayan el ağsaqqalı Müzəffər müəllimi bu münasibətlə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Mənsur İBRAHİMLİ
525-ci qəzet.-
2010.- 29 yanvar.- S.2.